Vətən müharibəsinin Qarabağdan səslənən dərsləri
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan dövlətinin gücü, xalqımızın qəhrəmanlığı dünyanı heyran qoydu
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 8 Noyabr Zəfər Günü münasibətilə Xankəndi şəhərindəki Zəfər abidəsini ziyarət etdikdən sonra Azərbaycan xalqına ünvanladığı təbrikində 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin göstərdiyi qəhrəmanlıqdan, döyüş meydanında qazanılan üstünlükdən, Ermənistanın təslim olmağa məcbur edilməsindən və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatının tarixi nəticələrindən bəhs etdi.
Dövlətimizin başçısı bildirdi ki, Silahlı Qüvvələrimiz 44 gün ərzində qəhrəmanlıq, rəşadət, vətənpərvərlik və fədakarlıq nümayiş etdirdi. Düşmənin beli döyüş meydanında qırıldı. Vətən müharibəsi zamanı 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi, həmin yaşayış məntəqələrində dövlət bayrağımız ucaldıldı. Bunun nəticəsində noyabrın 9-dan 10-na keçən gecə Ermənistan təslimolma aktını imzalamağa məcbur qaldı. İlham Əliyev qeyd etdi ki, bununla döyüş meydanında hələ azad edilməmiş ərazilər də Azərbaycana qaytarıldı. Bu, əlavə hərbi əməliyyat aparılmadan, bir güllə atılmadan və bir şəhid verilmədən mümkün oldu.
Prezident xatırlatdı ki, Ermənistan müharibədən əvvəl Azərbaycana qarşı təhdidlərini davam etdirir, yeni ərazilər uğrunda yeni müharibə ilə hədələyir, “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı ilə xalqımızın ləyaqətini alçaltmağa çalışırdı. Azərbaycan isə bütün bu iddialara döyüş meydanında cavab verdi. İlham Əliyev vurğuladı ki, müharibə zamanı Azərbaycan Ordusundan 1 nəfər də olsun fərarilik etmədi. Halbuki Ermənistan rəhbərliyinin etirafına görə, həmin ölkənin ordusunda 12 minə yaxın fərari olmuşdu.
İlham Əliyev Şuşanın azad edilməsinin müharibənin taleyini həll edən əsas hadisə olduğunu xüsusi qeyd etdi. Bundan bir gün sonra – noyabrın 9-dan 10-na keçən gecə Ermənistan təslimçilik aktına imza atdı. Prezident çıxışında müharibədən əvvəl Ermənistan rəhbərliyinin səsləndirdiyi bəyanatlara Azərbaycanın verdiyi siyasi cavabı da xatırlatdı. O, həmin dövrdə “Qarabağ Azərbaycandır va nida” bəyanatını səsləndirdiyini bildirdi. Dövlətimizin başçısının sözlərinə görə, həmin nida işarəsi 2023-cü il sentyabrın 20-də məhz Xankəndidə qoyuldu.
Döyüş meydanında verilən dərs
Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər 44 günlük Vətən müharibəsinin yalnız hərbi qələbə olmadığını, həm də uzun illər davam edən siyasi qarşıdurmaya Azərbaycanın iradəsi ilə son qoyulduğunu bir daha nümayiş etdirir. Bu çıxışda diqqətçəkən əsas məqamlardan biri qələbənin hansı şəraitdə əldə olunmasının, Ermənistanın müharibədən əvvəlki təhdidləri ilə müharibədən sonrakı reallıq arasındakı fərqin xatırladılmasıdır.
Prezidentin çıxışında Azərbaycan və Ermənistan ordularının müqayisəsinə yer verməsi təsadüfi deyil. Bir tərəfdə Vətən torpaqlarını azad etmək əzmi ilə döyüşən, yüksək mənəvi hazırlıq nümayiş etdirən Azərbaycan əsgəri, digər tərəfdə isə Ermənistan rəhbərliyinin etiraf etdiyi kimi, kütləvi fərarilik halları ilə üzləşən ordu dayanırdı. Bu fərq təkcə hərbi hazırlıq səviyyəsi ilə izah edilə bilməz. Söhbət xalqın öz dövlətinə, torpağına və mübarizəsinin haqlılığına inamından, dövlətlə cəmiyyətin ümumi məqsəd ətrafında birləşməsindən gedirdi.
Azərbaycanın qələbəsinin mühüm xüsusiyyəti ondan ibarət idi ki, müharibənin nəticələri döyüş meydanında müəyyənləşdirildi və Ermənistan təslim olmağa məcbur edildi. Bu, uzun illər ərzində nəticəsiz qalan danışıqlar prosesinin yaratdığı vəziyyəti kökündən dəyişdirdi. İşğalçı tərəfin siyasi bəyanatları, təhdidləri və status-kvonu qorumaq cəhdləri Azərbaycan Ordusunun gücü qarşısında iflasa uğradı. Nəticədə, döyüş meydanında hələ azad edilməmiş ərazilərin də qaytarılması mümkün oldu. Prezidentin vurğuladığı kimi, bunun əlavə şəhid verilmədən və bir güllə atılmadan baş verməsi qazanılmış hərbi üstünlüyün siyasi nəticəyə çevrilməsinin göstəricisi idi.
Şuşa Zəfərindən Xankəndiyə suverenlik yolu
8 Noyabrın tarixi əhəmiyyəti, ilk növbədə, Şuşanın azad edilməsi ilə bağlıdır. Şuşa əməliyyatı Vətən müharibəsinin həlledici mərhələsi oldu. Tarixi şəhərin azad olunması Ermənistanın hərbi-siyasi rəhbərliyinə müharibəni əvvəlki vəziyyətdə davam etdirməyin mümkünsüzlüyünü göstərdi. Məhz bundan sonra təslimolma qaçılmaz xarakter aldı.
Prezidentin “Qarabağ Azərbaycandır və nida” bəyanatını xatırlatması isə hələ 2019-cu il oktyabrın 3-də Soçidə – “Valday” diskussiya klubunun plenar sessiyasında səsləndirilən siyasi mesajın 2023-cü ildə tam reallaşmasına diqqət çəkir. Əgər 44 günlük müharibə Azərbaycanın ərazi bütövlüyünün bərpasının əsasını qoymuşdusa, 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı bu prosesi başa çatdırdı. Beləliklə, 2020-ci ildə döyüş meydanında əldə olunan qələbə ilə 2023-cü ildə suverenliyin bütün ölkə ərazisində bərpası arasında birbaşa siyasi və hərbi bağlılıq yarandı.
Bu hadisələrin məhz Xankəndidə xatırladılması da xüsusi məna daşıyır. Çünki vaxtilə separatçı xunta rejiminin mərkəzi olmuş şəhər bu gün Azərbaycanın suverenliyinin və dövlət hakimiyyətinin bərqərar olduğu ərazidir. Prezidentin Zəfər abidəsini ziyarət etməsi və xalqımıza buradan müraciət etməsi qələbənin tarixi nəticələrinin əyani ifadəsidir. Bu, həm də Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməklə kifayətlənmədiyini, azad edilmiş torpaqlarda dövlətin həyatın bütün sahələrini yenidən qurduğunu göstərən mənzərənin tərkib hissəsidir.
2023-cü il sentyabrın 19-20-də həyata keçirilən antiterror əməliyyatı isə 2020-ci ildə yarımçıq qalmış hərbi-siyasi prosesin tamamlanması baxımından müstəsna əhəmiyyət daşıyırdı. Prezidentin sözləri ilə desək, “Qarabağ Azərbaycandır və nida” bəyanatındakı nida işarəsi məhz Xankəndidə qoyuldu. Bu ifadə sadəcə siyasi şüar deyil, dövlətin suverenliyinin bütün ərazilərində təmin edilməsinin yekun nəticəsini ifadə edir.
Azərbaycan dövləti ölkəsinin sahibidir
44 günlük Vətən müharibəsinin və sonrakı antiterror əməliyyatının nəticələri göstərdi ki, Azərbaycan qələbəyə təsadüfən nail olmayıb. Bu uğurun arxasında illərlə aparılan məqsədyönlü hazırlıq, güclü ordu quruculuğu, xalq-ordu-lider birliyi və Ali Baş Komandanın qətiyyətli siyasi iradəsi dayanırdı. Dövlətin bütün imkanlarının vahid məqsədə yönəldilməsi, hərbi əməliyyatların dəqiqliklə planlaşdırılması və milli maraqlara uyğun qərarların qəbul edilməsi qələbənin əsas şərtləri oldu.
Bu gün Zəfər Gününün Xankəndidə qeyd olunması həmin tarixi yolun nəticələrini bir daha göz önünə gətirir. 6 il əvvəl Şuşada qazanılan qələbə ilə başlayan yeni mərhələ 2023-cü ilin sentyabrında Azərbaycanın suverenliyinin tam bərpası ilə başa çatdı. Beləliklə, 8 Noyabr yalnız hərbi qələbənin deyil, milli iradənin, dövlətçilik əzminin və tarixi ədalətin təntənəsinin rəmzinə çevrildi. Prezident İlham Əliyevin Xankəndidən səsləndirdiyi təbrikin əsas qayəsi də məhz budur: Azərbaycan dövləti öz gücünə, xalqın birliyinə və ordunun qüdrətinə arxalanaraq qarşıya qoyduğu tarixi məqsədə nail oldu. Bu qələbə xalqımızın yaddaşında əbədi yaşayacaq, gələcək nəsillər üçün dövlətə sədaqət, Vətənə bağlılıq və milli birliyin ən böyük nümunələrindən biri olacaq.
Səxavət HƏMİD
XQ
Baxış sayı:88
Bu xəbər 09 Noyabr 2026 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















