Icma.az
close
up
RU
Vətən oğlu Mirzə Alik

Vətən oğlu Mirzə Alik

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kulis.az Mirzə Alikin "Vətən oğlu" yazısını təqdim edir.

Sayca 3-cü kitabım "Bəyyoldaş müəllim"i səyyar şəkildə satdığım vaxtlar idi. Hər səhər yuxudan durub, dişlərimi fırçalayıb, bir fincan qəhvə içib şəhərin mərkəzi küçələrinə kitabımı satmaq üçün yola düşürdüm. Sifarişlər əsasən sosial şəbəkələr üzərindən olurdu, bəzən şəhərdə gəzərkən hansısa qədim dostla, sosial şəbəkədən tanış olduğum sima ilə rastlaşır, kitabımı da belə təsadüfi görüşün fonunda satırdım. Bu prosesdə 400-dən çox kitab satdım, başıma gəlməyən də qalmadı, 400 kitab satışı həm də 400 fərqli adamla birbaşa ünsiyyət idi, bəzən düşünürəm ki, bu səyyar satış prosesində başıma gələn gülməli-ağlamalı proseslərdən ayrı bir kitab yazım. Bir dəfə İsa Qəmbərlə bir saat siyasətdən, fəlsəfədən, tarixdən söhbət elədik, bəyə kitab imzaladım, sonra da imzalı kitabı çantama qoyub getdim, kitabı səhvən dövlət işində işləyən bir dostuma verərkən ilk səhifəsində “İsa bəyə Mirzə Alikdən ən xoş arzularla” yazısını görüb gözləri bərələndə başa düşdüm ki, İsa bəyi kitabsız qoymuşam. Ümid elədim ki, bu hadisə çox bilinməz, feysbuku açanda utancımdan gizlənməyə yer axtardım, bütün ictimai sektor bu hadisə barədə paylaşımlar edirdi. Uşaqlıqdan mənə miras qalan huşsuzluq başıma bəla oldu, indi isə bu hadisəni xəcalət, utanc hissi ilə yox, gülüşlə yada salıram. Bu da həyatıma rəng qatan xatirələrdən biri oldu.

Bu xatirələrdən birini də bugünlərdə hələ də sorğulayıram, bilmirəm bu xatirə mənim həyatıma rəng qatır, yoxsa Azərbaycanda yaradıcılıqla məşğul olmağın çətinliyini, ağırlığını mənə xatırladır. Səyyar satışla məşğul olduğum vaxtlarda, votsap vasitəsi ilə bir nəfər mənlə əlaqə yaratdı, profil şəklində “Lexus” markalı cipdə əyləşmiş 50-55 yaşlarında, keçəl, dolu bədənli bir şəxs idi. Mesajda qeyd edirdi ki “bacıoqlu 10 dene kitab gotur gel seher terefde gorusek”. Bu şəxslə əlaqə saxladım, day-day kafesi deyə biləcəyim bir məkanda görüş təyin etdik. Sevincək 10 ədəd kitabımı çantama qoyub məkana doğru yola düşdüm.

Məkana daxil olanda özümü ucqar bir rayonda hiss elədim, kafe daxilində Könül Xasıyevanın “Səni sevməyəcəm, sevməyəcəm mən” başlıqlı musiqisi , siqaret tüstüsü, müxtəlif stollardan, kabinetlərdən gələn dialektlər, hələ Azərbaycan dilçiyinə yad söyüşlər, ifadələr, araq-pivə-kabab triosu hakim idi. Elə kabinetlərin birinin qapısında mənim müştərim əl elədi və qışqırmağa başladı
“ayəəə hoy ay gədə ayə qadan alım mən boyda adamı görmersənmi? Gəl içəri qadan alım gəl...”

İçəri daxil olanda kostyumu özünə ən azı 3 ölçü böyük, avstriyalı rəssamın bığında, sifətində məzlum ifadə olan bir şəxs əyləşmişdi. İri bədənli, uca boylu, əlində “Vertu” telefonu olan müştərim bu şəxsi təqdim elədi.

“bu da irasimdi... əlimdən tutur mənim, bazarlığım, uşaxları aparıb gətirməyh, hamısı bundadı, arada elə mənlə də oturub yeyir içir”

“xozeyn vallah xəjalət verirsiz, xozeyn mənim allah əvəzimdi”

“ayə bəsdi, kiri, əstafrullah eleynən.. bo...”

Bu mistik dialoqlara qulaq asa asa düşünürdüm ki, mənim burda nə işim var, kitablarımı satıb burdan rədd olub getsəydim, yaxşı olardı.

Süfrədə 3 antrikot, 2 toyuq, 3 lülə kababı, yarısı məhv edilmiş və üzərində ciddi-cəhdlə sıxılşmış limon, yarısı boşaldılmış Rusiya istehsalı araq, 2 bokal pivə var idi. Uca boylu, iri cüssəli müştərim artıq yarısərxoş vəziyyətdə idi:

“ayə ay qağa ver görəyh nə yazmısan, mən şeirə sözə saza qiymət verən adamam mən fəxr elləm ki bugün məclisimdə bir şair oturub”.

Çantamdan bir ədəd kitab çıxarıb iri cüssəli, şeirə, sözə, saza qiymət verən bu vətən oğluna uzatdım. Kitabı əlimdən qapıb açdı, bir üzünə, bir də arxasına baxdı, bir neçə səhifə vərəqlədi:

“ Kitab belə olmalı dölü, bu çox balajadı qadam alım, kitab gərək elə olsun ki kimnənsə sözün çəp gələndə, o kitabla vurasan həmən oğraşın sifatına o oğraşın da ürəyi gedə”.

Bunu deyən iki məzlum simalı, bir suyu avstryalı rəssama oxşayan adam qəşş elədi, elə güldü ki, bütün kabinet, süfrədə olan təamlar sirkələndi, araq butulkası səndəlyib süfəryə aşdı.

“Qadan alım, mənə bu günə kimi 2 kitab yazılıf, səni də bura çağırmışam ki, boş-boş şeylərin başını buraxasan, keçən dəfə də ağsaqqalımız rəşid doxtura ilişmisən, adam gərəyh başından böyük danışmaya,

Rəşid doxtur məclislərin, toyların bəzəyidi, nolsun ki mən bazar adamıyam, mən bilirəm nə var nə yox”.

İri bədənli müştəri bunları deyib yaxşıca gəyirdi, bu adi gəyirmək deyildi, mən bu məclisə gələnə qədər yediyi bütün təamları bu gəyirmək vasitəsi ilə təyin edə bildim. Sonra ağzına bir şüyüd, iki keşniş qoyub, çeynəyə-çeynəyə sözünə davam elədi.

“Həə Alik kişi... sən gəl belə elə... mənim həyatım da elə kitabdı qurana and olsun özü də elə kitabdı yaz cahmahat ağlasın yas qursun şaxsey getsin... düz 13 yaşımdan Rusiyanın çöllərində özümə vəziyyət qurmuşam, əziyyət çəkmişəm, sənin kimi şairlər yazıçılar, gərək mənim kimi vətən oğullarından yazsın... sən yaz mən də sənin hörmətini eləyim, kişi gərək yesin, içsin, bazlıq eləsin, nətər lazımdı səni də yaşadım”

“Bilirsiz mən avtobioqrafia yazm..”

“ayə ay qağa müəllimin sözünü kəsmə, ayıbdı, səndən 20 bayram böyükdü, elimizin ağsaqqalıdı”

İri cüssəli müştərim özünə, sağ əlinə araq süzdü, mənə təklif etdikdə başım hərəkətilə istəmədyimi bildirdim, bu məclisdə içmək məni sonu görünməyən yollara apara bilərdi.

“sən mənim canım içmirsən başa düşdük barı bir şeir de arağın ən yaxşı zakuskası şeirdir”

“Gönlümle baş başa düşündüm demin;
Artık bir sihirsiz nefes gibisin.
Şimdi tâ içinde bomboş kalbimin
Akisleri sönen bir ses gibisin.
Mâziye karışıp sevda yeminim,
Bir anda unuttum seni, eminim
Kalbimde kalbine yok bile kinim
Bence artık sen de herkes gibisin”.

“Qağa bunə şeir idi arağ zəhər kimi getdi toba”

Artıq iri cüssəli, şeirə sənətə, saza qiymət verən bu adamın üslubu içkinin də təsiri ilə sərtləşirdi, kitablarımı da bu şəxsə satmamaq qərarına gəlmişdim, onsuz da kitabım bu şəxsə maraqlı da deyildi, özünə təqdim elədiyim kitabın üzərinə araq, göyərti dağılmışdı, heyf o kitabdan ki, bura gətirdim, bu adama verdim deyə düşünürdüm.

“Ə qağa, özün bilərsən, vallah, maa o qədər şair yazıçı yazır kın saa bir kitaf yazım sən vətən oğlusan, sənin kimi şairlər də eləjə həmişə aj qalajax, mən səhv elədim ki sənlə vopşe əlaqə saxladım, kül mənim başıma ay Allah”

Bunu deyib iri bir kabab tikəsini ağzına atdı, sonar durmadan öskürməyə başladı, sifəti qıpqırmızı olmuşdu, sağ qoluna əli ilə nəsə işarət edib verməyini istəyirdi. Üstünə araq və göyərti dağılmış kitabımı da orada buraxıb bu vətən oğlunu tərk elədim.

Məclisi tərk edəndə xəcalət çəkirdim, çünki mən bir yazıçı kimi belə insanlarla əlaqədə olmamalı idim, lakin ehtiyaca görə səyyar satış edib belə vətən oğullarından bəzən sifarişlər alır, bəzən tənqidlər, nəsihətlər eşidirdim.

Bu hadisənin üstündən illər keçib, məni isə bir neçə sual hələ də düşündürür, görəsən, neçə şair, yazıçı yaxşı yeyib-içmək, bazlıq naminə və yaxud ailəsini dolandırmaq üçün bu vətən oğluna poema, roman həsr edib? Bu poemaları, romanları yazan şairlər, yazıçılar qələmlərinə xəyanət etdiklərini düşünüblərmi? İkinci sual isə kitabımın taleyi ilə bağlıdır, görəsən, bu vətən oğlu kitabımın başına sonradan nə oyunlar açıb?

Reper Massaka saxlanıldı İndiki şeirimizdə uğultu var “Donorlarını başqa yerdə axtarmalıdırlar" - Yazıçılar Birliyindən cavab
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:238
embedMənbə:https://kulis.az
archiveBu xəbər 17 Aprel 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sərt ritorika davam edir, amma dialoq tam bitməyib ŞƏRH

15 May 2026 20:20see307

Bakının ən kriminal rayonları

15 May 2026 02:20see239

İstəyirəm ki, ruhum bayram etsin Mətanət İsgəndərli

15 May 2026 00:27see238

Azərbaycan mədəniyyətinin iqtisadiyyatda payı artır Adil Kərimli

14 May 2026 21:58see202

Əsl niyyətləri dünyanın cənubuna... İrandan ABŞ açıqlaması

15 May 2026 02:05see180

Bu gün Xalq artisti Arif Quliyevin doğum günüdür

16 May 2026 09:30see179

Evlilikdə ilk gecə qorxusunu necə aradan qaldırmaq olar?

14 May 2026 22:42see178

Yaponiya Mərkəzi Bankında faiz dərəcələrinin artırılması siqnalları güclənir

14 May 2026 21:52see168

Bibərin yanında bu bitkiləri əkməyin

15 May 2026 03:04see167

Dünyanın aparıcı şəhərlərinin yer aldığı beynəlxalq reytinqlərdə Bakının da olması müsbət göstəricidir RƏY

15 May 2026 18:16see166

Aygün Kazımova səhhətindən DANIŞDI: “Allah məni sevənlərimə qaytardı” VİDEO

15 May 2026 00:29see166

“Qarabağ” məşhur futbolçuları transfer edir RƏSMİ

16 May 2026 03:33see164

Ronaldonun pəhrizinin effektivliyi...

16 May 2026 02:02see163

18 yaşlı futbolçu seçimini etdi Fransa millisi ümid edirdi ki...

15 May 2026 00:25see161

UEFA “Atletiko Madrid”i 15 min avro cərimələyib

15 May 2026 01:12see159

Kola qapağındakı kiçik dəliyin sirri açıldı

15 May 2026 00:38see155

ABŞ və Çin texnologiya sahəsində bir birini gizli izləyir

15 May 2026 08:14see153

Tramp Tayvanın müstəqillik elanına qarşı çıxdı

16 May 2026 04:45see152

Bir qrup hərbçi “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edildi SİYAHI

15 May 2026 04:54see150

Köhnə binalar söküləndən sonra mənzillər BAHALAŞACAQ? AÇIQLAMA

16 May 2026 05:13see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri