Icma.az
close
up
RU
Vətən oğlu Rəfail Tağızadə yazır

Vətən oğlu Rəfail Tağızadə yazır

Icma.az, 525.az saytına istinadən bildirir.

Rəfail TAĞIZADƏ

Müharibənin hər hərfindən ölüm sallanır.

Yaradılanların məhvi, insanların qatili, bəşərin faciəsidir müharibə.

Müharibə olanları xatirələrə çevirir. Müharibə uşaqları ata-anasız, ata-anaları uşaqsız, evləri viran qoyur. Keçmişlə bağlı bağları qırır, olanları məhv edir. Dönüb geriyə baxanda, ancaq yoxluq görürsən. Səni ağrıdan, itkiləri yaşamağa məcbur edən həyatla baş-başa qalırsan.

Dərdlər eyni, ağrılar cürbəcür...

Müharibə bütün qanunları susdurur, - deyirdi, Liken Mark Anney.

İçdən gələn hiss, duyğu insanı istədiyi yerə dartıb aparır. Ora yaxşıdımı, pisdimi, səni nələr gözləyir, bəlkə də, bu, son gedişdir... Fərq etməz. Gedirsən. Burda suallara cavab verə, danışa bilmirsən. Nitq tutulur. Baxışlar da suallardan qaçır.

O yerdəki bütün sualların cavabı Vətəndir, orda susmalı olursan. Vətənin özü ən böyük cavabdır. Vətən insanı maqnit kimi özünə çəkir. Ruhun səndən qabaq ona doğru qaçır. Bu, arzudur, istəkdir, vəfa borcudur. Torpaq sevgisidir. Bütün məqamlarda yaş tanımayan torpaq sevdiklərini daha çox özünə çəkir. Bəlkə də, bu, onları dünyadakı gələcək əzablardan qorunmaq üçündür. İnsan istəsə də, bu məqamda özünə hakim ola bilmir. Cazibə bütün hissləri bloklayır.

lll

Üzündən hələ də məsumluq yağan Ziyanın içində böyük vətən sevgisi vardı. Yurd, Qarabağ itkisi, qaçqınların çəkdikləri müsibətlər onu bir zabit kimi hər zaman döyüşə, torpaqları geri qaytarmağa səsləyirdi.

Ziya Niyazi oğlu Həsənov 11 oktyabr 1989-cu ildə Ağdam rayonunun Boyəhmədli kəndində dünyaya göz açıb. 1993-cü ildə kənd işğal onunanda Ziyanın 4 yaşı vardı. Həyətləri, yollar, cığırlar, uşaq vaxtı eşitdiyi güllə səsləri onun yaddaşına hopmuşdu. Vətən, torpaq sevgisi doğuluşdan ona siyarət etmişdi. Bəlkə də, xatırlananlarla bərabər, yurduna, Qarabağa atılan o güllə səsləriydi onu zabit olmağa səsləyən.

Təhsil aldığı Bərdə şəhər 4 nömrəli məktəbdə yüksək qiymətlərlə oxuyan Ziya riyaziyyatı daha çox sevirdi. Bu da təsadüfü deyildi. Çünki gendən gələn şeylər də var. Uzun müddət Ağdam rayonu Sofulu kənd səkkizillik məktəbinin direktoru olan Ziyanın ata babası Ziyəddin müəllim həm də çox savadlı riyaziyyat müəllimi idi. Onun şagirdlərinin çoxu riyaziyyata daha çox üstünlük verirdilər. Elə Ziyanın atası da, sevimli şagirdlərindən olan mənim də mühəndis olmağımda dəyərli Ziyəddin müəllimin böyük rolu olub.

Ziya yaxşı oxumaqla yanaşı, vətənpərvərlik tədbirlərində də fəal iştirak edib. Hamı onun gələcəkdə başqa ali məktəbə qəbul olunmasını gözləsə də, Ziyanın arzu və istəkləri onu Cəmşid Naxçıvanski adına Hərbi Məktəbə gətirdi.

Ağrını, yurd itkisini duyan, yaşayan insanın torpaq sevgisi bambaşqadır. Ona görə də atası Niyazi müəllim, anası Tərlan xanım da Ziyanın bu istəyinə qarşı çıxmadı. Bir anlıq gözləri qarşısında onu zabit formasında gördülər, qələbədə payı olacağının sevincini yaşadılar.

Zabit atası olmaq qürurdu. Mən onu atamın baxışlarında görmüşəm. Zabit oğlunu bağrına basmaq ata-ana üçün böyük fəxarətdir.

Cəmşid Naxçıvanski adına Hərbi Məktəbi bitirdikdən sonra Ziya Heydər Əliyev adına Ali Hərbi Məktəbə (indiki Heydər Əliyev adına Ali İnstitut) daxil oldu. Orta məktəbdə olduğu kimi, burada da müəllim və kursant yoldaşlarının rəğbətini qazandı. Bu da təbii idi. Nəsildən gələn adət-anənələr, qayda və davranışlar özünü göstərməli idi.

Ziyanın həyat yoldaşı Ayişə xanım Ziyanın xoş xasiyyətli, mehriban, ailəcanlı, mənəviyyatı çox təmiz, saf olan insan, əsgərinə dəyər verməyi bacaran bir zabit olduğunu söyləyir. Kiməsə əziyyət verməsini, narahat etməsini istəməyən Ziya iki il yarım Ağdam cəbhəsində xidmət etsə də, valideynlərinə Ağdamda yox, Ağcabədidə olduğunu deyir.

Ziya harda xidmətdə olurdusa, arzusu, istəyi torpaqları geri qaytarmaq, qələbədə bir zabit kimi iştirak etmək idi. Çünki o, vətənini çox sevirdi.

İstək insanı gec, ya tez arzusuna qovuşdurur.

lll

Aprel 2016-cı il.

Aprel ayının 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələri Füzuli-Xocavənd və Ağdərə istiqamətində ordumuzun mövqelərinə hücuma keçdilər. Ordumuz düşmənin hücumuna əks-həmlə ilə cavab verdi. 

Hərbi hissə komandirinin "Kim döyüşə könüllü getmək istəyir?" - əmr-sualına ilk "Mən!" deyən Ziya oldu. Əsgərlərinin, zabit yoldaşlarının "sən getmə, səkkiz aydır ailə qurduğun" fikir və baxışları da onu sözündən döndərə bilmədi. Arzusu reallaşmağa başlayırdı. Torpaqlarımıza qovuşmaq məqamı, düşməni susdurmaq vaxtıydı.

Dörd gün davam edən döyüş son illərin ən ağır döyüşü oldu. Gənc əsgər və zabitlərin ilk dəfə döyüşə girmələrinə baxmayaraq, təlimlərdə aldıqları təcrübədən yararlanaraq onlar əzmlə döyüşürdülər. Ürəklərindəki Vətən-Torpaq sevgisi onlara əlavə güc verirdi.

Ziyanın dəstəsi artıq Lələtəpə yüksəkliyində idi. Düşmən yüksəkliyi ələ keçirməyə çalışırdı...

lll

O gün hamı səksəkədə idi. Gələn xəbərin nə olacağını təsəvvür etsələr də, qəbul etmək fikrində deyildilər. Ola bilərmi? Olarmı? Odurmu? sualları bu gecə fasilə vermirdi. Sanki həyatın sonuydu, bitmişdi hər şey, sabah açılmayacaqdı. Ara-sıra sızan məlumat gecənin qaranlığını artırırdı. Zamanı içinə çəkən, adamı boğmağa aparan sükutun daxili hayqırtısı bəzən qışqırıqdan daha dəhşətli olur.

Hərdən küləyin döydüyü qapı ürəkləri döyürdü. Artıq için, çölün döyüntüləri bir-birinə qarışmışdı.

Gecənin narahatlığı gündüzün həyəcanından xəbər verirdi.

Kimsə sükutu pozmağa cəsarət etmirdi.

İlin son gecəsi kimi uzanan gecə qurtarmırdı ki, qurtarmırdı...

Ziyadan həmişə xoş xəbərlər eşidən valideynləri, ailəsi, doğmaları gecənin qaranlıq sükutundan narahat idilər.

Lələtəpədə döyüşlər gedirdi. Aprel ayının 4-dəki şiddətli döyüşlərdə yüksəkliyi geri qatarmaq istəyən düşmən bütün vasitələrdən istifadə edirdi. Düşmənin atdığı minamyot mərmisi Ziyanın yanına düşdü. Əsgərlərini ölümdən xilas edən Ziyanın özünü qorumağa vaxtı çatmadı. Ziya qəhrəmancasına şəhid oldu. Bu xəbər təkcə döyüş yoldaşlarını, ailəsini, onu tanıyanları yox, hamını sarsıtdı.

Vətən yolunda şəhid olan Ziya artıq bir ailənin deyil, Vətənin övladı oldu.

Baş leytenant Ziya Niyazi oğlu Həsənov Bərdənin Şəhidlər xiyabanında Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında və yaylım atəşinin müşayiəti ilə son mənzilə yola salındı. Mərasimdə Müdafiə Nazirliyi, Bərdə rayon icra hakimiyyəti, hərbi hissənin nümayəndələri də iştirak edirdilər. Bu böyük izdihama ölkənin hər yerindən gələnlər vardı.

Cəbhənin Füzuli-Xocavənd istiqamətində - Lələtəpə yüksəkliyi uğrunda gedən döyüş əməliyyatında böyük fədakarlıq və qəhrəmanlıq göstərərək şəhid olan baş leytenant Ziya Niyazi oğlu Həsənov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif olundu.

Sən "Qanım sənə halal olsun, Vətən!" - deyənlərdənsən.

Sən Vətəni canından çox sevənlərdənsən, Şəhidim!

Xalqın çiynində getmək əbədiyyət qazanmaqdır.

Əbədiyyətin mübarək, ŞƏHİDİM!

Doğmaları Ziyanın özüylə necə fəxr edirdilərsə, onun Vətən yolundakı rəşadəti, qəhrəmanlığı, şəhidliyi ilə də, eləcə fəxr edir, qürur duyurlar. "Vətən, xalq sağ olsun!" - deyirlər!

Bərdədə Niyazi müəllimin evində "Ziya muzeyi" yaradılıb. Muzey Ziyanın şəxsi əşyaları, hədiyyə olunan müxtəlif eksponatlar, onun haqqında yazılan kitablar, yazılarla zəngindir. Muzeyi təkcə Ziyanın dostları, doğmaları, döyüş yoldaşları deyil, kiçikdən-böyüyə onu sevənlərin hamısı ziyarət edir. Bərdə və ətraf rayonların sakinləri də bu məkanı ziyarətə gəlirlər.

Muzeydə haradan baxırsansa, Ziya oradan sənə baxır. Bəlkə də, bizə elə gəlir. Məncə, o, hər yerdən Yağmura baxır.

Ziyanın toyunun 26 iyuna - Silahlı Qüvvələr Gününə düşməsi təsadüf deyildi. Bu, zabit üçün qürur, şərəf və peşəsinə bağlılığın göstəricisidir. Ziyanın ailə həyatı uzun olmasa da, yadda qalan oldu. Bu, zabit, hərbçi həyatıdır, burda nəyəsə qarant durmaq, qərar vermək olmur. Zabitin həyat yoldaşı bunu mütləq nəzərə almalıdır. Torpağı işğalda olan ölkədə müharibə qaçılmazdır.

Ziya şəhidliyindən iki ay sonra dünyaya gələn Yağmurunun "Ata" kəlməsini eşitmədi. Ruhu isə Yağmurunun onun şəklini öpüb bağrına basdığını mütləq görür. Yağmur böyüdükcə qəhrəman atasıyla daim fəxr edəcək.

Şəhidlər Vətən sevdalılarıdır. Canlarını Vətən yolunda qurban verənlər ölmürlər. Nə qədər Azərbaycan var, VƏTƏN ŞƏHİDLƏRİmiz də var olaraq yad olunacaqlar.

Ruhlarınız şad olsun, VƏTƏN SEVDALILARI!

Qürurumuzu özümüzə qaytaranlar!

Ziya qısa ömrü ilə tarix yazdı. Şəhidlik zirvəsinə yüksəldi. Ürəyi bütöv Azərbaycan boyda olan Ziya Azərbaycanın ziyasına çevrildi.

Ziya mülki həyatda olduğu kimi, hərbidə də o qədər hörmət qazanmışdı ki, o, şəhid olanda zabit dostları və əsgərləri Ziyanın qisasını almağa söz veriblər. Vətən müharibəsi zamanı onlardan döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olanları da oldu. Şəhid olanlardan biri də, dostu baş leytenant Ziya Həsənov şəhid olandan sonra Müdafiə Nazirliyinə müraciət edərək öz istəyi ilə hərbi xidmətini döyüş bölgəsində davam etdirərək 2020-ci ilin oktyabrın 1-də Talış döyüşləri zamanı şəhid olan, ölümündən sonra "Qarabağ" ordeni və "Vətən uğrunda" medalı  ilə təltif edilən kapitan Elçin Tağıyev idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Artıq Ziyanın və bütün şəhidlərimizin ruhları şaddır. Ziyanın dostları, yetirmələri, davamçıları Qarabağda böyük Zəfərlə qələbə çaldılar. Azərbaycanın süverenliyi bərpa olundu.

Zəfəri şəhidlər qanlarıyla, qazilər əzalarıyla, döyüşçülər mübarizliyi ilə qazandılar.

Zəfər Günündə şəhidlərin büründükləri bayraqları başımız üstündə dalğalandıran şəhidlərin sevinən, şad olan ruhlarıdır. Yoxsa, bayraq belə möhtəşəm dalğalanmazdı!

Sən üzündəki nurla Tanrının seçilmişisən, Şəhidim!

Sən bizi məğlub vətəndaş adından xilas etdin.

Sən torpaqlarımızı geri qaytardın.

Sən bizim qürurumuz, şərəfimizsən! Sən Vətən sərhədisən!

Heç bir bayraq sənin büründüyün bayraq qədər öpülmədi, əzizlənmədi, sevilmədi, Şəhidim!

Sən bayrağı şərəfləndirdin, Bayraq səni!

Ziyaya

Zəfərə gedən yolun

İlk döyüş şəhidisən,

Sevincə göydən baxan

Sən zaman şahidisən.

Sən şəhidlik zirvəsiylə

Qələbəyə yol açmısan,

Amalınla, diləyinlə,

Zəfərə qoşa baxmısan.

Arzuların çiçək açıb

Qələbənin izlərində.

Ruhun təzə güllər əkir

Qarabağın düzlərində.

            lll

Baxışı baxış aparır,

Naxışı naxış aparır,

Sevgini alqış aparır,

Aparır sevdiyi yerə.

Sükutu zaman sözlüdü,

Baxışı qırğı gözlüdü.

Ziyamız təbəssüm üzlüdü,

Gəlmişdi ziyasın verə.

Həsrətlərin sonası yox,

Ölümün "qal" xanası, yox.

İtkilərin anası yox,

"Dayanın!", "Bəsdirin!" - deyə.

Sevginin onudu Vətən!

Zəfərin donudu Vətən!

Bu yolun sonudu Vətən!

Tabutu Bayrağın geyə!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://525.az
archiveBu xəbər 02 Aprel 2025 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sərt ritorika davam edir, amma dialoq tam bitməyib ŞƏRH

15 May 2026 20:20see342

Bu gün Xalq artisti Arif Quliyevin doğum günüdür

16 May 2026 09:30see201

“Qarabağ” məşhur futbolçuları transfer edir RƏSMİ

16 May 2026 03:33see191

Dünyanın aparıcı şəhərlərinin yer aldığı beynəlxalq reytinqlərdə Bakının da olması müsbət göstəricidir RƏY

15 May 2026 18:16see188

Ronaldonun pəhrizinin effektivliyi...

16 May 2026 02:02see182

Tramp Tayvanın müstəqillik elanına qarşı çıxdı

16 May 2026 04:45see171

Köhnə binalar söküləndən sonra mənzillər BAHALAŞACAQ? AÇIQLAMA

16 May 2026 05:13see167

Bakı Xocalı Xankəndi Şuşa avtobus reysinin ilk sərnişinləri yol salınıb

16 May 2026 02:12see163

“Çinin sərt kredit siyasəti bir sıra ölkələri iqtisadi asılılıq vəziyyətinə salıb” Politoloq

15 May 2026 18:35see160

“Liverpul” yenə uduzdu

16 May 2026 01:42see160

Nə xəstəlikdirsə, müalicə effekt vermir

15 May 2026 20:39see157

İtaliya ordusunun minaaxtaran gəmiləri Hörmüz boğazına doğru yola çıxıb

16 May 2026 04:58see157

Bu əsasda daha çox gəminin keçidinə icazə veririk SEPAH

16 May 2026 01:50see154

Rusiya Çin tərəfindən iqtisadi cəhətdən mənimsənilməkdən qaça bilməz...

15 May 2026 19:23see154

Kral III Msvati Bakıya gəldi

17 May 2026 01:55see154

İran səfirliyindən “Avroviziya“ diplomatiyası“: Ermənistan sevgisini yenə gizlədə bilmədilər FOTO

16 May 2026 17:32see154

Fransanın təyyarədaşıyan gəmisi Ərəb dənizinə çatıb

15 May 2026 19:21see153

Yaxınlarınıza nəsə olsa, bilin ki, bizim bəddualarımızın nəticəsidir

16 May 2026 18:48see151

BMT dən İsrailə sərt ittiham: Sülhməramlılara maneələr törədir

15 May 2026 23:38see150

Ağcaqanadlar niyə məhz sizi dişləyir? Səbəbi maqnit təsiri ola bilər

16 May 2026 07:08see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri