Vətən üçün nur saçan ömür
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
44 günlük Vətən müharibəsi və bir gün davam edən antiterror tədbirləri ilə tarixə şərəfli səhifələr yazan Qarabağın və Şərqi Zəngəzurun azadlığı heç vaxt unudulmayacaq.
Prezident İlham Əliyevin Ali Baş Komandanlığı və siyasi qətiyyəti ilə başlayan qanlı-qadalı döyüşlərin getdiyi günlərdə Vətənin müdafiəsi səngərlərlə sərhədlənmədi. Düşmən ölkədən fərqli olaraq bütün Azərbaycan döyüşürdü. Bu müharibədə hər kəs öz yerində Vətən üçün mübarizə aparırdı. Bir tərəfdə əli silahlı əsgər torpağı işğaldan azad edir, digər tərəfdə əli bıçaqlı həkim yaralı döyüşçünün həyatını və gələcəyini qoruyurdu. Səngərdə açılan atəşlə əməliyyat otağında edilən hər kəsik Vətəni qorumaq və Vətən oğullarını həyata qaytarmaq məqsədi daşıyırdı.
Müharibənin görünən qəhrəmanları qədər görünməyən qəhrəmanları da vardı. Onların döyüş meydanı əməliyyat otaqları, silahları tibbi alətlər, qələbələri isə yaralı əsgərin həyata, işığa və doğma torpağın səmasına qayıtması idi. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Oftalmologiya şöbəsinin müdiri, məşhur həkim-cərrah Qurban İsmayılov Vətənin keşiyində cərrah bıçağı ilə dayanmışdı. Qarabağ savaşının adsız qəhrəmanlarından biri kimi onun əlindəki cərrah bıçağı Vətən uğrunda yaralanmış gözlərə həyat və işıq qaytarırdı. Onun üçün əməliyyat otağı adi iş yeri, hər cərrahi müdaxilə sadəcə tibbi prosedur deyildi. Hər əməliyyat bir qazinin həyata, işığa və azad etdiyi Vətənin səmasına yenidən baxmaq ümidinə çevrilirdi.
Saysız-hesabsız qazilərimizin gözlərinin müalicəsində və əməliyyatında iştirak edən Qurban İsmayılov onlara uğrunda qan tökdükləri, azadlığı üçün canlarından keçməyə hazır olduqları Vətəni yenidən görmək səadətini yaşatdı. Onun cərrah bıçağının ucunda bir qazinin taleyi, bir ailənin ümidi, bir Vətən oğlunun sabahı vardı. Gözlərə qayıdan hər işıq əslində, Qarabağın azadlığına açılan bir pəncərə idi.
Bir qazinin gözlərini açıb üçrəngli bayrağa baxması, azad Qarabağın səmasını seyr etməsi, doğma torpağın üzərində dalğalanan mübarək və müqəddəs bayrağın rənglərini görməsi sözlə ifadəsi çətin olan bir duyğudur. O gözlər vaxtilə döyüş meydanında qan görmüşdü, indi isə Ali Baş Komandanın qətiyyəti ilə Zəfəri görürdü. O gözlər Vətənin ağrısını yaşamışdı, indi Vətənin azadlığının sevincini yaşayırdı. Qurban İsmayılovun qaytardığı işıq gözün yaratdığı işıq ilə bitmirdi. Hər əməliyyat bir qazinin həyatına yeni səhər açır, hər uğurlu müdaxilə Qarabağın azadlığı uğrunda verilmiş mübarizənin davamına çevrilirdi. Çünki Vətən uğrunda döyüşən bir Vətən oğluna azad etdiyi torpaqları öz gözləri ilə görmək səadətini bəxş etmək, onun qəhrəmanlığının ən gözəl davamı və həm də fövqəladə qəhrəmanlıqdır!
Bu böyük fədakarlığı bizim sevimli həkimimiz Qurban İsmayılov bacardı. Yüksək təhsili, misilsiz peşəkarlığı və şəfa verən əlləri ilə yaralı gözlərə işıq, qazilərin həyatına ümid, ailələrinə sevinc bəxş etdi. Onun hər əməliyyatı gözə nur qaytarmaqdan çox-çox böyük idi. Qurban İsmayılov hər bir qazinin gözlərini həyata açmaqla əslində, onu azad etdiyi Vətənlə yenidən görüşdürürdü.
Bir vaxtlar döyüş meydanında Qarabağın azadlığı uğrunda qan tökən gözlər indi azad Qarabağın səmasına açılırdı. Şuşanın dağları, Xankəndinin küçələri, üçrəngli bayrağın əzəməti həmin baxışların qarşısında canlanırdı. Həkimin cərrah bıçağı ilə qazinin gözlərinə qaytardığı işıq bir ömrün ən böyük mükafatını, Zəfəri öz gözləri ilə seyr etmək səadətini bəxş etdi. Bir həkim, bir qazi, bir Vətən övladı üçün bundan böyük xoşbəxtlik nə ola bilərdi? Biri şəfa verən əlləri ilə işığı qaytardı, digəri həmin işıqla uğrunda döyüşdüyü Vətənə yenidən baxdı.
Qurban İsmayılovun əlləri ilə qaranlıqdan işığa çıxan hər baxış Qarabağın azadlıq tarixinin canlı şahidinə çevrilirdi. O gözlər bir vaxtlar döyüşün dəhşətini yaşamışdı, indi isə Zəfərin möhtəşəmliyinə şahidlik edirdi. Bir vaxtlar yaralı və ağrılı baxışların yerində indi azad Vətənin səması vardı. Həkimin əlləri ilə qazi gözləri arasında yaranan bu müqəddəs duyğunun adı şəfa qədər Vətən sevgisi idi.
Qurban İsmayılovun qəhrəmanlığı məhz burada ucalırdı. O, Vətən uğrunda yaralanmış gözlərə nur qaytarmaqla qazilərə öz Zəfərlərini seyr etmək səadəti verdi. Onun cərrah bıçağından keçən hər işıq bir qazinin baxışında Qarabağa açılan pəncərə oldu. Həmin pəncərədən azad Vətənin səması görünürdü.
Yorulmadan, usanmadan Vətən eşqi ilə həmin ağrılı günlərdə əməliyyat otaqlarında fasiləsiz çalışan bu alicənab həkimimiz hər dəfə qaranlığa qalib gəldi. O, Azərbaycan əsgəri kimi öz döyüş mövqeyini sonadək qorudu, qarşısındakı hər ağrını səbrlə dəf etdi, hər qazi üçün yeni bir sabaha yol açdı. Döyüşçülər arasında ən yaxşı həkim, həkimlər arasında ən yaxşı döyüşçü kimi Vətənə xidmətin özünəməxsus örnəyini yaratdı. Onun döyüş meydanı əməliyyat otağı, silahı cərrah bıçağı, savaşı isə bir qazinin taleyini xilas etmək idi.
Bu özünəməxsus keyfiyyətlərinə görə oftalmologiya üzrə böyük alimimizin təbliğata da ehtiyacı yoxdur. Çünki peşəkar cəmiyyət üçün təbliğ olunmur, təqdir olunur. Cəmiyyət və tibb üçün nümunə sərgiləyən Qurban İsmayılovun Vətən üçün gördüyü işlər fərəh doğurur. O, zülmətə, qaranlığa qarşı mübarizədə qalibdir. Bütün milli problemlərini həll edərək gələcəyə inamla addımlayan sevimli Azərbaycan kimi!
V.ƏLİYEV,
yazıçı
Baxış sayı:88
Bu xəbər 27 Sentyabr 2026 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















