Icma.az
close
up
RU
Vətəndaş məmnunluğu yaradan xidmət modeli

Vətəndaş məmnunluğu yaradan xidmət modeli

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son illərdə Azərbaycanda dövlət idarəçiliyinin müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar yeni keyfiyyət mərhələsinə daxil olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılan rəqəmsal inkişaf strategiyası artıq təkcə dövlət xidmətlərinin elektronlaşdırılması ilə məhdudlaşmır. Qarşıya qoyulan əsas məqsəd isə dövlət xidmətlərinin insan amilini minimuma endirməklə avtomatik, çevik və vətəndaşyönümlü şəkildə təqdim edilməsidir.

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Respublikasının Rəqəmsal İnki­şaf Şurasının iyunun 29-da keçirilən ilk icla­sında bu barədə bəhs edərək müxtəlif dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi, vahid yanaşmanın formalaşdırılması və imza­lanan qərarların vaxtında və səmərəli həyata keçirilməsi kimi məsələlərin həllinin qarşıya mühüm vəzifə kimi qoyulduğunu bildirib. O, eyni zamanda, əsas məqsədin yeni texnologi­yaların tətbiqi ilə ölkə iqtisadiyyatına güclü təkan verilməsi, yerli və xarici investisiyaların ölkəyə cəlbinin sürətləndirilməsi, yerli startap­lara dəstək göstərilməsi və daha səmərəli döv­lət idarəetmə sisteminin yaradılması olduğunu vurğulayıb. 

Mehriban xanım Əliyeva daha sonra sa­dalanan layihələrin uğurlu icrasının məhz bütün dövlət qurumlarının birgə və səmərəli fəaliyyətindən asılı olduğunu, bütün qərarların respublikamızın milli maraqlarına və ehtiyac­larına cavab verən amillərə əsaslanılmasının zəruriliyini xatırladıb. Doğrudan da, rəqəm­sallaşma istiqamətində qarşıya qoyulan əsas məqsədlərdən biri tətbiqlərin inteqrasiyası ilə yanaşı, hazırda rəqəmsal olmayan xidmətlərin rəqəmsallaşdırılması və proseslərin optimal­laşdırılması ilə bağlıdır. 

Qarşıya qoyulan proqramın uğurlu icrası nəticəsində proaktiv xidmətlərin payının 50 faizə çatdırılması hədəflənir. Bu yanaşma çər­çivəsində bəzi xidmətlərin vətəndaşın əlavə müraciətinə ehtiyac olmadan, sistem inteqra­siyası və məlumat mübadiləsi əsasında avto­matik təqdim ediləcəyi nəzərdə tutulur. Başqa sözlə, “Yalnız bir dəfə” prinsipinin tətbiqi ilə təkrar sənəd tələbinin minimuma endirilərək bürokratik maneələri aradan qaldırılacağı planlaşdırılır.

Dövlət xidmətləri anlayışı dəyişir

Yaşa görə əmək pensiyasının, uşağın anadan olmasına görə birdəfəlik müavinətin proaktiv qaydada təyin olunması, şəxsiyyət sənədlərinin etibarlılıq müddətinin başa çat­ması barədə avtomatik xəbərdarlıq sisteminin yaradılması, eləcə də səfərbərlik üzrə tibbi müayinəyə çağırışların rəqəmsal formada hə­yata keçirilməsi ölkədə rəqəmsal dövlət kon­sepsiyasının praktik nəticələrini nümayiş et­dirən mühüm addımlardır.

Bu yeniliklər dövlət idarəçiliyində “vətən­daş müraciət edir – dövlət cavab verir” mode­lindən “dövlət özü xidməti təqdim edir” mo­delinə keçidin göstəricisidir. Çünki ənənəvi dövlət idarəçiliyində vətəndaş müxtəlif dövlət qurumlarına müraciət edir, sənədlər toplayır, növbələrdə gözləyir və xidməti gerçəkləşdir­mək üçün uzun prosedurlardan keçir. Müasir rəqəmsal idarəetmədə isə proses tamamilə fərqli prinsiplər üzərində qurulur.

Əgər dövlət informasiya sistemlərində xidmət üçün tələb olunan məlumatlar artıq mövcuddursa, vətəndaşın həmin məlumat­ları yenidən təqdim etməsinə ehtiyac qalmır. Dövlət həmin məlumatlardan yararlanmaqla xidməti özü təqdim edir. Bu yanaşma dün­yanın inkişaf etmiş rəqəmsal dövlətlərində tətbiq olunan “Proactive Government Servi­ces”modelinə tam uyğundur. Beləliklə, nəzər­də tutulan layihələrin icrasından sonra dövlət xidmət göstərən qurum olmaqla bərabər, həm də vətəndaşın ehtiyacını əvvəlcədən müəy­yənləşdirən və operativ şəkildə gerçəkləşdirən idarəetmə institutu kimi tanınır. 

Ağıllı pensiya təyinatı 

Ən mühüm yeniliklərdən biri yaşa görə əmək pensiyasının proaktiv qaydada təyin olunmasıdır. Belə ki, indiyədək vətəndaş pen­siya yaşına çatdıqdan sonra müxtəlif sənədlər toplamalı, müraciət etməli və müəyyən müd­dət gözləməli olurdu. Yeni sistemdə isə pensi­ya hüququ yaranan kimi dövlətin informasiya bazalarında olan məlumatlar avtomatik şəkil­də təhlil edilir. 

Əmək stajı, sosial sığorta ödənişləri, fərdi uçot məlumatları və digər zəruri göstəricilər dövlət informasiya sistemlərində mövcud ol­duğundan vətəndaşın əlavə müraciət etməsinə ehtiyac qalmır. Bu model vaxt itkisini aradan qaldırır, bürokratik prosedurları minimuma endirir, sosial müdafiənin operativliyini artırır və insan amilindən irəli gələn riskləri azaldır. Ən vacib məqam isə sosial təminat hüququnun daha əlçatan şəkildə reallaşdırılmasıdır.

Bu məqamda xatırladaq ki, sosial siyasə­tin mühüm istiqamətlərindən biri də uşağın anadan olmasına görə birdəfəlik müavinətin proaktiv şəkildə ödənilməsidir. Belə bir şərai­tin yaradılması isə o deməkdir ki, doğum faktı dövlət informasiya sistemində qeydə alınan kimi aidiyyəti dövlət qurumları arasında məlu­mat mübadiləsi avtomatik şəkildə gerçəkləşir. Yəni valideyn əlavə ərizə yazmır, sənəd topla­mır, müxtəlif qurumlara müraciət etmir. 

Belə bir prinsipə əsaslanılaraq müvafiq müavinət də avtomatik şəkildə hesablanaraq ödəniləcək. Bu mexanizm ailələrin sosial mü­dafiəsini daha operativ təmin etməklə yanaşı, yeni doğulmuş uşaqların dövlət qeydiyyatı sisteminin də səmərəliliyini artıracaq. Bu isə sosial xidmətlərin rəqəmsallaşdırılması is­tiqamətində mühüm institusional yenilik ola­caq. 

Yeni yanaşmanın maraqlı istiqamətlərin­dən biri də vətəndaşların şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu və sürücülük və­siqəsinin etibarlılıq müddətinin başa çatması barədə əvvəlcədən avtomatik məlumatlandı­rılmasıdır. Belə ki, əvvəllər bir çox hallarda vətəndaş sənədinin vaxtının bitdiyini yalnız hansısa xidmət zamanı öyrənirdi. Bu isə əlavə vaxt itkisinə, cərimələrə, hüquqi problemlərə və xidmətlərin gecikməsinə səbəb olurdu.

Yeni sistem isə bu problemlərin qarşısını alacaq. Başqa sözlə, elektron bildirişlər vətən­daşa əvvəlcədən məlumat verəcək və sənədlə­rin vaxtında yenilənməsini təmin edəcək. Bu, “xatırladan dövlət” modelinin formalaşması deməkdir.

Hərbi qeydiyyat və səfərbərlik sistemində də rəqəmsallaşmanın tətbiqi nəzərdə tutulur. Bu məsələdə, ilk növbədə, səfərbərlik üzrə tib­bi müayinəyə çağırışların rəqəmsal formada həyata keçirilməsi gözlənilir. 

Belə bir yenilik bir neçə mühüm üstünlük yaradır. Birincisi, çağırış prosesində opera­tivlik artır. İkincisi, məlumat itkisi və kağız sənəd dövriyyəsi minimuma enir. Üçüncüsü, çağırışların şəffaflığı yüksəlir. Nəhayət, döv­lət və vətəndaş arasında operativ informasiya mübadiləsi təmin olunur. Beləliklə, milli təh­lükəsizlik sahəsində də rəqəmsal idarəetmə mexanizmləri daha geniş tətbiq edilir.

Vahid dövlət informasiya məkanı

Sadalanan yeniliklərin hamısını birləşdirən əsas amil dövlət informasiya sistemlərinin in­teqrasiyasıdır. Bu, o deməkdir ki, müxtəlif dövlət qurumlarının informasiya bazalarının əlaqələndirilməsi nəticəsində məlumat yalnız bir dəfə daxil edilir və sonradan bütün aidiyyə­ti qurumlar tərəfindən istifadə olunur.

Belə yanaşma “Bir dəfə təqdim et” prin­sipinə əsaslanır. Avropa İttifaqı ölkələrində geniş tətbiq edilən bu yanaşmaya görə döv­lət vətəndaşdan eyni məlumatı təkrar-təkrar tələb etməməlidir. Məlumat dövlət sistemində mövcuddursa, qurumlar onu öz aralarında təh­lükəsiz şəkildə paylaşmalıdır. Belə inteqrasiya dövlət xərclərini azaldır, idarəetmənin səmərə­liyini yüksəldir, xidmət keyfiyyətini artırır, korrupsiya risklərini azaldır və qərarların qə­bulunu sürətləndirir.

Yeri gəlmişkən, inkişaf etmiş rəqəmsal dövlətlər uzun illərdir ki, proaktiv xidmət modelindən istifadə edir. Məsələn, Estoniya yanaşması rəqəmsal idarəetmənin ən uğurlu nümunələrindən hesab olunur. Burada dövlət xidmətlərinin böyük əksəriyyəti avtomatik hə­yata keçirilir, vətəndaş yalnız istisna hallarda dövlət qurumuna müraciət edir. 

Danimarka və Finlandiya sosial müavinət­lərin və pensiya xidmətlərinin əhəmiyyətli hissəsini məlumat bazalarının inteqrasiyası vasitəsilə avtomatik təqdim edir. Sinqapur isə “Life Events” modeli tətbiq etməklə insan həyatının əsas mərhələlərini – doğum, təhsil, əmək fəaliyyəti, ailə qurulması və pensiya – vahid rəqəmsal platformada idarə edir. Azər­baycanın həyata keçirdiyi yeni mexanizmlər də məhz bu beynəlxalq yanaşmalarla səsləşir və ölkənin rəqəmsal dövlət quruculuğunda qa­baqcıl təcrübəni mənimsədiyini göstərir.

Beləliklə, proaktiv xidmətlərin tətbiqi yal­nız vətəndaş rahatlığı baxımından deyil, eyni zamanda, iqtisadi cəhətdən də böyük əhəmiy­yət daşıyır. Kağız sənəd dövriyyəsinin azal­ması, inzibati prosedurların sadələşdirilməsi, əmək resurslarına səmərəli istifadə olunması, xidmət müddətinin qısalması və dövlət qurum­larının iş yükünün optimallaşdırılması büdcə vəsaitlərinə qənaət etməyə imkan verir. Digər tərəfdən, rəqəmsal idarəetmə biznes mühitinin yaxşılaşmasına, investisiya cəlbediciliyinin artmasına və dövlət idarəçiliyinin beynəlxalq reytinqlərdə mövqeyinin möhkəmlənməsinə də müsbət təsir göstərir.

Pensiya və sosial müavinətlərin proak­tiv təyinatı, sənədlərin etibarlılıq müddəti ilə bağlı avtomatik bildirişlər və səfərbərlik üzrə tibbi müayinəyə rəqəmsal çağırış siste­mi Azərbaycanda dövlət xidmətlərinin yeni inkişaf mərhələsinin başlandığını göstərir. Bu yeniliklər vətəndaş mərkəzli idarəetmə modelinin praktik təzahürüdür və dövlətin xidmət göstərən deyil, vətəndaşın ehtiyacı­nı qabaqcadan müəyyənləşdirən, ona uyğun hərəkət edən çevik institut kimi fəaliyyətini gücləndirir.

Bütün bu hədəflərə nail olmaq üçün ha­zırlanmış qanunvericilik paketi respublikamı­zın yaxın illərdə texnoloji inkişafının hüquqi təməlini formalaşdıran ən əhatəli islahatlar­dan biridir. Qanunvericiliyə təklif edilən də­yişikliklər Azərbaycanın texnoloji inkişafının hüquqi əsaslarını formalaşdıran, 34 qanuna, 9 Prezident fərmanına və 3 Nazirlər Kabineti qərarına dəyişiklikləri nəzərdə tutan kompleks islahat paketidir. 

İslahatların əsas məqsədi Azərbaycanı tex­nologiya şirkətləri, innovativ bizneslər və in­vestorlar üçün regionun ən cəlbedici mərkəz­lərindən birinə çevirməkdir. İslahat paketi isə 5 əsas istiqaməti əhatə edir. Belə ki, ilk dəfə olaraq qanunvericilikdə rəqəmsal texno­logiyalar, süni intellekt, innovasiya məhsulu, kibertəhlükəsizlik və texnologiya transferi anlayışları hüquqi baxımdan dəqiq müəyyən­ləşdirilir. Bundan başqa rəqəmsal texnologiya­lar, süni intellekt və kibertəhlükəsizlik sahələ­rində fəaliyyət göstərən şirkətlər üçün 20 illik vergi güzəştləri nəzərdə tutulur. 

Qanunvericilik paketində yüksəkixtisaslı texnologiya mütəxəssisləri üçün 0 faiz gəlir vergisinin tətbiq edilməsi, sosial sığorta yükü­nün azaldılması, “SaaS” və bulud xidmətləri üzrə vergi maneələrinin aradan qaldırılması, texnoloji avadanlıqların idxalının gömrük rüsumu və ƏDV-dən azad edilməsi kimi məsələlər də təklif olunur. 

Yuxarıda sadalananlarla bərabər, patent­lərin, proqram təminatlarının və digər intel­lektual mülkiyyət obyektlərinin kommersi­yalaşdırılması üçün vergi təşviqləri müəyyən edilir. İnnovasiya fəaliyyətində uğursuz eks­perimentlərin vergi baxımından əlavə risk yaratmaması üçün hüquqi mexanizmlər for­malaşdırılır. Bütün bunlarla yanaşı, texnologi­ya şirkətləri üçün valyuta əməliyyatlarının liberallaşdırılması və beynəlxalq ödənişlərin sadələşdirilməsi də nəzərdə tutulur. Dövlət satınalmalarında startaplar və innovativ məh­sullar üçün xüsusi imkanlar yaradılır, pilot layihələrin həyata keçirilməsi və innovativ həllərin dövlət tərəfindən əldə olunması təş­viq edilir.

Vaqif BAYRAMOV

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 İyul 2026 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see430

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see336

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see330

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see298

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see246

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see245

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see234

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see214

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see214

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see205

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see201

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see200

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see198

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see197

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see193

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see190

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see181

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri