Icma.az
close
up
RU
Vətənin ən şərqində 5 il sonra İlqar Tağıyev yazır

Vətənin ən şərqində 5 il sonra İlqar Tağıyev yazır

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

5 il əvvəl, pandemiyanın "gur" vaxtında Abşeron Milli Parkına - "Qartalın dimdiyi"nə səfər etmişdim. Bura həm də "Şah dili" kimi tanınır. O vaxt özümə söz vermişdim ki, nə vaxtsa hər qarışı əziz, doğma olan Vətənin ən şərqinə yenidən qayıdacağam. Həftəsonu sözümü tutdum...

Geridə qalan müddətdə "Qartalın dimdiyi" görünüşcə xeyli dəyişib. Ən çox nəzərəçarpan məqam dimdiyin sözün hər iki mənasında uzanmasıdır. Xəzərin suyunun çəkilməsi parkın ekosisteminə də təsirsiz ötüşməyib. Yaxşı, ya pis mənada? Hamısı haqqında bəhs edəcəm. Amma əvvəlcə öz yazımdan - Abşeron Milli Parkı haqqında 2021-ci ildəki reportajımdan (https://525.az/news/173346-vetenin-en-serqi--ilqar-tagiyevin-reportaji) bir abzas "oğurlamağa" məcburam. Yəqin ki, buna görə kimsə məni qınamaz.

Azərbaycan xəritədə qanadları açılmış qartala, Abşeron yarımadası həmin qartalın başına, sözügedən ərazi isə qartalın dimdiyinə bənzədiyindən birinci adın haradan qaynaqlandığı məlum olur. "Şah dili"nin yaranması isə yüz illər əvvələ gedib çıxır. Keçmiş zamanlarda varlı əyanlar bura ova gəlirmişlər və yerli əhali şahların ov ovladığı ərazini belə adlandırırmış. "Şah dili"nin coğrafi anlamda bir mənası da "böyük dil" kimi xarakterizə olunur. SSRİ dövründə, 60-cı illərin sonlarından bura yasaqlıq olub. Eyni zamanda, parkın ərazisində hərbi hissə yerləşib. Sovet ordusundan qalma bunkerlər az deyil. İmperiya dövründə, həmçinin, müstəqilliyimizin ilk illərində nəzarət zəif olduğundan bura brokonyerlərin ən sevdiyi yerlərdən biri idi. Təbii ki, vəhşi heyvanların, quşların necə gəldi ovlanması ərazinin faunasına ciddi ziyan vururdu. Bunun qarşısını almaq üçün Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 8 fevral tarixli sərəncamı ilə Abşeron Dövlət Təbiət Yasaqlığının bazasında yaradılan Abşeron Milli Parkı indi brokonyerlərin deyil, turistlərin ən sevimli yerlərindən birinə çevrilib. Parkın ərazisi 783 hektardır. Bunun 375 hektarı quru, 408 hektarı isə dənizə düşür. Parkın girişindən adanın son nöqtəsinə qədər məsafə 10,4 km-dir. Arzuladığımız yerə 6 km avtomobillə, qalan məsafəni isə dənizin ən dayaz yerini keçməklə piyada getməlisən. Parkda onlarla heyvan və quş məskən salıb. Onların təxminən yarısı adları "Qırmızı kitab"a salınan canlılardır. Məsələn, dünyada suitilərin ən xırda növü olan, "Ginnesin rekordlar kitabı"na düşən və Xəzərdə məskunlaşan yeganə məməli Xəzər suitisi. Yaxud adi flaminqo, kürən vağ, qıvrımlələk qutan və s.

Bayaq qeyd etdiyim kimi, "Qartalın dimdiyi" haradasa, 500 metr uzanıb. Amma ən ucqar nöqtəyə getmək bir qədər rahatlaşıb. Əvvəl 5 km-dən artıq piyada getmək lazım idisə, indi məsafə 2 km-ə qədər azalıb. Belə ki, "Yaşıl sahə" adlı əraziyə kimi avtomobillə, daha sonra gəzə-gəzə ən şərqə çatırsan. Bunun səbəbi Xəzərin suyunun çəkilməsidir. Təbiət flora və fauna olduğu kimi qalsa da, heyvanların yaşayış tərzinə, qida arealına ciddi təsir göstərib. Məsələn, Xəzər suitisi demək olar ki, buralara gəlmir. Daha çox yaxınlıqdakı adalara çıxır. Parkın köçəri sakinlərindən olan flaminqolar da həmçinin. Ümumiyyətlə, hazırda parkda vəziyyət belədir: suyun çəkilməsi ilə quruda olan gölməçələr də yoxa çıxıb. Bu gölməçələrdə qidalanan quşlar, o cümlədən, turistlərin könlünü oxşayan flaminqolar suitilər kimi adalara üz tuturlar. Əvvəllər bu quşlar qış mövsümü ərzində parkın sahil sularında 1-2 ay, bəzən daha artıq sabit dayanırdılar. Suyun çəkilməsi ilə indi mövsüm ərzində təxminən 15-20 gün parkın qonağı olurlar.

Parkin ərazisindəki fauna növlərinin, o cümlədən yırtıcıların - canavarların, tülkülərin, çaqqalların sayı sabit qalıb. Çünki onların qida zəncirinin əsasını qum siçanı və ərəb dovşanı təşkil edir. Gəmiricilər yeraltı yuvalarından hava qaralandan sonra çıxır. Buna görə yırtıcıların da hərəkəti əsasən axşamlar intensivləşir. Parkda gündüzlər heyvanların görünməməsinin əsas səbəbi də budur. Ərəb dovşanı demişkən, dovşanların sayı çoxalıb. Bir də ilanların. Burada gürzələr son 5 ildə xeyli artıb. Amma artım nisbidir. İlanlar ziyarətçilərə təhlükə yaradırmı? Bu təhlükə minimumdur. Ziyarətçi parkın daxili qaydalarına riayət edərsə, yəni turist marşrutundan kənara çıxmazsa, kolluqlara girməzsə, təhlükə yaranmaz. Dəniz kənarı ilə nəzərdə tutulan piyada marşrutu üzərində görünmək ehtimalı olan ilanlar isə su ilanlardır ki, onların da təhlükəsi yoxdur. Şər deməsən, xeyir gəlməz. İşdi, kimisə ilan sancarsa, parkda zəhər əleyhinə zərdab var, qəti qorxusu yoxdur. Amma onu da öyrəndim ki, indiyə kimi ilanların kimisə sancması faktı qeydə alınmayıb. Biz ilanlardan qorxduğumuz kimi, onlar da bizdən qaçır.

Parkın quru sahəsi də genişlənib. Əvvəl 783 hektardan 375-i quru sahə idisə, indi bu rəqəm 400-ü keçib. Təbii ki, quruda olan gölməçələr də quruyub. Bu da quşların bayaq qeyd etdiyim kimi, yaxınlıqdakı adalarda məskunlaşmasına səbəb olub. Əvvəllər onları yaxından görmək olurdu. İndi ancaq 12 metrlik "Seyr qülləsindən" binokl vasitəsilə izləmək mümkündür.

Xəzərin suyunun çəkilməsi əslində parkın ərazisinin 1980-ci illərdə olan görkəmini qaytarıb. O vaxt burada kənd camaatının əkin sahələri, bostanları var idi, qarpız, yemiş və s. yetişdirirdilər. Dənizdə suyun səviyyəsi artmağa başlayanda əkin sahələri su altında qaldı. İndi yenidən su çəkilir. Hər şey əvvəlki vəziyyətinə qayıdır.

Parkın ərazisi əsasən yarımsəhra landşaftına malikdir. Buna baxmayaraq, bura həmişə turistlərin, həm də vətəndaşlarımızın marağına səbəb olub. Son bir neçə ildə ziyarətçilərin sayında artma müşahidə olunur. Amma qonaqların gəlişinə mane olan amillər də var. Məsələn, son 2 ildə parkın ərazisində küləkli hava şəraitinin tez-tez müşahidə edilməsidir. Burada həm gilavar, həm də xəzri əsir. Güclü külək olanda isə toz-duman əlindən tərpənmək olmur. İnsanlar əsasən şənbə-bazar bura dincəlməyə gəlir, "piknik" edirlər. Xarici turistlərin sayında da ciddi fərq yoxdur. Rəsmi statistikaya görə, son 1 ildə ölkəyə turist axını 10 faiz civarında azalıb. Amma nə bu, nə də xarici tur-operatorların qiymətləri artırması "Qartalın dimdiyi"nə marağı azaltmayıb. Qiymət demişkən, 5 ildə dəyişməyən nəsnələrdən biri də parka giriş haqqıdır - əvvəlki kimi simvolik olaraq cəmi 2 manatdır. Üstəlik, bəzi kateqoriya vətəndaşlarımız üçün giriş pulsuzdur.

Parkda olduğumuz müddətdə 20-ə yaxın ziyarətçi ilə rastlaşdım ki, onların cəmi ikisi əcnəbi idi. Polşanın Krakov şəhərindən olan yaşlı iki xanım "Qartalın dimdiyi"nə görə gəldiklərini bildirdilər. Bir də suiti və flaminqoları görmək və bir qədər də dəniz suyundan zövq almaq üçün. Deyəsən, bu arzularına çatmayacaqdılar. Heyvanlar burada az-az gözə dəyirlər. Çimmək isə həmişə olduğu kimi qadağandır! Çünki buralarda sualtı axınlar güclüdür. Digər tərəfdən ərazi də qoruqdur. Çimərliyin yaradılması isə təbiətə ziyan vura bilər. Yeri gəlmişkən, park ərazisində zaman-zaman müxtəlif tədbirlər də keçirilir. Məsələn, ötən şənbə "Dağçılıq" İdman Klubu "Qartalın dimdiyi"nə və geri 10 km məsafəyə qaçış yarışının hazırlıqlarını aparırdı. Sonradan klubun saytından öyrəndim ki, bazar günü keçirilən tədbirdə 10-u əcnəbi olmaqla 400-dən çox idmansevər iştirak edib.

Gözoxşayan məqamlardan biri isə park ərazisinin təmiz olması idi. 5 il əvvəl sahildə plastik tullantılara, ziyarətçilərdən qalma "nişanə"lərə rast gəlmək mümkün idisə, indi ətraf göz oxşayırdı. Dalğaların sahilə atdığı plastik tullantıların sayı dəfələrlə azalıb. Olanda da park əməkdaşları təmizləyir. Yalnız sahildə iri taxta və şalban qırıntılarına rast gəlmək mümkündür ki, onları da dalğalar Xəzərdəki estakadalardan qoparıb.

Heç ceyranlardan danışmadım. 5 il əvvəl parkın əməkdaşları ilə söhbətimizdə əraziyə illər əvvəl 3 baş - 2 erkək və 1 dişi ceyranın buraxıldığını, amma artım olmadığını öyrənmişdim. O vaxt ceyranlar ara-sıra gözə dəyirdilər. Bəs indi? Ceyranlar sağ və salamatdırlar. Park əməkdaşları bir neçə dəfə bala ceyran da görüblər. Amma artım müşahidə edilmir. Deyəsən, canavarlar imkan vermir.

Abşeron Milli Parkı ölkəmizdəki 12 milli parkdan ərazisinə görə ən balacasıdır. Amma bu "balaca"nın çox böyük mənəvi dəyəri var - çünki Vətənin ən şərqidir, dalğaların qovuşduğu məkandır. 5 il əvvəlki ropartajımda yazdığım kimi, Vətənin hər qarışı müqəddəsdir. Müqəddəs yerləri isə ziyarət etmək hər birimizin borcudur.

İlqar TAĞIYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://525.az
archiveBu xəbər 12 İyun 2026 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see338

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see334

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see274

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see269

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see266

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see264

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see260

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see259

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see245

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see214

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri