Vüsal Qasımlı: İİTKM qlobal beyin mərkəzinə çevrilməkdədir
Azərbaycanda aparılan iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsini və bu sahədə işlərin səmərəli əlaqələndirilməsini təmin etmək məqsədilə ölkə Prezidentinin yaratdığı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) 2024-cü ildəki fəaliyyəti kifayət qədər zəngin olub. Bununla bağlı "Report"un suallarını Mərkəzin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı cavablandırıb:
- İİTKM-nin ötənilki fəaliyyəti barədə məlumat verə bilərsinizmi?
- İlk olaraq onu qeyd edim ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2024-cü il ölkəmiz üçün uğurlu keçib. Əsas makroiqtisadi göstərici - ümumi daxili məhsul (ÜDM) 4 %-dən çox artıb ki, bu da ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi, Böyük Qayıdışın təmin olunması, beynəlxalq nüfuzumuzun artırılması və 2018-ci ildən bəri beşinci sosial paketin həyata keçirilməsi üçün maddi əsas olub. 2024-cü il Mərkəz üçün də çox məhsuldar keçib. Deyərdim ki, il ərzində az resurslarla çox böyük işlərin öhdəsindən gəlmişik. Bir faktı qeyd etməyim kifayətdir ki, Dövlət Nəzarəti İnformasiya Sisteminin məlumatına əsasən, Prezidentin Fərman və Sərəncamları ilə Mərkəzə 2016-2024-cü illər ərzində verilən tapşırıqların orta tamamlama faizi - 94,74 % olub. 2023-2024-cü illərdə isə verilən bütün tapşırıqlar 100 % icra edilib. Əslində bu rəqəmin özü Mərkəzin il ərzində gördüyü işlərlə bağlı suala qısa və aydın cavabdır.
Ötən il Mərkəzin Nizamnaməsindən irəli gələn vəzifələrə və həvalə edilən yeni mandatlara uyğun olaraq, illik fəaliyyət planında əksini tapan tədbirlər tam şəkildə icra olunub. Strategiyaların, dövlət proqramlarının monitorinq və qiymətləndirilməsi aparılıb, eləcə də 2024-cü ildə “Layihə idarəetməsi” modulu formalaşdırılaraq praktiki olaraq tətbiq edilməyə başlanılıb. Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işində yaxından iştirak edilib, strateji planlaşdırma, təhlil və tədqiqat üzrə fəaliyyət dərinləşdirilib, T7, T20 kimi qlobal beyin mərkəzləri şəbəkələri ilə yaxından əməkdaşlıq edilib. Həmçinin Mərkəzin innovativ layihələri olan “Azexport”, “Enterprise Azerbaijan”, Rəqəmsal Ticarət Qovşağı, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin, “Qiymət İzləmə Tətbiqi”nin fəaliyyəti də uğurlu olub.
2024-cü ildə Mərkəzdə hazırlanan nəşrlər– kitab və jurnallar, icmallar Türk dünyası daxil olmaqla, böyük auditoriyaya təqdim edilib. İİTKM-in tabeliyində olan Türk Dünyası Araşdırmalar Mərkəzi tərəfindən görülən işlərdə də uğurlu nəticələr əldə olunub.
Həmçinin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən tədbirlərdə Mərkəz aktiv iştirak edib, “Green Talk” layihəsi reallaşdırılıb, ölkəmizdə keçirilən COP29-un tədbirlərində əməkdaşların iştirakı təmin olunub. Gördüyünüz kimi, 2024-cü ildə görülən işlərin siyahısı çox genişdir.
- İİTKM proqram idarəetməsində mühüm rol oynayan quruma çevrilib. Mərkəz dövlət proqramlarının həyata keçirilməsində hansı işlər görür?
- Mərkəz ölkə üçün böyük əhəmiyyət kəsb edən bir sıra sənədlərin - “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, “işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı” və “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” daxil olmaqla 10 proqramın monitorinq və qiymətləndirilməsini aparır. Ən son olaraq isə 2024-cü ilin oktyabr ayında Prezident daha bir mühüm sənədin - “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın monitorinq və qiymətləndirilməsi Mərkəzə tapşırıb. Göründüyü kimi, Mərkəz monitorinq etdiyi və qiymətləndirdiyi proqramlar sosial-iqtisadi siyasət, maliyyə-bank sektoru, qida, kənd təsərrüfatı, energetika kimi mühüm sektorları əhatə edir.
Mərkəz dövlət proqramlarının hazırlanmasında fəal iştirak etməklə yanaşı, onların monitorinqi çərçivəsində qısa, orta və uzunmüddətli dövrlər üzrə indikativ planlaşmanı həyata keçirir. İİTKM həmçinin monitorinq və qiymətləndirilməsi aparılan proqramlar çərçivəsində icra edilən iqtisadi islahatların ictimaiyyətə düzgün şəkildə çatdırılmasında və anlaşılmasında mühüm rol oynayır. İl ərzində 11 dövlət proqramının idarə edilməsi çərçivəsində 60-a yaxın qurumla 150 iclas keçirilib, monitorinq nəticələri ilə bağlı 28 hesabat hazırlanıb. Mərkəz monitorinq və qiymətləndirmə prosedurlarını qlobal standartlara uyğun, rəqəmsal platformalar vasitəsilə aparır. Bu, dövlət proqramlarının icra nəticələri barədə real vaxt rejimində məlumatların əldə olunması, dövlət qurumları arasında kommunikasiya və koordinasiyanın vahid platformada həyata keçirilməsinə imkan yaradır. Bundan əlavə, bu il ilk dəfə olaraq dövlət proqramlarının ən qabaqcıl beynəlxalq metodologiyalar əsasında səmərəlilik, uyğunluq və effektivlik kimi meyarlar üzrə qiymətləndirilməsi həyata keçiriləcək. “Layihə idarəetməsi” modulu həm də bu məqsədlə hazırlanıb.
- Qeyd etdiniz ki, Mərkəz "Layihə idarəetməsi” modulu hazırlayıb və tətbiqinə başlayıb. Bu barədə bir qədər ətraflı məlumat verə bilərsinizmi?
- Bəli, "Layihə idarəetməsi" modulu dövlət proqramlarının icrasını sistemli şəkildə izləmək və qiymətləndirmək üçün Mərkəzimizin hazırladığı mühüm innovativ təşəbbüsdür. Bu modul beynəlxalq layihə idarəçiliyi metodologiyalarına əsaslanır, dövlət proqramlarının maliyyə və fiziki tərəqqisini real vaxt rejimində izləməyə imkan yaradır.
“2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının monitorinq və qiymətləndirmə Portalı”, “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrasına nəzarət və hesabatlılıq Portalı” və “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramının icrasının monitorinqi və hesabatlılıq modulu" elektron portallarında artıq modulun tətbiqinə başlanılıb.
Modul dövlət proqramlarında nəzərdə tutulan layihələrin hazırlıq, planlaşdırma, icra və başa çatdırılma mərhələlərində monitorinqinə, eyni zamanda risklərin effektiv idarə edilməsinə, layihələrin və ümumi proqramın beynəlxalq meyarlar əsasında qiymətləndirilməsinə texnoloji dəstək verir.
Monitorinq və qiymətləndirmədə layihələr üzrə tətbiq olunan bu innovativ yenilik proqram idarəetməsinin modernləşdirilməsinə və daha səmərəli şəkildə həyata keçirilməsinə, eyni zamanda qərar qəbul etmədə effektivliyin artırılmasına mühüm töhfə verəcək.
- İİTKM beynəlxalq əməkdaşlığı gücləndirir. 2024-cü ildə bu sahədə hansı nailiyyətləriniz olub?
- İİTKM qlobal beyin mərkəzinə çevrilməkdədir, hazırda təkcə Azərbaycanı deyil, həm də Yaxın Şərq və Mərkəzi Asiyanı “Böyük İyirmiliyin” və “Böyük Yeddiliyin” beyin mərkəzləri platformalarında – T20 və T7-də uğurla təmsil edir. Biz bu platformalarda beynəlxalq tədbirlərdə, siyasət sənədlərinin hazırlanmasında və “task force”larda iştirakımızla qlobal səviyyədə beyin mərkəzlərinin gündəliyinin formalaşmasına yaxından cəlb olunmuşuq. Əslində hökumətin əsas beyin mərkəzi olmaqla yanaşı, qlobal miqyasda qəbul olunan beyin mərkəzinə çevrilməyimiz Prezident İlham Əliyevin siyasəti nəticəsində ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsi fonunda baş verir. Təsadüfi deyil ki, 2024-cü ilin noyabrında İİTKM Asiya İnkişaf Bankı, Asiya İnkişaf Bankı İnstitutu və Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı İnstitutu (CAREC Institute) ilə birgə “Qlobal Beyin Mərkəzləri Forumu” keçirib. Forum Azərbaycanın COP29 çərçivəsində qlobal arenada nüfuzunun artırılmasına və beynəlxalq beyin mərkəzləri şəbəkəsi daxilində ölkənin strateji mövqeyinin gücləndirilməsinə mühüm töhfə verib. Forumda Asiya İnkişaf Bankı, Asiya İnkişaf Bankı İnstitutu və Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı İnstitutu ilə yanaşı, "Brookings Institutions", İtaliyanın Beynəlxalq Münasibətlər İnstitutu, Braziliya Beynəlxalq Münasibətlər Mərkəzi, BMT Universitetinin Ətraf Mühit və İnsan Təhlükəsizliyi İnstitutu, Stokholm Ətraf Mühit İnstitutu, Su və İqlim Dəyişikliyi üzrə Asiya Platforması, Cənubi Afrika Beynəlxalq Münasibətlər İnstitutu, Qazaxıstan-Britaniya Texniki Universiteti, Kral Abdullah Neft Araşdırmaları və Tədqiqat Mərkəzi (KAPSARC) kimi nüfuzlu qlobal beyin mərkəzlərinin rəhbər heyəti iştirak ediblər. 2024-cü ildə biz həm də digər yerli qurumlarla birlikdə Azərbaycan Beyin Mərkəzləri Platformasını və saytını təsis etdik.
- Dedikləriniz həm də onu göstərir ki, Mərkəzin təhlil və tədqiqat üzrə fəaliyyəti də genişdir. Bu barədə nə demək olar?
- İl ərzində mövcud çağırışları qiymətləndirərək elmi-analitik və proqnoz xarakterli təkliflər hazırlanıb. Mərkəzin tərkibində fəaliyyət göstərən "EconLAB" laboratoriyası Azərbaycan iqtisadiyyatının fundamental təhlili üçün əsas iqtisadi-riyazi modellərdən istifadə edir. 2024-cü il ərzində Mərkəzdə aparılan tədqiqatın nəticəsində 5 konseptual sənəd hazırlanaraq aidiyyəti üzrə hökumətə təqdim olunub. Həmçinin icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin ekonometrik qiymətləndirilməsi aparılıb. “Qarabağ və Şərqi Zəngəzura investisiya” mövzusunda ingilis dilində xüsusi buraxılış nəşr edilib. Yaşıl artım və yaşıl enerjiyə keçidlə bağlı aparılan tədqiqatların nəticələri “Scopus” bazasında indeksləşdirilən Q1 və Q2 reytinqli jurnallarda dərc olunub.
2024-cü ildə Mərkəz həmçinin “İqtisadi inkişaf” monoqrafiyası, “Orta dəhliz”, “Halal iqtisadiyyat”, “İslam ölkələrinin iqtisadi potensialı” kitablarını nəşr edib. Təkcə bir faktı deyim ki, 10 fəsildən ibarət 700 səhifəlik “İslam ölkələrinin iqtisadi potensialı” kitabı 30-dan artıq islam ölkəsindən 70-dən çox müəllif, 10 beynəlxalq təşkilat, 20-dən artıq beyin mərkəzi və universitetin birgə əməkdaşlığı əsasında hazırlanıb. Kitabın nəşri ilə bağlı nüfuzlu “Islamic Economic Studies - Emerald Publishing” nəşriyyat ilə müqavilə imzalanaraq razılıq əldə edilib.
Bundan başqa, Mərkəzin “İqtisadi İslahatlar” elmi-analitik jurnalında ölkənin davamlı iqtisadi inkişafını təmin etmək üçün makro və mikroiqtisadi səviyyədə təhlil və araşdırmalar, eləcə də orta və uzunmüddətli proqnozlar, məqalələr və analitik şərhlər 3 dildə (azərbaycan, ingilis və rus dillərində) dərc olunur.
- İnnovativ layihələrinizlə bağlı vəziyyət necədir?
- Azərbaycanın ixrac coğrafiyasının genişlənməsinə xidmət edən “Azexport.az” portalı Türkiyə, Rusiya, Özbəkistanın “Trendyol”, “Ozon”, “Uzum” platformalarına inteqrasiyası reallaşdırılıb. Portalda virtual sərgi zalı və konfrans məkanı layihəsi davam etdirilir və “Metaverse”in imkanlarında istifadə olunur. Virtual reallıq vasitəsilə Azərbaycanda istehsal olunan məhsullar üçün yaradılan sərgi zalının genişləndirilməsi məqsədilə Özbəkistan, Qazaxıstan, Türkiyə və Azərbaycandan olan şirkətlər layihəyə cəlb olunur. Bundan başqa, 2024-cü ildə “Azexport.az” ixracatçılara 61 ədəd Sərbəst satış sertifikatı (Certificate of Free Sale) təqdim edib.
Digər innovativ layihəmiz “Enterprise Azerbaijan” portalı da vahid innovasiya və startap məkanının yaradılması istiqamətində iş aparıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Dövlət Məşğulluq Agentliyi “Startaplara dəstək” layihəsinin iştirakçısı olan 10 startapa biznes layihələrini reallaşdırmaq üçün özünüməşğulluq proqramı çərçivəsində lazımi avadanlıqlar verib. Həmçinin “Enterprise Azerbaijan” regionumuzun ən böyük startap məktəbi - “StartUp School” layihəsini həyata keçirir. ABŞ-ın Nevada Universiteti, Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi ilə birgə reallaşdırılan layihəyə müxtəlif ölkələrdən startaplar müraciət edir. “StartUp School 2 - AI for Green Solidarity” layihəsinə beynəlxalq ekspertlərin seçdiyi 41 ən yaxşı komandaya ABŞ, Almaniya, İngiltərə, CAR, Türkiyə, Rusiya və Azərbaycandan olan mentorlar tərəfindən təlimlər keçirilib.
Rəqəmsal Ticarət Qovşağının da fəaliyyətinin genişləndirilməsi 2024-cü il ərzində diqqətdə olub və modernləşdirmə strategiyasına uyğun olaraq dövlət-özəl tərəfdaşlığı çərçivəsində yeni Yol Xəritəsi icra edilib. Yeni Yol Xəritəsinə əsasən hazırlanan m-residency.az portalında Azərbaycan və ingilis dilində qeyri-rezidentləri ölkə üzrə maraqlandıran məlumatlar yerləşdirilib.
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə 2024-cü il ərzində hüquqi və fiziki şəxslərdən 1 747 müraciət daxil olub. Ümumilikdə, 3 982 ədəd sertifikat verilib, 288,2 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirilib. 2024-cü ildə digər bir innovativ layihə “Qiymət İzləmə Tətbiqi”nin yaradılması ilə bağlı da kifayər qədər böyük işlər görülüb, Dövlət Gömrük Komitəsi və Dövlət Vergi Xidməti ilə əməkdaşlıq edilib.
- İİTKM həm də Türk Dövlətləri Təşkilatı (TDT) ilə yaxından əməkdaşlıq edir. Ötən il bu istiqamətdə hansı layihələr həyata keçirilib?
- İİTKM-in tabeliyində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzi “Türk Dünyasına Baxış-2040” və “TDT-nin 2022-2026-cı illər üzrə Strategiyası”nda nəzərdə tutulan hədəflərə töhfə vermək məqsədilə fəaliyyətini genişləndirib. 2024-cü ildə Türkiyə, Qazaxıstan, Özbəkistan, Macarıstan və Qırğızıstandan olan həmkarlarımızla birgə tədbirlərimiz və araşdırmalarımız olub, eyni zamanda birgə hazırladığımız “Türk dövlətləri iqtisadiyyatı” kitabı Özbəkistanda təqdim edilib. Hazırda TDT ilə birlikdə Rəqəmsal Aqro Data Platformasının üzərində işləyirik. 2024-cü ildə Mərkəzin təqdim etdiyi “Türk dövlətlərinin interaktiv geoiqtisadi xəritəsinin” konsepsiya sənədi TDT-nin İqtisadi Əməkdaşlıq üzrə İşçi Qrupunun toplantısında qəbul olunub. TDT ilə birlikdə il ərzində “Türk iqtisadi icmalı”nın dörd buraxılışının səkkiz dildə hazırlanması və kommunikasiyası təmin edilib.
-2024-cü ildə Azərbaycanın nailiyyətlərinin təbliği yönündə hansı işlər görülüb?
-Mərkəzin İctimaiyyətlə əlaqələr şöbəsi iqtisadi islahatlara dair təhlil materiallarının və təqdimatların 23 internet resursu vasitəsilə təbliğatını həyata keçirir. İİTKM-in REAL TV ilə birlikdə hazırladığı “Real İslahat” verilişində bir çox maraqlı mövzular müzakirə olunub. Mərkəz 2024-cü ildən etibarən “Videoicmal” formatında həftəlik fəaliyyətini ictimaiyyətə təqdim edir. Həmçinin 2024-cü ildə 12 “İslahat icmalı” hazırlanaraq rəsmi saytımıza yerləşdirilib və hər biri barədə maraqlı şəxslərə məlumatlar göndərilib.
“Green Talk” layihəsi çərçivəsində, “Yaşıl dünya naminə həmrəylik” ilinə həsr olunmuş təlim və görüşlər keçirilib, 6 maarifləndirici videoçarx hazırlanıb.
İİTKM Beynəlxalq Bankçılıq Forumu, “Fintex Sammit 2024” kimi mühüm tədbirlərin təşkilini dəstəkləyib. Azərbaycanın nailiyyətlərini qlobal miqyasda təbliği baxımıdan T7, T20 ilə yanaşı, Dünya İqtisadi Forumu ilə əməkdaşlıq istiqamətində iş aparılıb. Mərkəzimiz Dünya İqtisadi Forumunun “Strateji Zəka” (Strategic Intelligence) platformasında məzmun təchizatçısı olmaq hüququ qazanıb.
- 2025-ci illə bağlı hədəfləriniz nədir?
- Cənab Prezidentin elan etdiyi “Konstitusiya və suverenlik” ilində İİTKM hökumətin əsas beyin mərkəzi olaraq ona verilən tapşırıq və göstərişlərin əsasında fəaliyyətdə olacaq. İİTKM dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsində iştirak etməklə nəticəəsaslı büdcə və proqram idarəetməsində töhfə verəcək. Dataəsaslı qərar qəbuletmə prosesində yaxından iştirak etmək üçün Mərkəzimizin analitik aparatı BVF, Dünya Bankı və başqa partnyorlarımızla birlikdə müvafiq təhlillərini davam etdirəcək. Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya ilə əməkdaşlığımız da davam olunacaq. 2025-ci ildə “Böyük iyirmilik”, “Böyük yeddilik”, COP30 platformaları başda olmaqla, beynəlxalq miqyasda beyin mərkəzləri ilə əməkdaşlağımız daha da genişlənəcək. Azərbaycanın ən böyük startap məktəbini yaradan “EnterpriseAzerbaijan” portalının qarşısında bu il “StartupSchool” layihəsini beynəlxalq səviyyəyə qaldırmaq kimi ambisiyalı məqsəd qoyulub. Ölkəmizin e-ticarət lideri “Azexport” da qeyri-neft ixracına dəstəklə yanaşı, beynəlxalq layihələr həyata keçirəcək. Bir sözlə, İİTKM komandası möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müəyyən etdiyi kursa uyğun olaraq fəaliyyət planını uğurla həyata keçirmək əzmindədir.