Icma.az
close
up
RU
Xala, qurbanın olum, məni evimizə qaytar, yoxsa dədəmin hirsindən ürəyi partlayar...

Xala, qurbanın olum, məni evimizə qaytar, yoxsa dədəmin hirsindən ürəyi partlayar...

Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.

26 iyul Azərbaycanın görkəmli ədibi, Xalq yazıçısı İsmayıl Şıxlının anım günüdür.

Kulis.az bu münasibətlə yazıçının kult əsəri - "Dəli Kür" romanından bir hissəni təqdim edir.

***

Şahnigar ayaqqabısını əlinə götürdü. Donunun ətəyini yuxarı qaldırdı, gəldiyi kimi də sakitcə qapını aralayıb otaqdan çıxdı. Cahandar ağa onu saxlamaq, geri qaytarıb yanında oturtmaq, göz-gözə dayanıb doyunca söhbət etmək istədi. Nə qədər qışqırdısa da, səsi çıxmadı.

Elə bil sinəsinin üstünə ağır bir qaya yıxmışdılar. Kişi boğulmuş kimi xırıldadı...Cahandar ağa hövlnak ayıldı. Harada olduğunu bir xeyli aydınlaşdıra bilmədi. Gözünü döyüb maddım-maddım boylandı.

Gözü otağın qaranlığa alışdıqdan sonra yuxuya getdiyini anladı. "Lənət şeytana" - deyə öz-özünə söyləndi və taxtın üstündən düşdü. Ağır addımlarla qapıya yaxınlaşdı. O bir az bundan əvvəl Şahnigarın dayandığı küncdən gözünü çəkə bilmirdi.

Kişiyə elə gəlirdi ki, bacısı orada dayanmışdır. Bu saat tərpənəcək, bəlkə də atılıb qardaşının boynuna sarılacaqdır. Günün günorta vaxtı kişini elə bil qara basırdı. Bu boyda adamı vahimə götürmüşdü. O özünü topladı. Əlini cəftəyə uzatdı və qapını açıb cəld eyvana çıxdı. Orada da dayanmadı, birbaşa xırman yerinə gəldi və bir xeyli gəzindikdən sonra toxtadı.

Artıq sərin düşmüşdü. Xırmanların çoxunda vəli açmışdılar. Hətta lap tezdən xırman döyənlərdən indi taxıl sovuranlar da var idi. Cahandar ağanın xırmanlarından ikisi hazır idi. Nökərlər taxılı yığıb, xırmanın ortasına Cahandar ağa fikrini dağıtmaq məqsədi ilə nökərlərdən qabaq şananı əlinə aldı, tığın bir yanında dayanıb taxılı sovurmağa başladı.

İri sarı buğdalar bir yana töküldü, saman qırıntılarını külək xeyli uzağa apardı. Nökərlər də ona qoşuldular. Gün batana qədər xırmandakı taxılları sovurdular. Arvadlar sarı buğdanı xəlbirdən keçirdilər. İri çuvallar doldurulub yan-yana düzüldü.

Cahandar ağa axıra qədər işlədi. Nökərlər samanı yığıb samanlığa tökəndə isə üstünün tozunu çirpıb bir tərəfə çəkildi və hündür bir yerdə sallağı oturub papiros eşdi. Doqqazda at kişnədi. Kim isə Cahandar ağanı səslədi. Kişi ayağa qalxıb
üst-başını düzəltdi və asta addımlarla çağıran adamın qabağına çıxdı.

- Ə, xoş gördük, yaylaqdan nə vaxt gəlibsən?
- Elə indi.
- Bizim uşaqları görmədin ki?
- Gördüm. Yaxşıdırlar... Amma yaylağa qayıtsan, pis olmaz.

Cahandar ağanın qaşları çatıldı. O, gözünü atlının üzünə zilləyib dayandı. Kişi hiss etdi ki, əlləri titrəyir. Özünü ələ almaq və keçirdiyi
həyəcanı qarşısındakına bildirməmək üçün papirosunu sümürdü.

- Nə olub, xeyirdimi?
- Elə bir şey yoxdur, amma deyəsən sizin binələrə basqın eləmişdilər.
- Kim? Nə vaxt?
- Dünən gecə.
- Bədbəxtlik-zad olmayıb ki?
- Vallah, düzünü bilmirəm.
- Məndən söz gizlətmə, ürəyimə damıb.
- Elə bir şey yoxdur, bilsəm deyərdim.

Cahandar ağa papirosunu kötüyünə qədər sümürdü. Kəhrəba müştük çatırdadı və az qaldı ki, alışıb yansın. Atlı papirosun işığında kişinin
ağarmiş sifətini gördü. Onun yanağında bir damcı qan qalmamışdı. Gicgahlarındakı damarlar vururdu. Barmağının arasındakı müştük titrəyirdi.

***

Salatın xeyli özünə gələ bilmədi. Yəmən xanım dəyənin ortasında huşsuz uzanan qıza təlaşla baxdı. Onun əlini, ayağını açdı. Ağzına tıxanmış dəsmalı açdı. Üzünə, sinəsinə su çilədi. Qızın paltarı didik-didik olmuşdu. Bədəni qıpqırmızı idi. Bəzi yerlərinə qan sağılmışdı. Saçına pıtraq dolmuşdu. Sifəti şişmişdi. Yəmən xanım əlində çıraq, bir müddət qızın tərpənməsini gözlədi. Arvadın ürəyi kövrəldi. Kəlağayının ucu ilə yaşarmış gözünü sildi. Qızın salamat yeri yox idi. Tikan onun bədənini deşik-deşik etmişdi. Arvad çırağı kənara qoydu. "İnsafsızlar, gör yazığı nə kökə salıblar, - deyə öz-özünə deyindi.

- Deyəsən, uşağın saçından tutub sürüyüblər. Görəsən, yazığın ata-anası varmı?" Tələsik ayağa durub qıza yer saldı. Salatını qucağına götürüb döşəyin üstünə uzatdı. Onu yorğana bürüdü. Sonra da qızın baş tərəfində oturub saçını sığalladı, yenə üzünə su çilədi, qız inildədi. Azacıq sonra isə gözlərini açıb döyükdü. Heç nə anlamadan sakit-sakit baxdı. Arvad başa düşdü ki, qızın huşu hələ tamam özünə gəlməyib. Gözü baxsa da heç nə görmür. Yəmən xanım Salatının başını qaldırıb dizinin üstünə qoydu. Suyu onun dodaqlarına yaxınlaşdırdı:

- İç, bala, huşun özünə gəlsin.

Qız dinmədi. Sudan qurtum-qurtum içdi. Gözünü zilləyib arvadın üzünə baxdı və birdən hıçqırmağa başladı. Bədəni dartılı yay kimi gərilib titrədi. Qızın yenidən huşunu itirəcəyindən qorxan Yəmən xanım onun qolundan yapışıb sinəsinə sıxmaq istədi. Yəmən xanımın gəlini də irəli gəldi. Köməkləşib qızı yenidən yorğan-döşəyə uzatdılar. Salatın taqətdən düşdü, solğun dodaqları titrədi, için-için ağladı:

- Ay xala, qurbanın olum, mən hardayam?
- Qorxma, qızım, özünə toxtaqlıq ver.
- Məni öldürün, amma onlara verməyin.
- Heç nə olmaz, bala, özünü ələ al.

Salatın sürünüb Yəmən xanımı qucaqladı. Uşaq kimi onun boynuna sarılıb hönkürtü ilə ağladı:

- Xala, qurbanın olum, məni evimizə qaytar, yoxsa dədəmin hirsindən ürəyi partlayar. Amanın bir günüdür, ay xala, mənə yazığın gəlsin.
Məndən sonra anamın günü qara olacaq, qardaşım bu dərdə dözə bilməyəcək. Məni çevir balalarının başına, ay xala!

- Yaxşı, qızım, ağıllı ol, gözünün yaşını sil.

Yəmən xanım qəhərləndi. Salatının yanağındakı göz yaşını sildi, saçından öpdü:

- Kimin qızısan, bala?
- Cahandar ağanın.

Arvad diksindi. Salatının başını sinəsindən ayırıb diqqətlə üzünə baxdı:

- Kimin?
- Cahandar ağanın.
Yəmən xanım susdu. Salatının intizar və təlaş dolu gözlərinə baxdı. Qız ev sahibəsinin sükutundan daha da həyəcanlandı. Onun nələr düşündüyünü ayırd edə bilmədiyindən bədəni buza döndü. Ürəyi üşüdü:

- Niyə dinmirsən, ay xala?
- Yaxşı, qızım, sən uzan, mən bu saat gəlirəm.

Yəmən xanım tələsik dəyədən çıxıb alaçığa yaxınlaşdı. Ərini çağırdı. Həsən ağa ağır addımlarla arvadının yanına gəldi.

- Dəyəni boşaltdınmı?
- Bəri gəl, sənə sözüm var.
- Nə söz? Kişi gözləyir. Dəyəni boşalt, yer düzəlt.
- Bir az səbr elə, dediklərini düzəltmək asandır.

Onlar alaçıqdan xeyli aralandılar. Yəmən xanım pıçıltı ilə sözə başladı:

- Bilirsən sənin qonağın kimin qızını gətirib?

- Nə bilim, yəqin yetimin biridir.
- Mən də elə bilirdim, amma...
- Uzun eləmə, de görüm kimin qızıdır?
- Cahandar ağanın.
- Nə?! Arvad, nə danışdığındır? Elə şey olmaz!
- Olar, niyə olmur, namərddən hər nə desən çıxar.

Həsən ağa dinmədi. Həmişə çətinə düşəndə etdiyi kimi indi də saqqalını qaşımağa başladı. Allahyar onun uzaq tanışlarından idi. Binəyə gələndə kimin qızını qaçırmaq istədiyini ona deməmişdi. Elə Həsən ağa da soruşmamışdı. Qız götürüb qaçmaq ona o qodər də təəccüblü görünmədiyindən, heç nə ilə maraqlanmamışdı.

Bir də, ona pənah gətirən adamı sorğu-suala tutmaq Həsən ağanın adəti deyildi. Kişi ancaq indi başa düşdü ki, məsələ heç də onun fikirləşdiyi kimi deyil. Allahyar arvad almaq məqsədi ilə qız gətirməmişdir. Onun fikrində nə isə qara bir niyyət var, həm də Cahandar ağa Həsən ağanın yaxın dostlarından biri idi. Neçə ildi aralarında haqqsalamları var.

- İndi fikrin nədir, a kişi?
- Qız nə təhərdir?
- Lap əldən düşüb. Bədənində salamat yer yoxdur.
- Get qızı rahatla, özünə də yeməkdən-zaddan ver.
- Bəs sonra?
- Sonrasını mən özüm bilirəm.

Həsən ağa dinməz-söyləməz alaçığa qayıtdı. O, içəri girən kimi Allahyar döşəkcənin üstündə bir az yayxandı. Həsən ağanın bu saat "hər şey hazırdır, dur get" deyəcəyini gözlədi. Lakin gördü ki, kişinin qaş-qabağından zəhər tökülür. Allahyarın təbəssümü dodaqlarında qaldı.

- Qız nə təhərdir?
- Dur paltarını geyin, dinməz-söyləməz çıx bayıra.

Həsən ağanın xırıltılı səsi Allahyarı çaşdırdı.

- Ə, sənə nə oldu?
- Mənim evim oğraşxana deyil, qurumsaq.
- Ə, təmiz danış.
- Ə, sən kimə sataşırsan?

Allahyar işin nə yerdə olduğunu sezdi. O, başa düşdü ki, Həsən ağa qızın kim olduğunu bilib. O da ciddiləşdi. Yavaşca ayağa durdu. Həsən ağa ilə üzbəüz dayandı:

- Bə o mənə sataşanda yaxşıdımı?
- Bura bax, sən mənim qonağımsan. Neçə gündü evimdə duz - çörək kəsirsən. Ona görə də sənə bir şey eləmirəm. Əl-ayağım sənə dəyməmiş, üzüsulu ikən çıx get.

- Ə, kişiliyin budur?
- Rədd ol, qurumsaq!

Allahyar gördü ki, məsələ ciddidir. Onunla danışmaq deyəsən fayda verməyəcək. O, sərt hərəkətlə yapıncısını götürüb çiyninə atdı. Alaçığın
qapısına yaxınlaşdı. Nökərlərdən biri onun atını yəhərləyib gətirmişdi.

- Yaxşı eləmirsən, ay Həsən ağa, adam qonağı evindən qovmaz.
- Namərd adama mənim evimdə yer yoxdur.
- Yaxşı, qoy sən deyən olsun. Mən səni belə qorxaq bilmirdim.
Cahandar ağanın adı gələn kimi özünü nə yaman itirdin?
- Allahyar, əcəl səni hərləməsin, çıx get.
- Yaxşı, gedirəm. Deynən qızı gətirsinlər.
- Nə qız?

Allahyar dabanı üstə fırlanıb fısıldadı. Həsən ağa onun nəfəsini üzündə hiss etdi.

- Qızı ver! Yoxsa, araya qan salaram.

Həsən ağanın dodaqları səyridi. Allahyarı sinəsi ilə itələyib atın böyrünə sıxışdırdı:

- Bu saat rədd ol burdan, haramzada, yoxsa dalına bülöv çaldırram!
Allahyar tüfəngini hərləmək istədi. Ancaq nökərlər onun qolunu tutub qanırdılar.

- Tez olun, əlini-ayağını bağlayıb, atın belinə sarıyın bu köpək oğlunu!

Allahyar nə qədər çapaladısa da, yaxasını qurtara bilmədi, onu yerə, yıxıb xəncərini, tüfəngini əlindən aldılar. Yapıncıya bürüyüb sarıdılar, sonra da atın belinə aşırdılar. Bir-iki şallaq çəkib cilovu buraxdılar.

Yəmən xanım səhərə qədər yatmadı. Çırağı yandırıb qızın bədəninə dolmuş tikanları çıxartdı. Onun göyərmiş yerlərinə təpitmə qoydu.
Hörüyünü açıb pıtraqları təmizlədi. Gəlinin paltarlarından gətirib, Salatını geyindirdi. Ancaq qız sakit olmadı. Yəmən xanım ona nə qədər ürək-dirək verib, "bir az yat, dincəl" dedisə də, mümkün olmadı. Qız bütün gecə gözünü yummadı. Yalnız səhərə yaxın, dan yerinə səda düşəndə, Yəmən xanımın qucağında mürgülədi. Arvad onun başını ehmalca dizinin üstünə qoydu. Özü də elə beləcə, oturduğu yerdə çimir etdi…

Direktor niyə maşınını işçilərə yudurdur? - Yalçın İslamzadə “Ana Kür”ün ifaçısı 100 yaşında... "Oasis" 16 ildən sonra konsert verəcək
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://kulis.az
archiveBu xəbər 26 İyul 2025 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see300

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see219

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see212

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see206

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see187

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see187

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see171

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see164

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see154

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see154

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see153

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see152

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see151

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see151

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see151

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see151

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see147

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri