Xalq artisti İlqar Muradov: “Düşünmürəm, musiqi aləmində mənim qədər sülhsevər, mehriban insan olsun”
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Deyir, musiqi sözün deyə bilmədiyini pıçıldayan duyğunun dilidir. Bəzən bir xalqın tarixini təkcə kitabların yaddaşından deyil, ona məxsus bir mahnıdan, haradasa unudulan bir musiqi parçasından öyrənirik.
Hər dövrün öz səsi, öz avazı, öz nəfəsi və rəngi var. Bizim musiqi bu rənglərin ən parlağı, səslərin ən duyğusalıdur. Bugünkü müsahibimizin səsi kimi... ?
Onun səsi insanın içində oyanan bir xatirədir. Onun ifaları təkcə musiqi deyil. Oxuduğu hər mahnıda bir səmimiyyət, bir təmizlik ruhu yaşayır, sanki başqa bir dünyanın səsini eşidirsən.
Beləcə, əziz oxucu, bayram ovqatlı bu gündə Azərbaycan Milli Konservatoriyasının dosenti, Xalq artisti İlqar Muradov görüşünüzə gəlib.
- Bu dünyanı nağıl bilmək onun gerçək üzündən daha yaxşıdır...
- Nağıllar hər körpənin ilk addımıdır, dinlədiyi sehrli aləmdir, bir cümləyə sığışdırmağa çalışdığı ilk sözlərdir. Bu yoldan hansı birimiz keçməmişik ki... O nağıllarda şah oğlu Məlikməmməd vardı, Simurq quşu zəif, gücsüz insanlara öz lələyindən verərək, dar macalda onların köməyinə gələrdi və sonda göydən mütləq üç alma düşərdi ki, onun da biri dinləyənin olardı. Onda dünya bizim üçün həqiqətən nağıl idi. Zamanla dünyanın dediyiniz gerçək üzünü yaşaya-yaşaya görməyə məcburuq. Həmin gerçəkliyin içində müxtəlif, fərqli ömür yaşasaq da, yaxşı-yamanı, əyrini-düzü, ağrını-sevinci dadsaq da, dünya köhnə dünyadır, qədərimizə yazılan gerçəklikdir. Onu nağıl bilsək də, yaşananlar ömrümüzdür.
- İlqar Muradovu bir qədər yaxından tanıyaq...
- Naxçıvan şəhərində doğulub boya-başa çatmışam. Orta məktəbi, universiteti orada bitirmişəm. Kiçik yaşlarımdan musiqiyə bağlandığımdan musiqi təhsili də aldım. Bir zamanlar özümün həvəslə getdiyim Pionerlər evində daha sonra çalışmağa başladım. Məktəbli ikən məni tanımağa başlayan pianoçu-bəstəkar mərhum Rafiq Babayev 80-ci illərin əvvəlində məni Bakıya gətirdi və on ildən artıq onun studiyasında çalışdım. Bəstəkar-pianoçu Siyavuş Kərimi ilə tanışlığımız da elə oradan başladı. Sonralar onunla Norveç layihəsində iştirak etdim. Norveçdə “Skruk” xoru ilə Azərbaycan xalq mahnılarından ibarət disk yazıldı və o zamandan başlayan sənət yolum bu günə qədər davam edir.
- Dediniz ki, kiçik yaşlarından musiqiyə bağlanmısınız. Sizi yönləndirən, istiqamət verən biri mütləq ki olub...
- Rəhmətlik anam... O, mənim ilk müəllimim olub deyərdim. Bütün xalq mahnılarımızı, şikəstələri, muğamı ondan öyrənmişəm. Çox zərif və gözəl səsi vardı, musiqi təhsili olmasa da, qəlbən sənətə çox bağlı olub. Beş yaşımdan pianoda çalıb və oxumağı bacarırdım.
- İlk mahnınızı yəqin ki xatırlayırsınız...
- Bəlkə qəribə səslənəcək. “Ya bir ola, ya iki” mahnısı vardı və təbii ki, bunu anam oxuyanda eşitmişdim. O mahnını ifa edəndə hələ məktəbə getmirdim.
- Muğam ifaçısı olmasanız da, muğamı bilirsiniz və hiss olunur ki, bundan çox məmnunsunuz.
- Azərbaycan musiqisinin özəyi muğamdır. Bəxtiyar Vahabzadənin muğam haqqında belə bir misrası var: “Daş ürəklərdə yanıb daşları sındırdı muğam”. Muğam bir möcüzədir, muğam bir sehrdir ki, onu yalnız qəlbən dərk etdikdə başa düşmək olar. Muğam sırf bizə aid olan bir sahə olmasa da, Azərbaycan muğamı qeyri-millətləri belə, ovsunlamağı bacarıb. Yenə də Bəxtiyar Vahabzadəyə istinad edəcəyəm: “Haqqa düşmən olanı haqqa tapındırdı muğam”. Mənim düşüncəmdə o müğənnilər ki, milli musiqini kifayət qədər bilmir, onların bir tərəfi sənət yolunda həmişə axsaq olaraq qalacaq. Əlifbanı yarımçıq bilən üçün yazıb-oxumaq necədirsə, Azərbaycan milli musiqisini bilmədən sənət yolunda yürümək də elədir. Demirəm hamı xalq mahnılarını, muğamları mükəmməl bilməlidir. Hərənin öz üslubu, dəst-xətti, seçdiyi musiqi janrı var. Milli kimliyimizi bildiyimiz kimi, milli musiqimizə də söykənmək vacibdir.
- Yaradıcılığınızda məşhur ifaçılarla duet ortaqlarınız da olub. Onların arasında Xalq artisti Brilyant Dadaşova ilə daha çox duetlər oxumusunuz. Onunla işləmək daha rahat olub yəqin ki.
- Duet ortaqlarım mənim sənət dostlarımdır və hər biri özlüyündə böyük istedad sahibidirlər. Amma burda nəsil fərqini də nəzərə almaq lazımdır. Brilyant Dadaşova ilə tanışlığımız çox uzaq illərə söykənir, çox layihələrdə bərabər iş birliyimiz olub və dostluğumuz bu günə qədər davam edir. Baxmayaraq ki, mənə mütəmadi duet təklifləri gəlir, mən son zamanlar sənətin bu sahəsindən bir qədər aralanmışam. Amma əgər vətənpərvərlik ruhunda mahnılar olarsa, böyük məmnuniyyətlə, ürəklə duet oxumağa hazıram. Hərə öz sahəsində Vətəninin əsgəridir. Mən də sənətimlə, ifamla, mahnılarımla vətənpərvərliklə bağlı nə varsa, orada hər zaman olmuşam və varam, o cümlədən duetlərdə də.
- Daha çox həzin, lirik mahnıların ifaçısı kimi sizi tanıyan tamaşaçının gözündən ciddiliyiniz heç də yayınmayıb.
- Bunu tez-tez eşidirəm, çünki elin gözü tərəzidir. Deyilən ciddiliklə yanaşı, mülayim xarakterli, özümə qarşı gördüyüm sevginin qarşılığını verə bilən biriyəm. Bu sevgi, hörmət, diqqət qazandığım uğurların açarı olub hər zaman. Bununla belə, istər sənətimdə, istər həyatda ciddiliyim öz yerində qalıb.
- Yəqin ki, sənət adamları arasında yaxın dostlarınız da var.
- Dostluq illərlə qazanılan münasibətlər üzərində qurulur. Bu gün tanış olduğun birini sabah dost adlandırmaq mənə görə düzgün yanaşma deyil. Yaxın dostlarım var ki, bu münasibətlər altmış illik bir yolla yürüyərək gəlib. Onların mənim üçün çəkisinin ölçüsü yoxdur. Ümumiyyətlə isə dostlarım çoxdur və onların hər birinin öz yeri, öz dəyəri var. O ki qaldı sənət dostlarıma, düşünürəm ki, musiqi aləmində mənim qədər sülhsevər, mehriban insan yoxdur. Hamı xətrimi istəyir, hörmət edir, təbii ki, bu, qarşılıqlıdır. Sənətdə olan hər kəs mənim dostlarımdır.
- Bir az da Azərbaycan mədəniyyətinin bu günündən danışaq.
- Mədəniyyətimizdə inkişaf çoxdur, mən bunu öz sahəmizdə görürəm. Düzdür, insanları da, peşəkarları da, mütəxəssisləri də narahat edən bayağı mahnılar var, sürətlə yayılır və özünün dinləyici auditoriyasını da qazanır, çünki zövqlər müxtəlifdir. Təəssüf ki, bunun qarşısını almaq olmur. Amma Azərbaycan musiqisindəki inkişafı görməzlikdən gəlmək olmaz. Əvvəla çox istedadlı gənc nəsil yetişir, mən bunu çalışdığım Milli Konservatoriyada görürəm. İnstrumentalistlər var ki, hədsiz dərəcədə inkişaf edir, onları çox bəyənirəm, eyni zamanda zövq də alıram.
- Gənclərdən böyük həvəslə danışırsınız. Amma onların istəkləri də çox böyükdür.
- Vallah, konkret nə istədiklərini deyə bilmərəm. Etiraf edirəm ki, gənclər əksər hallarda şou aləmini, efirə, səhnəyə çıxmağı, yaxşı gəlir əldə etməyi, işin biznes tərəfini düşünür. Lakin elə tələbələr də var ki, onlarda sənətə sevgi, maraq, həvəs çox böyükdür. Heç uzağa getməyim, tələbəm Nigar Rəhimovada gördüyüm entuziazm məni heyrətə gətirir. Ona təklif etdiyim hər hansı bir mahnını, inanın, bir günə öyrənib gəlir. Onun seçdiyi sənətə yanaşmasını, sevgisini görəndə, heyrətlənməklə bərabər, qürur hissi yaşamadan dayanmaq olmur. Nədənsə zövq alanda bəzən belə bir söz işlədirik - feyzyab olmaq. Bu tələbəmi dinlədikcə, onun ifasından feyzyab olmamaq, mümkün deyil. Nə yaxşı ki, belə gənclərimiz çoxdur.
- Günümüzdə Qərbdən gəlsə də, özünə kifayət qədər yer edə bilən şou aləmi var və Azərbaycan tamaşaçısı üçün bu, çox maraqlıdır...
- Şou miqyasa və kütləyə bağlı bir səhnədir və zənnimcə, bu şou bizdə var. Həqiqət naminə demək lazımdır ki, yaxşı şoular az deyil. Təqdim olunan konsert proqramlarında, efirlərdə bunu görürəm və gənclərimiz də özlərinəməxsus yaxşı şou nümayiş etdirə bilir. Sualda qərb sözünü işlətdiniz. Yaxşı modeldən nümunə götürmək olar, bir şərtlə ki, ora öz çalarlarını qata biləsən. Sahəsindən asılı olmayaraq, insan əl qoyduğu işə həm mükəmməl, həm də peşəkarcasına yanaşmağı bacarmalıdır. Təkrarçılıq anlayışı mənim üçün qəbuledilməzdir. Lakin nədənsə nümunə götürmək, ona öz nəfəsini qatmaqla ərsəyə gətirməyin əleyhinə deyiləm.
- Amma o da var ki, şou adı altında yersiz qalmaqallar, eybəcərliklər də kifayət qədərdir. Bu isə yeni nəslin zövqünü korlaya bilir.
- Razıyam... Konfliktlər təkcə sənət aləmində deyil, istənilən sahədə mövcuddur. Sadəcə olaraq sənət aləmi daha çox göz önündədir, tamaşaçının diqqət mərkəzindədir və bundan da istifadə edərək arzu olunmayan halları insanlara təqdim edirlər. Bu, təkcə bizdə deyil, dünyanın hər yerində belə qalmaqallar, toqquşmalar, çaxnaşmalar var. Bu gün buna reytinq qazanmaq kimi bir ad verilib. Mən isə düşünürəm ki, belə xallar qazanmaqdansa, mədəni rəqabət aparmaq daha yaxşı olar. Paxıllıq, həsəd yox, məhz rəqabət. Tamaşaçı mənim işimi bəyənirsə, mənə daha çox baxırsa, sən də çalış daha yaxşı, insanların marağına səbəb olan bir məhsulla ortaya çıx, özünü göstər və təsdiqlə. Bu gün informasiya bolluğunun sərhədi yoxdur. Təəssüfedici də odur ki, bu günün insanı sarı mətbuata, qalmaqallı proqramlara daha çox meyillidir. Bunu əldə əsas tutaraq, məşhurlar, tanınmışlar arasındakı konfliktlər, ailə münaqişələri, yersiz qalmaqallar gündəmi zəbt edir. Ailə hər kəsin daxili dünyasıdır, onun içində baş verənlərin xırdalıqlarını ümumi müzakirəyə çıxarmaq olmaz. Əgər bir ailədə qarşısıalınmaz bir təhlükə, zorakılıq halları olarsa, ictimaiyyət ona münasibət göstərə bilər. Yoxsa, lazımsız, əxlaqa, mədəniyyətə sığmayan söhbətlər ailə kandarından kənara çıxmamalıdır. Bu, mənim fikrimdir.
- Hiss etdim ki, Vətənə çox bağlısınız.
- Azərbaycan kimi bir Vətənə sahib olmaq və ona bağlanmamaq qeyri-mümkündür. Azdan-çoxdan dünyanı gəzmişəm, vaxt olub ki, işlə əlaqədar bir neçə ay Vətəndən kənarda qalmalı olmuşam. Elə bir an olur ki, hiss edirsən bu dəqiqə Vətəndə olmaq istəyirsən, gözünə heç nə görünmür, amma əlin çatmır axı. İnsanın əlinin çatdığı, ününün yetdiyi yeganə məkan Vətəndir. Tanrı hamıya Vətəni həmişə əlçatan etsin.
- Üç oğlunuz var, lakin yolunuzu davam etdrən yoxdur.
- Hər üçünün musiqi duyumu, sənətə sevgisi var, lakin hərə öz yolu ilə gedir. Əslində davamçının olmasını özüm istəmədim. Bizim sənətin çətinlikləri çoxdur. Mən özüm o çətinlikləri görüb onlarla üz-üzə qaldığım üçün istəmədim ki, övladlarım da bunları yaşasın. Hər bir valideynin övladını qoruduğu kimi...
- Fərz edək ki, əlinizdə zamanı geri fırlatmaq kimi bir imkanınız var.
- Düşünmədən uşaqlığıma qayıdardım. Nağıl dünyamı bir də yaşamaq istərdim. Orada yenidən anamın səsini eşitmək, nəfəsini duymaq, ifasındakı xalq mahnılarını dinləmək istərdim. Ona görə ki, o çağlarda dünya daha təmiz idi.
- Hamı ilə səmimi münasibətində olan İlqar Muradov yəqin ki, jurnalistlərlə də dostdur...
- Jurnalistlərə həmişə böyük hörmətim olub, bunu bilənlər də az deyil. Nə yaxşı ki, varsınız, sıralarınızda kifayət qədər seçilənlər də var. Amma bəzən jurnalistlərdən müəyyən gileylər olur. Mən bunu sənət aləminə istinadən deyirəm. Ən çox da deyilən sözün yanlış şəkildə təqdim edilməsi qalmaqal yarada bilir. Ola bilsin ki, belə nöqsanı olan jurnalistlər var və bu üsul onların populyarlıq qazanmasına xidmət edir. Düşünürəm ki, belə hallar olmasa, daha yaxşıdır. Bildiyim qədər bu il mətbuatın 150 yaşı qeyd olunacaq. Arzu edirəm ki, jurnalistlər həmişə sözün sərrafı olmağı bacarsın.
SÖZARDI: Yaxşı arzudur, deyilmi? Böyük Füzuli demiş:
“Artıran söz qədrini sidq ilə qədrin artırar,
Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz...”
Gəlin sözümüzün də, özümüzün də dəyərini bilək, əziz həmkarlar.
Tamilla M-ZADƏ

