Xalq, yoxsa millət? Aqşin Yenisey yazır...
Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Cəmiyyətlər bəzən təkcə institutlarla deyil, işlətdikləri sözlərlə də formalaşır. Bəzi anlayışlar sadəcə dil vahidi deyil, eyni zamanda dünyaya baxış tərzini, hakimiyyətlə münasibəti və vətəndaşın özünü necə dərk etdiyini müəyyənləşdirir. Azərbaycan ictimai fikrində ən çox işlənən anlayışlardan biri olan “xalq” kəlməsi də bu baxımdan mübahisəlidir. Bu söz doğrudanmı milli kimliyi ifadə edir, yoxsa fərdin siyasi subyekt olmasını kölgədə qoyan bir düşüncə modelini yaşadır? “Xalq” və “millət” anlayışları arasındakı fərq təkcə terminoloji məsələ deyil, həm də cəmiyyətin gələcəyi ilə bağlı seçimdir.
Gununsesi.info bu barədə şair Aqşin Yeniseyin yazısını təqdim edir:
Xalq kəlməsi XIX əsrdə ortaya atılıb, təbəə anlayışının əvəzedicisidir. Kim atdı bu kəlməni ortaya? Mərhum filosof Heydər Camala görə, xalq kəlməsini Avropada sağçı sosialistlər, Rusiyada kommunistlər uydurub.
Türk millətçi ideoloqu Nihal Adsız da eyni fikirdədir. İtalyan alim və yazıçısı Umberto Ekonun da bu sözdən xoşu gəlmirdi.
Xalq idarə olunanın adıdır. Millət idarə edəndir. Millət anlayışı siyasi baxımdan təhlükəlidir. Millət məsuliyyət deməkdir, xalq məsuliyyətsiz kütlədir.
Millətin öz müqəddəratını təyin etmək kimi bir məsuliyyəti var. Bu məsuliyyət onu ağı qaradan seçməyə məcbur edir. Millətə alim lazımdır, filosof lazımdır, yazıçı, aktyor, həkim, müəllim lazımdır. Millət buna görə özünün ən yaxşılarının qədrini bilir.
Xalqa öz müqəddəratı ilə maraqlandırmadığına görə, bunların heç biri lazım deyil, xalq allah umuduna yaşayan bir kütlədir. Ona görə də nə alim qədri bilir, nə filosof.
Millət rasional mənşəlidir, həyata ağıl, hüquq, məntiqlə yanaşır. Xalq irrasional mənşəlidir, ağılın yerinə inancı, hüququn yerinə ənənəni, məntiqin yerinə mövhumatı qoyur.
Qərb və Şərq cəmiyyətlərini ayıran uçrumun səbəbi də budur: Qərbdə yaşayanlar millətdir, Şərqdə yaşayanlar xalq.
Biz yenilənmək, inkişaf etmək istəyiriksə, ilk növbədə, bolşevik mirası olan bu xalqçılıqla vidalaşmalıyıq. Bu vidalaşma çox çətin olacaq. Çünki bizdə elm və təhsil, sənət və ədəbiyyat, hətta iqtisadiyyat belə bu xalq kəlməsinin üzərində qurulub.
Xalq kəlməsini qəfildən dartsaq bütün ölkə üstümüzə uçacaq. Uçmalıdı da! Uçub-dağılmalıdır ki, biz özümüzdə yenisini yaratmaq məsuliyyəti və ehtiyacı duyaq.
Bu məsuliyyət və ehtiyac olmasa, Azərbaycan qiyamətəcən hər gün ölüb-dirilən eyni adamların ölkəsi olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 01 İyul 2026 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















