Icma.az
close
up
RU
Xalqın qəlbində yaşayan pəhləvan

Xalqın qəlbində yaşayan pəhləvan

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakının 8-ci mikrorayonundan keçən və Azadlıq prospektinə paralel olan küçə Əməkdar idman ustası, dəfələrlə SSRİ çempionu İbrahimpaşa Dadaşovun adını daşıyır. Bəlkə gənclər bilməz, amma məşhur pəhləvan yaşlı nəslin yaddaşında həmişəlik iz salanlardandır. Çünki İbrahimpaşa Dadaşov ötən əsrin 50-ci illərində yeniyetmə və gənclərin əsl kumiri olub.

…Evimizin yaxınlığında bir çəkməçi köşkü vardı. Hər səhər dərsə gedəndə orada ayaq saxlayır, pəhləvanın içəridə asılmış şəklinə baxırdım. Köhnə bir afişanın ağ-qara surəti idi. Bir dəfə çəkməçi İsa kişi məni saxlayıb soruşdu: “A bala, nə istəyirsən?” “Heç”, - deyib getmək istədim. “Dayan, - dedi. – Zəndlə baxdığın bu igid əfsanəvi güləşçi İbrahimpaşadır. Moskvadan belə çoxlarının kürəyini yerə vurub, qızıl medallar alıb. Sən də onun kimi güclü olmaq istəyirsənsə, get, güləşə yazıl”.

Sonralar Sumqayıtdakı alüminium zavodunun idman zalında, Əməkdar məşqçi Firdovsi Ömərovun sərbəst güləş bölməsinə yazılıb məşqlərə başladım. Onun da otağında İbrahimpaşanın trikolu şəkli vardı. Amma mən ona bənzəyə bilmədim. Çünki jurnalistikaya həvəsim daha güclü olduğuna görə güləşi çox tez tərk etdim və pəhləvan olmadım…

Bir-iki gün əvvəl internetdə XX əsrin əfsanəvi pəhləvanının 100 yaşının tamam olması barədə xəbərə rast gələndə uşaqlıq yaddaşımdan bu xatirələr boy göstərdi. İsa kişinin çəkməçi köşkündəki afişada gördüyüm həmin şəklin digər bir variantını da axtarıb tapdım.

Düz 100 il əvvəl – 1926-cı il aprelin 10-da Bakıda dünyaya göz açan İbrahimpaşa Dadaşov erkən yaşlarından pəhləvanlığa həvəs göstərib. Amma uşaqlığı müharibə dövrünə düşdüyü üçün güləşə bir qədər gec gəlib. 20 yaşında ikən “Dinamo” idman cəmiyyətinə üz tutub. O vaxtın tanınmış məşqçisi David Maxaradze onu sınayıcı nəzərlərlə süzərək, “yaşın ötüb” desə də, geri qaytarmayıb. İbrahimpaşa da, öz növbəsində, güləş fəndlərini ağlasığmaz sürətlə öyrənərək, məşqdən-məşqə, yarışdan-yarışa bərkiməyə başlayıb. Tezliklə yarımyüngül çəki dərəcəsində Azərbaycan çempionu adını qazanan gənc pəhləvan az sonra daha mötəbər turnirdə - “Dinamo”nun mərkəzi şurasının birinciliyində qalib gəlib. Həmin yarışı güləşçilər həm də SSRİ-nin kiçik çempionatı adlandırırdılar.

SSRİ birinciliklərinə gəlincə isə, İbrahimpaşa 1949-1956-ci illərdə 4 dəfə həmin yarışlarda fəxri kürsünün ən yüksək pilləsinə ucalıb. Dediyinə görə, ilk dəfə daha çox həyəcan keçirib. Axı, həmin çempionat Bakıda keçirilirdi, “doğma divarlar” arasında uduzsaydı, ruhdan düşə bilərdi. Yaxşı ki, xalça üzərinə çıxanda həyəcanını gizlədə bilib. O, əvvəlcə ermənistanlı Xoren Çeviçyanı, daha sonra gürcüstanlı Andrey Çelidzeni və nəhayət, rusiyalı Yuri Denikovu məğlub etməklə qızıl medala yiyələnib. Növbəti çempionatlarda da tale əzmkarlığı ilə seçilən Dadaşovun üzünə gülüb. Dostları, eləcə də rəqibləri ona böyük ehtiramla “Paşa pəhləvan” deyə müraciət etməyə başlayıblar.

“Köhnə qvardiya” yaxşı bilir ki, o zamanlar hər hansı bir azərbaycanlı idmançı üçün ümumittifaq yarışlarda qalib gəlmək, bəlkə də, Avropa və dünya sınaqlarından daha çətin idi. Çünki güclü ayrı-seçkilik vardı və qeyri-slavyan millətlərin təmsilçilərinin irəli çıxmasına süni maneələr yaradılırdı. Görün, İbrahimpaşa necə əzmkar və qətiyyətli güləşçi olub ki, “obyektiv” hakimlər də onun qarşısına sədd çəkə bilməyiblər.

Son anadək mübarizə aparan, həlledici fənd üçün ən əlverişli məqamı tuta bilən, ağır vəziyyətlərdən məharətlə sivişib çıxan həmyerlimizin güləş üslubunu yeni məktəb sayanlar da vardı. Təsadüfi deyil ki, Paşa pəhləvan 1952-ci ildə Finlandiyanın paytaxtı Helsinkidə keçirilən Yay Olimpiya Oyunlarına da vəsiqə qazana bilib və ilk 7-liyə düşüb.

Gənc həmkarım Mərahim Nəsib yazır ki, düz 70 il əvvəl Moskvada SSRİ Xalqlarının 1-ci Spartakiadası Paşa pəhləvan üçün vida turniri olub. Orada da bütün rəqiblərinin kürəyini yerə vuraraq çempionluq tituluna yiyələnib. Özü də həmin yarışda soydaşımız güclü gürcüstanlı rəqibi Sergey Qavarayevə, rusiyalı dünya çempionu Olembek Bestayevə və dünya kubokunun sahibi, ukraynalı Vladimir Simyarskiyə qalib gəlib. Onu da deyək ki, özünün son mövsümündə iştirak etdiyi yarışlarda İbrahimpaşa digər dünya çempionları – Canahbaxış Tövfiqi (İran) və Qriqor Qamarniki (Rusiya) də məğlubiyyətə uğradıb.

İbrahimpaşa Dadaşov parlaq idman nailiyyətlərinə görə SSRİ-nin Əməkdar idman ustasısı və Əməkdar məşqçisi fəxri adlarına layiq görülüb. Bir çox məşhur güləşçi onun yetirməsi olub. Məsələn, dünya və Avropa çempionu, 1964-cü ildə Tokioda keçirilən olimpiadanın bürünc mükafatçısı Aydın İbrahimovu da o yetişdirib.

Ə.NƏCƏFXANLI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Aprel 2026 23:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see322

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see302

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see280

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see275

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see265

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see263

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see248

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see234

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see226

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see217

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see217

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see214

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see212

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see210

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see208

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see195

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see182

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see173

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see163

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri