Icma.az
close
up
RU
XARİCİ ORDULARI TORPAQLARIMIZDAN BELƏ ÇIXARARLAR, CƏNABLAR! Bütün tribunlarda yalnız işğaldan danışan xalq artıq yoxdur!

XARİCİ ORDULARI TORPAQLARIMIZDAN BELƏ ÇIXARARLAR, CƏNABLAR! Bütün tribunlarda yalnız işğaldan danışan xalq artıq yoxdur!

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Zahid ORUC,

Sosial Tədqiqatlar Mərkəzinin sədri, millət vəkili

Avraam Linkoln gələcəyin vahid ABŞ dövlətini qurmaq üçün vətəndaş müharibəsində milyonlarla insanın ölümündən keçməli olmuşdu, lakin məqsədindən dönməmişdi. Hesabını canı ilə ödədi, lakin bütöv ölkəni qura bildi. İradə siyasi liderin ən mühüm keyfiyyətidir. Hər bir amerikalının siyasi idealına çevrilən məşhur sözlər, onun parlaq şəxsiyyət obrazını göstərir: “xalq üçün, xalqın naminə, xalqla birlikdə”. Bəli, milyonların mənafeyini əks etdirməyəndə, imperiyalar da məhvə məhkumdur.

İlham Əliyev atasınının bioloji övladı olmaqdan çox Ulu öndərin siyasi varisidir. Vətən müharibəsi onun ruhu ilə aparıldığı üçün missiya, vəsiyyət, proqram və tapşırıq nəhayət, Zəfərə qovuşdurdu.

“Vərəsəlik” ictimai şüurda daha çox mülkiyyət mirası kimi qavranılır, lakin siyasi irsin qorunması sadə geneologiya deyil, “institusional davamlılıq” deməkdir.

ABŞ-da Ruzveltin siyasəti Trumen dövründə necə sistemləşdirildisə, Azərbaycanda da Heydər Əliyev siyasi xətti İlham Əliyev tərəfindən elə tamamlandı və yeni zirvələrə qaldırıldı.

Siyasi liderliyin müharibə şəraitində effektivliyi klassik siyasi elmdə üç əsas parametr üzrə ölçülür: strateji məqsədin dəqiqliyi, resursların rasional səfərbərliyi və müharibədən sonrakı siyasi nizamın formalaşması.

Uinston Çörçilin İkinci Dünya müharibəsindəki liderliyi üçlüyün tarixi nümunəsidir. Qəlyanlı və viskili rəhbər müharibəni yalnız hərbi qarşıdurma kimi deyil, Britaniya dövlətçiliyinin varlıq mübarizəsi kimi təyin etmişdi. Onun məşhur “heç vaxt təslim olma” doktrinası emosional şüar yox, strateji səbr və uzunmüddətli legitimlik siyasəti idi.

İlham Əliyevin Vətən müharibəsindəki liderliyi isə daha böyük siyasi rasionalizm üzərində quruldu. Müharibənin məqsədi ərazilərin azadlığı ilə məhdudlaşdırılmadı, geosiyasi inqilab edib üç əsr bölgəni sümürən imperiya varislərini regiondan çıxardı, müharibəni bitirməyi bacardı, Qələbəsini ən güclü dövlətə tanıtdırdı, “erməni məsələsi”ni coğrafiyasından çıxardı və nəhayət, sülhü qazanmaq üçün post-müharibə regional geosiyasi arxitekturasını qurmağa nail oldu.

İlham Əliyevin liderliyi Çörçillin “müharibə liderliyi” modelindən daha üstündür: savaş təkcə cəbhədə deyil, diplomatiyada, hüquqda, informasiya müstəvisində və institusional quruculuqda aparılır.

Franklin Ruzvelt müharibə dövrü liderliyinin ikinci böyük tipini təmsil edir: koalisiya qurucusu və institusional liderlik. 4 dəfə prezident seçilən, ölkəsini Böyük Depressiyadan çıxaran, lakin sonda əlil arabasına məhkum qalan şəxs ABŞ-da müharibə dövründə: daxili siyasi parçalanmaya yol vermədi, savaşı sosial rifah və gələcək nizamla əlaqələndirdi, qələbəni təkcə hərbi deyil, siyasi-mənəvi kapitala çevirdi.

İlham Əliyevin Qarabağ Zəfərini yeni milli kimlik, fiziki və mənəvi quruculuq, Qayıdış, məşğulluq və kollektiv yaddaşın qaytarılmasına yönəltməsi onu sözügedən tarixi şəxsiyyətlərdən önə çıxarır.

Azərbaycan rəhbərinin postmüharibə kursu Ruzveltin “müharibədən sonra yeni müqavilə” fəlsəfəsi ilə müqayisə edilə bilər: yalnız qələbə qazanılmır, həm də idarə olunur.

Şarl de Qoll və Konrad Adenauer müharibədən çıxan cəmiyyətlər üçün fundamental sualı cavablandırmışdılar: “Keçmişin intiqamı üzərindəmi, yoxsa, gələcəyin dövləti üzərindəmi inşa olunmalıyıq?” İlham Əliyevin siyasəti Qarabağ məsələsini etnik revanşizm, sonsuz düşmənçilik hissi üzərindən deyil, suveren dövlətçilik və Cənubi Qafqazı bütöv qorumaq missiyasına bağladığı üçün yalnız bir xalqın deyil, dünyanın hazırda ehtiyac duyduğu yeni nizamın lideri oldu. Onun qlobal proseslərdə qazandığı mandatın səbəbi budur.

Siyasi elmdə “post-konflikt dövlət qurucusu” bir lideri təkcə müharibə qalibi etmir, onu sülhün arxitektoru səviyyəsinə yüksəldir.

Maks Veberin liderlik tipologiyasına əsasən İlham Əliyevin siyasi profili üç elementin sintezidir: xarizmatik liderlik (müharibə dövrü səfərbərlik), rasional-hüquqi liderlik (institusional qərarlar, beynəlxalq hüquq), tarixi-milli legitimlik (Heydər Əliyev siyasi məktəbi).

İlham Əliyev Birinci Katib, imperiyanın 3-cü Adamı və Prezident övladı olmasına rəğmən sadə xalqın ruhunu duyur, yaşantılarını hiss edir, əli qabarlı insanları bağrına basır. Yüzlərlə görüşlərdən biri Kəlbəcərin uca dağ silsiləsində yaşandı. Azad Murovun qüruru siyasi protokolları aşdı. Ali hüquqi normalar həyatını torpaq üçün verən oğulların qanı ilə yaranan qanunlardır. Dünyada ən ədalətli Konstitusiya Murovdan enən xalqın yenidən o yüksəkliyə qaytarılmasıdır.

Son 200 ildə ən azı 7 böyük müharibəni uduzan bir toplumu az qala təzədən yaratmaq qeyri-mümkün vəzifətək görünür. Kədər, matəm və soyqırımlar, məğlubiyyət kimliyi üzərindən Şərqin daşlaşan gerçəkliyini dəyişdirmək “Qordi düyünü”nü kəsməkdən daha çətindir. İlham Əliyev yüz illərin “kimdir günahkar” dilemmasını həll edərək, nəsillərarası lənəti və günahı sonlandırdı. İndi sabahın övladlarına işğal və soyqırım deyil, məhz qalibiyyət miras edilir.

Son 5 ildə iki Qələbə yaşamışıq: Xankəndinin azadlığı Şuşa Zəfərinin nəticəsi və davamıdır. Daha sonra onu 8 avqustda Vaşintonda təsdiqlətmək, adətən, ordunun qazandığını diplomatiyada itirən millətlərdən fərqli gerçəklikdir. İndi qalibiyyət silsiləsini irəliyə aparıb daxildə xalqımızın gözləntilərini reallaşdırmaq ən böyük vəzifədir.

Ruh yüksəkliyi ilə bayraq ucalığımız ilk dəfədir, eynidir. Şuşa qayaları 8 noyabrdan sonra ölkəmizdə bütün coğrafi yüksəkiliklərdən, o cümlədən, Qobustan abidələrindən daha qədim və ucadır. Çünki sinəsinə sancılan bayrağı, nişanı, təsvirləri geoloqlar deyil, igid əsgər və zabitlər yazıb.

Beynəlxalq münasibətlərdə xarici qoşunların ölkə ərazisində mövcudluğu suverenliyin “məhdudlaşmış forması” kimi dəyərləndirilir. Xüsusilə, postsovet məkanında hərbi bazaların çıxarılması faktiki yox, nominal müstəqillikdən real müstəqilliyə keçidin əsas göstəricisi sayılır. 1990-cı illərdə Rusiya qoşunlarının ölkəmizdən çıxarılmasını deklarativ siyasi nailiyyət kimi təqdim edənlər, o zaman dövlətin hərbi-siyasi zəifliyi nəticəsində həmin qüvvələrin 20 faizlik torpaqlarda yerləşməklə faktiki olaraq, ərazilərimizdən heç yerə getmədiyini etiraf etmirlər.

Lakin İlham Əliyevin son 20 ildə formalaşdırdığı təhlükəsizlik doktrinası “reaktiv” deyil, “önləyici və balanslaşdırılmış suverenlik siyasəti”dir. Qəbələ RLS-dən başlayaraq, xarici hərbi bazaların ölkə ərazisində qadağan edilməsi, təhlükəsizliyin yalnız milli ordu və strateji tərəfdaşlıqlar üzərində qurulması klassik neytral, lakin güclü dövlət modelinə uyğundur.

Rusiya hərbi kontingentinin Azərbaycan ərazisini müharibəsiz, itkisiz və Bakı tərəfindən müəyyən edilmiş qrafik çərçivəsində tərk etməsi həmin modelin nadir və uğurlu nümunəsidir. Təkcə Şuşa Zirvəsində mövqelənmə deyil, ardınca Fərrux və Qırxqız yüksəkliyi, daha sonra Kəlbəcərin neytral əraziləriində 12-14 sentyabr əməliyyatları, kulminasiyada hərbi qüvvələri əvəz edən yumşaq güc siyasəti-Xankəndi-Laçın yolunun dinc etirazçılarla tutulması, nəhayət, Topxanadan başlayan savaşın elə orada da bir günlük Xankəndi blits-kriqi ilə başa çatması 1962-nəfərlik rus hərbi birləşmələrinə heç bir alternativ saxlamadı. 1-ci Pyotrdan sonra Qafqazda belə qalaqurma və hərbi taktika olmamışdı. Siyasi strategiya düzgün qurulanda ordu Birinci Şəxsin planlarını doğrulda bilir. Xarici orduları torpaqlarımızdan belə çıxararlar, cənablar!

Tarix göstərir ki, çarizm dövründə rus imperiyası, XX əsrin əvvəllərində ingilis hərbi kontingenti, sovet dövründə Qızıl Ordu və sonradan Qarabağda hərbi cinayətlərdə iştirak edən alaylar regionda xaos üzərində qərar tutublar, yeni müdaxilələrə də ona görə imkan qazanıblar. İlk dəfədir ki, xarici hərbi qüvvələr Azərbaycandan güclü, qalib və suveren dövlətin siyasi iradəsi ilə bərabər, məhz Zəfərin nəticəsində çıxarılır. Tarixdə ikinci belə nümunə olmayıb!

İmperiyalar ordularla gəlir, iradə ilə gedir. Qılıncla açılan qapını yalnız ağıl saxlaya bilər. Torpağımız üzərində qərar verən artıq başqası deyil. Bəli, real müstəqillik xarici hərbi mövcudluğun sıfırlanması ilə ölçülür.

Qalibin qazandığı suverenlik, müharibəsiz çıxan orduların yeni tarixi belədir, derjavaların geri çəkildiyi yer Azərbaycandır, Qələbədən sonra da döyüşən liderliyin yeni nümunəsidir. Savaşı qazanmaq yetmir, gərək elə sülh qurasan ki, tarixi reallığı dəyişə bilsin. Linkolndan Şuşaya gələn yol, Çörçilin müharibəsi, Ruzveltin nizamı və Əliyevin Qələbəsi zaman fərqi ilə vahid xətdə birləşir.

Azərbaycan–Türkiyə–Pakistan–İsrail-TDT xətti klassik blok deyil, “funksional təhlükəsizlik alyansı” kimi xarakterizə oluna bilər. Regionda daimi hərbi mövcudluq yaranmır, lakin istənilən müdaxilənin qarşısı sərt şəkildə alınır.

İlham Əliyev içində əzab dağı olan milləti döşündə Şuşa… təsvirli 70 min ordenlə əvəzləyib, düşmənin medallarını isə dəmir parçasına çevirib.

Ali Baş Komandanın ən böyük mükafatı tarixdə qazandığı addır. O, 3 əsrlik əcdadlarımızın arzularını, ideallarını gerçəkləşdirən liderdir. İndi başqa xalqların əsatirlərinə həsrətlə və həsədlə baxmırıq, əksinə türk, islam və ədalət istəyən bəşər övladları bizim qələbəmizlə qürur duya bilər.

İkinci dünya müharibəsindəki qəhrəmanlığımızı öymək üçün hamı deyirdi-bizim oğullar Qafqazdan Berlinədək şərəfli döyüş yolu keçiblər. Lakin işğal olunan torpaqlara-Savalandan Ağdama, Qubadlıya, Füzuliyə gedə bilməmək millətin keçmiş hekayələrini ləkələyirdi. Biz indi istənilən alman şəhərinə Zəngilandan, Füzulidən uça bilərik. Torpaqlarımız kimi hava məkanımız da azaddır, təyyarələrimiz bayraktarların açdığı yolu gedir.

Şuşanın azad olunduğu gün Ulu öndərə qələbə raportu verən rəhbər indi quruculuğun, qayıdışın hesabatını verir.

Hərbi taborları tikinti və inşaat batalyonları əvəzləyir, onları əməyə, ocağa və gələcək yaşayış məskənlərinə daşıyır, hər vətəndaşın evinin nümunəsində milyonlarla çıraq yandırır, Yeni Vətən qurur!

Prezidentin Qarabağa səfərləri təkcə infrastruktur hadisəsi, yaxud digər bölgələrindəki təqdimatlarla eynigüclü hadisə deyil, daha böyük ölçüdə, dünyaya və xalqımıza verilən yeni mesajdır-biz qayıtmışıq, özü də əbədi dönmüşük və təkcə binalar inşa etmirik, həm də siyasi gələcəyimizi tikirik, tarixi-milli yaddaşı oyadırıq və mənəvi-mədəni dirçəlişə nail oluruq.

On illərin humanitar fəlakətləri və məhrumiyyətləri fonunda Prezident psixoloji-mənəvi reabilitasiya aparır, Qarabağı özü boyda yeni milli kimlik platformasına çevirir. Məsələn, Şuşa mədəni pasport kimi minillik tarixə malikdirsə, dövlət rəhbəri hər addımında çoxəsrlik qan yaddaşını tərpədir, hər repertuar nümunəsində o ərazilərdə itirilən maddi-mədəni irsini və mənəvi keçmişini qaytarır.

İndinin qəhrəmanı fəhlədir, iş icraçısıdır, layihə başçısıdır. Xüsusi təyinatlılıq yalnız silahlı hərbi birləşmə deyil, çətin relyefdən keçən, dəmir karkaslarla elektrik stansiyaları quran, azad torpaqlara aydınlıq və işıq bəxş edən, yaxud, yerin bətnini minasızlaşdırıb ora təhlükəsiz həyat qaytaran, taxıl zəmilərində nemətlər yaradanlardır. İndi mükafatı bənnaya, dağları aşan elektrikə və əli qabarlı, alnı açıq mühəndisə vermək gərəkdir.

Qarabağın gələcəyinə münasibətdə millətimizin vahid baxışı var, yəni, azad edəndə də, quranda da xalqın iradəsi əsasdır.

Ağdamda 76 yaşlı müəllimə ilə prezidentin görüşü çox təsirli idi. Ulu Öndərin dəfələrlə ziyarət etdiyi, açılışlarında olduğu yüzlərlə binanın, el bayramlarının hər birini təkrar xalqa qaytarmaq, yaşatmaq müharibədəki qəhrəmanlıqlar qədər müqəddəsdir, çünki millətin gələcəyi uğur keçmişini qorumaqdan keçir. Müəllimə deyir ki, yaşıdları artıq həyatda yoxdur, lakin doğma ocağına yetirmələri ilə birlikdə qayıdıb.

Bəli, müharibə erası bitib, prezident sülh əsrini-Yeni Qalib yüz ili başladır. Liderin yeni Qarabağ siyasəti təkcə tikinti deyil, həm də azad torpaqları ölkənin siyasi gələcəyini qurmağa yönəltməsidir. Şuşa mədəniyyətdən çox siyasi paytaxta çevrilir, dövlət protokolu ilə qarşılanan xarici ölkə başçıları Azərbaycanı yeni ünvanla tanıyır, qəbul edir, hesablaşırlar.

Bütün tribunlarda yalnız işğaldan danışan xalq artıq yoxdur.

Gələcəyin təməlləri Qarabağda formalaşır, çünki son iki əsrdə ora dağıdıcılıq məkanı olub. Şuşa haqqında yazılan əsərlər ötən yüzildən indiyədək xalqaların faciələrini özündə daşıyır-hər pəncərədən yalnız hüzn yağır, imperiyaların qırdığı acı talelər danışır.

İndi əksinə, Qarabağ harmoniyaya xidmət edir. Təmizlənən torpaq deyil, zərərsizləşdirilən dövlətçilyimizin altına qoyulan minalardır. Yeni qəsəbə və kəndləri salanların korrupsiyaya uğraması iddiaları təsdiqlənsə belə, tikilən Yeni Həyatın - Yeni Yüz İlin qarşısında çox bəsit faktlardır. Qarabağı oğurlamaq mümkün deyil!

Xankəndini könüllü, dinc tərk edənlər İrəvanda hakimiyyəti yıxmaq planına uyaraq, Ermənistanda Qarabağı yenidən törədənlər görürlər ki, onların yaşadıqları 30 illik saxta qalibiyyət dövrü torpaqlara fəlakət, əsarət və qorxu gətirib. Lakin torpağın əsil sahiblərinin gəlişi ilə yeni dövr başlanıb.

İndi Qələbəni bütün sferalara daşımaq, onu dövlət quruculuğunun yaradıcı gücünə çevirmək gərəkdir. Prezident azad torpaqlarda gələcək mədəni kimlik yaradır, ruhumuzun dirilişinə nail olur. Bir vaxtlar düşmənin baş ideoloqunun qanlı savaşa xidmət edən “Ocağ”ından fərqli olaraq, ölkə rəhbərinin yandırdığı ocaqlar sülh və əminamanlığa xidmət edir.

İndi “Qarabağ” sözü beynəlxalq leksikonda ənənəvi savaş deyil, ayrı bir semantikada və assosiasiyada qəbul edilir.

Müstəqillik dövrümüzün heç bir rəhbərinin səngərdə əsgərlə, əmr verən zabitlə birgə şəkli yoxdur. Ayaz Mütəllibovun və Əbülfəz Elçibəyin prezident obrazı xalqın yaddaşında fərqli hadisələrlə qalıb. Heydər Əliyev və onun hərbi varisi İlham Əliyevin sərkərdə simasını misilsiz ordu quruculuğu, Naxçıvanskidən başlayan oğulların müasir texnologiya və strateji planlarla çatdıqları uğur salnaməsi, nəhayət, ruh paradı müəyyən edir.

İndi silahlı və hüquqi bitən savaşı sülh müqaviləsi ilə başa çatdırmaq tarixi missiyadır. Barış yalnız iki dövlət və xalq arasında bağlanmır. Regionu əsrlərdir istismar edən qüvvələr müstəmləkə xalqlarına belə hüququ heç vaxt tanımayıblar. İstər sisianovlar, yermolovlar olsun, istərsə də tiqq consonlar, yaxud 11-ci qızıl ordunu üstümüzə göndərən orconokidzelər, mikoyanlar işğalçı dövlətlərin əmrlərini qədim Şərqə yalnız hökm edib, imzalatdırıblar.

Geosiyasi baxımdan ədalətli müharibəni 8 avqustda Ağ Ev Zirvəsinə daşımaq bölgənin gələcəyini xarici dövlətlərin planlarından xilas etmək deməkdir. İndi Paşinyanla birlikdə İrəvanı da Qafqazın yeni arxitekturasında Bakıdan ayırmadan qorumaq tələb olunur. Çətin dərk olunan, düşmənçiliyin imkan vermədiyi, lakin daha strateji düşündükdə məhz belə böyük plan qurmaqla nəinki Orta dəhliz, yaxud, Yaxın Şərqlə böyük Orta Asiyanı vahid siyasi arxitekturada birləşdirmək mümkün olur, üstəlik, müstəqil oyun qurucusu kimi ənənəvi güclərə qarşı sipər qura bilərsən.

Dünya erməniçiliyinin neytrallaşdırılması növbəti məsələdir. Lakin əvvəlcə Bakı və İrəvanı eyni siyasi dalğada birləşdirmək gərəkdir. Tranzit məhdudiyyətlərinin aradan qaldırılması, neft məhsullarının Ermənistana göndərilməsi və gələcək Zəngəzur-Tramp yolu həmin məqsədlərə xidmət edir. 30 illik toqquşdurulan mərkəzlər indi birləşməyə məcburdular.

Faciələrlə akkumulyasiya edilən ideoloji mübarizə və Qarabağ üzərində qurulan “böyük Ermənistan” ideologiyası, dövlətçilik sütunları, Eçmiədzinin dini rituallardan çox siyasi ayinlərin baş qərargahı olması, kilsə, dövlət və diaspora triadasına artıq son qoyulur. Qələbəmiz 3 əsrlik erməni tarix şüurunu, fəlsəfəsini və dövlət konseptini dəyişir.

Müharibədəki qalibiyyəti sosial rifaha, 100 minlərlə iş yerinin açılmasına, əlçatan tibbi sığortaya, vətəndaşla şəffaf dialoqa daşımasaq, məğlubiyyəti başa düşən toplum qalibiyyəti nə anlayacaq, nə də yaşayacaq. Zəfər himnləri gimnaziya və universitetlərdə yazılsa da sətirləri və ruhu millətdən gəlir. Hərbi qələbə yalnız fiziki-siyasi nəticə deyil, tükənməz mənəvi sərvətdir. Onu mədəni kodlara-musiqiyə, ədəbiyyata, memarlığa, rituallara və kollektiv yaddaş səlnamələrinə köçürməsən, cəmiyyət məğlubiyyətdən psixoloji olaraq çıxa bilməyəcək.

Alman politoloqu Yan Assmanın “kollektiv yaddaş” nəzəriyyəsinə görə, xalqlar tarixdə qalib və ya məğlub olduqlarını arxivlə yox, mədəni mətnlərlə xatırlayırlar. Əgər kültür sistemi yalnız elegiya, yas, itki və faciə üzərində qurulursa, cəmiyyət zamanla məğlubiyyət identikliyini təkrar istehsal edir.

Qələbə yalnız o zaman tarixə çevrilir ki, himnə, simfoniyaya, monumental memarlığa və estetik normaya daşına bilir. Ona görə, Qalibiyyət səlnaməsini himnə və simfoniyaya çevirmək təkcə mədəni vəzifə deyil, yeni millət quruculuğu hadisəsidir. Qalib dövlət musiqidə, rəmzlərdə və rituallarda yüksələn tonallıq yaradır; yas dominantını yox, qürur üstünlüyünü normaya çevirir.

Romalılar qələbəni yalnız hərbi paradlarla deyil, simfonik mədəniyyətlə, Ruzveltin Amerikası isə müharibədən sonra qələbə ruhunu kino, musiqi və ictimai rituallarla möhkəmləndirmişdi.

Azərbaycan nümunəsində Şuşanın quruculuğu təkcə keçmişin bərpası deyil, qalibiyyətin ruh məbədini yaratmaqdır. Yeni musiqilər, festivallar və simvolik aktlar milli kimliyi yasdan azad edib qalib subyekt mövqeyinə gətirir.

Zəfər simfoniyaları uduzduğumuz dövrün himnlərindən daha təsirli və cazibədar olmasa, insanlar itki dövrünün havası ilə oyanacaqlar, onunla yaşacaqlar.

Qələbəmizi milli həyatın bütün sferalarına daşımaq ən böyük vəzifədir. Yalnız erməni amili ilə sinxron inkişaf etmək, həyat, təhsil və siyasət kursunu formalaşdırmaq mümkün deyil. Belə ikili mövcudluğun sonu yoxdur. Bəli, məğlub erməni daha təhlükəlidir.

Azərbaycan liderləri Qafqazda zəif olanda həmişə torpaq və sərvət itiriblər. Son 100 il bariz sübutdur.

İlham Əliyev İrəvan və Tiflisdən üstün liderliyin nümunəsini yaradır, qlobal və regional siyasətdə ölkəsinə yeni status qazandırır.

24 dekabr Prezidentin özəl günü olmaqdan çox, millətin taleyinə qarışaraq, Zəfərdən yaranan yeni siyasi təqvimdir!

Xalqın mənəvi doğuluşu və yüksəlişi şəxsiyyətlərin tərcümeyi-halı ilə birbaşa bağlıdır!

İlham Əliyevin siyasi təvəllüd günü-8 noyabrdır, Yeni milli qalib Yüzilin başlanğıc tarixidir!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 22 Dekabr 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see308

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see258

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see246

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see193

Polşanın Brüsseldəki konsulluğuna boya atılıb

20 Dekabr 2025 15:22see164

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see157

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see150

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see149

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see146

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see145

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see144

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see142

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see140

Putindən NATO baş katibinə sərt sözlər: Nə deyirsən, oxuyub yazmağı da bilmirsən?

20 Dekabr 2025 16:19see139

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see137

Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: “Bizdə nə müalicə alıb, nə də ölüb“ Yenilənib FOTO

20 Dekabr 2025 18:21see131

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see130

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri