Xarici turistlərin Şəhidlər Xiyabanındakı qeyri etik hərəkətləri ictimai qəzəb doğurub...
Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ən layiqli cəzasını almalıdır
Azərbaycan cəmiyyəti üçün şəhidlik anlayışı yalnız tarixi bir fakt deyil, həm də milli kimliyimizin və dövlətçiliyimizin ən müqəddəs sütunlarından biridir. Şəhidlər Xiyabanı isə xalqın qürur mənbəyi və mənəvi dayağıdır. Hər bir vətəndaş, habelə ölkəmizə gələn əcnəbi qonaqlar, burada davranışlarında bu mənəvi yükü nəzərə almalı, hörmət və ehtiram nümayiş etdirməlidir.
Bu səbəbdən əcnəbi turistlərin Şəhidlər Xiyabanındakı nalayiq və qeyri-etik hərəkətlərinin görüntüləri ictimai qəzəb doğurub. Bu, belə də olmalıdır. Çünki əcnəbilərin etdiyi hərəkətlər şəxsi davranış deyil, Azərbaycanda şəhidlik anlayışı milli dövlətçilik konsepsiyasının sütunlarından biri hesab olunduğuna görə, bu hərəkətlər xalqın kollektiv kimliyinə, dəyərlərinə qarşı təhqirdir.
Dövlətin baş verənlərə operativ yanaşaraq, həmin şəxsləri cinayət məsuliyyətinə cəlb etməsi də təqdirolunandır və bundan sonra da qanun qarşısında vətəndaşlıqdan asılı olmayaraq hər kəsin məsuliyyət daşıyacağını nümayiş etdirir.
Eyni zamanda, bu hadisə turizm sektorunun, xüsusilə də Turizm Agentliyinin üzərinə ciddi məsuliyyət qoyur. Hansı ölkədən gəlməsindən və kimliyindən asılı olmayaraq bütün turistlər Azərbaycan dəyərlərinə hörmətlə yanaşmalıdırlar.
Bakıya gələn turistlər üçün tanıtım broşurlarında yeyib-içmək, əyləncə məkanları ilə yanaşı ölkəmizin tarixi, mədəniyyəti ilə tanış edilməli, şəhidlərimizin azərbaycanlılar üçün hansı dəyərə sahib olduğu qeyd edilməlidir. Həmçinin də əcnəbi qonaqlar Şəhidlər Xiyabanı kimi mənəvi əhəmiyyətə malik ərazilərdə davranış qaydaları haqqında məlumatlandırılmalıdır. Belə yanaşma həm milli dəyərlərimizin qorunmasına, həm də Azərbaycanın beynəlxalq imicinin yüksək səviyyədə saxlanmasına xidmət edəcək.
Xatırladaq ki, avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər Xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb. DİN Mətbuat Xidmətindən bildirilib ki, araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər. Başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Faktla bağlı cinayət məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Sözügedən maddəyə uyğun olaraq, qəbir və ya meyit üzərində təhqiredici hərəkətlər edən şəxs iki ilədək islah işləri və ya beş ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Sherg.az-a açıqlamasında deyib ki, ərəblər bizim müqəddəs şəxslərimizin ruhlarına qarşı hörmətsizlik edib:
"Bizim hər birimizin həssas nöqtəmizə təhqiredici davranış sərgiləyiblər. Onların sosial şəbəkələrdə paylaşdıqları görüntülər təbii ki, hər birimizi hiddətləndirdi. Çünki Azərbaycanın torpaqları uğrunda, müstəqilliyi və suverenliyi uğrunda canından keçən hər bir şəhidimiz bizim hər birimiz üçün əziz və müqəddəsdir. Bu görüntülər ilk yayılanda bunun nə vaxt çəkildiyi, onlara qarşı hansısa bir addımın atılması məsələsi bizim üçün qaranlıq idi. Bu gün Daxili İşlər Nazirliyinin vermiş olduğu açıqlamalardan məlum oldu ki, hər üç əcnəbi etdikləri hərəkətə görə saxlanılıb və barələrində cinayət işi açılıb. Bu, artıq bizim emosionallığımızı, qəzəb hissimizi bir az sakitləşdirmiş oldu.
Mən bir Azərbaycan vətəndaşı kimi DİN-ə, onun rəhbərliyinə təşəkkür edirəm ki, milyonlarla azərbaycanlının ürəyindən keçən məsələni həll etdilər, həmin əcnəbilər operativ şəkildə, polislərin səyi nəticəsində tapıldı və saxlanıldı. Ümid edirik ki, bu şəxslərə layiq olduqları cəzalar veriləcək".
Vətəndaşların Əmək Liqasının sədri Sahib Məmmədov sosial media hesabında “Tolerantlıq mədəniyyəti” başlığı ilə sözügedən mövzuya diqqət çəkib:
- İki ərəb mənşəli turistin adekvat olmayan hərəkəti, sosial şəbəkələrdə kütləvi surətdə irqçi fikirlərin tirajlanmasına gətirib.
Bu, yolverilməzdir, həm də məsuliyyət yaradır. Azərbaycanın Konstitusiyası hər cür ayrı-seçkiliyi qadağan edir. Cinayət Məcəlləsinin 283-cü maddəsində belə hallarla bağlı cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan BMT-nin İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğvi Konvensiyasına qoşulub və s.
Ümumiyyətlə, fərdlərin hərəkətlərinin xalqlara, etnik qruplara, geniş əhali qruplarına aid edilməsi qeyri-tolerantlıqdır. Çoxmədəniyyətlilik bizim xalqın əsas nailiyyətlərindəndir. Sosial şəbəkədə xeyli ciddi adamların, o cümlədən media nümayəndələrinin, siyasətçilərin ksenofob xarakterli yazıları təəssüf doğurur.
Bizim ölkə turizmin inkişaf etdiyi ölkələrdən deyil. Xarici ölkələrdə yaşayan soydaşlarımızın gəlib-getməsini nəzərə almasaq, il ərzində turistlərin sayı heç milyona da çatmır. Dünyada elə şəhərlər (ölkələr bir yana) var ki, ora gələn turistlərin sayı 30-40 milyon arasındadır. Həmin şəhərlərin əhalisi də narazılıq edir, hətta etiraz aksiyaları da keçirirlər. Amma çalışırlar ki, bu halda ksenofob şüarlara, çıxışlara yol verilməsin.
Milli Cəbhə Partiyasının sədr müavini, ilahiyyatçı Tural İrfan da Sherg.az-a açıqlamasında Şəhidlər Xiyabanında bir neçə xarici vətəndaşın xoşagəlməz hərəkətlərə yol verməsinin qəbuledilməz olduğunu deyib:
“Bu şəxslərin hərəkətləri başqa qüvvələr tərəfindən təşkil olunmuş da ola bilər. Son zamanlarda ərəb ölkələri ilə Azərbaycanın sıxlaşan münasibətlərinə xalqda bir ikrah yaratmaq üçün bu əlaqələri istəməyən qüvvələr bunu təşkil etmiş ola bilər. Hər halda aidiyyəti qurumlar araşdırıb kökünə yetəcək ki, hansı ölkənin vətəndaşıdırlar, hansı dinə, məzhəbə məxsusdurlar, İranla nə dərəcədə əlaqələri var və s. Şəhidlər Xiyabanı bizim üçün ən müqəddəs yerlərdəndir. Orada bu cür xoşagəlməz halların olması yolverilməzdir və bunun bir daha baş verməməsi üçün mümkün tədbirlər görülməlidir. Şübhəsiz ki, o məkan qorunur, mühafizə olunur. Lakin necə olubsa, bu şəxslər diqqətdən yayınaraq belə addım atmağa fürsət tapıblar. Təbii ki, ziyarət etdiyini deyən şəxslərin hamısının bir-bir yanında nəzarətçi qoymaq da alınmır. Amma hər halda bununla bağlı etibarlı tədbirlər görülər. Xarici vətəndaşların Azərbaycana səfəri zamanı onlarla maarifləndirmə işi aparılmalıdır. Toxunulmaz məkanlar, müqəddəs yerlər barədə anladılmalıdır. Turistlərin təxribat yaratmasına yol vermək olmaz”.
“Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər isə qeyd edib ki, milliyyətindən asılı olmayaraq, şəhidlərimizə qarşı sayğısızlıq edən şəxslər ən ağır cəzaya layiqdirlər. Ancaq bundan istifadə edib, məsələni 1400 il əvvələ aparıb, İslama qarşı nifrət toxumu səpmək yolverilməzdir:
“Eyni məntiqlə düşünsək, Həzrəti Əlini də, Həzrəti Hüseyni də qətl edən, hətta Peyğəmbərimizi zəhərləyənlər də ərəblər olub. Bu bir az Nihat Doğanın (türkiyəli müğənni) “İngiltərədə beş yaşında uşaqlar da ingiliscə danışır” açıqlamasına oxşasa da, gerçək budur. Biz Həzrəti Hüseyn üçün ona görə yas saxlamırıq ki, ərəb idi. Həzrəti Hüseyn haqsızlığa qarşı mübarizənin, prinsiplərinə görə şəhid olmağı gözə almağın simvoludur. İndi hansısa axmaq ərəb törətdiyi cinayətin cavabını verməlidir. Ancaq bundan yola çıxıb, başqa istiqamətlərə gedilməməlidir.
Ayrıca, tur üçün Şəhidlər Xiyabanını seçən turizm bələdçilərinin də günahı var. Onlar gəzdirdikləri şəxslərə onlar ədəbsizlik edəndən sonra deyil, oraya gələrkən müfəssəl məlumat verib, xalqın həssaslığı mövzusunda gətirdiklərini bilgiləndirməlidirlər ki, belə durumlar yaşanmasın”.


