Xəzər Qala divarlarına qədər qalxacaq? Professor tarix verdi
Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Son illər Xəzər dənizində suyun səviyyəsinin sürətlə aşağı düşməsi və sahil xəttinin geri çəkilməsi ekoloji vəziyyətlə bağlı narahatlıqları artırır.
Dənizin dayazlaşması təkcə sahilyanı ərazilərin görünüşünü dəyişmir, həm də canlı aləminə, balıq ehtiyatlarına, gəmiçiliyə və regionun iqtisadi fəaliyyətinə təsirsiz ötüşmür. İqlim dəyişiklikləri, temperaturun yüksəlməsi və su balansında baş verən dəyişikliklər Xəzərin gələcəyini gündəmə gətirir.
Bəs dənizin səviyyəsinin aşağı düşməsinin əsas səbəbləri nədir, bu proses hansı fəsadlara yol aça bilər və gələcəkdə Xəzəri nə gözləyir?
Bakı Dövlət Universitetinin müəllimi, professor, elmlər doktoru Əmir Əliyev “Cebheinfo.az”-a bildirib ki, Xəzər dənizi Yer üzərində ən böyük qapalı su hövzəsidir. Əslində, dünya okeanı ilə əlaqəsi olmadığına görə göldür. Amma sahəsinin böyüklüyü, orada gedən proseslər və okeanın qalığı olması səbəbindən hazırda dəniz kimi xarakterizə edilir. Xəzər dənizi qapalı olduğuna görə onun sahəsi daim dəyişir.
Başqa dənizlərdən fərqli olaraq, burada suyun səviyyəsi daim dəyişir. Xəzər dənizinin yaşaması onun səviyyəsinin dəyişməsindən asılıdır. “B. Vahabzadənin bir sözü var:
“Şam əgər yanmırsa, yaşamır demə, onun yaşaması yanmasındadır”. Xəzər dənizinin də yaşaması onun səviyyəsinin dəyişməsindədir. Səviyyə dəyişmirsə, deməli, dəniz yaşamır. Xəzər dənizinin səviyyəsinin dəyişməsinin əsas səbəbi regionda baş verən iqlim prosesləridir. Bunun nəticəsində Xəzərin su balansı dəyişir.
Su balansı dedikdə, Xəzər dənizinə tökülən və oradan gedən sular nəzərdə tutulur. Xəzər dənizinə tökülən sular əsasən çay sularıdır. Burada ən mühüm rol Volqa çayına məxsusdur. Xəzər dənizinə tökülən çay sularının 80 faizi Volqanın payına düşür. Xəzər dənizinə birbaşa yağıntılar da düşür ki, bunlar dənizə daxil olan suyun təxminən 18–19 faizini təşkil edir. Qalan 1–1,5 faizi isə yeraltı sular təşkil edir. Xəzər dənizindən su itkisi isə əsasən buxarlanma hesabına baş verir. Çünki Xəzər dənizindən başqa yerə su axını yoxdur.
Bir də Qaraboğaz körfəzinə gedən sular var ki, onlar da buxarlanmaya sərf olunur. Xəzərə gələn suların formalaşmasında Şimali Atlantikadan gələn hava kütlələri mühüm rol oynayır. Orada enerji aktiv zonalar deyilən ərazilər var. Azor adaları zonası və s. bu ərazilərə aiddir. Bu zonalarda atmosferə külli miqdarda rütubət daxil olur. Burada yaranan siklonlar və antisiklonlar region üzərində hərəkət edir. Buxarlanma isə əsasən regionda temperaturun dəyişməsi ilə əlaqədardır. Məsələn, son illərdə temperaturun artması müşahidə olunur. Bu da Xəzərdə buxarlanmanı artırır”.
Professor bildirib ki, müşahidə materiallarında son 4 min il ərzində Xəzərin səviyyəsinin təxminən 200–250 illik dövrlərlə azalıb-artdığı göstərilir:
“Xəzər dənizinin sonuncu ən yüksək səviyyəsi 1805–1810-cu illərə təsadüf edir. Bunu alimimiz Abbasqulu ağa Bakıxanov “Gülüstani-İrəm” kitabında qeyd edir: “Xəzər gəlib çıxmışdı qala divarlarına və oranı iki qarış örtmüşdü”. Həmin dövrdən hesabladıqda, Xəzərin səviyyəsinin azalmasının təxminən 2040–2050-ci illərdə başa çatmalı olduğu qənaətinə gəlmək olar. Ondan sonra Xəzərin səviyyəsi yenidən qalxmağa başlayacaq. Tarixi məlumatlar göstərir ki, Dərbənd qalası tikilən vaxtlarda Xəzər dənizinin səviyyəsi indiki səviyyədən təxminən 3 metr aşağı olub. Yəni Xəzərin səviyyəsi periodik olaraq qalxır və enir.
Bu gün Xəzərin səviyyəsi təxminən 1970-ci illərdəki səviyyəyə bərabərdir. 1930-cu illərdən başlayaraq Xəzər dənizinin səviyyəsi üç dəfə kəskin dəyişib. 1930-cu ildən 1977-ci ilə qədər Xəzərin səviyyəsi 3,2 metr aşağı düşüb. 1977-ci ildən 1995-ci ilə qədər isə 2,5 metr qalxıb. 1996-cı ildən başlayaraq Xəzərin səviyyəsində yenidən enmə müşahidə olunur və bu günə qədər suyun səviyyəsi təxminən 2,6 metr aşağı düşüb. Amma ümumilikdə götürsək, Xəzərin səviyyəsi 1805-ci ildən bu günə qədər təxminən 4 metr aşağı düşüb.
Hazırda dəniz Dünya okeanının səviyyəsindən təxminən 29,5 metr aşağıda yerləşir və bu, heç bir katastrofik hadisə deyil. Gözləyirik ki, bundan sonra Xəzərin səviyyəsi təxminən 1–1,5 metr də aşağı düşəcək. Bu prosesin bu əsrin ortalarında dayanacağı və bundan sonra təxminən 200 il müddətində Xəzərin səviyyəsinin yenidən qalxacağı gözlənilir. Son 10 min il ərzində aparılmış tarixi müşahidələr də göstərir ki, Xəzərin səviyyəsində bu cür enmələr daim baş verib və bundan sonra da olacaq”.
Xəzərin səviyyəsinin qalxıb-enməsinin təsirləri ən çox Azərbaycan ərazisində müşahidə olunur:
“Məsələn, 1930-cu ildən 1970-ci ilə qədər Xəzərin səviyyəsi aşağı düşəndə Azərbaycan ərazisində 80 min hektar torpaq sahəsi suyun altından çıxmışdı. 1977-ci ildən 1995-ci ilə qədər səviyyə 2,5 metrədək qalxanda isə bu müddət ərzində 50 min hektar ərazi su altında qalmışdı. Gözləyirik ki, bundan sonra Xəzər dənizində suyun səviyyəsi 1 metrə qədər aşağı düşə bilər, ondan çox yox”.
Professor qeyd edib ki, burada ekoloji və sosial problemlər də var:
“Biz Xəzərin səviyyə dəyişmələrinə uyğunlaşmalıyıq. Belə olmasa, daim problemlər yaranacaq. Problem yaradan isə Xəzər yox, biz insanlarıq. Xəzər dənizinin suyu çəkiləndə insanlar gedib onun ərazisinə daxil olur, orada binalar və yaşayış evləri tikirlər. Səviyyə qalxanda isə bu ərazilər su altında qalır. Ona görə də Xəzərin səviyyəsindəki dəyişiklikləri bilmək lazımdır”.
Aişə
“Cebheinfo.az”
Açar sözlər: Xəzər Əmir Əliyev
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 09 Oktyabr 2026 17:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















