Xəzərarxası qardaş ölkə ilə “yaşıl enerji” əməkdaşlığı
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Özbəkistanın 2 trilyon kilovat/saat Günəş enerjisi potensialı var
Müasir dövrdə enerji təhlükəsizliyinin gerçəkləşdirilməsi və ətraf mühitin qorunması məsələləri dünya dövlətləri qarşısında yeni vəzifələr qoyur. Bu baxımdan, Azərbaycan və Özbəkistan arasında “yaşıl enerji” əməkdaşlığının uğurla davam etdirilməsi xüsusi diqqət çəkir. Bərpaolunan enerji mənbələrindən səmərəli istifadə edilməsi, enerji səmərəliliyinin artırılması və bu istiqamətdə müasir texnologiyaların tətbiqinin önə çəkilməsi bu iki dost ölkənin dayanıqlı inkişaf məqsədlərində önəmli yer tutur.
Müasir dövrdə enerji təhlükəsizliyinin reallaşdırılması artıq təkcə enerji daşıyıcılarının fasiləsiz istehsalı və istehlakı ilə məhdudlaşmır. Bu anlayış enerji mənbələrinin şaxələndirilməsi, karbon emissiyalarının azaldılması, enerji sistemlərinin modernləşdirilməsi və yeni texnologiyaların sürətlə tətbiq olunması kimi məsələləri də əhatə edir. Məhz bu baxımdan Azərbaycan və Özbəkistan arasında bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin uzunmüddətli iqtisadi və enerji strategiyalarında prioritet istiqamətlərdən biridir. Eyni zamanda, bu dövlətlərin zəngin təbii ehtiyatlara malik olmaları, əlverişli coğrafi mövqedə yerləşmələri qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradır.
Beynəlxalq Enerji Agentliyinin hesabatına görə, Özbəkistanın illik tələbatından 30 dəfə çox – 2 trilyon 91 milyard kilovat/saat elektrik enerjisi istehsal etmək potensialı var. Bu ölkənin iqlimi ildə 320 Günəşli günün olması ilə səciyyələnir ki, bu da böyük həcmdə alternativ enerji istehsalına imkan yaradır. Respublikanın Surxandərya, Buxara və Kaşkadərya vilayətləri coğrafi baxımdan elə bir iqlim qurşağında yerləşir ki, bu regionlarda, ümumilikdə, 2 trilyon 58 milyard kilovat/saat Günəş enerjisi istehsal etmək mümkündür.
BMT-nin “yaşıl enerji”nin inkişafına dair hazırladığı hesabatda isə vurğulanır ki, Özbəkistanın şimal-qərb və cənub-qərb əraziləri 9,9 milyard kilovat/saat külək enerjisi istehsal etmək gücündədir. Son 5 il ərzində Özbəkistan Prezidentinin “yaşıl enerji”nin inkişaf etdirilməsi üçün 15 sərəncam imzalaması, hökumətin isə bu istiqamətdə müxtəlif xarici şirkətlərlə 20-dən çox müqavilə imzalaması da bunun bariz ifadəsidir.
Tükənməz əməkdaşlıq potensialı
Azərbaycanın coğrafi mövqeyi ölkəmizi Mərkəzi Asiyada istehsal olunan “yaşıl enerji”ni Qafqaz və Avropa istiqamətində ötürmək üçün əlverişli dövlətə çevirir. Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi üzrə əməkdaşlığın ən mühüm layihələrindən biri məhz Mərkəzi Asiya – Azərbaycan Yaşıl Enerji Dəhlizidir.
Adları çəkilən ölkələrin enerji sistemlərinin əlaqələndirilməsi məqsədilə 2024-cü ildə razılıq əldə edilib. 2025-ci ildə hər üç ölkə Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur və İnvestisiya Bankı ilə birlikdə Xəzər Yaşıl Enerji Dəhlizinin texniki-iqtisadi əsaslandırılmasına dəstək haqqında memorandum imzalayıb. Cari ilin əvvəlində layihənin birinci mərhələsi üzrə texniki-iqtisadi əsaslandırma işlərinə başlanılıb və Bakıda bu istiqamətdə ilkin seminar keçirilib.
İqtisadçı-ekspert Aydın Musayev bildirdi ki, layihənin əsas məqsədi Mərkəzi Asiyada istehsal olunan bərpaolunan elektrik enerjisinin Xəzər dənizi üzərindən Azərbaycana, daha sonra isə Qara dəniz vasitəsilə Avropaya çatdırılmasıdır. Respublikamızın bu əməkdaşlıqda əsas üstünlüklərindən biri onun coğrafi mövqeyidir. Özbəkistan Mərkəzi Asiyanın daxilində qərarlaşdığı halda, Azərbaycan Xəzər dənizinin qərb sahilində yerləşərək Mərkəzi Asiya ilə Cənubi Qafqaz və Avropa arasında enerji körpüsü rolunu oynayır.
“Yaşıl enerji” sahəsində əməkdaşlıq bu ölkələr üçün təkcə enerji baxımından deyil, həm də iqtisadi və ekoloji baxımdan faydalıdır. Yeni enerji layihələrinin həyata keçirilməsi investisiyaların cəlb olunmasına, yeni iş imkanlarının yaranmasına və enerji infrastrukturunun inkişafına əlverişli şərait yaradır. Eyni zamanda, bərpaolunan enerji mənbələrindən daha geniş istifadə karbon emissyalarının azaldılmasına və ətraf mühitin qorunmasına kömək edir.
Aydın Musayevin sözlərinə görə, Azərbaycanın bu əməkdaşlıqda coğrafi mövqeyi də xüsusi əhəmiyyət daşıyır. Ölkəmiz Mərkəzi Asiya ilə Avropa arasında mühüm enerji və nəqliyyat bağlantısına malikdir. Bu baxımdan Azərbaycan “yaşıl enerji”nin Avropa bazarlarına çatdırılmasında mühüm tranzit və enerji tərəfdaşı kimi çıxış edir.
Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında “yaşıl enerji” əməkdaşlığı həm də üç ölkənin strateji tərəfdaşlığını daha da möhkəmləndirir. Enerji sahəsində birgə layihələr dövlətlər arasında qarşılıqlı etimadın və iqtisadi əlaqələrin inkişafına xidmət edir.
Azərbaycan, Qazaxıstan və Özbəkistan “yaşıl enerji” sahəsində əməkdaşlığı gələcəyə hesablanmış mühüm təşəbbüsdür. Bu əməkdaşlığın uğurla həyata keçirilməsi bərpaolunan enerji potensialından daha səmərəli istifadəyə, enerji təhlükəsizliyinin gücləndirilməsinə və təmiz enerjinin Avropaya çıxarılmasına imkan verir.
Bu gün Özbəkistanda “yaşıl enerji” istehsalı ilə əlaqədar olaraq 19 layihə icra olunur. Bunlar istehsal gücü 3 min 977 meqavat Günəş və 3 min 100 meqavat külək elektrik stansiyalarıdır. Bu layihələrin həyata keçirilməsi üçün xarici şirkətlər tərəfindən 9 milyard dollar həcmində sərmayə yatırılıb. Cari ilin ikinci yarısında Səmərqənd, Katakurqan, Buxara, Namanqan, Tomdin, Buxara və Daşkənd rayonlarında 3 külək və 4 Günəş enerjisi istehsal edən stansiyaların istismara veriləcəyi nəzərdə tutulub.
2025-ci ildə isə Buxara vilayətinin Peşkin və Qijguvan rayonlarında hər biri 500 meqavat istehsal gücü olan 2 külək elektrik stansiyasının istismara verilməsi də planlaşdırılıb. Hökumətin “yaşıl enerji”nin inkişafı proqramına əsasən, 2026-cı ildə Özbəkistanda ümumi gücü 1600 meqavat olan 4 külək, 8 min meqavat gücü olan Günəş və 868 meqavat gücü olan su elektrik stansiyası istismara veriləcəyi də qərara alınıb.
Azərbaycan isə zəngin neft və qaz ehtiyatları ilə yanaşı, son illərdə bərpaolunan enerji mənbələrinin inkişafı istiqamətində də mühüm addımlar atır. Xüsusilə Xəzər dənizində böyük külək enerjisi potensialının diqqətdə saxlanılması, Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonası elan edilməsi, Naxçıvanda Günəş və külək enerjisi imkanlarının geniş olması ölkəmizin enerji strategiyasında bərpaolunan mənbələrin xüsusi yer tutduğundan xəbər verir.
Azərbaycanın coğrafi mövqeyi də bu prosesdə mühüm üstünlük yaradır. Ölkəmiz bir tərəfdən Mərkəzi Asiya ilə, digər tərəfdən isə Cənubi Qafqaz, Türkiyə və Avropa enerji sistemləri ilə əlaqələnmək imkanına malikdir. Bu baxımdan, respublikamız təkcə “yaşıl enerji” istehsalçısı kimi deyil, həm də müxtəlif regionlarda istehsal olunan təmiz enerjinin tranziti və beynəlxalq enerji bazarlarına çıxarılması üçün mühüm enerji qovşağı kimi çıxış etmək imkanına malikdir.
Mərkəzi Asiya – Azərbaycan “yaşıl” dəhlizi
Azərbaycan və Özbəkistan arasında “yaşıl enerji” sahəsində əməkdaşlıq yalnız elektrik enerjisinin istehsalı ilə məhdudlaşmır. Bu əməkdaşlıq enerji infrastrukturu, yüksək texnologiyalar, investisiya, elmi-tədqiqat, kadr hazırlığı, enerji səmərəliliyi və rəqəmsal idarəetmə sistemləri kimi geniş istiqamətləri də əhatə edir.
Müasir enerji sistemlərinin inkişafında yeni texnologiyaların tətbiqi daim diqqətdə saxlanılır. Günəş və külək enerjisinin istehsalı artdıqca, bu enerjinin saxlanılması, elektrik şəbəkələrinə inteqrasiyası və istehlakçılara fasiləsiz çatdırılması məsələsi də xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan enerji saxlama sistemləri, “ağıllı şəbəkə”lər, rəqəmsal idarəetmə və enerji istehlakının optimallaşdırılması sahələrində Azərbaycan və Özbəkistan arasında təcrübə mübadiləsinin aparılması zəruri şərtlərdən biri kimi dəyərləndirilir.
İqtisadçı-ekspert Hüseyn Əfəndiyevin sözlərinə görə, iki ölkənin enerji şirkətləri, aidiyyəti dövlət qurumları, elmi-tədqiqat institutları və özəl sektor nümayəndələri arasında əməkdaşlığın genişləndirilməsi gələcəkdə birgə layihələrin sayının artmasını sürətləndirəcək. Eyni zamanda, xüsusilə xarici investisiyaların cəlb olunması, beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın diqqətdə saxlanılması və regional enerji layihələrinin həyata keçirilməsi yeni iqtisadi imkanlar formalaşdıracaq.
Bu mənada “yaşıl enerji” sahəsində tərəfdaşlıq Azərbaycan – Özbəkistan iqtisadi münasibətlərinə daha müasir və innovativ məzmun verir. Belə ki, əgər indiyədək iqtisadi əməkdaşlıq əsasən ticarət, sənaye, kənd təsərrüfatı, nəqliyyat və logistika sahələrini əhatə edirdisə, indi enerji keçidi və təmiz texnologiyalar da strateji əməkdaşlığın yeni istiqamətlərindən biri kimi diqqət çəkir.
Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında bərpaolunan enerji sahəsində əməkdaşlığın ən mühüm istiqamətlərindən biri də Mərkəzi Asiya – Azərbaycan Yaşıl Enerji Dəhlizinin yaradılmasıdır. Bu layihə 3 ölkənin enerji əməkdaşlığını genişləndirməklə bərabər, həm də Mərkəzi Asiyanın enerji xəritəsində yeni mərhələnin başlanması baxımından mühüm əhəmiyyət daşıyır.
Adları çəkilən ölkələrin enerji sistemlərinin əlaqələndirilməsi və Mərkəzi Asiyada istehsal olunan bərpaolunan elektrik enerjisinin beynəlxalq bazarlara çıxarılması məqsədilə son illərdə mühüm razılaşmalar əldə edilib. Bu gün isə layihənin həyata keçirilməsi istiqamətində texniki və maliyyə məsələlərinin öyrənilməsi, Xəzər dənizinin dibi ilə enerji kabelinin çəkilməsi imkanlarının araşdırılması və texniki-iqtisadi əsaslandırmanın hazırlanması işlərinə başlanılıb.
Bu prosesə beynəlxalq maliyyə institutlarının da cəlb olunması layihənin iqtisadi və strateji əhəmiyyətini göstərir. Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı kimi maliyyə qurumlarının texniki-iqtisadi əsaslandırma işlərinə dəstək verməsi Mərkəzi Asiya ilə Azərbaycan arasında yeni enerji bağlantısının formalaşdırılmasına beynəlxalq marağın olduğunu nümayiş etdirir.
Adıçəkilən layihənin əsas məqsədi Mərkəzi Asiyada istehsal olunan bərpaolunan elektrik enerjisinin Xəzər dənizi vasitəsilə Azərbaycana çatdırılmasıdır. Daha sonra bu enerjinin Azərbaycanın mövcud və perspektiv enerji infrastrukturu ilə Cənubi Qafqazdan keçərək Türkiyə və Avropa istiqamətində nəql olunması qarşıda mühüm vəzifə kimi durur. Beləliklə, “yeni enerji” dəhlizi Mərkəzi Asiya – Xəzər dənizi – Cənubi Qafqaz – Avropa xəttində tamamilə yeni iqtisadi və enerji məkanı yaradır.
Yeri gəlmişkən, ölkəmiz artıq uzun illərdir ki, Şərq – Qərb enerji bağlantısında mühüm iştirakçı kimi tanınıb. Neft və təbii qazın Xəzər hövzəsindən dünya bazarlarına çıxarılması istiqamətində həyata keçirilən layihələr respublikamızın beynəlxalq enerji təhlükəsizliyində rolunu əhəmiyyətli dərəcədə artırıb.
Hazırda isə bu modelin “yaşıl enerji” sahəsində də tətbiq edilməsi yeni perspektivlər yaradır. Əgər Azərbaycan indiyədək Xəzər regionunun karbohidrogen ehtiyatlarının dünya bazarlarına çatdırılmasında mühüm tranzit və istehsalçı ölkə kimi çıxış edirdisə, gələcəkdə təmiz enerjinin istehsalı və tranziti sahəsində də regional mərkəzə çevrilmək imkanına malikdir. Bu isə Azərbaycanın enerji diplomatiyasına yeni məzmun verir.
Onu da qeyd edək ki, Özbəkistanda son illər bərpaolunan enerji sektoruna irihəcmli sərmayələrin cəlb edilməsi istiqamətində fəal siyasət həyata keçirilir. Ölkədə müxtəlif xarici enerji şirkətlərinin iştirakı ilə Günəş və külək elektrik stansiyalarının tikintisi ilə bağlı layihələr uğurla icra olunur. Eyni zamanda, Günəş və külək elektrik stansiyalarının yeni güclərinin istifadəyə verilməsi nəticəsində Özbəkistanın enerji balansında “yaşıl enerji” mənbələrin payının artacağı gözlənilir.
Bu layihələrə milyardlarla dollar həcmində xarici sərmayənin yatırılması Özbəkistanın “yaşıl enerji” sektoruna beynəlxalq investorların ciddi marağını göstərir. Yeni elektrik stansiyalarının istifadəyə verilməsi ölkənin artan daxili enerji tələbatının ödənilməsinə, eyni zamanda, gələcəkdə elektrik enerjisi ixracının genişləndirilməsinə imkan yaradır. Bu proses həm də onu göstərir ki, Özbəkistan gələcəkdə təkcə daxili enerji tələbatını ödəmək deyil, həm də bərpaolunan mənbələr hesabına istehsal edilən elektrik enerjisinin ixracını genişləndirmək niyyətindədir. Məhz bu məqam Azərbaycanla əməkdaşlığın strateji əhəmiyyətini daha da artırır.
Vaqif BAYRAMOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 26 Avqust 2026 12:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















