Icma.az
close
up
RU
Xəzərin sahilləri “ölü zona”ya çevrilir

Xəzərin sahilləri “ölü zona”ya çevrilir

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Planetin ən böyük gölünün quruması artıq qlobal problemdir

Xəzər dənizi tarixinin ən çətin dövrlərindən birini yaşayır. Dənizinin səviyyəsinin azalması artıq ekoloji deyil, həm də sosial-iqtisadi nəticələri olan qlobal problemdir. Xəzərin dayazlaşması prosesini tam şəkildə dayandırmaq hələlik gerçək görünmür. Hazırda əsas vəzifə yaranmış yeni duruma uyğunlaşmaq, dəniz səviyyəsinin azalmasının yaratdığı təhlükələri qiymətləndirmək və mənfi təsirləri minimuma endirməkdir.

Azərbaycanın Su Ehtiyatlarından İstifadəyə və Mühafizəyə Nəzarət Dövlət Xidmətinin rəis müavini Əliağa Əzizov bildirib ki, aparılan tədqiqatlar Xəzərdə su səviyyəsinin 1990-cı illərin ortalarından etibarən azaldığını göstərir. Son 5 il ərzində dənizin səviyyəsi təxminən 1 metr, son 10 ildə 1,5 metr, son 30 ildə isə 2,5 metr aşağı düşüb. Hazırda Xəzərdə su səviyyəsinin ildə orta hesabla 20–30 santimetr azalması müşahidə olunur. Bu temp dünya okeanlarında qeydə alınan səviyyə dəyişiklikləri ilə müqayisədə yüksək göstəricidir.

Xəzərin geri çəkilməsi artıq xəritədə də öz izlərini göstərir. 2026-cı ilin ortalarına olan qiymətləndirmələrə əsasən, dənizin səthi 30 min kvadratkilometrdən çox azalıb. Bu ərazi, təxminən, Belçikanın sahəsinə bərabərdir. Qarşıdakı illərdə vəziyyət dəyişməz qalarsa, əsrin sonuna qədər Xəzərin səviyyəsi daha 8–15 metr düşə bilər. Bu isə bəzi sahələrdə dənizin sahil xəttindən 10 kilometrlərlə geri çəkilməsi deməkdir.

Hazırda Xəzərdə su səviyyəsi Baltik dəniz səviyyəsi sistemi ilə müqayisədə mənfi 29,21 metrə enib. Bu prosesdən ən çox təsirlənən ölkələrdən biri Qazaxıstandır. Astana vəziyyətin qarşısının alınması üçün beynəlxalq təşəbbüslə çıxış edib. Xəzəri qidalandıran əsas mənbələrdən biri olan Volqa çayından daxil olan minimal su axınının həcmlərinin hüquqi və beynəlxalq mexanizmlərlə müəyyənləşdirilməsini, eləcə də bu istiqamətdə regional birgə işçi qrupunun yaradılmasını təklif edir. Çünki Xəzər dənizinə daxil olan ümumi su kütləsinin 80 faizindən çoxu məhz Rusiyanın ərazisindən axan Volqa çayının payına düşür. Buna görə də Xəzərin gələcək vəziyyəti böyük ölçüdə bu çayın su axınından və regionda davam edən iqlim dəyişikliklərindən asılıdır. Aparılan tədqiqatlar da bunu deməyə əsas verir.

Hamburq Texnologiya Universitetinin əməkdaşı Nima Şokri və Kaliforniya Universitetinin professoru Amir Ağa Kuçaqın rəhbərlik etdiyi tədqiqat qrupu Xəzər hövzəsinə aid hidroloji məlumatları və peyk görüntülərini təhlil edərək müəyyən ediblər ki, son 30 ildə dənizə daxil olan suyun həcmi kəskin azalıb. Araşdırmaya görə, bu, yağıntıların azalması ilə bağlı deyil. Əksinə, Xəzərə daxil olan suyun təxminən 80 faizini təmin edən Volqa hövzəsində yağıntının miqdarı artıb.

Tədqiqat müəlliflərinin hesablamalarına görə, temperaturun yüksəlməsi və buxarlanmanın intensivləşməsi Xəzərdəki ümumi su itkisinin təxminən 40 faizini təşkil edir. Qalan itkilərin əsas səbəbi isə Volqa çayının hidroloji rejiminin insan fəaliyyəti nəticəsində dəyişdirilməsidir.

Volqa çayı üzərində onilliklər ərzində inşa edilmiş bəndlər, iri su anbarları, su elektrik stansiyaları, genişlənən suvarma sistemləri və sənaye müəssisələrinin artan su tələbatı Xəzərə çatmalı olan suyun müəyyən hissəsinin yuxarı axınlarda saxlanmasına səbəb olur. Başqa sözlə, suyun bir hissəsi enerji istehsalı, kənd təsərrüfatı və sənaye məqsədləri üçün istifadə edilir.

Bundan əlavə, Volqa–Don kanal sistemi də hövzənin su balansına təsir edir. Kanal Rusiya üçün geosiyasi və iqtisadi baxımdan mühüm əhəmiyyət daşısa da, suyun bir hissəsinin Qara dəniz hövzəsinə yönəldilməsinə səbəb olur. Yəni Xəzərə axmalı su Azov dənizinə axır. Bu səbəblərdən də Xəzərin şimal hissəsindəki dayaz suları daha sürətlə quruyur.

Qazaxıstan çıxış yolu kimi Volqadan dənizə axıdılan suyun həcmnin artırılmasını istəyir. Bu təşəbbüs Rusiyada birmənalı qarşılanmır. Moskva Volqanın tamamilə Rusiya ərazisindən keçdiyini əsas gətirərək onu transsərhəd çay hesab etmir və bu məsələdə beynəlxalq öhdəliklərin tətbiqi üçün hüquqi əsasların olmadığını bildirir.

Bu mübahisə Xəzər dənizinin hüquqi statusunu müəyyən edən 2018-ci il Aktau Konvensiyasının məhdudiyyətlərini də ortaya çıxarır. Konvensiya dəniz dibinin bölünməsi, təhlükəsizlik, gəmiçilik və təbii sərvətlərdən istifadə məsələlərini tənzimləsə də, Xəzəri qidalandıran çayların minimum ekoloji axını və ya su kvotaları ilə bağlı məcburi mexanizmlər nəzərdə tutmur. Nəticədə Volqadan Xəzərə daxil olan suyun həcmi böyük ölçüdə Rusiyanın daxili qərarlarından asılı olaraq qalır. Bəs Rusiya nə deyir? Moskva təşəbbüsə mənfi yanaşır və bunu bir neçə arqumentlə əsaslandırır.

Əsas arqumentlərdən biri Volqa–Kama Su Elektrik Stansiyaları kaskadı ilə bağlıdır. Əvvəla, çay üzərində yerləşən çoxsaylı su elektrik stansiyaları və iri su anbarları Rusiyanın Avropa hissəsinin enerji təminatında mühüm rol oynayır. Su anbarlarından əlavə suyun Xəzərə yönəldilməsi isə elektrik enerjisi istehsalını azaldar ki, bu da Moskvanın maraqlarına cavab vermir. İkincisi, Volqa Rusiyanın ən mühüm daxili su nəqliyyatı arteriyalarından biridir. Çay boyunca fəaliyyət göstərən gəmiçilik sistemi ölkədaxili yükdaşımaların əhəmiyyətli hissəsini təmin edir. Su səviyyəsinin anbarlarda, kanallarda azalması iri gəmilərin hərəkət imkanlarını məhdudlaşdırar ki, bu da logistika xərclərini artırılması deməkdir.

Digər mühüm məqam Volqa hövzəsinin Rusiyanın ən sıx məskunlaşmış və iqtisadi baxımdan ən fəal regionlarından biri olmasıdır. Çayın su ehtiyatlarından kənd təsərrüfatında suvarma, sənaye istehsalı və milyonlarla insanın içməli su təminatı üçün istifadə edilir. Son illərdə iqlim dəyişikliklərinin təsiri fonunda daxili su ehtiyatlarına tələbat yüksəlib. Buna görə də Rusiya rəsmiləri əlavə su buraxılmasının ölkənin enerji, ərzaq və su təhlükəsizliyi baxımından risklər yaradacağını bildirirlər.

Rusiyalı iqlimşünaslar isə diqqəti Volqanın öz su ehtiyatlarının azalmasına yönəldirlər. Onların fikrincə, qış aylarında qar örtüyünün azalması, temperaturun yüksəlməsi və buxarlanmanın artması çayın illik axınına mənfi təsir göstərir. Bu baxımdan onlar hesab edirlər ki, Xəzərin səviyyəsinin enməsini yalnız Volqadan daxil olan suyun azalması ilə izah etmək düzgün deyil. Dəniz səthində temperaturun yüksəlməsi nəticəsində buxarlanmanın intensivləşməsi də prosesi sürətləndirir. Buna görə də rusiyalı mütəxəssislərin fikrincə, yalnız Volqadan əlavə su buraxılması Xəzərin səviyyəsinin sabitləşməsi üçün kifayət etməyəcək.

Azərbaycanlı ekoloqlar və dövlət qurumları da Xəzərdə baş verən prosesləri ciddi narahatlıqla izləyirlər. Onların qiymətləndirmələrinə görə, dənizin dayazlaşması yalnız ekoloji vəziyyətə deyil, ölkənin iqtisadi maraqlarına da təsir göstərir. Xüsusilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, dəniz nəqliyyatı, neft-qaz infrastrukturu və sahilboyu mühəndis qurğuları üçün risklər artır. Bakı buxtasında sahil xəttinin geri çəkilməsi artıq müşahidə olunur.

Mütəxəssislərimiz vurğulayırlar ki, problem yalnız Volqa çayının su axını ilə məhdudlaşmır. Xəzərə tökülən digər mühüm çay olan Kürün də su ehtiyatlarında son illərdə azalma müşahidə olunur. İqlim dəyişiklikləri, suvarma məqsədləri üçün intensiv istifadə və hövzədə su ehtiyatlarının idarə olunması ilə bağlı problemlər nəticəsində Kürün Xəzərə çatdırdığı suyun həcmi azalır. Eyni vəziyyət Samur, Terek, Ural və digər hövzə çaylarında da müşayiət olunur.

Beləliklə, Xəzərin dayazlaşması yalnız ekoloji problem çərçivəsində qiymətləndirilə bilməz. Su ehtiyatlarının idarə olunması, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, limanların fəaliyyəti və regional sabitlik kimi məsələlər Xəzər hövzəsində su diplomatiyasını XXI əsrin mühüm geosiyasi çağırışlarından birinə çevirir. Dənizin gələcəyi isə sahilyanı dövlətlərin bu mürəkkəb problemi nə dərəcədə ortaq maraqlar və elmi əsaslar əsasında həll edə bilməsindən asılı olacaq.

Mövcud reallıqlar göstərir ki, Xəzərin dayazlaşması heç bir ölkənin təkbaşına həll edə biləcəyi problem deyil. Dənizin su balansına iqlim dəyişiklikləri, Volqa və Kür hövzələrində su ehtiyatlarının idarə olunması, enerji siyasəti, kənd təsərrüfatı, sənaye istehlakı və regional əməkdaşlıq kimi çoxsaylı amillər təsir göstərir.

Hazırda Xəzərin su balansının qorunması ilə bağlı fərqli yanaşmalar mövcuddur. Qazaxıstan və bəzi sahilyanı dövlətlər Volqadan Xəzərə daxil olan minimum ekoloji su axınının beynəlxalq mexanizmlərlə tənzimlənməsinin vacibliyini vurğulayırlar. Rusiya isə Volqa çayını əsasən daxili su hövzəsi kimi qiymətləndirir və bu məsələdə beynəlxalq hüquqi öhdəliklərin tətbiqinə daha ehtiyatlı yanaşır.

Bütün bu arqumentləri və regional baxışları ümumiləşdirən Rusiya tərəfinin vahid və qəti rəyi ondan ibarətdir ki, Xəzər dənizinə verməyə sadəcə fiziki olaraq izafi su ehtiyatı mövcud deyil. Bu böhran fonunda transsərhəd çay öhdəliklərini və hüquqi konvensiya məcburiyyətlərini qəbul etməyən Moskva ilə sərvətlərini və limanlarını xilas etməyə çalışan rəsmi Astana arasında su diplomatiyasının getdikcə daha gərgin və çıxılmaz bir mərhələyə qədəm qoyduğu aydın görünür.

Xəzərin günbəgün artan problemi birbaşa region dövlətlərinin gələcək iqtisadi, logistik və milli təhlükəsizlik strategiyalarını yenidən yazmağı tələb edir.

Ə.PÜNHAN
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 İyul 2026 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see233

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see224

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see218

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see216

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see215

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see211

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see211

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see206

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see204

PISA da “Sinqapur sindromu” Şəmil Sadiq yazır

11 Sentyabr 2026 01:22see194

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see188

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see188

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see185

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see178

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see178

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see177

Trampdan İran bəyanatı Qərarından peşman deyil

11 Sentyabr 2026 04:09see175

Payızda orqanizmə güc verən 3 MƏHSUL

11 Sentyabr 2026 04:56see172

Səhərlər qrip kimi oyanırsınız? Həkim AÇIQLADI

11 Sentyabr 2026 13:57see166

Kosta Rikanın 119 yaşlı sakini dünyanın ən yaşlı insanı kimi tanınmağa çalışır

11 Sentyabr 2026 00:04see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri