Xocalıya dönüş Böyük Qayıdışın parlaq mərhələsidir
525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xocalı rayonunun Şuşakənd kəndində ilin sonunadək daha 85 ev bərpa ediləcək. İndiyədək kəndin sosial infrastrukturunun qurulması istiqamətində bir sıra layihələr həyata keçirilib və bu istiqamətdə işlər davam etdirilir. Belə ki, mövcud elektrik xətləri, üç su anbarı, subartezian quyusu bərpa olunub, transformator quraşdırılıb, sayğaclaşdırma işlərinə başlanılıb, qaz xətti çəkilib, mövcud içməli su şəbəkəsi təmir edilib. Bundan başqa, rabitə xətlərinin layihəsi təsdiqlənib və bu istiqamətdə hazırlıq işləri görülür. Kənddə Bayraq meydanı salınıb, daxili yollar asfaltlanıb. Şuşakənddə mövcud olan ümumilikdə 263 fərdi evdən 91-i yararsız, 172-si isə qismən yararlıdır. Bu evlərdən artıq 15-i istismara hazırdır. İlin sonunadək daha 85 ev bərpa ediləcək. 2026-cı ildə isə 72 evin bərpası planlaşdırılır. Hazırda kəndə 15 ailə (59 nəfər) qayıdıb.
Qeyd edək ki, Prezident İlham Əliyev sentyabrın 14-də Xocalı rayonunun Şuşakənd kəndində olub.
İşğaldan azad edilən ərazilərin, o cümlədən Xocalının Böyük Qayıdış proqramı çərçivəsində dirçəlişi, bərpası və yenidən qurulması bu torpaqları inkişaf etmiş bölgəyə çevirir. Bu gün Xocalıdan olan sakinlər ermənilərin törətdikləri dəhşətli fevral faciəsini unutmasalar da, öz doğma yurdlarına qayıtmağın sevincini yaşayırlar.
Millət vəkili Məlahət İbrahimqızı bildirib ki, Xocalıya qayıdış Azərbaycan xalqının ən möhtəşəm zəfəridir. Onun fikrincə, Xocalıya dönüş Böyük Qayıdışın ən parlaq mərhələlərindən biridir. Xocalıya qayıdışın əhəmiyyəti o qədər böyükdür ki, bu barədə saatlarla danışsaq, bitməz: "Ona görə ki, 20-ci əsrdə Azərbaycan xalqı erməni vəhşiliyinin deportasiya, etnik təmizləmə və soyqırım kimi hər üzünü görüb. Ötən əsrin əvvəlindən ta ki torpaqlarımızın 20 faizi işğal edilənə qədər azərbaycanlılar etnik təmizləməyə məruz qalıb. Buna görə də Xocalıya qayıdışın həm siyasi, həm hüquqi, həm də humanitar-insani əhəmiyyəti var".
Millət vəkilinin sözlərinə əsasən, Xocalıya qayıdış həm də xalqımızın dünya ermənililiyi üzərində zəfəridir. Xocalı təkcə işğaldan azad edilməyib. Bu faciə zamanı həm də 20-ci əsrin soyqırımı törədilib. Biz qayıdışla xalqımıza qarşı bir neçə əsrlik qisasımızı aldıq: "Xocalıya qayıdış erməni zülmünə məruz qalmış əcdadlarımızın ruhunun şad olmasıdır. Bu gün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt zülmlə, haqsızlıqla razılaşmır. Min il də keçsə, xalqımız zülmə boyun əyəsi deyil. Qarabağın işğaldan azad olunmasının zirvəsi Xocalıya qayıdışdır, Şuşada görülən quruculuq işləridir, Xankəndidə Universitetin açılmasıdır. Biz Qarabağı işğaldan azad etdik. Bugün hər birimiz möhtəşəm və Böyük Qayıdış prosesinin şahidiyik. İnşallah, tezliklə gün gələcək ki, Azərbaycan xalqının bir parçası olan Qərbi azərbaycanlılar öz tarixi, əzəli və əbədi torpaqlarına qayıdacaq. Xalqımız əbədiyyən öz əcdadlarından miras qalmış yurd yerlərində yaşayacaqdır. Allah bir daha Azərbaycan xalqını belə cinayət və facilərlə imtahana çəkməsin!"
Millət vəkili Elman Məmmədov qeyd edib ki, işğaldan azad olunmuş torpaqlarda həyata keçirilən bərpa və yenidənqurma işləri, qayıdış prosesi birbaşa cənab Prezidentin nəzarəti və rəhbərliyi ilə aparılır. Onun mütəmadi səfərləri, hər səfərdə müxtəlif obyektlərin təməlqoyma və açılış mərasimlərində iştirakı bunu bir daha sübut edir: "Mən də Xocalı sakini və məcburi köçkün kimi doğma torpaqlara qayıdışı səbirsizliklə gözləyirəm. Hazırda Xocalının Təzəbinə, Xanyurdu və Ballıca kəndlərinə köçlər həyata keçirilir. Bu kəndlərə səfərlərimiz olur, insanlarla görüşüb onların əhval-ruhiyyəsi ilə tanış oluruq. Bu günədək Xocalının müxtəlif yaşayış məntəqələrinə ümumilikdə 80-dən çox ailə köçürülüb. Təkcə Ballıca kəndinə 200-ə yaxın ailə yerləşdirilib. Təzəbinəyə, Xanyurduna isə gündəlik olaraq köçlər davam edir. Bu ilin sonunadək əlavə olaraq Daşbulaq və Badara kəndlərinə də ailələrin köçürülməsi gözlənilir. Həmin kəndlərdə artıq istifadəyə hazır evlər var və köç prosesi ardıcıl şəkildə həyata keçirilir. Böyük Qayıdış prosesi uğurla davam edir və insanlar doğma yurdlarında rahat şəkildə həyatlarını bərpa edirlər. Bu proses təkcə Xocalıyla məhdudlaşmır, digər azad olunmuş ərazilərdə də ardıcıl şəkildə həyata keçirilməkdə davam edir".
Millət vəkili Nigar Məmmədovanın dediyinə görə, Azərbaycanın dövlət suverenliyinin tam bərpası əməliyyatının növbəti ildönümü ərəfəsində keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmaqda davam edir. Bu günlərdə Xocavənd və Xocalının müxtəlif kəndlərinə, həmçinin Kəlbəcər şəhərinə köç karvanı yola salınıb. Qarabağa səfər edən Prezident İlham Əliyev yeni salınan yaşayış məntəqələrində yaradılan şəraitlə tanış olub, Xocavənddə Qırmızı Bazar, Hadrut qəsəbələri, Sos kəndi, eləcə də Xocalının Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşüb. Prezident bəyan edib ki, "antiterror əməliyyatlarından sonra Azərbaycan Qarabağ və Şərqi Zəngəzura tam nəzarət edir. Qələbəmizi təmin edən isə xalqımızın iradəsi, öz doğma torpağına olan bağlılığıdır.
O qeyd edib ki, hər kəs 44 günlük Vətən müharibəsində, eləcə də antiterror əməliyyatları zamanı Azərbaycanın yazdığı tarixdən danışır. Uzun illər işğaldan əziyyət çəkən ölkəmiz hər zaman sülh tərəfdarı olub. Bununla belə, Ermənistan havadarlarının dəstəyi ilə işğalı davam etdirib. Çünki onlar hesab edirdilər ki, müharibə olmayacaq. "Hesab edirdilər ki, onların arxasında duran böyük dövlətlər, güclər, onlara silah verən, pul verən, siyasi dəstək verən hər dəfə, hər zaman onları qoruyacaq. Amma bizim iradəmizi düzgün hesablaya bilməmişdilər", - deyən Müzəffər Ali Baş Komandan azad Qarabağ torpağından bir daha bəyan edib ki, Azərbaycan Ordusu, Azərbaycan xalqı qarşısında heç kim dura bilməz. Çünki biz haqlıyıq və haqlı olduğumuzu postmünaqişə dövründə də sübut edirik. Belə ki, böyük abadlıq və tikinti meydançasını xatırladan Qarabağ və Şərqi Zəngəzurun inkişaf edən siması Azərbaycanın gücünü göstərir: "Keçmiş məcburi köçkün soydaşlarımızın qayıdışı yeni dövrün əsas prioritetidir və bu proses ölkənin sosial-iqtisadi inkişafında əldə edilən nailiyyətlərin ayrılmaz tərkib hissəsinə çevrilib. İşğaldan azad edilən ərazilərə qayıdış, burada aparılan bərpa-quruculuq işləri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqətindədir. Dövlətimizin başçısı mütəmadi olaraq Qarabağda və Şərqi Zəngəzurda yeni salınan yaşayış məntəqələrinə səfərlər edir. Sonuncu səfər zamanı da yeni yaşayış məntəqələrinin təməli qoyulub, həmçinin sosial-mədəni obyektlər istifadəyə verilib. Hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır. 30 ildən artıq məcburi köçkünlük həyatı yaşayan soydaşlarımız böyük qürur hissi ilə doğma yurdlarında məskunlaşırlar. İşğaldan azad olunmuş ərazilərin bərpası, ilk növbədə, burada məskunlaşan soydaşlarımızın rifahını təmin etməyə yönəlib. Böyük Qayıdış Proqramı əsasında bütün azad olunmuş ərazilərdə yüksək standartlara malik bərpa-quruculuq işləri aparılır, soydaşlarımızın təhlükəsiz və firavan yaşayışı üçün hər cür şərait yaradılır".
N.Məmmədova işğaldan azad olunan ərazilərin qısa müddətdə bərpasının və yenidən qurulmasının əsl nümunə kimi qiymətləndirilməli olduğuna diqqət çəkərək deyib: "Belə ki, cəmi 8 aya - 2021-ci ilin oktyabrında Füzuli, bir il sonra isə Zəngilan, cari ilin mayında isə Laçın Beynəlxalq Hava Limanı istifadəyə verilib. Beləliklə, azad olunmuş ərazilərdə 3 beynəlxalq hava limanının inşası, eyni zamanda, müasir yol-nəqliyyat infrastrukturunun qurulması bölgənin tranzit potensialını gücləndirməklə yanaşı, turizm imkanlarının inkişafına, biznes mühitinin canlanmasına və yeni yaşayış məntəqələrinin dayanıqlı inkişafına geniş şərait yaradaraq, əhalinin rifahına töhfə verir. Böyük Qayıdış Proqramının birinci mərhələsinin sonunda - 2026-cı ilin axırında Qarabağda və Şərqi Zəngəzurda 140 min insan məskunlaşacaq. Bu proqramın uğurlu icrası ölkənin sosial, iqtisadi və institusional inkişafı üçün mühüm zəmin yaradıb. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir".
Sevinc QARAYEVA

