Xruşşovun BMT dəki “ayaqqabı şousu” KONKRET
Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
1960-cı il oktyabrın 12-də Nikita Xruşşov BMT-nin iclasına gələndə başa düşdü ki, dünya sülhü haqqında darıxdırıcı çıxışlar artıq keçmişdə qalıb. İndi şou göstərmək vaxtıdır!
Amerika dərsliklərində bu gün də iddia olunur ki, sovet lideri qəzəblənərək tribuna arxasında ayaqqabısını çıxarıb və dabanı ilə mebelləri döyməyə başlayıb. Guya o, “Kuzkanın anasını göstərmək” ifadəsini işlədərək kapitalizmi torpağa basdıracağı ilə hədələyib. Amma bu siyasi komediyanın real hadisələrə əsaslanan mənzərəsi daha maraqlıdır.
Əvvəla, Xruşşov ayaqqabısını çıxarıb şou göstərməyi planlaşdırmırdı. O, sadəcə səfər üçün bağsız, rahat yay ayaqqabısı seçmişdi. Zala giriş zamanı jurnalistlər arasında böyük basabas yaranmış, yöndəmsiz fotoqraflardan biri təsadüfən SSRİ liderinin dabanını tapdalamışdı. Nəticədə ayaqqabı ayağından çıxaraq stolun altına düşmüşdü.
Təsəvvür edin, qarşınızda dünya elitası, kameralar, nüvə silahı ilə bağlı gərginlik və beynəlxalq siyasətin ən nüfuzlu nümayəndələri var, siz isə bir ayağınızda ayaqqabısız qalmısınız. Xruşşov kapitalistlərin qarşısında dörd əl-ayaq üstə sürünməyi özünə sığışdırmadı — axı, status buna imkan vermirdi! Başını dik tutaraq, bir qədər axsaya-axsaya öz kreslosuna qədər getdi. Bir müddət sonra qayğıkeş mühafizəçilər stolun altından ayaqqabını tapıb Nikita Sergeyeviçə nəzakətlə qaytardılar. O da düşündü: “Yaxşı şeydir, yerdə niyə qalsın ki?” — və ayaqqabını mineral su ilə qeyd dəftərinin arasına, birbaşa stolun üstünə qoydu.
Hər şey sakit gedirdi. Ta o vaxta qədər ki, Filippin nümayəndəsi tribunaya çıxaraq SSRİ-ni tənqid etməyə başladı. Xruşşov əvvəlcə qaydalara uyğun davranmağa çalışdı: əlini qaldırdı, yerindən qışqırdı, barmağını gicgahında fırladaraq etirazını bildirdi. Ancaq onu nümayişkaranə şəkildə eşitməzliyə vurdular.
Nikita Sergeyeviç həmin an başa düşdü: əgər səsini eşitmirlərsə, onda 43-cü ölçülü “artilleriyanı” işə salmağın vaxtıdır!
Versiyalardan birinə görə, o, yumruqları ilə stola qəzəblə vurarkən saatı dayanmışdı. Kövrək texnikanın sıradan çıxmasına əsəbiləşən Xruşşov əlini stolun üstündəki əşyalardan birinə — həmin məşhur tufliyə uzatdı və onu dirijor çubuğu kimi havada ritmik şəkildə yelləməyə başladı. Sanki filippinli nümayəndəyə deyirdi: “Eşidirsən, bəsdir, sözünü bitir!” Daha təsirli görünmək üçün ayaqqabını bir neçə dəfə stolun üstünə də çırpdı.
Zal donub qaldı. Filippinli nümayəndə az qala sözünü unutdu, BMT-nin sinxron tərcüməçiləri isə sovet liderinin işlətdiyi ifadələri ingilis dilinə çevirməyə çalışarkən, necə deyərlər, “sistem xətası” ilə üzləşdilər.
Ən maraqlısı isə budur ki, Xruşşovun tribunada ayaqqabısı ilə qəzəblə zərbələr endirdiyini göstərən həqiqi foto mövcud deyil. İddialara görə, fotoqraflar bu tarixi şounu lentə almağa macal tapmayıblar. Ancaq mətbuatda yaranan səs-küy o qədər böyük olub ki, qəzetlər ertəsi gün köhnə fotoların üzərində onun qaldırılmış əlinə ayaqqabı da əlavə ediblər. Və dünya bu görüntüyə inanıb.
Müasir siyasətçilər piar mütəxəssislərinə milyonlar xərclədiyi halda, Nikita Xruşşova dünya siyasətinin ən yaddaqalan simalarından birinə çevrilmək üçün cəmi bir yay tuflisi və məqamı düzgün seçmək bacarığı kifayət etmişdi.
Beləcə, bir ayaqqabı beynəlxalq siyasətin ən məşhur əhvalatlarından birinə çevrildi. Xruşşov isə geosiyasi trolluğun, sözün əsl mənasında, “ayaqqabı ilə ölçülən” çempionu kimi tarixə düşdü.
Hazırladı: Ağagül Mürsəlov,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 13 Oktyabr 2026 08:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















