Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

XVIII əsr Təbrizinə işıq salan araşdırma

XVIII əsr Təbrizinə işıq salan araşdırma

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son dövrlərdə Azərbaycanın və qonşu ərazilərin orta əsrlər sosial-iqtisadi tarixinin Osmanlı maliyyə-vergi reyestrlərinin – tapu təhrir dəftərlərinin əsasında tədqiqi ölkəmizdə gərəkli elmi istiqamətlərdən birinə çevrilib. Azərbaycan tarixşünaslığında belə araşdırmanın əsasını qoymuş görkəmli şərqşünas akademik Ziya Bünyadovun istedadlı davamçılarından akademik Şahin Mustafayevin ötən ilin sonunda çapdan çıxmış 2 cildlik “Təbriz livasının müfəssəl dəftəri” kitabı elmi ictimaiyyətin böyük marağına səbəb olub.

1728-ci ildə Osmanlı məmurlarının tərtib etdikləri və iki hissədən ibarət o müfəssəl dəftərin əlyazma nüsxəsi İstanbulda Türkiyə Cümhurbaşqanlığı Osmanlı Arxivində saxlanılır. 6 əsrdən artıq mövcud olmuş Osmanlı dövləti bu sənədlərdən vergitutma məqsədilə istifadə edib. Şahin Mustafayev bundan əvvəl həmin arxivin materialları əsasında 1595-ci il tarixli “Lori vilayətinin icmal dəftəri” və 1728-ci ilə aid “Tiflis əyalətinin müfəssəl dəftəri (Qazax və Borçalı)” kitablarını da nəşr etdirib. Müəllif müfəssəl dəftərləri osmanlıcadan çevirib, ön söz yazıb və şərhlər verib.

Yeni nəşrin əhatəli ön sözündə Təbrizin müxtəlif dövrlərə aid tarixi, baş vermiş dağıdıcı zəlzələlər, şəhərin xarici səyyahların gözü ilə təsviri, qədim meydanlar və küçələr və s. barədə geniş məlumat verilir. Bildirilir ki, Elxanilər dövründə Təbriz paytaxt olduğuna görə insanlar kütləvi surətdə bu şəhərə axışıb gəlmişdir. Əhali o qədər çoxalmışdır ki, Təbriz qapılarının arxasında da iri yaşayış məskənləri əmələ gəlmişdir. Böyük Elxani hökmdarı Qazan xan (1295–1304) Təbrizin ətrafında müdafiə divarlarının çəkilməsi haqqında fərman vermişdir.

Qazan xan Təbrizdə çoxlu bazarlar, karvansaralar, hamamlar, emalatxanalar və s. də tikdirmişdir. Təbriz böyük ticarət, elm, sənətkarlıq və mədəniyyət mərkəzi olmuşdur. Qazan xanın ölümü ilə tikintisi başa çatmamış müdafiə divarlarının uzunluğu 25 min addıma (təxminən 15 km) çatırmış. Sonrakı dövrlərdə Təbrizə gələn xarici səyyahlar onu tamamilə bağ-bağçalar və yaşıllığa qərq olmuş bir şəhər kimi təsvir etmişlər.

Akademik Təbrizin tarixi meydanları barədə məlumat verərkən bildirir ki, qədim Xiyaban məhəlləsinin mərkəzi meydanı orta əsrlərdə xalq arasında “Qurd meydanı” adlandırılırmış. Burada əhlilləşdirilmiş canavarların döyüşü keçirilir, əhali bu yarışları çox sevirmiş. Lakin belə əyləncələr təhlükəli olduğundan I Şah Abbas zamanında qadağan edilmişdir.

Ümumiyyətlə, Təbriz şəhəri Rəvvadi, Atabəylər, Elxani, Cəlairi, Qaraqoyunlu, Ağqoyunlu və erkən Səfəvi sülalələrinin dövründə Azərbaycanın paytaxtı və Şərqlə Qərbi birləşdirən İpək yolu üzərində əsas ticarət və sənətkarlıq mərkəzi kimi dünya tarixində möhtəşəm iz buraxmışdır.

Lakin XVIII əsrin əvvəllərində təcavüzkar Rusiya imperiyası Səfəvi dövlətinin zəifləməsindən istifadə edərək onun Xəzəryanı vilayətlərini işğal etmişdir. Rusiyanın cənuba, Azərbaycan torpaqlarına yayılmasını istəməyən Osmanlı dövləti isə 1723-cü ildə hərəkətə keçib Səfəvi imperiyasının şimal və şimal-qərb ərazilərini tutmuşdur. Bu zaman osmanlılara ən ciddi müqaviməti Təbriz göstərmişdir.

Osmanlıların həyata keçirdiyi yeni inzibati-ərazi bölgüsünə görə Təbriz şəhəri və ətraf ərazilərə liva və ya sancaq inzibati statusu verilmişdir. Təbriz livasına Təbriz şəhərinin özü və 18 nahiyə daxil olmuşdur. XVI əsrin sonlarında əvvəlki Osmanlı fəthindən sonra tərtib edilmiş icmal dəftərinə görə, Təbriz livası 15 nahiyədən ibarət olmuşdur. Bunlardan ikisi – Dehharqan (xalq arasında “Tufarqan”) və Məvazixan nahiyələri tarixdəki izi ilə diqqəti cəlb edir.

XVI əsrdə yaşamış və “Azərbaycan aşıqlarının şahı” sayılan Aşıq Abbas Tufarqanda doğulduğuna görə bu adla tanınmışdır. Müfəssəl dəftər bir daha təsdiq edir ki, ərazinin daha düzgün adı Dehharqandır. Azərbaycanın siyasi mühacirlərinin 1930-cu illərində Türkiyədə nəşr etdikləri “Azərbaycan yurd bilgisi” dərgisində yer alan bir məqalədə də sənətkarın adı doğru olaraq Aşıq Abbas Dehharqanlı kimi verilmişdir. Məvazixan nahiyəsinin adı isə 1727-ci il tarixli Naxçıvan sancağının müfəssəl dəftərində qeydə alınan Məvazixatun nahiyəsi adının oxşarlığı ilə diqqəti cəlb edir.

Təbriz şəhəri böyük məskun ərazi olduğundan əhalinin siyahıyaalınması məhəllələr və küçələr üzrə keçirilmiş və bu, müfəssəl dəftərdə əksini tapmışdır. Qiymətli tarixi qaynağı nəşrə hazırlayan tədqiqatçı onun əhəmiyyəti barədə yazır: “Təbriz dəftəri elə bir unikal mənbədir ki, onun əsasında bu torpaqlarda yalnız Osmanlı vergitoplama praktikasının özəllikləri deyil, həm də sosial münasibətlər, şəhər həyatı, kənd təsərrüfatı, tarixi demoqrafiya və Təbrizin XVIII əsrin 20-ci illərindəki toponimikasını öyrənmək mümkün olur”.

Osmanlı idarəçilik qaydalarına uyğun olaraq yeni fəth edilmiş ərazilərdə inzibati-ərazi bölgüsü aparılırdı. Buna əsasən, vergi ödəyən əhali siyahıya alınır, obyektlər müəyyən edilir və müvafiq sənədlər tərtib edilirdi. Bu sənədlər iki cür olurdu: “müfəssəl” və “icmal” dəftərləri. Müfəssəl dəftərdə vergi obyektləri və subyektləri dəqiqləşdirilirdi.

Taxıl zəmiləri, mal-qara, meyvə və üzüm bağları, dükanlar, sənətkarlıq emalatxanaları, dəyirmanlar və s. vergi obyektləri idi. Vergi ödəyən əhali isə “rəiyyət” adlandırılır, iqtisadi durumuna görə fərqli statusa sahib olurdular. Onlar dövlət xəzinəsinə müvafiq qaydada müxtəlif rüsumlar verməklə mükəlləf olurdular.

Osmanlı idarəçiliyində əkinçilik üçün rəiyyətə verilən torpaq sahələri “ciftlik” deyilən parçalara ayrılırdı. Ciftliyin sahəsi torpağın keyfiyyətindən asılı olaraq dəyişirdi. Eni və uzunu 40 iri addım olan ərazi 1 dönüm hesab edilirdi. Onun ərazisi, təxminən, 919,3 kvadratmetr və ya 0,092 hektar idi.

Əla növ məhsuldar torpaqlarda 1 cift ərazi 80, orta keyfiyyətli torpaqlarda 100, məhsuldarlığı az olan aşağı keyfiyyətli torpaqlarda isə 130 dönümə bərabər götürülürdü. Evli olmayan şəxslərə cift verilmirdi. Yarım ciftdən az əkin sahəsi olanlara bennak deyirdilər, cabaların isə əkin sahəsi yox idi.

Müfəssəl dəftərlər, bir qayda olaraq, fəthlərdən 2-3 il sonra tərtib edilirdi. Bunun səbəbi o idi ki, Osmanlı hökuməti müharibə vaxtı qaçıb getmiş əhalinin geri qayıtması, eləcə də onun iqtisadi cəhətdən ayağa qalxması üçün vaxt verirdi.

Ailə vəziyyətinə görə, bütün kəndlilər evli və subay olmaqla iki qrupa, sosial durumuna görə isə 1 cift əkin sahəsinə malik olanlar, yarım cift əkin sahəsinə malik olanlar, yarım ciftdən az əkin sahəsinə malik olanlar (bennak), az torpaqlı, subay, atasının təsərrüfatında çalışan kəndlilərə (mücərrəd) və torpaq sahəsi olmayan kəndlilərə (caba) bölünürdlər. Müəllifin hesablamalarına görə, 1728-ci ildə Təbriz livasında 2 min 729 ciftçi, 2 min 221 yarımciftçi, 8 min 125 bennak, 4 min 413 mücərrəd və 5 min 928 caba, cəmi 23 min 416 nəfər vergi ödəyicisi qeydə alınmışdır.

Osmanlı araşdırmalarında qəbul edilmiş demoqrafiya prinsiplərinə görə, hər hansı bir inzibati vahidin əhalisini hesablamaq üçün orada qeydə alınmış ailə sayını 5-ə vurmaq lazımdır (subayların ayrıca ailəsi olmadığına görə bu hesablamalarda onları nəzərə almırıq). Beləliklə, 1728-ci ildə Təbriz livasında 19 min ailə və 95 min nəfər əhalinin yaşadığı məlum olur. Bu rəqəmlərdən həm də məlum olur ki, vergi ödəyicilərinin yalnız 21 faizi 1 cift və ya 0,5 cift əkin sahəsinə malik idi. Cabalar, yəni özünün torpaq sahəsi olmayanlar ümumi əhalinin 25 faizini təşkil edirdi.

Təbriz şəhərində 5 min 687 müsəlman, 610 xristian, 54 yəhudi, cəmi isə 6 min 351 vergi ödəyicisi qeydə alınmışdır. Onların 18 faizinin subay (1143 nəfər) olduğunu nəzərə alsaq, həmin vaxt Təbriz şəhərində 5 min 206 ailə qeydə alınmış olur ki, bu da təxminən, 26 min nəfər demək idi. Müsəlmanlar əhalinin 89,6 faizini təşkil edirdilər.

Beləliklə, 1728-ci ildə şəhər də daxil olmaqla, bütün Təbriz livasında, təqribən, 121 min nəfər əhali yaşayırdı. Müqayisə üçün deyək ki, İrəvan livasının 1727-ci il tarixli müfəssəl dəftərinə görə, orada, təqribən, 70 min nəfər əhali yaşayırdı. Gəncə – Qarabağ əyalətinin 1728-ci il tarixli müfəssəl dəftərində 19 min 395, başqa sözlə, Təbriz livasının kənd əhalisindən 4 min az vergi ödəyicisi qeydə alınmışdır.

Təbriz livasında 23 min 416 vergi ödəyicisinin 4 min 413-ü, yəni 22,7 faizi subay olmuşdur. 19 min 395-dən bu faizi çıxdıqda, təxminən, 15 min ailə qalır ki, bu da 75 min nəfər deməkdir. Beləliklə, eyni dövrdə Təbriz şəhərindən və 18 nahiyədən ibarət Təbriz livasının əhalisi İrəvan şəhəri və 13 nahiyədən ibarət İrəvan livası əhalisindən 72,9 faiz, 37 nahiyəyə bölünmüş ,5 livadan ibarət Gəncə – Qarabağ əyaləti əhalisindən 61,3 faiz artıq olmuşdur.

Təbriz şəhərinin 1728-ci ildəki durumu onun əhalisinin kəskin azaldığını, iqtisadi cəhətdən tənəzzülə uğradığını və əvvəlki əhəmiyyətini itirdiyini göstərir. Bu isə uzun sürən Osmanlı – Səfəvi müharibələri, onun paytaxt statusunu itirməsi və 1721-ci ildə şəhərdə baş vermiş dəhşətli zəlzələ ilə bağlı idi.

Təbriz livasının əhalisinin həyat səviyyəsini araşdırmaq üçün ustad şairimiz Şəhriyarın uşaqlığının keçdiyi Xoşginab kəndini (Xanımrud nahiyəsi) seçdik. Bu kənd məşhur Heydərbaba dağının ətəklərində yerləşirdi. 1728-ci ildə bu kənddə 3 nəfər cift sahibi, 2 nəfər yarımciftçi, 4 bennak, 6 caba, cəmi 15 ailə və ya vergi ödəyicisi yaşayırdı. Onlar əldə etdikləri dənli bitkilərdən vergi kimi xüms (beşdə bir deməkdir) ödəyirdilər.

Əldə etdikləri dənli bitkilərdən və digər gəlir mənbələrindən ildə 4 min 879 ağça vergi verdikdən sonra, təxminən, ailəbaşına 900 ağça gəlir götürmüşdülər. Xoşginablılar ildə ailəbaşına cəmi 509 kiloqram taxıl (buğda, arpa, darı), noxud və mərcimək istehlak etmişdilər ki, bu da 5 nəfərlik ailə üçün adambaşına, təxminən, 100 kiloqram demək idi. Bu rəqəm tələb olunan miqdardan, ən azı, 2 dəfə az idi. Məhsuldarlıq da çox aşağı olmuşdur: 40 hektardan artıq əkin sahəsindən cəmi 10,5 ton məhsul götürülmüşdür.

Müfəssəl dəftərdə əkin məhsullarının qiyməti haqqında məlumat da öz əksini tapmışdır: buğdanın 1 kilesi (təxminən, 25 kiloqrama bərabər çəki vahidi) 40, arpanınkı 30, darınınki 20, noxud və mərciməyinki isə 60 ağça olmuşdur. Həmin vaxt İrəvan livasında buğdanın 1 kilesi 30, arpa və darınınki isə 20 ağça idi. Göründüyü kimi, kitabda əhalinin sosial-iqtisadi vəziyyəti barədə dolğun və son dərəcə qiymətli məlumatlar da yer almışdır.

Müfəssəl dəftərin bir tarixi qaynaq olaraq verdiyi ən dəyərli məlumatlardan biri də Təbriz livasında o dövrdə mövcud olan yer və şəxs adlarıdır. Müəllif haqlı olaraq hesab edir ki, kitabda yer alan antroponimik vahidlər – şəxs adları o dövrün mədəni dəyərlər sistemi haqqında müəyyən təsəvvür yaratmağa imkan verir. Eyni zamanda, şəxs adları arasında türkmənşəli adların çoxluğu Təbriz əhalisinin türk etnik mənsubiyyətini təsdiq edən önəmli faktdır.

Sonda bildirək ki, Beynəlxalq Türk Akademiyasının prezidenti kimi böyük və məsul vəzifə daşıdığından vaxtının darlığına baxmayaraq, akademik Şahin Mustafayevin böyük zəhmət hesabına başa gətirdiyi bu kitab Azərbaycan tarixinin mənbəşünaslığını zənginləşdirən qiymətli bir nəşrdir. Bu qaynağın araşdırılıb işığa çıxarılması tarixçi alimin tarix elmimizin növbəti uğurudur.

Nazir ƏHMƏDLİ,
Azərbaycanda Atatürk Mərkəzinin əməkdaşı, tədqiqatçı alim

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Fevral 2025 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see686

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see487

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see281

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see279

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see265

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see262

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see255

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see250

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see249

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see248

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see246

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see236

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see232

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see227

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see227

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see223

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see222

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see215

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see214

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri