Icma.az
close
up
RU
Yad tanış adam Nəriman Əbdülrəhmanlının yeni hekayəsi

Yad tanış adam Nəriman Əbdülrəhmanlının yeni hekayəsi

Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kulis.az Nəriman Əbdülrəhmanlının "Tanış yad adam" adlı yeni hekayəsini təqdim edir.

...Onu hər gün olmasa da, əz azı, həftədə iki-üç dəfə görürəm: işdən vaxtında çıxdığım məqamlarda avtobus dayanacağına çatmamış üzbəüzdəki döngədən peyda olur, bir küncündən yapışdığı qovluğunu yellədə-yellədə gəlib yanımdan ötür, təxminən iyirmi addım gedəndən sonra küçəni keçmək üçün ayaq saxlayıb işıqforun qırmızı gözünün yaşılla əvəzlənməsini səbirlə gözləyir, məqamı çatanda asta-asta qarşı tərəfə keçib sola dönür, bir qədər irəlidəki döngəni burulub gözdən itir. İsti, yaxud mülayim havalarda çox vaxt əynində bozumtula çalan parusin şalvar, açıq, ya boz rəngli köynək, havalar dəyişəndəsə, ucuz, ancaq səliqəli tünd rəngli kostyum, eyni rəngdə gödəkçə olur, başınasa rəngi gödəkçədən seçilməyən kepka qoyur. Yalnız daim tünd-qəhvəyi rəngli ayaqqabıları dəyişmir, hərdən beynimdən keçirirəm ki, yəqin, imkanı olanda, eynisindən beş-on cüt alıb, indi də arın-arxayın geyinir.

Gəliş-gedişin sıx olduğu küçədəki adamlar arasından məhz onu seçməyimin xüsusi bir səbəbi var, ya yox, bunu deyə bilmərəm: birinci dəfə böyrümdən ötəndə diqqətimi sifətindəki xəyalpərvər, bir qədər də laübalı ifadə çəkmiş, mənə elə gəlmişdi ki, bu böyük kütlənin içində hamıdan aralı yaşayır, ərtafında da, nəhəng aləmdə də baş verənlərin ona zərrə qədər də dəxli yoxdu: dünyanın hər üzünü görmüş, ağlagəlməz çətinlikləriylə qarşılaşmış, dürlü-dürlü sınaqlardan çıxmış, ağır itkilər vermiş, ömür adlanan möhlətin də elə ard-arda gələn qaçılmaz itkilərdən ibarət olduğunu dərk eləyib, həyatın bu qaçılmaz qanunuyla barışmış adamlara məxsus o ifadə mənə yaxşı tanışdı, üstəlik də bu cür adamların öz ömürlərini çəkilməz abır yüküylə keçirdiklərini, başlarına gələnlərin başlıca səbəbinin də elə alınlarına yazılmış o yük olduğunu çox yaxşı bilirəm.

Bəlkə, elə buna görəydi ki, onu ikinci dəfə görəndə köhnə tanış, az qala, məhrəm adam kimi qəbul elədim, hətta başını qaldırıb üzümə baxsaydı, salam belə verməyə hazırıydım. Üstəlik də yadıma düşmüşdü ki, əvvəlki gün avtobusda gedəndə, bu da azmış kimi, gecə yatağıma girəndə belə, hardansa onu yada salmış, görkəmini, hərəkətlərini gözlərim qarşısında canlandırmışam: güman ki, uzun illər ərzində cilalanıb vərdişə çevrilmiş tərzdə böyrümdən ötüb-keçməsinə, işıqforda ayaq saxlayıb yaşıl işığın yanmasını gözləməsinə, üzbəüz tərəfdə sola dönüb küçəaşağı uzaqlaşmasına, nəhayət, sağa burulub döngədə gözdən itməsinə elə göz qoyurdum ki, elə bil, məhrəm adamımı yola salırdım. Üstəlik, səhər oyananda yatağımdan qalxmamış yenə hardansa o adamı xatırlamış, beynimdən bu gün onunla rastlaşıb-rastlaşmayacağımı keçirmişdim. Amma həmin gün təsadüfən işdən tez çıxmalı olmuş, getdiyim məclisin ortasında – düz iş vaxtımın başa çatdığı məqamda – qəfildən onu yenə xatırlamış, təsadüfən rastlaşdığım yad adamı indi aralarında olduğum köhnə tanışlarımdan daha məhrəm saydığımı dərk eləyib qəribə tərzdə həyəcanlanıb, görə bilməyəcəyimə təəssüflənmiş, o duyğu da gecə yatağıma girəndə belə, çəkilib gütməmişdi. Yadımdadı, səhəri gün də dişimi-dişimə sıxıb işdən vaxtında çıxmaq üçün əlimdən gələn hər şeyi eləmiş, dayanacağa çatanda da üzbəüz tərəfdən gəldiyini görüb qəlbimdə ağlagəlməz yüngüllük duymuşdum. O da, elə bil, Allahın lütfü kimi, bu dəfə nədənsə başını qaldırıb üzümə baxmışdı, nəzərlərimiz bir anlığa qarşılaşanda içimdən anlaşılmaz həyəcan dalğası keçmiş, o bircə anda sanki tanış yad adamın bütün həyatını kitab kimi oxumuşdum.

Sonrakı rastlaşmalarımızı onun həyat təfərrüatlarını zənginləşdirən illüstrasiyalar sayır, hərəkətlərinə göz qoya-qoya ömür gizlinlərini üzə çıxarmağa çalışırdım. Bir dəfə küçəni keçəndən sonra, adəti üzrə, dərhal sola burulmadı, qapısı düz piyada keçidinə açılan kafenin qabağında ayaq saxladı, bir anlığa tərəddüd içində dayandı, sonra əlini qapının dəstəyinə atıb özünə sarı dartdı, tanış-biliş axtaran kmi, başını içəri uzadıb boylandı, aradığını tapa bilməyib örtdü, qovluğunu yellədə-yellədə yoluna davam elədi. Başqası, bəlkə, o hərəkətini elə bu cür də başa düşə bilərdi, amma mən nədənsə tamam başqa bir nəticə çıxardım: güman ki, çoxdandı dost-tanışlarıyla xudmani kafelərdə oturmamış, iki-üç saatlığa da olsa, dünyanın qayğılarından aralanmamış, içindəki ağırlıqdan qurtulmağa çalışmamışdı, indi o tanış ab-havanı bir anlığa da olsa, içinə çəkmək, qəfildən kükrəmiş duyğularını müvəqqəti kiritmək istəyirdi. Yəqin, qəlbindən içəri girmək, arxayın görkəmlə bir tərəfdə oturub yemək-içki sifariş eləmək, özünü səs-küyün, siqaret tüstüsünün, bir də xatirələrin ixtiyarına vermək keçir, amma belə şeyi özünə heç cür sığışdıra bilmirdi: ya cibindəki pulu buna imkan vermir, ya da tanış-bilişin görüb haqqında cürbəcür fikirlərə qapılacağından ehtiyatlanırdı; hər halda, içəri girmədi, kafenin bayıra sızan havasını bir daha içinə çəkib qovluğunu yellədə-yellədə üzüaşağı getdi, az sonra da döngəyə burulub gözdən itdi.

Bir dəfə də küçəni keçib kafenin qabağında sola döndü, beş-on addım atıb bu dəfə oyuncaq dükanının vitrini qarşısında dayandı, ayaqlarını götürüb qoya-qoya sarı saçları, mavi gözləri, ağappaq paltarı olan gəlinciyə (yanından ötəndə o gəlincik bir neçə dəfə mənim də diqqətimi çəkmişdi) uzun-uzadı tamaşa elədi, hətta sağ əlindəki qovluğu sol əlinə keçirdi, sağ əlini pencəyinin sol qoltuq cibinə atdı, bir qədər qurcalayıb çıxardı, tərəddüd içində bir qədər də dayandı, sonra qovluğunu sol əlindən sağ əlinə ötürdü, yerindən tərpənib küçəaşağı getdi, döngəni burulub gözdən itdi. Onda beynimdən keçirmişdim ki, şübhəsiz, təxminən mənimlə yaşıd olan o kişinin gəlincik oynadacaq yaşda qız nəvəsi var, görünür, onu çox sevir, çoxdandı, hədiyyə-filan almayıb, qucağına götürəndə, öpüb-qoxulayanda xəcalət çəkir, bəlkə, elə artıq ağzından ona qəşəng gəlincik alacağını da qaçırıb, bu səbəbdən əlinə özü də gözləmədiyi bir yerdən pul gələcəyinə inanmadığına görə, o arzusunu olan-qalan imkanıyla gerçəkləşdirməyə çalışır. Heç şübhəsiz, aramızda salam-əleyk olsaydı, həmin məqamda əl tutar, bəlkə də gəlinciyi özüm alıb nəvəsinə çatdırmaq üçün verər, dil-ağız eləməsi üçün aman verməz, minnətdar, həm də həyəcanlı görkəmlə küçəaşağı addımlamasına, sonra sağa dönüb döngədə gözdən itməsinə könül rahatlığıyla göz qoyardım.

Həmin gün evə çatanacan kişinin o bir anlıq tərəddüdlü, sarsıntılı, xəcalətli görkəmi gözlərimin qabağından çəklmədi, arada başım ev qayğılarına qarışsa da, gecə yatağıma uzananda bir daha yaddaşımdan boy verdi, xəyalımda tanış yad adamın döngədən o tərəfdəki həyatını canlandırmağa çalışdım: o, döngəni burulub gözlərini yerdən qaldırmadan gedir, həmin məqamda da qəlbində Nuhun tufanına oxşar təlatümlər baş verir, ola bilsin, rast gələn tanış-bilişin, qonum-qonşunun verdikləri salamı belə eşitmir, nəhayət, yan-yana düzülmüş həyət evlərindən birinə dönür, içəri girəndə üstünə qaçan nəvəsini başını yuxarı qaldırmadan, qəlbi qan ağlaya-ağlaya qucaqlayır, öpüb-qoxulayır, o gəlinciyi alıb uşağı sevindirə bilmədiyinə görə, əməlli-başı xəcalət təri, köynək-köynək ət tökür, sarsıntısını az-çox ört-basdır eləmək üçün nəvəsindən tez aralanmağa çalışır, arvadının-gəlininin sorğu-sualı müqbilində yorğunluğunu bəhanə gətirib otağına çəkilir, içinin sıxıntısını birtəhər ovutmağa çalışır, bir də axşam yeməyinə çağrılanda üzə çıxır, ya da iştahı olmadığını bəhanə eləyib heç yeməyə də oturmur. Əlbəttə, gümanımda bir qədər yanıla da bilərəm: o kişi gəlinciyi bəlkə də qız nəvəsinə, ya da ayrı yaşayan oğlunun qızına almaq istəyir, imkanı çatsaydı, tərəddüd eləməyəcək, sonra yolunu dəyişəcək, dayanacağa qayıdıb avtobuslardan birinə minəcək, hardasa enib qızı, yaxud oğlu yaşayan evin qapısını döyəcək, gəlinciyi nəvəsinə verib sevindirəcək, öpüb-əzizləyəcək, qızı-kürəkəni, yaxud oğlu-gəliniylə şad-xürrəm çay içib, yemək yeyəcək, ordan-burdan söhbət eləyəcək, bu müddətdə də gəlinciyini oynadan nəvəsini gözaltı süzə-süzə qəlbində ağlagəlməz rahatlıq duyacaq, sonra da onu bir daha öpüb-qoxulayacaq, qızı-kürəkəni, yaxud oğlu-gəliniylə vidalaşacaq, qovluğunun küncündən yapışıb yellədə-yellədə avtobus dayanacağına yollanacaq, oturmağa yer tapsa da, ayaq üstdə qalsa da, o simasındakı məmnun, xoşbəxt, yarıbayğın ifadə uzun müddət, hətta evə çatanda, yatağa girəndə belə, çəkilib getməyəcək. Əlbəttə, üçüncü, mənim ağlıma gəlməyən versiya da ola bilərdi, amma qəti əminiydim ki, o gəlinciyi bir uşağı sevindirmək üçün almaq istəyir.

Elə onda da tanış yad adamın, güman ki, ən azı, üç uşağı olduğuna qəti əminlik duymuşdum: çünki belə adamlar uşaqsevər olur, ömürlərini də övladlarını böyütməklə, onlara tərbiyə verməklə, həyatlarını qurmaqla keçirir, özlərini böyüdüb, oxudub, əlini çörəyə çatdırıb, ev-eşik yiyəsi eləməklə yetinmir, nəvələrinin gələcəyi barədə də düşünürlər, bu səbəbdən də ömürləri öz boğazlarından, əyin-başlarından kəsməklə, kef-damaqdan, gəzməkdən, istirahətdən uzaq durmaqla keçir, ailə söhbətləri də ancaq müəyyən çətinlikləri aradan qaldırmaq, çatışmazlıqları yoluna qoymaq, əldə-ovucda olanı qoruyub-saxlamaq, ayı-ili borcsuz-xərcsiz başa vurmaq barədə olur. Güman ki, belə məqamlarda da kişi bir vaxtlar əlinə düşən fürsətləri qaçırdığına, düz-əməlli vəzifə sahibi olmadığına, arzuladığı həyatı ailəsinə yaşada bilmədiyinə görə, xəcalətindən ölüb yerə girmək istəyir, duyduğu sarsıntıdan, guya, nəsə yazıb-pozmaqla, eyvana çıxmaqla, ya da həyətə enməklə qurtulmağa çalışır. Amma bütün bunlar, şübhəsiz, onun qəlbindəki insan sevgisini azaltmaq iqtidarında deyil, dişini dişinə sıxıb özünün nail ola bilmədiklərini törəmələrinə - oğluna, qızına, nəvələrinə - verməyə can atır, qalan ömür möhləti də elə bu cür çalışıb-çabalamaqla başa çatacaq.

Onun işi-gücü, vəzifəsi-filanı barədə düz-əməlli bir şey deyə bilmərəm, dayanacaqda rastlaşma vaxtına görə, güman ki, beş-altı dəqiqəlik məsafədə yerləşən idarələrdən birində işləyir, əlindəki qovluqdan da sanballı vəzifəsi olmasa belə, vacib iş gördüyü məlumdu, çünki hər bir idarədə bu cür beş-üç nəfər çalışıb-çabalamalıdı ki, digərləri – vəzifəsi, arxa-dayağı, alıb-vermək, iş düzəltmək, gözə girmək qabiliyyəti olanlar - əmin-arxayın ömür sürə, qaz vurub, qazan doldura, məsələ qəlizləşəndə də onunkimilərini irəli verib canlarını qurtara bilsinlər. O tanış yad adamın elə yalın görkəmi vardı ki, beləsi yarınmaqda, bulanlıq suda balıq tutmaqda, badalaq oyunlarında bacarıq yiyəsi ola, yağlı vəzifələrə dırmaşa, alıb-verə, ailəsini yağ içində böyrək kimi yaşada bilməzdi, o cür məqamlar təklif olunanda da, ya boyun qaçırar, ya da cəmi-cümlətanı altı ay, bir il sonra “bacarıqsız” yarlığıyla taxtından salınıb rüsvay edilərdi. Bu bür Allah bəndələrinin alın yazısında yalnız anadangəlmə qabiliyyətləri hesabına iş yerlərində bir dəstə havayıyeyənin, evdə də ailənin yükünü səssiz-səmirsiz çəkmək, verilənlə, əlinə gələnlə yetinmək, bəxtinə düşənə şükr eləmək olur. Bəlkə, ifrata varır, özümdə tapdığım cizgiləri o binəvanın ayağına yazırdım, amma nədənsə qənaətimdə zərrə qədər də şübhə eləmədiyimə əməlli-başlı əmindim.

Bir müddət sonra da onun hansı peşənin yiyəsi olduğuyla bağlı baş sındırmağa başlamışdım: rastlaşanda daha diqqətlə nəzərdən keçirir, görkəmində iş-gücüylə bağlı kiçicik bir nişanə tapmağa çalışırdım, axırda da bu qənaətə gəldim ki, belə təhər-töhürlü adam olsa-olsa, yazı-pozu işində çalışa bilər. Beynimdə bu ətrafdakı irili-xırdalı idarələri götür-qoy elədim, amma ağlıma batan bir yer tapa bilmədim, ya da o cür yer vardı, mənim xəbərim yoxudu. Əlbəttə, bu cür adamı təsəvvürümdə bir-birinə söykənmiş ərzaq, xırdavat, geyim-keçim, mebel, inşaat, şirniyyat... dükanlarında, kafe-çayxanalarda, apteklərdə (həmin məqamlarda da beyimdən keçirirdim ki, gözəlim millət ömrünü elə alver eləməklə, yeyib-içməklə, bir də xəstələnməklə məşğuldu, başqa dərdi-azarı yoxdu) çalışan vəziyyətdə canlandıra bilmirdim, fikrimcə, belə şeyləri bacarmazdı – alıb-vermək, iş düzəltmək, yalan söyləmək qabiliyyəti olmayan kəslərin o cür yerlərdə nə işi vardı axı? Belə adamın yeri yazı-pozu işləridi – az-çox rahat künc, ortabab maaş verəsən, üzünə xoş baxıb, arabir də tərifləyəsən, başını aşağı salıb öküztək çalışa, iş yiyəsinin üzünü ağarda, başını ucalda, ad-sanını aləmə yaya. Amma gərək bu cür adamların haqqını tapdamaya, heysiyyatlarına toxunmaya, yeyib yağlı əllərini üstlərinə silməyəsən, belə məqalmlarda üzləri birdəfəlik dönür, sonra ayaqlarına da düşsən, könlünü ala bilməzsən.

Çox güman ki, işə hamıdan qabaq gedir, camat yığışmamış, idarə qaynar qazana dönməmiş işlərinin böyük bir qismini görməyə çalışır: əvvəlcə pəncərəni açıb otağın havasını dəyişir, sonra çay dəmləyir, bu işləri görə-görə də ailə qayğılarından sıyrılmağa, görəcəyi işə köklənməyə çalışır, masası arxasına keçməzdən qabaq artırmaya, ya da eyvana çıxıb siqaret sümürə-sümürə (düzü, əlində siqaret görməmişdim, ciblərində də nəzərimə çarpmamışdı, amma nədənsə mənə elə gəlirdi, mütləq çəkir, hətta təsəvvürümdə necə çəkdiyini belə, canlandırmışdım, qənaətimin düzgünlüyünə də zərrə qədər şübhə eləmirdim) beynində görəcəyi işi götür-qoy eləyir, nəhayət, qayıdıb masasının arxasında oturur, qapı açılana, əməkdaşlar gələnəcən də başını kağız-kuğazın üstündən qaldırmır. Belə məqamlarda da onu heç cür kompyuter arxasında oturmuş vəziyyətdə təsəvvür eləyə bilmirdim, mənə elə gəlirdi, belə adamlar ancaq qələm-kağızla işləyə, sonra da yazıb-pozduqlarını xahiş-minnətlə, xəcalət təri tökə-tökə iş yoldaşlarına, tanış-bilişlərinə yazdıra bilərlər; bəlkə də kompyuterdə xırda-para işləri görməyi bacarırlar, amma ortaya kiçicik bir çətinlik çıxanda mütləq naəlac görkəmlə başqalarından mədəd umurlar. Görünür, başılarının ağaları da qabiliyyətləri üzündən bu cür çatışmazlıqları onlara səxavətlə bağışlayır, əvəzindəsə öz işlərini boyunlarına yükləməyi unutmurlar – axı bu dünyada heç şey əvəzsiz olmur. Şübhəsiz, onlar da öz qüsurlarının fərqinə varıb səslərini çıxarmır, qismətləriylə barışır, hətta kimsəyə borclu qalmadıqlarına görə, mənəvi rahatlıq duyurlar.

Güman ki, ona işlədiyi idarədə iddiasız, umacaqsız, gözü-könlü tox olduğuna görə də hörmət bəsləyirlər – mənsəbdə-filanda kimsənin rəqibi deyil, başqalarının yerinə göz dikmir, heç kəsin gəlir-çıxarını hesablamır, arada-bərədə olub-keçənləri dilinə dolamır. Şübhəsiz, belə adamlar çörək yedikləri qaba tüpürməyi heç vaxt özlərinə rəva görməz, idarədə baş verənləri orda-burda danışıb aləmə car çəkməz, bir sözlə, öz evi, ailəsi saydığı yerin zibilini çölə çıxarmağı şənlərinə sığışdırmazlar. Bu cür adamlar ancaq öz işləriylə məşğul olar, dəstələrə-qruplara qoşulmaz, xudmani guşələrə çəkilib üzəyarı canbir qəlbdə olduğu kəslərə şəbədə qoşanlardan cürbəcür bəhanələrlə uzaq durmağa, aralarında məsafə saxlamağa çalışar, çiyinlərini ən ağır işlərin altına verər, ad-san, mükafat, mənfəət-filan gözləməz, bütün bunları da onların əvəzinə ortada yeyib, qıraqda gəzənlər, hər əlləri bir adamın cibindən çıxanlar, harda aş varsa, orda baş olanlar, qiyafətlə tanınmağı, məharətlə yarınmağı, bəlağətlə danışmağı bacaranlar qzanarlar; belələri kürsülərə çıxmağı özlərinə ölümdən betər sayar, danışanda qan-tərə batar, yığnaqlarda arxa sıralarda, gözdəniraq yerlərdə oturar, nəzərə çarpmamağa çalışarlar. Ola bilsin, tanış yad adamı bu məsələlərdə də özümə oxşatmağa çalışır, yenə öz xasiyyətlərimi o binəvanın ayağına yazıram, amma nə qədər düşünüb-daşınıramsa, onu təsəvvürümdə başqa cür canlandıra bilmirəm.

Hər dəfə yanımdan ötəndə, işıqforda dayanıb yaşıl gözün yanmasını gözləyəndə, küçəni keçəndə, sola dönüb üzüaşağı gedəndə, tini burulanda hərəkətlərinə göz qoyurdum – addımlarını elə atırdı, sanki ayaqları altında qarışqa qalacağından qorxurdu. Belə adamlar, şübhəsiz, iş yerində də, məclislərdə də, küçə-bazarda da çox nəzakətli olurlar, kimsənin qəlbinə dəymək, haqqını tapdamaq, hökmlərini göstərmək, özlərindən zəiflərə əl qaldırmaq istəməz, dayanacaqda sallaqqarın cavan oğlan özünü irəli dürtüb avtobusa ondan qabaq minməyə çalışanda, bazarda alverçi çəkdiyi meyvənin içinə xarabını qatanda, dükanda satıcı təzə çörək əvəzinə boyatını verəndə səslərini çıxarmaz, günahkarların abrını verməz, halalca haqlarını tələb eləməzlər, ancaq başlarını bulayıb mərhəmətlə gülümsəyər, günah sahiblərinə şəfqət dolu nəzər salarlar. Şübhəsiz, bu cür adamlar öz evlərində belə, kimsənin narahat olmasını istəməzlər: yəqin, o da səhərlər elə yuyunub-geyinir, çay içir ki, arvad-uşaq oyanmasın – belələri arvadının, ya da qız-gəlininin şirin yuxusuna haram qatıb qalxmalarına, çay-çörək hazırlamalarına qətiyyən razı olmazlar. Heç təhər-töhüründən də qurmana oxşamır, ola bilsin, səhərlər bir stəkan şirin şay, bir tikə pendir-çörəklə yetinir, günortalar dadar-doymaz yeyir, necə deyərlər, mədəsini aldadır, axşamlar da çörəyə iştahı olanda əl uzadır, olmayanda da meyvəylə-filanla yola verir. Bəlkə də heç süfrə arxasında amiranə görkəmlə oturub yemək gözləməyib, qabağına qoyulanı sonulamayıb, çox vaxt da özü qazanda-soyuducuda nə tapıbsa, qarnını onunla doyurub. Nə qədər çalışırdımsa, belə adamların ağızlarını marçıldada-marçıldada ləzzətli xörəklər yemələrini, yağlı kabab tikələrini dişlərinə çəkmələrini, üstəlik, çərəzlərdən gen-bol istifadə eləmələrini təsəvvürümdə heç cür canlandıra bilmirdim.

Şübhəsiz, onun evdəki məşğuliyyətini də xəyalıma gətirməyə can atırdım: yəqin, kiçik iş otağı, ən azı, ayrıca bir küncü var, o küncə kitab şkafı, yazı masası sığışdırıb, evdə olduğu günlərdə də, adəti üzrə, erkəndən oyanır, arvad-uşağını narahat eləməməyə çalışa-çalışa yuyunub-geyinir, səhər yeməyini yeyib, çay süzür, ya da qəhvə dəmləyir, yazı masasının arxasında oturub nəsə yazır, oxuyur, qeydlər aparır, arabir də düşüncələrə dalır, qalxıb otaqda gəzişir, beynində nəyisə götür-qoy eləyir, şkafdakı kitabları, üst-üstə qalanmış əlyazmaları vərəqləyir, eyvana, yaxud artırmaya çıxıb siqaret çəkir, sonra qayıdıb yazı-pozusuyla məşğul olur, arvad-uşağın yuxudan oyanması belə, onu işindən ayırmır. Evinə qohum-qonşu gələndə nəzkətini əskik eləməsə də, can sıxıntısıyla oturub o məcburi məclislərin nə vaxt başa çatacağını gözləyir, hətta candərdi söhbət vaxtı belə, fikri-zikri yazı-pozusunun yanında qalır: bu cür adamların evdə arvad-uşaqla laqqırtı vurmalarını, qonaq-qara gələndə uzun-uzadı söhbət eləmələrini heç cür təsəvvürümə gətirə bilmirdim. Fikrimcə, belələri sevgilərini də, nifrətlərini də gizlədə, üzəyarılıq eləyə bilməzlər, bacarıqsızlıqları dərhal faş olar, gülünc vəziyyətdə qalarlar.

Bir dəfə böyrümdən ötüb beş-altı addım aralananda təsadüfən üzbəüaz səmtdən gələn qadının qoluna toxundu, günahkar görkəmlə dönüb üzrxahlıq eləmək istəyəndə tərəf-müqabilinin nifrətamiz baxışlarıyla qarşılaşdı, dərhal gözlərimin qabağındaca büzüşüb-balacalaşdı, özünü itirib döyükdü, nəsə mızıldanıb tələm-tələsik uzaqlaşmağa çalışdı. Onda tam əmin olmuşdum ki, bu cür adamlar zənən xeylağından lap oddan qorxan kimi qorxur, zərif cinsdən həmişə uzaq durmağa çalışır, onlarla üz-üzə, diz-dizə qalmağı dünyanın ən əzablı işi sayırlar. Belələri arvadlarını yanlarına salıb gəzməyə çıxmaz, toya-yasa, məclisə, dükan-bazara getməz, olan-qalanını verib gedəcəkləri yerlərə oğul-uşaqla, qohum-qardaşla göndərər, ayda-ildə bir dəfə məcbur olanda da itin zülümünü çəkər, canını qurtaranacan o dünyanı görüb qayıdarlar. Əlbəttə, ola bilsin, bütün bunlar qoruq-qaytaq bilməyən fantaziyamdan doğur, o binəvanın zənənlərə münasibəti, əslində, heç də belə deyil, arvadının yanına düşüb gəzməyə də, toya-yasa da, məclislərə də, dükan-bazara da gedir, hər şeyə axıracan dözür, vəziyyətin gərginləşməməsi üçün əlindən gələni eləyir, amma hər halda, bu da onun zərif cinslə bağrıbadaş olduğunun isbatı sayıla bilməz, daha çox daxili rəqabət əlaməti kimi başa düşmək mümkündü. Bəlkə, bütün bunlar da öz uydurmalarımdı, başqa, üçüncü bir hal da mövcuddu, amma o haldan hələlik nə xəbərim var, nə də təsəvvürümə gətirə bilirəm.

...Başım elə qarışmışdı, bir də gördüm, iş vaxtı başa çatmaq üzrədi. Beynimdə sabah görəcəyim işləri çək-çevir eləyə-eləyə durub yığışdım, qapını bağlayıb pilləkənlə endim, həyətə çıxanda, adətim üzrə, ayaq saxlayıb siqaret yandırdım, sonra asta-asta avtobus dayanacağına yönəldim. Nədənsə əmindim ki, siqaretin kötüyünü zibil qutusuna atmağa macal tapmamış o, üzbəüz səmtdə peyda olacaq, tanış, küncləri yeyilmiş qovluğunu yellədə-yellədə yaxınlaşacaq, böyrümdən ötəcək, iyirmi addım irəlidə ayaq saxlayıb işıqforun yaşıl gözünün yanmasını gözləyəcək, məqamı çatanda küçəni asta-asta keçib sola dönəcək, uzüaşağı gedib, döngəyə burulacaq. Hətta bu mənzərə gözlərim qarşısında elə bütün təfərrüatlarıyla elə aydın canlanmışdı ki, az qala, xəyalla gerçəkliyi qarışdırmışdım. Amma bir neçə dəqiqə keçdi, o tanış yad adam görünmədi, anlaşılmaz həyəcan içində avtobusun birincisini, ikincisini, üçüncüsünü buraxmaq məcburiyyətində qaldım, yenə gəlib çıxmadı. Qəlbimdə anlaşılmaz narahatlıq duya-duya həmişə peyda olduğu səmtə getdim ki, bəlkə dükana-filana dönüb, ya tanışı-bilişi rast gəlib, başı söhbətə qarışıb. O ətrafda da gözümə dəyməyəndə çar-naçar qayıdıb avtobusa mindim. Evə çatanacan da fikrim-zikrim olun yanında qaldı: ola bilsin, bu gün işə getməmiş, ya da izin alıb bir qədər tez çıxmışdı; bəlkə, xəstələnmiş, ya da başına gözlənilməz hadisə gəlmişdi, kim bilir...

Yatağıma uzananda təəccüblə beynimdən keçirdim ki, yad, amma həddən artıq tanış adam həyatıma daxil olub, hətta özüm də hiss eləmədən həyatımın bir parçasına çevrilib, onu bir daha görməsəm, əzizini itirmiş adam kimi qəlbimdə ağrılı boşluq duyacağam...

Mollasan, səndən elm adamı, filosof çıxmaz! - Filosof dindən, mənəviyyatdan danışa bilərmi? Dost həsrəti, Şuşa haqqı, təəccüb və heyrət Anarın yaradıcılığı “Türk Ədəbiyyatı"nda
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://kulis.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qarabağ erməniləri İrəvanda toplaşdı

30 Mart 2025 20:46see153

Qazaxda narkokuryerlər saxlanıldılar

30 Mart 2025 14:50see132

III Çarlz xəstəxanaya yerləşdiridikdən sonra ilk bəyanatını verdi

30 Mart 2025 13:33see131

Nasaz və idarə olunmayan avtomobilə cərimə gəldi DİN dən AÇIQLAMA VİDEO

30 Mart 2025 20:46see126

Mançester Siti də ciddi itki stadionu qoruyucu ayaqqabı ilə tərk etdi

31 Mart 2025 00:38see122

Tramp İranı heç vaxt görmədikləri partlayışlarla hədələyib

30 Mart 2025 18:55see120

Dünya nizamının dəyişməsinə təsir edən gizli razılaşmalar

30 Mart 2025 22:14see119

Xankəndinin mərkəzindəki edam otağı ndan TÜKÜRPƏDƏN GÖRÜNTÜLƏR

31 Mart 2025 00:49see117

Volkan Konak səhnədə huşunu itirdi, xəstəxanaya aparıldı VİDEO

31 Mart 2025 01:16see116

Aleksandr Turçin Əli Əsədovu təbrik etdi

30 Mart 2025 13:46see115

Bələdiyyələrdəki cinayət şəbəkəsi ifşa olunacaq Ərdoğan

30 Mart 2025 20:33see114

Xaçmaz və Qubadakı yanğınlar söndürüldü

31 Mart 2025 23:39see114

Mask NASA nın insanların Marsa göndərilməsinə dair proqramlarına yenidən baxacaq

31 Mart 2025 04:33see112

Təqaüddə olan polkovnik oğlu ilə eyni universitetdə OXUYUR

30 Mart 2025 15:49see112

“Qarşıdakı matçlara da xallar qazanmaq üçün çıxacağıq” Rəşad Sadıqov

30 Mart 2025 21:03see112

Trampdan Rusiyaya növbəti sanksiya xəbərdarlığı...

30 Mart 2025 18:48see111

Chery öz brendini ləğv edir

31 Mart 2025 05:01see110

Le Pen məhkəmədən apellyasiya şikayəti verəcək

31 Mart 2025 22:46see109

Ermənistan silahlı təxribatlarını belə gizlədir

31 Mart 2025 18:30see107

Aksesuar kimi aldığı patron başına iş açdı Hava limanında saxlanıldı

30 Mart 2025 19:43see106
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri