Yaponiya böyük transformasiyalar ölkəsi Telman Orucov yazır
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Telman ORUCOV
(Əvvəli ötən şənbə saylarımızda)
Yapon liderləri Qərb ölkələrinin təcrübəsinə əsaslanaraq, onlara hörmətlə yanaşmaq yolunu tutdu. İki palatalı parlament yaradıldı, lakin o, fəaliyyətsizlik göstərdi, çünki hökumət liderləri özlərinə məxsus olan yollara üstünlük verirdi. Hökumət dünyanın hər bir yerindən bilik və müdriklik axtarırdı, bütün təbəələrə imkan verirdi ki, özləri üçün məqbul olan canlanmanı icra etsinlər.
Aşağıdan narazılığın ifadə edilməsi imkanlarını yaratmaq üçün siyasi partiyalar yaradıldı. Hökumət siyasəti ilə yanaşı, fərqli demokratik hərəkat da böyüdü. Mütərəqqi partiya fəaliyyətə başladı, Liberal partiya isə kəndlilərin mənafeyini ifadə etməklə, keçmiş samuraylara və kənd icmasının liderlərinə arxalanırdı.
Yeni Konstitusiya hazırlamaq üçün bir siyasi xadim Avropaya göndərildi. Almaniyada o, imperial hakimiyyətlə konstitusional formalar arasında mövcud olan tarazlığı müşahidə etdi. Məhz bu balans, parlamentə seçkilərin populyar sistemdə, təmsilçilərin şəxsində özünə ideya cəhətdən yaxın hesab etdiyi partiyaya səs vermək qaydasının həyata keçirilməsini mümkün etmişdi. 1885-ci ildə qurulan Kabinet sistemi üç il sonra Konstitusiyanın təhlükəsizliyini təmin etdi. 1889-cu ildə Konstitusiya tamamlandı. Aşağı palataya seçki keçirilməsi, parlament təşəbbüsünün üstünlüyünü dəstəklədi.
Konstitusiya imperatorun bəxş etdiyi nəcib bir formada idi. Haqlar və azadlılar yalnız qanunla nizamlanırdı. İmperator "müqəddəs və toxunulmaz" idi, o, orduya komandanlıq edir, müharibə və sülh elan edirdi, öz iradəsinə görə parlamentin aşağı palatasını buraxa bilərdi. Beləliklə, idarəetmə sahəsində səmərəli hakimiyyət, icra qolunun üzərinə qoyuldu. Təhsil üzrə hazırlanmış proqram, gələcək nəsillər tərəfindən də imperial iradənin və hakimiyyətin, heç bir suala yol
vermədən həyata keçirilməsinə təminat verməli idi. Bütün bunlar, Konstitusiya vasitəsi ilə "Meydzi Bərpasının" və inqilabının başa çatdırıldığını göstərdi.
1929-cu ildə ABŞ-da start götürən Böyük Depressiya ərzində, hərbi işğal hesabına atılan ekspansiya addımları guya Yaponiyanın iqtisadi problemlərinin həllinə xidmət etməli idi. Meydzi Bərpası dövründə ölkədə əhalinin sayı 30 milyon nəfər idisə, 1930-cu ildə bu rəqəm 65 milyona yüksəldi. Hər il problemlər daha da dərinləşirdi, qida maddələrinin idxalına olan ehtiyac xeyli artmışdı. Oriental (Şərqdə yaşayan) xalqlara qarşı ayrı-seçkilik hesabına, çox saydakı zonalara emiqrasiya kəsildi. Hökumətin bir hissəsinin bu iqtisadi və irqi arqumentlərə hərbi inamsızlığı yüksəldi. Çinə qarşı tətbiq edilən bahalı boykotlar heç bir fayda vermədi.
Yaponların ruhundakı unikallığı nəzərə alıb və onu qoruyub saxlamaq üçün, mülki ultramillətçilər parlament hökumətinə "yapon olmayan" kimi müxalif çıxdılar. Bir sıra riqorist təşkilatlar formalaşdı, onlar özlərini "daxili təmizliyə" və xarici dövlətlərə qarşı ekspansiya siyasətinə həsr edirdilər. Onlar düşünürdülər ki, yapon ruhunun unikallığı, hökmən artan Qərb təsirinə qarşı vuruşacaqdır.
Parlament hökumətinə qarşı əsas güc gənc hərbi zabitlər tərəfindən formalaşırdı. Onların çoxu mübarizələrində xaraktercə Almaniyanın Natsional-Sosialistlərin həyata keçirdiklərinə bənzəyən məqsədləri canlandırırdılar. Hətta Konstitusiyanın kənara atılması təklifləri eşidilirdi, əvəzində "Milli patriotlardan" ibarət inqilabi rejim yaradılması irəli sürülürdü.
1931-ci ilin sentyabrında Çinin əyaləti olan Mancuriya pretsedenti baş verdi, bununla Şərqi Asiyadakı ölkələrə təcavüz hərəkətləri başlandı. Kvantun ordusuna Cənubi Mancuriya Dəmir yolu qatarını bombalamaq tapşırıldı. Regionun paytaxtı Mukden sürətlə işğal edildi, bundan sonra bütün Mancuriyanın yapon ağalığına keçməsi baş verdi. Tokiodakı Mülki hökumət ordunun cəhdlərini dayandıra bilmirdi. 1936-cı ilin fevralında Yaponiyanın bir neçə görkəmli dövlət xadimi öldürüldü. Lakin başlanan qiyam yatırıldı və onun liderləri tezliklə həbs edildi.
Ancaq gənc ekstremistlərin təsiri əhali arasında böyüməklə, siyasi əhəmiyyətli bir güc olaraq qalırdı.
1926-cı ildə gənc imperator Hirohito Şoua titulunu qəbul etməklə, ölkəni idarə etməyə varislik etdi. O, əvvəllər öz əcdadlarından daha proqressiv xadim kimi görünürdü, Qərbə səyahət etmişdi və hobbi kimi dəniz biologiyasına maraq göstərirdi. Ultramillətçilər isə onun hakimiyyətdəki rolunu bəyənmirdilər ki, o, heç də yapon mistikasını təcəssüm etdirmir. Saray müşavirləri də imperatorun taxt-tacda möhkəm dayanacağından qorxurdular, çünki bu, potensial qurbanların geniş şəkildə axtarılmasına səbəb ola bilərdi. Avropanın təcavüzünə qarşı daxili tənqid böyüyürdü, yaponların çoxu öz hərbçilərini dəstəkləməyə tələsirdi.
Hərbi ekstremistlərin hər bir irəliləyişi, hökumətin barışdırıcı elementləri tərəfindən, onlara yeni kompromis xarakterli güzəştlərə gedilməsi ilə müşayiət olunurdu. Həm də bu, xaricilərə qarşı düşmənçiliyin və inamsızlığın böyüməsinə gətirib çıxarırdı. Hərbçiləri narazı salmamaq xatirinə, hökumət Mancuriyanın saxta "müstəqil" dövlət olması ilə razılaşdı. Çinin sonuncu Mancu imperatoru əvvəlcə regent elan olundu, sonra isə 1934-cü ildə taxt-taclan uzaqlaşdırıldı. Kvantun ordusuna real nəzarət etmək isə Yaponiya hökumətinin üzərinə düşürdü. Millətlər Liqasının müvafiq komitəsi 1932-ci ildə yapon qoşunlarının geri çəkilməsini məsləhət gördü ki, Mancuriya üzərində Çinin əvvəlki suverenliyi tanınsın.
Bu vaxt Mancuriyaya böyük muxtariyyət verilməsi tədbirləri həyata keçirildi. 1933-cü ildə Yaponiya bu beynəlxalq orqandan rəsmi olaraq geri çəkildi. Buna baxmayaraq, yapon texniklərinin və kapitalının Mancuriyaya axını davam edirdi. Oradakı bol resurslardan Yaponiyada ağır sənaye bazasını qurmaq üçün istifadə edilirdi. Belə vəziyyət Şərqi Asiyada görünməmiş yeni bir qayda idi.
Mərkəzi Çində nəzarəti ələ keçirmək mümkün olmadığından, narazı qalan hərbi dənizçilər Tokioya qayıtdılar və zor tətbiq etməyə başladılar. Müstəsna ambisiyalar getdikcə böyüsə də, daxili böhranları həll etmək üçün hələ gözləmək lazım gəlirdi. Ordu içərisindəki nəzarət hüququ fraksiyası, hakimiyyəti öz əlində cəmləşdirirdi. Maliyyə naziri öldürüldü. Lakin yapon xalqı hələ parlament sistemini ləğv etməyə hazır deyildi. Mülki liderlərin yeni cəhdlərə hazır olduğu görünsə də, cəbhə orduları təkidlə onlara xəbərdarlıq etmələrini davam etdirirdi.
1937-ci ilin iyununda yapon qoşunlarının Pekin yaxınlığında Çin birləşmələrinə atəş açması ilə "Çin intsidenti" başlandı. Yapon orduları Çinin mühüm şəhərləri olan Nankini və Kantonu tutdular. Lakin Çin qoşunları şimalda igidliklə müqavimət göstərirdi. Çan Kay-şinin başçılıq etdiyi Çin milliyyətçi hökuməti təklif olunan kompromisdən imtina edib, başqa bir şəhərə geri çəkildi. 1940-cı ildə yaponlar daha bir kooperativ rejim qurdular.
Yaponiyada ədəbiyyatın intibahı
1930-cu illərdə yapon militaristlərinin təcavüzkar müharibəyə başlaması ədəbi məhsulların yaranmasına da mane olurdu, əslində imkan vermirdi. Senzura daha da güclənmişdi və yazıçılardan yalnız müharibə cəhdlərini təbliğ etmək gözlənirdi. Müharibədən sonra Osamu Dazainin əsərlərində, xüsusən "Şayo"da (1947-ci ildə çap olunan "Günəşin batması" romanında) həmin dövr canlı surətdə təsvir olunur. Digər yazıçılar da müharibə illərinin dəhşətlərini qələmə alırdılar. Hirosima və Naqasakiyə atom bombasının atılması da çox sayda poeziya və nəsr əsərlərinin meydana çıxmasını ilhamlandırdı.
Ümumiyyətlə, Şoua erası 1926-cı ildən 1989-cu ilə kimi dövrü əhatə etməklə, ədəbiyyatın inkişafı kimi xarakterizə olunur. Eranın adı, həmin müddətin 63 ili ərzində taxt-tacda olmuş imperator Şouadan (Hirohitodan) götürülmüşdü. Müharibədən əvvəl militarizm ədəbiyyata da öz mənfi təsirini göstərdiyi halda, məğlubiyyətdən və işğaldan sonrakı dövr iqtisadi möcüzənin yaranması ilə yanaşı, ədəbiyyatın da əsl vüsətinə səbəb oldu.
1958-ci ildə ilk yapon yazıçısı Nobel mükafatına layiq görüldü, bu, Yasunari Kavabata (1899-1972-ci illər) idi. O, psixoloji belletristikanın uydurma mövzularının ustası idi. Yazıçı Kioto şəhəri mühiti barədə əsərlərin müəllifidir. Onun "Fudzidə ilk qar" və "Qar ölkəsi" romanları dünya oxucuları tərəfindən də maraqla qarşılanmışdı. Əvvəlki məşhur "İzu rəqqası" əsərindən fərqli olaraq "Qar ölkəsi" romanı seksual məhəbbət üzərində qurulmuşdur.
İkinci Nobel mükafatına layiq görülən yapon yazıçısı isə Oje Kenzaburo idi. O, çox erkən məşhurlaşmış, hələ 1958-ci ildə Akutaqava mükafatını almışdı. 1994-cü ildə isə onun yaradıcılığı Nobel mükafatı kimi yüksək qiymətləndirilmişdi. Onun əsərləri universitet tələbələri arasında çox məşhur idi və onlar sonralar siyasi və sosial islahatları həyata keçirəcəkdilər.
XX əsr yapon romanları, ümumiyyətlə, öz estetik səviyyəsinə və vurğunluğa həsr olunmasına görə qiymətləndirdikdə, beş əsər xüsusilə seçilir. Bunlar Tanizakinin "Yeddi yapon hekayətləri", Dazainin "Uzun boylu adam", Mişumanın
"Qızıl pavilyon məbədi", Kobo Abenin "Yeşik adam" və Haruki Murakaminin "Fırlanan quşun xronikası" romanlarıdır.
Əsrin başlanğıcında yazıb-yaradan Akutaqava Ryunoske (1892-1927-ci illər) öz hekayələri ilə daha böyük marağa səbəb olmuşdu. Onun hekayələri yapon həyatının öyrənilməsində böyük dərslik rolunu oynaya bilər. Akutaqava Yaponiyada klassik kimi qiymətləndirilir.
Sonrakı illər içərisində yaranan əsərlər arasında Osamu Dazainin "Günəşin batması"nda II Dünya müharibəsindən sonra gənc yapon qadını Katsukonun dünyasının dəyişilməsinə səbəb olan mövcud böhranla, onun üzləşməsindən söhbət gedir. Qadın bu qənaətə gəlir ki, "kişilər sonda etməli olduqlarını edirlər, vuruşur və ağır zəhmət çəkirlər və beləliklə, qadınlar da sağlam uşaq doğurlar".
Kobe Abe isə "Qumlardakı qadın" romanında dəhşətli mənzərəni canlandırmaqla sürrealist mövzuya üstünlük verir, qadının yaşadığı acı mühit oxucuda vahimə hissləri yaradır. Sonralar Haruki Murakami Kobe Abenin əsərinin təsiri altında "Gecə yarısı" adlı maraqlı sürrealist roman yazmışdır. Onun "Qadınlarsız kişilər" əsəri iki cins arasındakı münasibətlərin anlaşılmaz hadisələrə gətirib çıxardığından bəhs edir.
Oye Kenzaburonun "Sakitləşən qışqırıq" romanı ailə münasibətlərinə həsr olunsa da, həyatda nihilizmin də hələ güclü olduğunu göstərir.
Yapon nəsri ölkəni və xalqı başa düşməkdə, anlamaqda oxucu üçün bələdçi rolunu oynayır və tarixi kitablardan da daha məzmunlu məlumatlarla onu təmin edir.
(Ardə var)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 22 Dekabr 2025 18:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















