Yaponiya böyük transformasiyalar ölkəsi Telman Orucov yazır
525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Telman ORUCOV
(Əvvəli ötən saylarımızda)
Yaponiyanı fərqləndirən cəhətlər
Yaponiya, dünyanın digər ölkələrindən bir sıra mühüm cəhətlərinə görə fərqlənir. Bu fərq heç də onun təbiətinə, ərazisinin relyefinə və iqliminə görə olmayıb, birinci növbədə, əhalisinin həyat və düşüncə tərzindən, insanlarının dünyagörüşündən və dünyaya baxışından irəli gəlir. Yapon öz davranışı, yaşayış xüsusiyyətləri, əməksevərliyi, bu xüsusiyyətinə görə o, bal arısını və qarışqanı yada salır, qeyri-adi dərəcədə zəhmətə bağlılığı ilə əksər xalqlardan kəskin surətdə fərqlənir. Onun zövqü də, əməlləri də, demək olar ki, tam fərqlidir. Onlar vurğunluqla təbiətə sitayiş edir, təbii hadisələri ilahiləşdirməklə, hətta vaxtilə işğalçılıq niyyəti ilə ölkəyə daxil olmaq istəyən monqol ordusunu və onun tabeliyində olanları məhv edən tayfunu "Kamikadze" - "İlahi külək" adlandırmaqla, onu tam başqa şəkildə qiymətləndirməyə üstünlük vermişdilər.
Yəqin ki, buna görədir ki, yaponların öz doğma dini olan Sintoizm də, əsasən təbiətə sitayiş edilməsinə əsaslanır.
Dünyanın çox yerində yasəmənin, şaftalının, ya da əriyin çiçəklənməsi ilkin yazda olduqca gözəl mənzərə yaradır. Lakin bunlardan hansısa həzz alma, heç bir xalqda xüsusi bir adət və əsl heyranlıq səviyyəsinə yüksəlmir. Bəlkə də, bu gözəllik, bəzi adamların həzzinə səbəb olsa da, kütləvi vurğunluq xarakteri daşımır və bu görünüş, heç bir vəcdə gəlmə ilə müşayiət olunmadan, asanlıqla öz əhəmiyyətini itirmiş olur. Yapon isə yabanı albalının - sakuranın çiçəklənməsindən tam ayrı şəkildə, onu məst edən, ilhamlandıran bir ləzzət alır, bu mənzərənin seyrini əsl sevinc mənbəyi hesab edir və sakuranın çiçəklənməsi ən kütləvi milli bayrama çevrilir. Ona heyranlıq bəsləməkdə heç bir yapon laqeydlik göstərmir, öz vurğun hisslərinin müxtəlif şəkillərdə ifadə edir. Xrizantemanın çiçəklənməsi də sakura səviyyəsində olmasa da, yenə neytral münasibətlə qarşılaşmır.
Yaponiyada sakuranın bəxş etdiyi bayram apreldən başlayaraq iki ay müddətində davam edir, bu da ölkə ərazisini təşkil edən adaların cənubdan, nisbətən isti iqlimdən, şimala, soyuq iqlimə qədər olan geniş məsafədə yerləşməsi ilə əlaqədardır. Bu dövrdə adamlar öz ərazilərindəki sakura bağlarına axışır. Çiçəklənən ağacların budaqlarına, müqəddəslik qarşında olan kimi, az qala səcdə qaydasında tamaşa edirlər. Bəlkə də heç kəs öz yaxın adamına da belə həsrət ifadəli baxışlarla baxmağı bacarmır, yapon isə bağı tərk edənə qədər əsrarəngiz çiçəklərdən nəzərlərini yayındırmaq istəmir. Ona görə də, Yaponiyanın hər yerində bu ağac əkilir və ona qulluq edilir. Çiçəkləri seyr etdikdə yapon öz şəxsi dərdini də unudur, ona fantastik təsir göstərən bu sevinci yaşamaqda rahatlıq tapır. Lakin bu çiçəyin də, başqalarınınkı kimi ömrü az olur, bir neçə gündən sonra tökülməyə, əvvəlki cazibədarlığını itirməyə başlayır, ona tamaşa edənlərin sevincini də, özlərinə birillik həsrət məsafəsində məhv edirlər. Sevinc anları artıq arxada qalmışdır, lakin yapon yenə də öz arzusuna çatdığına görə qürur duyur, sakuranın çiçəklənməsi bayramında iştirak etməsinə görə özünü xoşbəxt hesab edir. Ömür ona imkan verdi ki, yenidən bu şadlıq anlarını yaşaya bilsin.
Başqa xalqlara isə, bu heyranlıq, vurğunluq baxışları yaddır. Bəziləri bu gözəlliyə heç əhəmiyyət də vermək istəmir. Yaponlar ABŞ paytaxtı Vaşinqtona 3 min sakura ağacı bağışlamışdı və onlar Patomak çayının sahillərində əkilərək, çay kənarına gözəllik vermişdi. Hər yazda sakura burada da çiçəkləyir. Lakin şəhər sakinləri bu gözəl mənzərəyə tam biganəlik göstərirlər, əlbəttə, ondan həzz alanlar da vardır, lakin bu hiss heç də kütləvi xarakter daşımır, şəhərə bayram əhval-ruhiyyəsi bəxş etmir. Axı sakura, amerikanı yapona çevirmək gücündə deyildir, yapon əsrlər boyu bu təsirə məruz qalmış və ona laqeydlik göstərməyi milli qəbahət saymışdır.
Sakura başqa qitədə də gur çiçəkləyir, öz gözəlliyini qadın bədəninin fərqli cəhətləri kimi tam qaydada nümayiş etdirir. Lakin qürbətdəki ağac, bu mənzərəyə vurulan baxışlara, bütün ömrü boyu həsrət qalır. Amerikanları qınamaq da düzgün deyildir, axı teatr tamaşaları, klassik balet və ya ispanların flamenqo rəqsi də nə qədər gözəl olsa da, ona fantastikcəsinə vurulmaqla tamaşa edənlər də, o qədər çox deyildir.
Sakura da, yad ölkədə həm də öz heyranlığından doymayan müşahidəçisini itirməklə üzləşməli olur. Yapon zövqünü, təbiətə vurğunluq münasibətinin təkrar etmək mümkün deyildir. Əsrlər boyu xalq bu ruhda tərbiyə olunmuş, axı həm də xarici təsirlərdən ayrı şəkildə yaşamağa üstünlük vermişdir.
Yapon qadınları çiçək dəstəsi bağlamağı da bir incəsənət növü kimi qəbul edib, gəncliyindən bu sənətə yiyələnirlər. Yapon çiçək dəsti - ikebana avropalılarınkından tam fərqlidir, burada kiçik quru budaq da, yarpaq da dəstə gözəllik verməyə xidmət edir. Bizdə isə çiçəyə əvvəllər buketə diqqəti artırmaq üçün, onu yaşıl yarpaqlı asparaqusla bəzəyirdilər.
Yaponların əməksevərliyi, zəhmətdən yorulmamaq hissi, inanılması çətin olan əfsanə xarakterli halların yaranmasına gətirib çıxarmışdır. Yapon rəsmi iş günündən artıq işləməyi özünün borcu hesab edir və bir an da olsun bu borcu unutmaq istəmir. Bəzi şirkətlər işçilərinin səhhətinə qayğı göstərmək məqsədilə, müxtəlif yollarla iş günündən artıq işləməyə mane olmağa çalışırlar. Lakin işçilər bu qadağaları pozmağı, artıq işləməyi davam etdirmək kimi öz adətlərinə sadiq qaldıqlarını göstərirlər. Gərgin əmək, müvafiq pəhrizə əməl etməklə yaponun kökəlməsinə, əvvəl-axır fiqurasını itirməsinə də imkan vermir. Yaşlı yapon da bədən quruluşuna görə cavan adamlardan fərqlənmir. Ədalət naminə, bunu çinlilər və koreyalılar barədə də demək olar. Təkcə sumo güləşçiləri bu məsələdə yaponlar arasında istisna təşkil edirlər, onların çəkisi iki sentnerə çatır, boyları da çox hündür olur. Sumo güləşçiləri Yaponiyada böyük populyarlıq qazanırlar. Onların azarkeşləri qələbə çalmaq üçün iri məbləğdə pul mükafatı təyin edir və güləş başa çatdıqda hakim iri məbləğləri qalibə təqdim edir. Ona görə də sumo güləşçiləri həm də varlı adamlar kimi tanınırlar. Qızlar da sumo güləşçiləri ilə ailə qurmağa can atırlar. Bu şamın cazibədar işığına digər pərvanələr də - Monqolustandan, Gürcüstandan olan güləşçilər də gəlirlər.
Əməksevərliyin milli xüsusiyyətə çevrilməsinə, bəlkə də tarix boyu yaponların əkinçiliklə məşğul olması səbəb olmuşdur. Axı düyünü əkmək, becərmək, biçmək ağır zəhmət tələb edir. Bu zəhmətə bağlılıq, bütöv nəsillərə öz təsirini göstərmişdir. Müasir bürokratların, məmurların işə vurğunluğu da öz köklərini əcdadlardan, valideynlərdən götürür. Təkcə sadə məmurlar deyil, böyük vəzifə sahibləri də özlərini bütünlüklə işə həsr etmələri ilə seçilirlər. Onlar da iş günündən sonra kabinetdə qalıb, işləməklə məşğul olurlar. Lakin belə ağır zəhmət, səhhətə mənfi təsir göstərməmiş qalmır. Bu mənada onlar ana qarışqaya xidmət edən qulluqçu növləri yada salırlar. Onlar o qədər canfəşanlıqla xidmət göstərirlər ki, özlərinin hətta qidalanma ehtiyaclarını unutduqlarından, ac qalmaq hesabına, az keçməmiş ölürlər.
Yapon da öz təbiətindən irəli gələn qaydalara, milli adətinə sədaqətsizlik göstərə bilmir. Hətta Yaponiyanın əmək naziri uzun müddət iş günündən əlavə işlədiyinə görə, kabinetində ölməklə həyatı tərk etmişdi. Bu itki, nə qədər ağır olsa da, nazirin belə həlak olması faktı, Vətənə xidmətin parlaq nümunələrindən biri hesab edilə bilər.
Yaponlar gigiyenaya da, şəxsi təmizliyə də olduqca böyük diqqət verirlər. Onlar hər gün çimməyə adət etmişlər. Qaynar su ilə dolu furoya ailə üzvlərinin hamısı növbə ilə girməmişdən əvvəl duş qəbul edib, təmizlənir, sonra vanna qəbul edirlər. Qış vaxtı qızdırılmayan otaqda yatanları bu qayda həm də müəyyən dərəcədə soyuqdan qoruyur. Çimməyə aludəçilk, yaponları çox sayda olan geyzer bulaqlarının yanındakı gölməçələrdə - onsendə çimməyə də öyrətmişdir. Bu hövzələrdə qadın da, kişi də çılpaq çimir və bu, heç də qəbahət hesab edilmir.
Yaponların davranışında, məişətdə özlərini necə aparmalarında, çətinliklərə düşmüş adama həmrəylik və kömək göstərməkdə humanist prinsiplər mühüm yer tutur. Onlar küçədə pul və ya qiymətli şey tapanda, onu hökmən yiyəsinə çatdırmağa çalışırlar, heç vaxt onu mənimsəmək fikrinə düşmürlər. Başqa bir çox xalqlarda isə buna nadir hallarda rast gəlmək olur. Yanğın nəticəsində ağır maddi ziyan çəkən adama hamı kömək etməyə tələsir.
Onların mənzilləri də ümumi ölçü qaydasında deyil, tataminin sayı ilə ölçülür. Yapon otağa girməmişdən əvvəl ayaqlarını soyunur, corabda gəzir. Həm də onlar yerdə və ya alçaq kürsüdə oturmağı sevirlər. Çay dəstgahı mərasimində hamı tatami üstündə oturur. Yaponların ənənəvi evləri yüngül materialdan - taxtadan və kağızdan tikilir, zəlzələ vaxtı ev yananda və ya dağılanda onu bərpa etmək də asan olur. Qapı da Avropadakı kimi içəri və ya əks tərəfə açılmır, kağızdan olduğundan üfiqi qaydada hərəkət etdirilir. Otaqda tokonoma adlanan oyuq bir məkan mövcuddur, orada qiymətli sayılan bəzək şeyləri, rəsmlər, çox hallarda isə miniatur bonsay tipli ağaclar saxlanır.
Bonsay, konteynerlərdə becərilən ağacın müntəzəm olaraq kökünü və budaqlarını budalamaqla, onun miniatur kopyasını yaratmaq sənətidir. Yapon dilində bu söz "məcməədə əkilən ağac" mənasını verməklə, miniatur ağacları becərmək və ona kiçik ölçü vermək kimi bir yapon incəsənətidir. Bonsay ağacı daim budanmaya məruz qalır və bu yolla o miniatur ölçü məqsədinə uyğunlaşdırılır. Yaponlar bu sənəti Tan sülaləsi dövründə Çindən götürmüşlər və Yaponiyanın Nara (710-794-cü illər) və Heyan (794-1185-ci illər) dövrlərində geniş inkişaf etdirilmişdir. 1800-cü ildən sonra isə bu təcrübə az sayda mütəxəssislərin ezoterik xarakter daşıyan praktikasından, populyar incəsənət formasına keçmişdir. 65 yaşlı bonsay küknarın hündürlüyü 13-25 sm. olur. Nar ağacının da bonsay növü yetişdirilir, onlardan birinin 175 yaşı vardır. Bonsayın becərilməsi ənənəvi yapon incəsənəti hesab olunur, 150 növdən ibarət olmaqla, hər il Avropaya və Amerikaya da göndərilir. Bonsay ona tamaşa edənə böyük estetik həzz verir.
Yaponlar fiziki cəhətdən sağlam və möhkəm olmaları ilə fərqlənirlər, sumo güləşçilərindən başqa, ölkədə kök adama rast gəlmək çətindir. Bəzi ölkələrdə isə, xüsusən ABŞ-da fastfood - tələsik yeyilən sendviç çox sayda xəstəlikləri meydana gətirdiyi kimi, bu zərərli adət xüsusən həddən artıq kökəlməyə səbəb olur. Həkimlərin mülahizəsinə görə, qida asılılığı heç də narkotik və alkoqol asılılığından az təhlükəli bir mərəz deyildir.
(Ardı var)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 12 Noyabr 2025 19:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















