Yaşıl enerji potensialımız və mövcud istehsal həcmi qaneedicidirmi? 2 ci HİSSƏ ARAŞDIRMA
Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.
Dünyada enerjiyə tələbat artdıqca vəziyyət gərginləşir. Beynəlxalq Enerji Agentliyinin dünyada enerji istifadəsinə dair statistikasına görə, 2030-cu ilədək enerjiyə olan tələbat 53% artacaq. Sürətli istismar nəticəsində neft, qaz, kömür və s. bu kimi ənənəvi enerji ehtiyatları tükənmək üzrədir. Bunun əsrin 2-ci yarısında baş verəcəyi haqda ciddi elmi proqnozlar var. Mütəxəssisin qənaətincə, bu kimi proqnozlar alternativ enerjinin vacibliyini və perspektivini göstərir.
əvvəli burada
https://sesqazeti.az/news/economy/1266626.html
İlkin təhlillərə əsasən, Xəzər dənizinin Azərbaycana məxsus hissəsində külək enerjisinin ümumi texniki potensialı 157 QVt (dayazsulu hövzələrdə 35 QVt və dərinsulu hövzələrdə 122 QVt) səviyyəsində qiymətləndirilmişdir. Layihə çərçivəsində eyni zamanda dənizdə müvafiq layihələrlə bağlı investorların cəlbi, özəl sektorla tərəfdaşlığın müəyyənləşdirilməsi, yardımçı investisiyaların həyata keçirilməsi kimi dəstəklər nəzərdə tutulur. Dənizdə mövcud olan bu potensialdan səmərəli istifadə yeni iş yerləri, həmçinin ölkə iqtisadiyyatına əlavə dəyər qazandıran imkanlar yaradacaqdır.
2022-ci il 4 iyun tarixində “Bakı Enerji Həftəsi”nin Şuşada keçirilən xüsusi sessiyası çərçivəsində Energetika Nazirliyi və BƏƏ-nin “Masdar” şirkəti arasında “Azərbaycan Respublikasında quruda sənaye miqyaslı 1 QVt gücündə günəş və 1 QVt gücündə külək enerjisi layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra Müqaviləsi” və “Dənizdə 2 QVt gücündə inteqrasiya edilmiş külək və yaşıl hidrogen layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra Müqaviləsi” imzalanmışdır.
2022-ci il 15 dekabr tarixində Energetika Nazirliyi və Avstraliyanın Fortescue Future Industries (FFI) şirkəti arasında Azərbaycanda bərpa olunan enerji layihələri və “yaşıl hidrogen”in potensialının öyrənilməsi və inkişafı üzrə birgə əməkdaşlığa dair Çərçivə Müqaviləsi imzalanmışdır. Müqavilə Azərbaycanda bərpa olunan enerji və “yaşıl hidrogen”in istehsalı üzrə ümumi gücü 12 QVt-dək layihələrin araşdırılması və reallaşdırılmasını nəzərdə tutur.
17 dekabr 2022-ci il tarixində Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Sazişin icrası məqsədilə ilk görüşü Cənub Qaz Dəhlizi Məşvərət Şurası Nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası Nazirlərin 1-ci iclasından başlayaraq, nazirlərin mütəmadi görüşləri keçirilir. Sazişə əsasən, Xəzər dənizində istehsal olunacaq yaşıl enerjinin Avropaya ixracı nəzərdə tutulur.
Asiya İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsi çərçivəsində Böyükşor gölündə 100 kVt gücə malik fotovoltaik sistemin quraşdırılması, habelə günəş qurğularının quraşdırılmasında özəl sektorun iştirakının təşviqi məqsədi ilə biznes modellərinin formalaşdırılması, təlimlər vasitəsi ilə milli potensialın gücləndirilməsi nəzərdə tutulur. Gələcəkdə su hövzələri üzərində iri həcmli layihələrin həyata keçirilməsi üçün müvafiq layihə çərçivəsində araşdırmalar aparılır.
22 fevral 2021-ci il tarixində Azərbaycan Respublikasının Energetika Nazirliyi və bp şirkəti iri miqyasda karbonsuzlaşdırılmış və inteqrasiya edilmiş enerji və nəqliyyat sistemləri, o cümlədən Azərbaycanın region və şəhərlərində bərpa olunan enerji layihələri üçün tələb olunan potensialın və şəraitin qiymətləndirilməsi üzrə əməkdaşlıq etmək məqsədilə Anlaşma Memorandumu imzalayıblar. Bu memorandum Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi, rəqabətli enerji bazarının yaradılması, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi, bp-nin isə 2020-ci ildə “xalis sıfır emissiya” hədəflərini elan etməsi kontekstində imzalanıb.
Memoranduma əsasən, fəaliyyətin həyata keçirilməsi məqsədilə “Rəhbər Komitə” və “İşçi Qrupu”un yaradılması, Azərbaycanın müvafiq region və ya şəhərləri üçün karbonsuzlaşdırma üzrə “Baş Plan”nın hazırlanması nəzərdə tutulur. “Baş Plan” təmiz enerji layihələri, az karbonlu nəqliyyat, yaşıl binalar, tullantıların idarə olunması, təmiz sənaye, təbii iqlim həlləri, inteqrasiyalı tərəfdaşlıqlar, həmçinin inteqrasiyalı və karbonsuzlaşdırılmış enerji və nəqliyyat sistemlərinin hazırlanması istiqamətlərini əhatə edəcəkdir. Bundan başqa 2021-ci ilin 3 iyun tarixində Energetika Nazirliyi və bp arasında Cəbrayıl rayonu ərazisində 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalanmışdır.
3 may 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “Yaşıl Enerji Zonası”nın yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalanmışdır. Sərəncamdan irəli gələn tapşırıqların icrası, həmçinin işğaldan azad olunmuş ərazilərdə “Yaşıl Enerji Zonası”nın yaradılması ilə əlaqədar Konsepsiyanın hazırlanması üçün ixtisaslaşmış beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi istiqamətində Energetika Nazirliyi ilə Yaponiyanın “TEPSCO” şirkəti arasında müqavilə imzalanmışdır. Müvafiq dövr ərzində müqavilə çərçivəsində nəzərdə tutulan tədbirlər həyata keçirilmiş və bunun nəticəsi olaraq “Yaşıl Enerji Zonası”nın yaradılması üzrə Konsepsiya sənədi hazırlanmışdır.
İşğaldan azad edilmiş ərazilərdə Azərbaycanın daxili su ehtiyatlarının təqribi 25%-i formalaşır və bu da təxminən illik 2.56 milyard m3 təşkil edir. Xüsusən qeyd etmək lazımdır ki, işğaldan azad edilmiş ərazilərdə günəş enerjisi layihələri həyata keçirmək üçün əlverişli potensial var. Belə ki, Zəngilan, Cəbrayıl, Qubadlı və Füzuli ərazisində müşahidə edilən günəş radiasiyası Naxçıvan MR-da müşahidə edilən günəş radiasiyasından sonra ölkə üzrə ən əlverişli ikinci regiondur. Aparılan ilkin tədqiqatlar, günəş enerjisi layihələri üçün topoqrafiya, iqlim şəraiti, şəbəkəyə yaxınlıq, enerji istehsalı potensialı, nəqliyyat infrastrukturu və digər texniki faktorların müqayisəli təhlili əsasında Cəbrayıl və Zəngilan rayonlarının ərazisi məqsədəuyğun hesab edilmişdir.
İşğaldan azad edilmiş ərazilərdə- xüsusən də Laçın və Kəlbəcərin dağlıq hissələrində əlverişli külək potensialının olması, ilkin araşdırmalara əsasən müəyyən edilmişdir. İşğaldan azad edilmiş ərazilərdə geotermal enerji mənbələrinin olmasına dair əvvəlki illərdə müvafiq elmi araşdırmalar aparılmışdır. Geotermal enerjidən əsasən elektrik enerjisi istehsalı (əlverişli temperatur və debit olarsa), istilik enerjisi təminatı və turizm-balneoloji məqsədlər üçün istifadə edilir. İlkin təhlillər göstərir ki, Kiçik Qafqazın dağlıq hissəsində geotermal mənbələr var (4000-5000 m3/gün (30-74°C)). İlkin müşahidələrə əsasən, bu potensialdan müvafiq olaraq istilik təminatı və balneoloji məqsəd üçün istifadə daha məqsədəuyğundur.
3 fevral 2023-cü il tarixində Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası Nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası Nazirlərin 1-ci iclası çərçivəsində Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında “Dənizdə 1,5 QVt-dək külək layihəsinin həyata keçirilməsinə dair İcra Müqaviləsi”, “Quruda 1 QVt külək stansiyasının yaradılmasına dair İcra Müqaviləsi” və “Azərbaycan Respublikasında enerji saxlanc sistemlərinin inkişaf etdirilməsinə dair Anlaşma Memorandumu” imzalanıb.
Göründüyü kimi, Azərbaycanın çox nəhəng yaşıl enerji potensialı var. Bərpaolunan və ekolo təmiz enerji növləri sahəsində çox böyük işlər görülüb və hazırda bir sıra layihələrin reallaşdırılması işləri gedir. Azərbaycan onsuz da dünyada enerji ölkəsi kimi tanınıb. İndiyədək bu əsasən karbohidrogen resursları üzrə idi, indi isə yaşıl enerji mərkəzi kimi dünyada tanınmağa başlayır.
Enerji sektorunun diversifikasiyası ilə bağlı hökumətin elan etdiyi əsas məqsədlərdən biri Azərbaycanda enerji tələbatının ümumi həcmində alternativ enerjinin səviyyəsini sürətlə yüksəltməkdir. Böyük resurslarımız var, amma bu sahənin sürətli inkişafı üçün yeni texnologiyalara, mütəxəssislərə, böyük investisiyalara ehtiyac var.
Ona görə də, bu istiqamətdə görülən işlər daha da sürətləndirilməli, bu sahə iqtisadiyyatın diversifikasıyası kontekstindən nəzərdən keçirilməli, neft sektoruna alternativ sahələrdən biri kimi inkişlaf etdirilməlidir.
Bunun üçün bu sahədə özəl şirkətlərin fəaliyyəti stimullaşdırılmalı, onlara müəyyən müddətə vergi güzəştləri edilməlidir. Bundan başqa, xarici fondlarda 1 faizlə gəlirliliklə saxlanan maliyyə ehtiyatlarımızdan müəyyən bir hissəni bu sahəyə investisiya və kredit şəkilində yönəltməklə qısa müddətdə ciddi nəticələr əldə etmək olar.
Enerjinin daimi bazarı var, hətta biz elektrik enerjisi şəklində sata bilməsək belə, ölkədə daxili neft-qaz istehlakını azalda bilər, enerjiyə olan tələbatın böyük bir hissəsini öz alternativ enerjimizlə ödəyərək, qalan nefti və qazı da xaricə baha qiymətə sata bilərik.
Göründüyü kimi, bu, olduqca strateji və əvəzedilməz, daimi işləyəcək və xeyir verəcək bir sahədir. Düzdür, ilk vaxtlarda müəyyən çətinliklər yaranır və yaranacaq, lakin biz strateji qitisadi inkişaf sistemi yaratmağa məcburuq. Unutmaq lazım deyil ki, tükənən resurslara dayanan iqtisadiyyat gələcək üçün böyük təhlükə yaradacaq. Nə qədər ki gec deyil, bu barədə daha ciddi düşünməliyik.
Bu sahədə özəl şirkətlərin və vətəndaşların da fəal iştirakı daha effektli olardı. Hər şeyi dövlətdən gözləmək olmaz. Dövlət sadəcə, bunun üçün lazımi şərait yarada bilər və bu məsələnin daha bir tərəfini təmin edə bilər. Belə ki, alternativ enerji istehsal şəxslərin öz ehtiyaclarından artıq istehsal etdikləri enerjinin artıq qalan hissəsinin sata bilməsi imkanı təmin olunmalıdır. Bu addım bu sahənin inkişafına ciddi təkan verə bilər. Dövlətin enerji təminatı öhdəliyi azalar və artıq qalan enerji resurslarını ixrac edib xeyli valyuta qazana bilər. Hər bir halda bərpaolunan enerji gələcəyin qarantıdır. Bu istiqamətdə işləri sürətləndirmək lazımdır.
Elçin Bayramlı


