“Yaxın illərdə Azərbaycanda 1500 meqavaxt gücündə külək enerji panelləri quraşdırılacaq”
Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.
“Azərbaycanda Kür-Araz ovalığında əkin sahələrində bitkilərin suvarılmasında problem yaranır. Bu zaman bitkilərin məhsuldarlığı aşağı düşür. Xüsusilə də sentyabr, oktyabr aylarında havaların yağışlı keçməsi pambıq, üzüm yığımı və digər yığımlar vaxtı problemlər yaşanır. Yəni tam məhsulu toplamaq mümkün olmur. Eyni zamanda, yay aylarında həmin sahələrin suvarılmasında müəyyən problemlər yaranır”.
Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri Sadiq Həsənov söyləyib.
O qeyd edib ki, bunları aradan qaldırmaq üçün Azərbaycan hökuməti qənaətli su sisteminə keçir: “Hətta dəniz suyunun duzsuzlaşdırılması üzrə layihə həyata keçirilir. Bunun üçün yeni zavod tikintisinə başlanılıb. Eyni zamanda, Azərbaycan sürətlə yaşıl enerjiyə keçməyi planlaşdırır. Yaşıl enerji artıq 2030-cu ildə Azərbaycan hökumətinin götürdüyü öhdəliyə görə 33 faizə çatacaq. Günəş, külək enerjisinə investisiya qoyulur və hidravlik su elektrik stansiyalarından enerjinin alınmasında problemlər yaranmasın deyə əvvəlki səviyyədə saxlanması nəzərdə tutulub”.
S.Həsənovun bildirdiyinə görə, yaxın illərdə Azərbaycanda 1500 meqavaxt gücündə külək enerji panelləri quraşdırılacaq: “Bunun artıq biri Qobustanda quraşdırılıb, növbətisinin Biləsuvar, Neftçalada quraşdırılması planlaşdırılır və Xızı, Abşeron layihəsi, külək və günəş hibrid layihələri həyata keçirilib bu il istifadəyə verilməlidir”.
Röya İsrafilova


