Icma.az
close
up
RU
Yazıçı xalqın danışan dili, sənətdə vəkilidir

Yazıçı xalqın danışan dili, sənətdə vəkilidir

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Müsahibimiz 200-dən artıq əsəri 34 dilə tərcümə edilmiş Xalq yazıçısı Çingiz Abdullayevdir

Ədəbiyyat cəmiyyətin söz güzgüsüdür — onun ağrı-acısını, sevincini, kədərini, eyni zamanda inkişafını bədii üsullarla əks etdirir. Dövr, zaman dəyişsə, texnologiyalar sürətlə inkişaf etsə də, insanı düşündürən, saflaşdıran və zənginləşdirən sözün gücü heç vaxt azalmır.

Oxucunun qəlbinə yol tapmaq, zehnini cilalamaq, bəzən bir millətin taleyini bir cümləyə sığışdırmaq isə yalnız böyük yazıçıların missiyasıdır. “Şərəf” ordenli Xalq yazıçısı Çingiz Abdullayevlə də söhbətimiz ədəbiyyatın cəmiyyətin inkişafındakı rolu, yazıçının məsuliyyəti və bugünkü oxucunun axtarışları barədə oldu. Dünyaca məşhur yazıçı ədəbiyyatın insanın düşüncə tərzini formalaşdırmaqda, milli kimliyi qorumaqda və mənəvi dəyərləri gələcək nəsillərə ötürməkdə oynadığı roldan bəhs etdi.

– Beynəlxalq statistikaya görə, Çingiz Abdullayev dünyada ən çox oxunan yazarlardandır. Əsərlərinizdəki qəhrəmanlar oxuculara çox doğma gəlir. Onların xarakterini yaratmaq üçün gerçək həyatdan təsirlənir, yoxsa təxəyyülə üstünlük verirsiniz?

– Ədəbiyyatın gücü həyatdan qaynaqlanır və buna görə də yazıçı yaratdığı obrazları həyatdan götürməlidir. O, insanın daxili aləmini açmaq, duyğularını oxucuya çatdırmaq üçün geniş dünyagörüşünə malik olmalı, çox oxumalı, müşahidə qabiliyyətini inkişaf etdirməli və ən əsası, insanlarla daim ünsiyyətdə olmalıdır. Yazıçı insanların düşüncəsinə, mövqeyinə bələd olmadan təsirli əsər yarada, oxucu auditoriyası qazana bilməz.

Bir neçə il öncə Türkiyədə dünyanın müxtəlif ölkələrindən detektiv janrda yazan tanınmış yazıçıların iştirak etdiyi “Qara bayram” adlı beynəlxalq tədbirə dəvət olunmuşdum. İstanbulun tarixi Pera Palas hotelində məşhur “Şərq ekspresində ölüm” romanının müəllifi Aqata Kristi, Artur Konan Doyl, Jorj Simenon, Umberto Eko və digər ədəbiyyat nəhənglərinin portretləri qara pərdədən asılmışdı. Mən Umberto Ekodan sonra öz şəklimi gördükdə sözsüz ki, təsirləndim və bir daha əmin oldum ki, yazıçı olmaq böyük məsuliyyətdir.

Sən oxucunun qəlbinə yol tapmağı, onunla mənəvi bağ qurmağı bacarmalısan. Çünki ədəbiyyat yalnız yazıçı ilə oxucu arasında yaranan səmimi körpü üzərində möhkəm dayanır.

– Detektivləriniz süjet və kompozisiya rəngarəngliyi, yaddaqalan obrazlar, cinayətin törədilməsi və araşdırılması üsullarının ətraflı təsviri ilə fərqlənirlər. Oxucunu daha çox nə maraqlandırır: gərgin süjet xətti, yoxsa hadisələrin qəfil dönüşləri?

– Bədii əsərdə oxucunun diqqətini adətən qəhrəmanların daxili aləmi, hiss və duyğuları, psixoloji vəziyyəti cəlb edir. Götürək, Fyodor Dostoyevskinin “Cinayət və cəza” romanını. Yazıçı elə əsərin başlanğıcında Raskolnikovun cinayət əməlini oxucuya çatdırır. Amma sonrakı 600 səhifədə onun necə vicdan əzabı çəkdiyini, peşmançılığını, daxili təlatümlərini qələmə alır. Raskolnikovun simasında insanın içindəki “yaxşı” ilə “pis”in mübarizəsini, cəmiyyətin ədalətsizliyinə qarşı etirazı göstərir.

Yaxud da “Karamazov qardaşları”nda Fyodor Pavloviçin ölümündə oğlu Dmitri günahlandırılır, lakin hadisələrin arxasında daha dərin məna dayanır. Qardaşların hər biri daxilində günah və peşmançılıqla mübarizə aparır. Yazıçının bu dərin fəlsəfi romanında ailə münasibətləri, inam, azadlıq, günah, bağışlanma, ədalət və mənəviyyat mövzularını təfərrüatı ilə açması oxucuda maraq oyadır.

Mədəniyyət və incəsənətimizin inkişafında böyük xidmətləri olan görkəmli rejissor Rasim Ocaqov və bəstəkar Emin Sabitoğlu mənim yaradıcılığımı yaxından izləyirdilər. Elə bir misram yox idi ki, onların diqqətindən kənarda qalsın. Hər sətir, hər fikir üzərində düşünür, mənimlə müşahidə və təəssüratlarını bölüşür və deyirdilər ki, “bizi maraqlandıran sənin qəhrəmanlarının çətin vəziyyətlərdə necə davranmalarıdır”. Onların bu yanaşması mənim üçün çox dəyərli idi, çünki məhz bu baxış bədii ədəbiyyatın mahiyyətinə - insanın daxili qərar anına yönəlirdi. Yazıçının ustalığı insanı həyatın təzyiqləri qarşısında necə göstərməsindədir. Qəhrəmanların çətin vəziyyətlərdə davranışları, onların mənəvi gücü və ya psixoloji zəifliyi bədii əsərin ən təsirli tərəfidir.

Bəzi insanlar yanlış olaraq düşünürlər ki, yazıçının əsas məqsədi yalnız geniş oxucu kütləsinin maraqlarına xidmət etməkdir. Halbuki bədii ədəbiyyatın mahiyyəti və funksiyası çoxşaxəlidir. Əsl yazıçı həm kütlənin, həm də intellektual oxucunun zövqünü oxşamalı, hər şeydən öncə isə bədii-estetik dəyərləri qorumalıdır.

Ciddi oxucular üçün yazılmış əsərlər, adətən, daha mürəkkəb fikir strukturu, təfəkkür və psixoloji dərinliklə seçilir. Bu cür ədəbiyyat oxucunu düşünməyə, dünyaya fərqli baxmağa təşviq edir.

Böyük Britaniyanın sabiq baş naziri Marqaret Tetçer çıxışlarının birində qeyd etmişdi ki, onun sevimli kitabları detektiv janrına aiddir. Bu etiraf göstərir ki, intellektual təfəkkürə malik insanlar bədii əsərlərdə həm də məntiqi struktur və insan psixologiyasının dərin təhlilini axtarırlar.

Mənim üçün qürurvericidir ki, əsərlərimi Prezident İlham Əliyev və digər yüksək vəzifəli dövlət xadimləri də oxuyur. 18 il dalbadal şahmat üzrə dünya çempionu olan Nonna Qaprindaşvili mənim kitablarımı əldə etmək üçün Moskvaya getmişdi. Bu cür nüfuzlu oxucuların marağı yazıçının nailiyyəti olmaqla yanaşı, onun əsərlərinin intellektual dəyərinin və bədii təsir gücünün göstəricisidir.

– Cəmiyyətdə yazıçının rolu, əsasən, nədən ibarətdir – əyləndirmək, düşündürmək, yoxsa maarifləndirmək?

– Yazıçı əsərləri ilə oxucunu düşündürməli, dünyagörüşünü zənginləşdirməli, maarifləndirməlidir. Amma fikrimcə, yazıçının əsas vəzifəsi öz xalqını müdafiə etmək, mədəniyyətini qorumaq, onu dünyada tanıtmaqdır. Əlbəttə ki, bədii əsər oxucunu əyləndirmək və emosional təsir bağışlamaqla yanaşı, cəmiyyətin reallıqları, insan təbiətinin mürəkkəbliyi və sosial ədalət prinsipləri barədə düşünməyə sövq etməlidir. Bu baxımdan, macəra janrı, detektiv hekayələr və maarifləndirici mövzular oxucunun marağını artırmaq üçün vacibdir.

Tarix göstərir ki, yazıçılar yalnız bədii əsər yaratmır, onlar həm də dünyanı dəyişdirə bilirlər. Bu mənada, yazıçının əsas missiyası öz xalqı ilə bir olmaq və elə əsərlər yaratmaqdır ki, yüz ildən sonra yazdığı əsərləri oxuyan nəsil xalqın necə yaşadığını, azadlığı uğrunda necə mübarizə apardığını bilsin. Beləliklə, yazıçının rolu yalnız yaradıcılıqla məhdudlaşmır; o, xalqın vəkili, mədəniyyətin qoruyucusu və tarixin daşıyıcısıdır.

– Deyirsiniz ki, yaxşı yazıçı əbədiyyətdə xalqın vəkilidir. Adı sağlığında etalonlaşan, dünyanın məşhur yazıçıları sırasında öz yeri olan Çingiz Abdullayev bu missiyanı necə yerinə yetirir?

– Mənim silahım qələmimdir. Bədii əsərlər gənclərimizin dünyagörüşünü artırmaqla yanaşı, həm də daxili aləmlərini, etik və estetik zövqünü inkişaf etdirir. Kitab təkcə məlumat mənbəyi deyil, insanları formalaşdıran, şəxsiyyətlər yetişdirən güclü vasitədir. Çoxları bilmir ki, 35 il öncə “Qara yanvar” adlı kitabı İbrahim Şükürovla birlikdə yazmışıq. Sonralar eşitdim ki, bu kitaba görə məni həbs etmək istəyirlərmiş, amma mən yazıçı olaraq hadisələrə öz mövqeyimi bildirməli idim. Vətən müharibəsi dövründə 8 dəfə Moskva və eyni zamanda, Amerika televiziyalarında çıxış edərək Azərbaycanın haqlı mövqeyini müdafiə etmişəm, xalqımın qəhrəmanlığını vurğulamışam.

– 2020-ci ildə xalqımızın Zəfər yürüşü dövründə Rusiyada tanınmış jurnalist Vladimir Solovyonun “Voskresnıy veçer” verilişində iştirakınız, doğrudan da, mənəvi savaş idi.

– Bəli, həmin verilişdə Azərbaycan–Ermənistan münasibətləri, Qarabağ məsələsi müzakirə olunurdu. Orada çox gərgin anlar yaşandı. Qarşımda beş nəfər əyləşmişdi və onlar Azərbaycanın əleyhinə danışırdılar. Verilişin aparıcısı Solovyov isə açıq şəkildə ermənipərəst mövqe nümayiş etdirirdi. Mənə danışmağa imkan vermirdilər. Buna görə də şərt qoydum ki, əgər sözümü kəssəniz, dərhal studiyanı tərk edəcəyəm. Bundan sonra onların yanaşması dəyişdi, qarşı tərəfin aqressiv tonu bir qədər yumşaldı, sözümü kəsmədilər.

Düzünü desəm, o mübahisəli atmosferdə mənə üstünlük qazandıran bir məqam da vardı: studiyada əyləşənlər mənim kim olduğumu bilirdilər. Solovyovun özü də mənim əsərlərimi oxumuşdu. Mən onlara dedim ki, siz deyirsiniz ki, azərbaycanlılarla ermənilər bir yerdə yaşaya bilməzlər. Bəs necə olur ki, bu gün İstanbulda yüz minlərlə erməni yaşayır? Bunu necə izah edirsiniz?

Sonra söhbəti əsas məsələyə gətirdim, torpaqlarımızın iyirmi faizinin işğal edildiyini dedim. Təsəvvür edin, on milyonluq xalqın bir milyonu, yəni əhalinin on faizi doğma yurdundan didərgin düşüb. Heç kim onların taleyindən danışmır. Azərbaycanlıların hər on nəfərindən biri öz evini itirib, amma bu, heç kimi narahat etmir. Biz bu reallıqla yaşayırıq, siz bunu düşünməyə belə cəsarət etmirsiniz. Gəlin, bunu Rusiya miqyasında təsəvvür edək. Əgər siz torpaqlarınızın iyirmi faizini itirsəydiniz və əhalinizin on faizi, təxminən, 15 milyon insan qaçqın vəziyyətinə düşsəydi, Rusiya bu zərbə ilə yaşaya bilərdimi?

Heç kim cavab verə bilmədi, hamı susdu. Verilişin yayımlandığı günün səhəri tanınmış siyasi şərhçi, jurnalist Dmitri Şahnazarov efirdə mənim çıxışıma münasibət bildirərək dedi ki, mən azərbaycanlı yazıçını yüz faiz dəstəkləyirəm.

Rusiya kanallarının birində çıxış edən bir erməni mənim sözlərimdən bərk əsəbiləşdi: “Siz heç vaxt qalib gəlməyəcəksiniz, çünki biz əsgər xalqıq”. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra təxribatçı ifadələrlə çıxış edən həmin şəxsin elektron poçt ünvanını tapdım və ona yazdım ki, “nə oldu? haradadır o dediyin əsgər xalq?” Təbii ki, o məktub cavabsız qaldı.

Bütün bunlar bir daha təsdiq edir ki, güc milli iradə və mənəvi birlikdədir. Mənim əsərlərim Ermənistanda da oxunur. Ermənistandan gələn rus və gürcü ziyalılar açıq şəkildə deyirlər ki, orada mənim kitablarıma böyük maraq var. “Facebook”, “Instagram” kimi platformalarda erməni oxucular mənə yazır, fikirlərini bölüşürlər. Mən çox sevinirəm ki, onlar azərbaycanlı yazıçının əsərlərini oxuyurlar. Bunu ədəbiyyatın birləşdirici gücünün sübutu kimi qəbul edirəm. Ədəbiyyatın sərhədləri yoxdur və o, xalqlar arasında körpüdür.

– Amerikanın nüfuzlu jurnalları sizi siyasi dedektiv janrının banisi adlandırırlar. Soyuqqanlı, analitik düşüncəyə malik, ədalət axtarışında olan Dronqo Çingiz Abdullayevin əbədi obrazına çevrilib. Niyə bu janra daha çox üstünlük verirsiniz?

– İlk növbədə, ona görə ki, mən hüquqşünasam. Digər bir tərəfdən, XIII əsrdə Dante «İlahi komediya» ilə ümumbəşəri mənzərəni, XIX əsrdə Onore de Balzak «İnsan komediyası» ilə cəmiyyətin sosial mozaikasını, XX əsrdə isə Con Qolsuorsi «Müasir komediya» ilə öz dövrünün mənzərəsini təsvir etmişdi. Mən də fikirləşdim ki, bütün kitablarımı birləşdirsəm «Kriminal komediya» yaza bilərəm.

Doğrudan da son 20-30 ildə hadisələr bu fonda cərəyan edir. Balzak deyirdi ki, insanları iki şey maraqlandırır: pul və ölüm. Hətta, sevgi, məhəbbət belə pul və ölüm qədər maraqlı deyil. Detektivdə isə bunların hər ikisi var. Yazıçı elə kitab yazmalıdır ki, onu oxumaq istəsinlər. Mən əsəri yazanda hesab etmirəm ki, işləyirəm, mən o aləmdə yaşayıram. Əgər belə olmasaydı, 200 romanım hasilə gəlməzdi. Maraqlıdır ki, dünyada detektiv janrda kitabları 60, 70 faiz kişilər oxuyur. Mənim əsərlərimi isə əksinə, 70 faiz qadınlar oxuyurlar.

– Ədəbiyyatımızın indiki vəziyyəti barədə fikirlərinizi də bilmək istərdik...

– Hesab edirəm ki, müəyyən irəliləyişlər mövcuddur. 60-cı illərdə ölkəmizdə böyük bir ədəbi axın olmuş, çox sayda istedadlı gənc yetişmişdi. Lakin 1980-1990-cı illərdə böyük bir nəsli itirdik. İndi yeni nəsil yetişir. Bir neçə gün əvvəl İlqar Fəhminin “Şah Abbas” əsəri əsasında səhnələşdirilən tamaşada oldum. Onun yaradıcılığı diqqətimi cəlb etdi. Bu isə mənə böyük sevinc və ümid verir, çünki yeni nəslin inkişafı əsas şərtdir.

İspaniya səfərindən yenicə qayıtmışdım. Gənc bir oğlan əlyazmalarını gətirmişdi ki, oxuyum, ayaqüstü söhbətimizdə Müqəddəs Hiralda, Siviliya kimi mədəni-mənəvi məkanlardan danışdı. Onun bu qədər məlumatlı, geniş dünyagörüşünə malik olması məni çox təəccübləndirdi. Yazılarını oxuduqdan sonra onu Yazıçılar İttifaqına üzv qəbul etdik.

Hazırda Ramiz Dənizin əsərləri bir neçə dilə tərcümə olunub və akademik mühitdə yüksək qiymətləndirilir. Bu fakt bir daha göstərir ki, qarşıda bizi çox gözəl işlər gözləyir. İnanıram ki, biz elə bir sistemi qura bilərik ki, Azərbaycan yazıçıları dünyada tanınsınlar. İstərdim ki, gənclərimiz internet vasitəsilə öz kitablarını Azərbaycan, rus və ingilis dillərində yayımlasınlar və bu kitablar dünyanın hər yerində oxunsun.

– Bugünkü ədəbi mühitdə yazıçı missiyasını, ictimai nüfuzunu necə qiymətləndirirsiniz? Onların səsi cəmiyyətdə yetərincə eşidilirmi?

– 1988-ci ildə Qarabağ hadisələri başlayanda milyonlarla insan küçələrə axışır, birbaşa Yazıçılar İttifaqına üz tuturdular. Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Yusif Səmədoğlu, Xudu Məmmədov, Sabir Rüstəmxanlı kimi ictimai nüfuz sahibi olan yazıçılardan tələb edirdilər ki, bizə yol göstərin. Onlar rəhbərlərin deyil, yalnız yazıçıların sözünə etibar edirdilər.

Bu gün xalqın öz yazıçısına, şairinə etimadı o illərdə olduğu qədər güclü deyil. O dövr sözün çəkisinin ağır olduğu keçid mərhələsi idi; cəmiyyət sosializm modelindən kapitalizmə transformasiya edirdi. Müasir cəmiyyətdə çox təəssüf ki, uğur və nüfuz əksər hallarda maddiyyatla ölçülür. Bu, çox narahatedici və düşündürücüdür. Müasir cəmiyyətdə varlı şəxslər yazıçılara və alimlərə meydan oxuyurlar.

Əslində, xalqın mədəni və mənəvi gələcəyini formalaşdıran məhz yazıçılar, akademiklər və sənətkarlardır. Gələcək nəsillər bu yazıçıların əsərlərini oxuyacaq, onların yaradıcılığından, qoyduqları mədəni irsdən bəhrələnəcəklər. Təəssüf ki, bu dəyər anlayış hər kəs tərəfindən qəbul edilmir. XX əsrdə ən hörmətli şəxslər yazıçılar, bəstəkarlar, rəssamlar və akademiklər olmuşdur. Müasir dövrdə onlara hörmət əvvəlki səviyyədə deyil.

– Əsərləriniz 34 dilə tərcümə olunub. Azərbaycan ədəbiyyatının dünya oxucusuna çatdırılmasında hansı maneələr görürsünüz? Yəni tərcümə zəifdir, yoxsa əsər yoxdur?

– Tərcümələr zəifdir. Əvvəllər mənim kitablarımı kompüterdə tərcümə edib buraxırdılar. İndi isə Türkiyədə “CS Press” nəşriyyatında rus, ingilis, türk və Azərbaycan dillərində çox nəfis tərtibatda çap edilir. Təcrümələr də çox gözəldir. Bütün nəşrlərdə mənim barmaq izim var. İndiyədək 120 kitabım çap olunub.

Ümumilikdə, 10 filmə ssenari yazmışam. 2 serial xaricdə, 8 ekran əsərindən 3-ü Azərbaycanda çəkilib. Bunlardan birini Ənvər Əbluç, birini Mehriban Ələkbərzadə, digərini isə Yəvər Rzayev çəkib. Qalan 5 əsər Rusiyada, 1-i Almaniyada, 1-i isə Tacikistanda çəkilib.

– Sizcə, ən qiymətli əsəriniz hansıdır?

– 200-dən çox kitabım var və bunlar hamısı mənim övladlarımdır. Anadan soruşsanız ki, uşaqlarından hansını daha çox istəyirsən. Bu suala cavab vermək çox çətindir. Qədim Roma haqqında olan “Eramızın əzəlində sui-qəsd” əsərini 12 ilə ərsəyə gətirmişəm. “Mavi mələklər”i 23-24 yaşında yazmışam. Bu baxımdan, hər bir kitabım mənim üçün qiymətlidir. Bir dəfə Oqonyok jurnalı yazmışdı ki, Çingiz Abdullayev adında insan yoxdur. Bir yazıçı necə bu qədər kitablar yaza, çoxsaylı əsərləri tərcümə oluna, mükafatlar, orden və medallar ala bilər?

Mən redaksiyaya məktub göndərdim ki, yoxlayın. Əgər bu kitabları mən yazmamışamsa, cərimə ödəyəcəm. Mən yazmışamsa, o zaman siz üzr istəyəcəksiniz. Mixail Qusman və jurnalın baş redaktoru Viktor Loşuk Bakıda Slavyan Universitetində olarkən dedilər ki, yoxlamışıq, hamısını Çingiz Abdullayev yazıb.

Bilirsiniz, Moskvada belə şeylər edirlər. Deyirlər ki, sən kitab yazma, biz sənin yerinə yazarıq. Bir dəfə mənə bunu deyəndə, mən çox hirslənmişdim, belə şey olar? Əgər mənə desələr ki, 20 saat divanda uzan, bunu edə bilmərəm. Amma elə vaxt olub ki, 20 saat oturub yazmışam. Mən yazıb-yaratmaq üçün gəlmişəm bu dünyaya. Onu da deyim ki, yaradıcı insan tanınmaq istəyir: yazıçının əsas istəyi onun əsərlərinin oxunmasıdır, rəssam istəyir ki, əsərləri nümayiş olunsun. Bəstəkar arzu edir ki, musiqisi dünyada səslənsin. Yazıçı susa bilmirsə, o əsl yazıçıdır.

– Ədəbiyyatımızın mövcud problemləri daha çox bazar münasibətləri, oxucu zövqü, yoxsa ideya məhdudiyyəti ilə bağlıdır?

– İdeya məhdudiyyəti ilə bağlıdır. Azərbaycan ədəbiyyatında fentezi, siyasi detektiv janrı yoxdur. Siyasi detektiv yazmaq üçün yazıçı, ilk növbədə, dünyanı gəzməlidir. Elə başa düşürlər ki, fentezi janrı fantastikadır. Amma belə deyil. Vaqif Səmədoğlunun bir sözü vardı ki, biz düz yüz il gecikirik. Mən hesab etmirəm ki, gecikirik. Bizdə elə gənclər var ki, kitablarını ingilis dilində yazırlar. Mən o cavanlara çox ümid bəsləyirəm.

Yadımdadır, 90-cı illərdə evlərdən kitabları çıxarıb atırdılar ki, nəyə lazımdır. O vaxt Bakıda 114 kitab mağazasının hamısı bağlanmışdı. Bir müddət sonra yenidən açmağa başladılar, anladılar ki, kitaba hər zaman ehtiyac var.

Ümumiyyətlə, ədəbiyyatımızda mövcud problemlər həm oxucuların, həm də yazıçıların zövqü ilə bağlıdır. Yazıcılar elə yazmalıdırlar ki, əsərləri oxunsun. İnsanlar da dövrün çətinliklərinə, məişət problemlərinə baxmayaraq, kitab oxumalıdırlar. Kitabsız cəmiyyəti təsəvvürümə belə gətirmək istəmirəm.

– İkinci Dünya müharibəsindən sonra çox qiymətli əsərlər yarandı. Artıq Qarabağ zəfərinin 5-ci ildönümünü qeyd etdik. Bu zaman çərçivəsində sanballı əsərlər yarandımı?

– Bəli, Sabir Rüstəmxanlı, Aqil Abbas və başqaları yaxşı əsərlər yazıblar. Xatırlayırsınızsa, Zori Balayan Xocalı faciəsi zamanı Azərbaycan qadınlarına, uşaqlarına necə zülm etdikləri barədə yazmışdı. Çox adam biz yazıçılara deyirdi ki, bəs siz niyə belə kitablar yazmırsınız. Mən fəxr edirəm ki, biz belə kitablar yazmamışıq.

Mən 2023-cü ildə Qarabağdaydım. Biz nə etdik? Onlara çörək, su verib, yola saldıq. Biz insanları öldürmədik, uşaqlara zülm etmədik, qadınları zorlamadıq, əclaf, vicdansız olmadıq. 100 min adam Qarabağdan könüllü getdi və bir adamın burnu belə qanamadı. Tarixdə belə şey olmayıb. Bu da bizim ədəbiyyatımızın təsiridir. Belə olmasaydı, biz də onlar kimi vəhşilik edərdik.

Bir alim yazmışdı ki, bizim yazıçılarımız gənc nəsli ermənilərə nifrətlə böyütməlidirlər. Xeyr, bu, yanlış fikirdir. Biz kitablarımızı yazanda birinci növbədə fikirləşirik ki, insan insan olmalıdır. Bax, bu bizik. Bizim Nizamidən, Dədə Qorquddan, Füzulidən, Nəsimidən üzü bəri ədəbiyyatımız gənclərimizi vətənpərvər, mərd, cəsarətli böyüdüb.

– Oxucuları hansı mövzuda əsərlər gözləyir?

– Bir ssenari, bir siyasi detektiv və detektiv yazıram.

– Sizcə, kitablar rəqəmsal platformalarla rəqabətdə mövqeyini qoruya biləcəkmi?

– Bu, çox çətin məsələdir, amma çalışmalıyıq ki, kitab yaşasın. Dövr, zaman dəyişsə də kitab həmişə olacaq. Baxın, bütün böyük dinlər kitabla başlayır. İslam Quranla, yəhudilər Tora, xristianlar Bibliya, Avesta ilə. Bu baxımdan, kitab müqəddəsdir və ola bilməz ki, insanlar kitab oxumasınlar.

2005-2006-cı illərdə kağız kitablar azalmışdı, elektron kitablara üstünlük verilirdi. Son 10 ildə isə kağız kitablar daha çox satılır. Artıq yaşından, mövqeyindən, vəzifəsindən asılı olmayaraq, hər kəs başa düşür ki, kitab oxumalıdır. Kitabsız cəmiyyətdə tərəqqidən, inkişafdan söhbət gedə bilməz.

Müsahibəni apardı:
Mehparə ƏLİYEVA
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Noyabr 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mirədalət Talışxanova hökm oxundu

04 Noyabr 2025 17:57see227

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see191

Azərbaycan millisinin voleybolçusu: “İlk oyunda qazanılan qələbə vacib idi”

05 Noyabr 2025 01:52see180

Yaponiya Kremlə zərbə endirir...

04 Noyabr 2025 21:47see144

Bakıda metrolarda yeni ödəniş qaydası tətbiq olunur

04 Noyabr 2025 16:34see143

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see138

Kriştianu Ronaldu karyerasını bitirəndən sonra nə işlə məşğul olacağını açıqladı

04 Noyabr 2025 23:07see135

Mərkəzi Bankın sədri özünə daha bir müşavir təyin edib

05 Noyabr 2025 09:50see134

ÇL: “Bavariya” PSJ ni , “Liverpul” “Real”ı məğlub edib YENİLƏNİB

05 Noyabr 2025 02:03see132

Yəməndə Əl Qaidə komandiri öldürülüb

05 Noyabr 2025 00:52see132

Prezidentin Ana dili ilə bağlı tapşırığına əsasən AMEA hansı tədbirləri görəcək? İsa Həbibbəylidən ÖZƏL AÇIQLAMA

04 Noyabr 2025 17:21see130

Azərbaycanlıların qışda ən çox yediyi yeməklə bağlı həkimdən XƏBƏRDARLIQ

05 Noyabr 2025 08:44see130

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see130

Uzak Şehir in vurulma səhnəsi BƏYƏNİLMƏDİ

04 Noyabr 2025 17:50see129

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see128

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see128

İxrac etdiyimiz yağ daxildə satılandan niyə ucuzdur?

05 Noyabr 2025 08:31see127

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see124

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see124

Real dan penalti zərbələri ilə bağlı qərar

05 Noyabr 2025 00:37see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri