Icma.az
close
up
RU
Yeni dünya nizamında Azərbaycanın rolu Prezident İlham Əliyevin ADA dan verdiyi mühüm mesajlar TƏHLİL

Yeni dünya nizamında Azərbaycanın rolu Prezident İlham Əliyevin ADA dan verdiyi mühüm mesajlar TƏHLİL

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Qlobal inkişaf və dəyişikliklərə dair müzakirələr aparmaq, beynəlxalq əməkdaşlığı gücləndirmək və Azərbaycanın yeni dünya nizamında rolunu müzakirə etmək üçün aprelin 9-da ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib.

Forumda çıxış edən Prezident İlham Əliyev bir çox mühüm mətləblərə toxunub, vacib mesajlar verib.

Azərbaycan və Ermənistan münasibətləri


Prezident Əliyev sülh sazişinin imzalanması halında Azərbaycanın Ermənistanla əməkdaşlığa və etimadın tədricən qurulmasına hazır olduğunu, lakin bu prosesin mərhələli olmalı olduğunu vurğulayıb:

Azərbaycan və Ermənistan arasında saziş imzalananda və imzalandığı təqdirdə əlbəttə ki, əməkdaşlığın başlanılmasına heç bir maneə qalmayacaq. Hesab edirəm ki, biz vaxt itirməməliyik, çünki yenə də sülh sazişinə gəldikdə, top Ermənistandadır. Mən bir çox hallarda Ermənistandan ərazi bütövlüyümüz və onların konstitusiyası ilə bağlı gözlədiklərimizi dəfələrlə açıq şəkildə bildirmişəm. Bunlar məlumdur. Beləliklə, bütün bu işlər tamamlanan və sülh sazişi imzalanan kimi Cənubi Qafqazı inteqrasiya olunmuş regiona çevirməyə cəhd etmək üçün heç bir maneə qalmayacaq. Hesab edirəm ki, bu vəziyyət Cənubi Qafqazın üç ölkəsinin xeyrinədir. Realist olduğum üçün biz dərhal Ermənistanla dost olacağımızı təsəvvür edə bilmərik. Bu, real deyil və hətta belə bir iqtisadi inteqrasiya haqqında danışmaq hələ tezdir. Lakin biz etimadın artırılması üçün kiçik addımların atılmasına hazırıq. Bu yaxınlarda gürcü dostlarımız tərəfindən atılmış müəyyən təşəbbüslər var idi və biz onlara müsbət cavab verdik. Beləliklə, biz Ermənistan tərəfinin mövqeyini gözləyəcəyik. Bu baş versə, jurnalistlər və ziyalıların mübadilə səfərləri, transsərhəd çaylarla bağlı sessiyalar kimi kiçik addımlar atıla bilər, çünki bu məsələ Azərbaycanı ciddi narahat edir. Çünki Ermənistan Araz çayını çirkləndirir və yeri gəlmişkən, Azərbaycan istiqamətində Kür çayı məsələsi müvafiq şəkildə müzakirə olunmalıdır. Beləliklə, bütün bunların praktiki təsiri ola bilər. Bu kiçik addımlarla biz etimadsızlığı azaltmağa çalışa bilərik. Etimadı qurmaq üçün illər tələb olunur, lakin ən azından etimadsızlığı azaltmaq olar, biz buna hazırıq”.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) baş məsləhətçisi, politoloq Mətin Məmmədli APA-ya açıqlamasında deyib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi münasibətlərin dərhal deyil, tədricən normallaşmasına zəmin yaradacaq və etimadın formalaşması üçün əməkdaşlıq sahələri önə çıxacaq.

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması zaman tələb edən mürəkkəb prosesdir. Hətta iki ölkə arasında sülh müqaviləsi imzalansa belə, bu o demək deyil ki, münasibətlər dərhal normallaşacaq. Çünki iki ölkə arasında əsrlərə dayanan, siyasi olduğu qədər də psixoloji xarakter daşıyan dərin problemlər mövcuddur. Bu problemlərin qısa müddətdə tamamilə aradan qaldırılması və münasibətlərin tam normallaşması real deyil. Bununla belə, sülh müqaviləsinin imzalanması prosesi əhəmiyyətli başlanğıc nöqtəsi olacaq. Bu, qarşılıqlı münasibətlərin tədricən normallaşması üçün zəmin yaradacaq. Prezident İlham Əliyev də beynəlxalq forumda çıxışı zamanı qeyd edib ki, münasibətlərin normallaşması istiqamətində ilkin addımlar atıla bilər. Bəzi mövzular və məsələlər var ki, onlar həm Azərbaycanda, həm də Ermənistanda ümumi problem kimi qəbul olunur. Bu istiqamətlərdə əməkdaşlıq üçün müəyyən imkanlar mövcuddur və məhz bu sahələrdən başlamaqla tərəflər arasında etimad mühiti formalaşdırıla bilər. Bu da zamanla münasibətlərin daha geniş miqyasda normallaşmasına töhfə verə bilər”.

Azərbaycan Türkiyə və İsrail arasında vasitəçi kimi

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan, həm Türkiyə, həm də İsrail ilə dost münasibətləri nəzərə alaraq, bu iki ölkə arasında gərginliyin aradan qaldırılmasına səssiz və fəal şəkildə vasitəçilik edərək normallaşma prosesinə töhfə verməyə çalışır: “Hər iki ölkə Azərbaycanın yaxın dostudur. Biz Türkiyə ilə müttəfiqik. İsrail Azərbaycana dost ölkədir. Ona görə də, əlbəttə ki, bu iki ölkə arasındakı gərginlik bizim üçün çox narahatlıq doğurur. Artıq məlum olduğu kimi, - baxmayaraq ki, biz özümüz bunu açıq şəkildə heç vaxt bəyan etməmişik, bu, artıq kifayət qədər geniş şəkildə yayılıb, - Türkiyə ilə İsrail arasında ilk uğurlu barışıq müəyyən dərəcədə Azərbaycanın vasitəçiliyi ilə əldə olunub. Çünki indi iki ölkə arasında baş verənlər ilk böhran deyil, yaxın keçmişdə ikincidir. İlk böhran zamanı biz ölkələri yaxınlaşdırmağa çalışmaq üçün fəal rol oynadıq. Normallaşmanın birinci raundu zamanı biz tamamilə sakit idik. Biz bağlı qapılar arxasında işləyirdik. Təsəvvür edə bilərsiniz ki, biz indi eyni işi görürük. Ümidvarıq ki, bu proses normallaşmaya aparacaq. Dostlarınız arasında pis münasibətlərin olması hər zaman pisdir. Bu, onlar üçün pisdir, bizim üçün pisdir və dünya üçün pisdir. Çünki düşünürəm ki, legitim narahatlıqlara, kifayət qədər yüksək səviyyədə etimadsızlığa baxmayaraq, hələ də normallaşma və qarşılıqlı maraq doğuran sahələr üçün əsas tapmaq olar. Zənnimcə, proses dayanmamalıdır. Azərbaycan prosesə kömək etmək üçün əlində olan hər şeyi edir.”

Azərbaycanın sülhyaradıcı missiyasından danışan Mətin Məmmədli qeyd edib ki, Azərbaycan hər zaman dost, müttəfiq, tərəfdaş ölkələr arasında münasibətlərin korlanmamasına, münasibətlərdə ciddi problemlər yaranmamasına və yaxud yaranarsa, bunun danışıqlar yolu ilə həllini tapmasına çalışır.

Türkiyə Azərbaycanın strateji müttəfiqidir, İsrail isə tərəfdaş və dost dövlətdir. Hər iki ölkə ilə Azərbaycan arasında siyasi, iqtisadi, hərbi və təhlükəsizlik sahələrində yüksək səviyyəli əlaqələr mövcuddur. Bununla belə, zaman-zaman Türkiyə ilə İsrail arasında müəyyən problemlər və gərginliklər yaşanır. Bu kimi hallarda Azərbaycan daim çalışır ki, həm müttəfiqi, həm də tərəfdaşı olan bu iki dövlət arasında münasibətlər daha da gərginləşməsin və böhrana çevrilməsin.

Tarixən Azərbaycan bu istiqamətdə diplomatik fəaliyyət göstərib və Türkiyə-İsrail münasibətlərinin dərin böhran mərhələsinə keçməsinin qarşısını mümkün qədər almağa çalışıb. Prezident İlham Əliyev də bu məsələyə toxunaraq bildirib ki, Azərbaycan yalnız region daxilində deyil, həm də daha geniş coğrafiyada – xüsusilə Yaxın Şərqdə – sabitləşdirici rol oynayır. Azərbaycanın həyata keçirdiyi xarici siyasət sülhə, əməkdaşlığa və inkişafa xidmət edir. Bu yanaşma ölkənin xarici siyasətinin əsas prioritetlərindən biridir və xüsusilə də dost və müttəfiq dövlətlərlə münasibətlərdə bu prinsipə xüsusi önəm verilir”, - deyə o vurğulayıb.

Bayden-Blinken administrasiyasının nankorluğu

Azərbaycan Prezidenti çıxışında bildirib ki, ABŞ-la münasibətlər Respublikaçılar administrasiyası dövründə daha konstruktiv olub, lakin Bayden-Blinken komandası dövründə münasibətlər dərin böhran yaşayıb və bu, Vaşinqtonun anti-Azərbaycan siyasəti ilə bağlıdır: “...Bayden-Blinken administrasiyası dövründə ABŞ ilə Azərbaycan arasında münasibətlər böhran vəziyyətində olan münasibətlər kimi səciyyələndirilə bilər. Bunun səbəbkarı biz deyildik. Biz dünyanın ən güclü ölkəsi olan ABŞ ilə hər zaman yaxşı münasibətlərimizin olmasını istəmişik. Bu, cənab Blinkenin rəhbərlik etdiyi Dövlət Departamentinin yürütdüyü anti-Azərbaycan siyasəti və Prezident Bayden administrasiyasında olan anti-Azərbaycan mövqeli bir çox şəxslər üzündən baş verdi. Mən Azərbaycanda məyusluğa səbəb olmuş müxtəlif faktları qeyd edə bilərəm. Düşünürəm ki, cəmi birini - Azərbaycana qarşı sanksiyaların yenidən necə tətbiq olunmasını söyləmək kifayətdir. ABŞ-ın Azərbaycana ehtiyacı olanda Azərbaycana münasibətdə ayrı-seçkiliyi nümayiş etdirən Azadlığa Dəstək Aktına “907-ci düzəliş” müvəqqəti olaraq dayandırılırdı. ABŞ-ın hər bir prezidenti hər il bunu dayandırırdı. Lakin Bayden-Blinken administrasiyası Əfqanıstandan qaçan kimi,- bunu onların necə etdiyini hamımız gördük, - onlar bizə qarşı bu düzəlişi yenidən tətbiq etdilər. Belə nankor olmaq administrasiyanın özünə də ziyan verir. Çünki bundan sonra onlara kim etimad edəcəkdi? Bizim Bayden-Blinken komandasına etimad səviyyəmiz sıfra bərabər idi. Münasibətlərimiz dərin böhran içərisində idi. Bayden-Blinken komandası hakimiyyətdən gedən kimi, Azərbaycana qarşı bütün bu insinuasiyalar dərhal dayandırıldı. Onların “Washington Post”, “New York Times”, “Politico” və s. kimi bizə qarşı çox aqressiv olan, Prezident Trampın “feyk xəbərlər” adlandırdığı mediası Azərbaycan haqqında çirkin məqalələr dərc etməyi dərhal dayandırdı. Biz bilirdik ki, bu məqalələrin mənbəyi Dövlət Departamentidir. Bizim birinci prezidentlik dövründə Tramp administrasiyası ilə işləməklə bağlı çox müsbət təcrübəmiz var. Bizim münasibətlərimizdə heç bir böhran yox idi. Bəli, münasibətlərimiz istədiyimiz kimi fəal deyildi, lakin bu, birinci prezidentlik dövrü idi. İndi Prezident Tramp və komandası Avropa İttifaqının ona qarşı riyakarlığını gördü, Avropa liderlərinin xanım Harrisi dəstəkləməklə ona qarşı sövdələşmənin arxasında necə durduğunu gördü, beləliklə, o, bunu öz üzərində hiss etdi. Ona görə də ikinci prezidentliyi dövrü, - əlbəttə ki, bu, mənim qiymətləndirməmdir, - birinci dövrlə müqayisədə daha fəal olacaq və daha çox diqqəti amerikalıların milli maraqlarına yönəldəcək”.

Mətin Məmmədli vurğulayıb ki, Azərbaycan Bayden administrasiyasının qərəzli siyasətindən sonra Trampın yenidən prezident seçilməsi ilə ABŞ-la münasibətlərin düzələcəyinə və daha balanslı yanaşmanın olacağına ümid edir.

Son illərdə Azərbaycan və Birləşmiş Ştatlar arasında münasibətlərdə ciddi problemlər yaranıb. Bu problemlərin əsas mənbəyi Bayden administrasiyası olub. ABŞ hakimiyyətinin regionda yürütməkdə olduğu Ermənistan mərkəzli siyasət, eyni zamanda Azərbaycana qarşı qərəzli və ədalətsiz mövqe, əlaqələrin gərginləşməsində mühüm rol oynayıb. Bayden administrasiyası post-münaqişə dövründə baş verən proseslərə birtərəfli yanaşıb, Azərbaycanın haqlı mövqeyinə beynəlxalq müstəvidə laqeyd və ya açıq-aşkar mənfi münasibət sərgiləyib. Bununla yanaşı, ölkəmizə qarşı müxtəlif media platformalarında və beynəlxalq qurumlarda ardıcıl şəkildə qarayaxma kampaniyaları aparılıb və təəssüf ki, bu kampaniyalarda ABŞ administrasiyası da birbaşa və ya dolayı yolla iştirak edib. Bütün bu hallar, təbii ki, Azərbaycan-ABŞ münasibətlərində ciddi böhran yaradıb.

Lakin artıq Birləşmiş Ştatlarda siyasi dəyişiklik baş verib və Ağ Evdə yeni administrasiya – Donald Trampın rəhbərlik etdiyi komanda iş başına gəlib. Azərbaycan tərəfindən Tramp administrasiyasına böyük ümidlər bəslənilir. Gözlənilir ki, bu yeni mərhələdə ABŞ daha ədalətli mövqe nümayiş etdirəcək, regionda balanslı siyasət həyata keçirəcək və Azərbaycanla münasibətləri obyektiv əsaslarla inkişaf etdirəcək. Azərbaycan bu gözləntilərini Trampın ilk prezidentliyi dövründəki təcrübəyə əsaslanaraq formalaşdırır. Həmin dövrdə iki ölkə arasında ciddi bir problem yaşanmayıb, əksinə münasibətlər müxtəlif sahələrdə inkişaf edib. Prezident İlham Əliyev və digər rəsmi şəxslər də bu barədə dəfələrlə fikirlərini ifadə edərək, yeni administrasiyadan daha konstruktiv yanaşma gözlədiklərini bildiriblər”.

Rusiya-Ukrayna arasında sülhün mümkünlüyünə dair

Azərbaycan Prezidenti hesab edir ki, Rusiya ilə Ukrayna arasında sülh yaxın gələcəkdə mümkün deyil, çünki ərazi məsələsində tərəflərin mövqeləri barışmazdır və real dünyada müharibələr, adətən, yalnız tərəflərdən birinin qələbəsi ilə başa çatır.

“Biz hər zaman Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik, dəstəkləyirik və dəstəkləməkdə davam edəcəyik. İşğaldan və öz ərazi bütövlüyünün pozulmasından əziyyət çəkmiş ölkə kimi, biz, əlbəttə, həmin vəziyyəti tam anlayırıq. Bir sözlə, kimdən soruşsanız, deyəcək: “Biz istəyirik ki, müharibə dərhal dayansın”. Bəli, biz də istəyirik. Lakin əsas sual ondan ibarətdir ki, həmin atəşkəs, daha doğrusu, potensial atəşkəs və əgər belə demək olarsa, müvəqqəti atəşkəs dayanıqlı olacaqmı? İki açıq müharibədən keçmiş və onların arasında olan dövrü görmüş ölkə kimi deyə bilərəm ki, atəşkəs heç zaman müharibəni dayandırmır. Heç vaxt. Bizim məsələdə də bu, baş vermədi. Bu, ölkələrə, sadəcə, yenidən qruplaşmaq, səfərbər olunmaq və yenidən başlamaq üçün müvəqqəti fürsətdir.

Şəxsən mən realist olaraq, yaxın gələcəkdə Ukrayna ilə Rusiya arasında sülh üçün hər hansı perspektivi görmürəm. Rusiya işğal olunmuş əraziləri Rusiyanın bir hissəsi kimi bəyan edib. Onlar bundan necə geri çəkilə bilərlər? Ukrayna, o cümlədən bütün dünya həmin işğal olunmuş əraziləri Ukraynanın hissəsi hesab edir. Azərbaycan da onları Ukraynanın hissəsi hesab edir. Onda necə qurban verə bilər və deyə bilər ki, ərazilər Ukraynanın deyil? Əgər bu baş verərsə, onda belə çıxır ki, mən beynəlxalq siyasətdə nəyi isə başa düşmürəm. Əfsuslar olsun ki, müharibələr yekun kapitulyasiya aktı olanda bitir. Bizim Xorvatiyadan olan dostumuz qeyd etdiyi kimi, onlar öz ərazisini azad etdi, sərhədə çıxdı və dayandı. Biz də eyni addımı atdıq. Öz sərhədimizə çıxıb dayandıq. Real dünyada müharibə bu cür bitir”, - deyə Prezident İlham Əliyev bildirib.

Politoloq Azərbaycanın Rusiya-Ukrayna müharibəsindəki mövqeyi ilə bağlı bir daha vurğulayıb ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyaraq münaqişənin qarşılıqlı dialoq və kompromis yolu ilə həll olunmasının tərəfdarıdır: Cənab Prezident beynəlxalq forumda yeni suallara cavab verərkən, Ukrayna müharibəsi mövzusuna da toxunub və Azərbaycan tərəfinin bu müharibəyə dair mövqeyini bir daha aydın şəkildə ifadə edib. Azərbaycan Prezidenti bəyan edib ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü və suverenliyini birmənalı şəkildə tanıyır. Ölkəmizin mövqeyi də bundan ibarətdir ki, bu münaqişə yalnız Ukraynanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində, qarşılıqlı dialoq və kompromis yolu ilə həll oluna bilər.

Prezidentin qeyd etdiyi kimi, bu münaqişənin qısa müddətdə həlli, bizim istəyimizdən asılı olmayaraq, görünür ki, mümkün deyil. Ərazi məsələsi, xüsusilə münaqişə tərəfləri arasında əsas fikir ayrılığı yaradan məsələdir. Rusiya, işğal etdiyi əraziləri tərk etmək fikrində deyil və istəyir ki, dünya birliyi bu əraziləri Rusiyanın ərazisi kimi qəbul etsin. Digər tərəfdən, Ukrayna rəhbərliyi dəfələrlə bəyan edib ki, işğal altındakı torpaqların heç bir halda Rusiyaya güzəştə gedilməyəcək və bu, Ukrayna üçün "qırmızı xətt"dir.

Bu fikir ayrılığı münaqişənin davam etməsinə və bölgədə davamlı sülhün əldə olunmasına mane olur. Prezident qeyd edib ki, atəşkəs əldə olunsa belə, bu müvəqqəti bir həll olacaq və davamlı sülhün təmin edilməsi üçün tərəflərdən biri qalib gəlməlidir. Bu, yalnız hərbi əməliyyatların müvəqqəti dayandırılmasına imkan verəcək, amma bölgədə uzunmüddətli və davamlı sülh üçün ərazi məsələsinin həlli vacibdir.

Prezidentin vurğuladığı kimi, Ukrayna müharibəsinin həlli yalnız tərəflər arasında sülhün möhkəmləndirilməsi ilə mümkün olacaq və bu, regionda sabitliyin təmin olunmasında mühüm rol oynayacaq”.

Azərbaycan - AŞPA münasibətləri

Prezident İlham Əliyev forumda bildirib ki, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycana qarşı ayrı-seçkilik və ədalətsizlik səbəbindən bu təşkilatla əlaqələr dayandırılıb və artıq rəsmi Bakı Avropa institutlarının qərarlarını hüquqi baxımdan tanımır, çünki bu qurumların fəaliyyəti qeyri-adekvat və təsirsizdir: “Biz 2001-ci ildə Avropa Şurasına üzv seçildik və mən oradakı Azərbaycan nümayəndə heyətinin ilk rəhbəri idim. Təəssüflər olsun ki, biz orada ədalətli mövqeyimizin dəstəklənmədiyini gördük.

Bu vaxtadək Azərbaycan nümayəndə heyətinin mandatı şübhə altına alınmırdı. Məhz suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdikdən bir neçə ay sonra onlar bizi səsvermə hüququndan məhrum etdilər. Yaranmış şəraitdə bizim orada fəaliyyətimizi dayandırmaq qərarını verdik. Həmin vaxtdan etibarən biz onların iclaslarında iştirak etmirik.

Yeri gəlmişkən, Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin hakimlərinin seçilməsində iştirak etmədiyindən, biz bu məhkəmənin qərarlarını tanımırıq. Bu, bizim mövqeyimizdir və fürsətdən istifadə edərək bəyan edirəm ki, Avropa Məhkəməsinin heç bir qərarının bizim üçün hüquqi qüvvəsi yoxdur. Çünki biz səsvermə hüququmuzdan məhrum edilmişik. Biz bu hakimlərə səs verməmişik. Biz onların kim olduğunu bilmirik. Zənnimcə, Avropa Şurası “üzərində oturduğu budağı” kəsdi. Onlar Azərbaycana qarşı ayrı-seçkilik etdilər, bizi təcrid etməyə cəhd göstərdilər, lakin bununla özlərini Qafqazdan məhrum etdilər. Gürcülər də eyni addımı atdılar. Mən Gürcüstanın orada təmsil olunmasının dayandırılması ilə bağlı hökumətin qərarını tam dəstəkləyirəm. Çünki bu, növbəti ayrı-seçkilik halı idi. Avropa Parlamentində yer almayan, nəticə etibarilə Avropa Şurasında qərarlaşan bəzi avropalı siyasətçilərin müstəmləkəçilik düşüncəsi təəssüflər olsun ki, əks nəticə verir. Mən həmin vaxt sual verdim - Azərbaycanda kimsə bizim bu təşkilatda təmsil edilməməyimizə fikir verdimi? Bizim üçün həyat davam edir.

Yeri gəlmişkən, COP29 çərçivəsində Avropa Şurasının Baş katibi Azərbaycana səfər etdi və burada məndən bu təşkilatdan tam çıxmamağı xahiş etdi. Dedim ki, xahiş edirsinizsə, tam çıxmarıq. Lakin bizim orada olub-olmamağımız heç nəyi dəyişmir. Biz bu təşkilata qoşulandan bəri dünya dəyişib və Avropa da kəskin şəkildə dəyişib. Bizim Avropa İttifaqı ilə bağlı gözləntilərimiz ciddi şəkildə dəyişib və müzakirələrinizin mövzusu da dəyişib.

Prezident Trampın hakimiyyətə gəlməsi ilə bu dəyişiklik tamamlandı. Bu gün heç nə baş verməmiş kimi davranmaq, habelə Avropa Şurasında və ya Avropa Parlamentində qəbul edilmiş hər hansı bir qətnamənin nəyisə dəyişəcəyinə inanmaq sadəlövhlük olar. Bizim bu təşkilatlara münasibətimiz bu qeyri-adekvatlığa tamamilə uyğundur”.

Avropa Şurası ilə bağlı Azərbaycanın mövqeyini şərh edən siyasi şərhçi qeyd edib ki, istər beynəlxalq təşkilatlar, istərsə də ayrı-ayrı dövlətlər ölkəmizə qarşı hansı münasibəti sərgiləyirlərsə, Azərbaycan da onlara qarşı adekvat mövqe nümayiş etdirir.

“Prezident haqlı olaraq vurğuladı, bu qurumun ölkəmizə münasibəti qərəzli və ikili standartlara əsaslanır. Bunun bariz nümunəsi Azərbaycan nümayəndə heyətinin AŞPA-da mandatının dondurulması və heyətin AŞPA-nın fəaliyyətindən kənarlaşdırılmasıdır. Xüsusilə 2023-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi birgünlük antiterror tədbirlərindən sonra Avropa Şurasının ölkəmizə qarşı birtərəfli və qərəzli addımlar atdığı vurğulanır. Bu addımlar isə əsasən "insan hüquqlarının pozulması" kimi müxtəlif bəhanələrlə əsaslandırılır. Əslində isə bu addımlar siyasi maraqlardan irəli gəlir və Avropa məkanında fəaliyyət göstərən erməni lobbisi və diaspor qruplarının təsiri altında atılır. Təbii ki, belə bir münasibəti Azərbaycan qəbul edə bilməz. Buna uyğun olaraq da ölkəmiz öz xarici siyasətini və beynəlxalq münasibətlərdəki mövqeyini formalaşdırır”.

Dövlət başçısı ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda keçirilən beynəlxalq forumda çıxışında regionda və dünyada baş proseslərlə bağlı fikirlərini, aydın baxışlarını, mesajlarını çatdırdı. Prezident Əliyevin ADA-dan səsləndirdiyi bəyanatları, apardığı təhlilləri siyasi “master-klass” kimi də qiymətləndirmək olar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:36
embedMənbə:https://apa.az
archiveBu xəbər 10 Aprel 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Konfrans Liqası: Çelsi səfərdən darmadağınla qayıdır günün nəticələri

11 Aprel 2025 00:57see206

UEFA Konfrans Liqası: Fiorentina dan vacib səfər qələbəsi

11 Aprel 2025 01:20see134

Qərbi Azərbaycanın toponimləri: Milli kimliyin izləri

10 Aprel 2025 23:59see132

Diyetik qida sağlamlıq üçün riskə çevrilə bilər

11 Aprel 2025 07:00see129

Stepanyandan etiraf: Qarabağda üstünlük onlarda idi

10 Aprel 2025 23:33see125

Tarif savaşı qızışır: Çin 125 faizə qaldırdı

11 Aprel 2025 22:48see123

Tramp Meksikanı 1944 cü il su müqaviləsini pozduğuna görə sanksiyalarla hədələyib

11 Aprel 2025 06:58see121

Bağırsaq sağlamlığı niyə vacibdir

12 Aprel 2025 04:39see117

Bu QHT rəhbərləri istintaqa cəlb edilib

10 Aprel 2025 23:29see115

Rusiyanın Ukraynada son sutkadakı itkiləri açıqlanıb

11 Aprel 2025 09:31see113

Trampın siyasətinə etiraz: ABŞ səfiri istefa verdi

12 Aprel 2025 01:16see112

“Ukraynalılar ədalətli dövləti müdafiə etdiklərinə inanmırlar”..?

11 Aprel 2025 21:24see112

Süni intellekt qadınlar arasında işsizliyi artıracaq

12 Aprel 2025 13:12see111

İsraillə Azərbaycan arasında səhiyyə sisteminin elektronlaşdırılmasına dair fikir mübadiləsi aparılıb

11 Aprel 2025 17:35see110

Deputat Cahangir Zeynalovun Azərbaycana qayıtmasını istəyir: Gəlib, sənətimizdəki boşluğu doldursun

11 Aprel 2025 11:19see110

Ən sadiq kişilər bu bürclərdəndir

12 Aprel 2025 13:05see109

ABŞ da Trampı öldürməklə hədələyən şəxs həbs edilib

12 Aprel 2025 04:09see109

İran ABŞ danışıqlarının mövzusu

12 Aprel 2025 13:02see108

AMEA da “Elmlə ədəbiyyatın dialoqu”

12 Aprel 2025 13:03see108

NATO Ukraynanı böyük partiya mərmi ilə təchiz etməyə hazırlaşır

11 Aprel 2025 21:52see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri