Yeniyetmələrdə səpki problemi normaldır, xüsusi prosedura ehtiyac yoxdur MÜSAHİBƏ
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gözəllik və estetik sahəsində Türkiyədə uzun illərdir fəaliyyət göstərən mütəxəssis Dilek Nazan Dalkılç, qadınların özlərini daha yaxşı hiss etməsinə, dəri sağlamlığının qorunmasına və bu sahədə doğru məlumatların paylaşılmasına töhfə verən peşəkar adlardan biridir. Estetik prosedurlar, dəriyə qulluq və kosmetik sahədə təcrübəli mütəxəssis Nazan Dalkılç Modern.az-a verdiyi müsahibədə gözəllik anlayışına, estetik trendlərə yanaşmasına və Azərbaycan təəssüratlarını bölüşüb.
Müsahibəni təqdim edirik:
- Hazırda Türkiyədə və dünyada hansı gözəllik trendləri önə çıxır?
- Hazırda üz gərmə əməliyyatları ən çox trenddə olan və yayğın istifadə edilən prosedurdur. Bunu müəyyən yaşlarda – dəridə qırışıqlıq çox olan zaman istifadə edilməsi tövsiyə olunur. Üz dərisinin qırışmasının 3 əsas səbəbi var. Əsas faktor genetikdir, ikincisi üz dərimizə düzgün qulluq etməmək və həddindən artıq prosedurlar etmək, son olaraq isə tamamilə nə yediyimizdən aslıdır. Buna görə də dərimizin daha cavan qalmasını istəyiriksə, üz baxımı və nə yeyəcəyimizə diqqət etməliyik. Mən üz gərmə əməliyyatından istifadə etməyin deyə bilmərəm, amma tövsiyəm proseduru 50 yaşdan sonra etməkdir.
- Azərbaycanda qadınların ən çox maraq göstərdiyi estetik prosedurlar hansılardır?
- Azərbaycanda xüsusi ilə bütün üzü botoks etdirmək, eyni zamanda burun əməliyyatları, dodaq dolğusu çox yayğındır. Düzünü desək, azərbaycanlı qadınların estetik əməliyyatlara ehtiyacı olduğunu düşünmürəm. Həqiqətən də bu ölkənin qadınlarının tamamilə fərqli gözəlliyi var, bununla belə, müxtəlif estetik əməliyyatlara üstünlük verməsi məni çox təəccübləndirdi.

- Artıq dəbdən düşmüş prosedurlar hansılardır? Bu prosedurlardan hələ də Azərbaycan və Türkiyədə istifadə edirlərmi?
- Bütün zamanlarda yayğın olan və insanların heç vaxt dəbdən düşməyəcək kimi düşündükləri gözəlliklə bağlı prosedurlar olub, amma bu prosedurlar da eyni ilə geyim, makyaj trendləri kimi dəbdən düşə bilir. Hazırda dəb olmayan, hətta çox zərərli, amma insanların istifadə etdiyi prosedur qalıcı makyajlardır. Həmçinin qalıcı makyajda nə qədər düzgün rəng seçməyə çalışsaq da, cilddə yağ və sebum tarazlığı dəyişdiyi üçün rəng mutasiyaya məruz qalır. Bu səbəblərdən qalıcı makyaj tövsiyyə edilməməlidir.
- Adətən üz dərimizə qulluq üçün mürəkkəb prosedurlar məsləhət görülür. Siz nə düşünürsünüz, sadə qaydada düzgün qulluq etmək mümkündürmü?
- Üz baxımın mürəkkəbləşdirmək o qədər də düzgün deyil. İdeal gün baxımı rutini çox sadədir. Hər qadın və kişinin bir neçə məhsulla, həm cildin sebum səviyyəsini qoruya, həm də cildi daha təmiz və pürüssüz edib, o tarazlığı qorumaq üçün etməli olduqları prosedurlar çox bəsitdir. Səhər oyandıqda cildinizə uyğun təmizləmə südü və ya gel ilə üzü yuduqdan sonra, tonik ilə gözənəkləri təmizləmək üçün tonikdən istifadə edirik, ən son isə cildimizə uyğun serum, nəmləndirici və günəş kremindən istifadə etməliyik. Eyni proseduru axşam da edib yata bilərik.
- Günəş kremlərinin tövsiyəsi dermatoloq və kosmetoloqlar arasında ciddi fikir ayrılıqları da yaradır. Bəziləri bu kremləri günəşdən qorunmaq üçün ideal hesab etsə də, bəziləri üçün onların dərimizə verdiyi ziyan daha çoxdur. Siz nə tövsiyə edərdiniz bununla bağlı?
- Əslində burada hər iki tərəf düzgün fikirləşir. Tək fərq onların prosesə fərqli aspektdən baxmalarıdır. Ola bildikcə orqanik günəş kremlərindən istifadə etmək lazımdır. Bu halda biz, həm günəşdən düzgün və lazımi səviyyədə qorunacağıq, həm də cildimizdə başqa problemlər yaranmayacaq. Normalda SPF dərəcəsi 30-un üzərində olan günəş kremlərində kimyəvi maddələrdən daha çox istifadə edilir.
- Biz cild baxımından danışanda görürük ki, gözəl üz dərisinə sahib olmaq üçün mütləq hansısa məhsuldan istifadə etməliyik, bəs təbii üsullarla gözəlliyi qorumaq mümkün deyil?
- Xeyr. Qoruya bilmərik. Çünki istifadə etdiyimiz bütün məhsulların içində xüsusi maddələr qarışımı olur ki, onları təbii üsullarla tapmaq çox çətindir. Məsələn elə günəş kremlərinin içində özəl etkən maddə günəş işıqlarını çarpaz şəkildə geri göndərir.
- Tez-tez qarşılaşdığınız dəri problemi hansıdır və buna qarşı nə tövsiyə edirsiniz?
- Ləkə. Günəşə məruz qalan, yanlış məhsul istifadə edən, cild baryerini qorumadan günəşə çıxan insanların dərisində ləkələr meydana gəlir. Ləkələrin qarşısını almaq üçün müxtəlif texnoloji yeniliklər, məhsullardan istifadə edərək pasiyentlərimizə qısa zamanda müsbət nəticələr verə bilir. Eyni zamanda da pasiyentin özünə baxması sayəsində bu problem tamamilə aradan qalxır, əgər ləkələr çox ciddidirsə, o zaman həmin xəstələri həkimə yönləndiririk.
- Sosial medianın gözəllik anlayışına təsirini necə qiymətləndirirsiniz?
- Çox ciddi təsiri var, bir neçə baxımdan yaxşıdır, bu gün sosial media platformalarından hamımız istifadə edirik və etməliyik də. Amma bir çox hallarda qarşındakının üz dərisini tanımadan, bilmədən, müəyyən analizlər aparmadan bilmədiyin kütləyə baxım tövsiyə etmək, müalicə etməyə çalışmaq təbii ki, ən yaxşı halda nəticə verməyəcək, ən pis halda isə mənfi nəticələr verəcək. Sosial mediada eyni zamanda doğru bilinən, təbliğ edilən, amma yanlış olan prosedurlar da var. Tövsiyəm o olardı ki, nəinki cild baxımı, ümumiyyətlə hər hansısa probleminiz varsa, mütəxəssislərlə danışmadan hansısa müalicə üsullarından istifadə etməyin.

- Son illərdə yeniyetmələrin də erkən yaşlarda cildinə müdaxilə - müxtəlif üz baxım prosedurlarına getdiyini görürük. Bu prosedurların müsbət tendensiyadır, yoxsa mənfi tərəfləri var?
- Gündəlik baxımlarını mütləq etsinlər, üz dərisi təmiz və davamlı nəmləndirilməli, günəşdən qorunmalıdır. Bu cildi təmiz və sağlam tutur. Düşünürəm ki, 18 yaş altında olan şəxslərə cild baxımı edilməsi düzgün deyil, əsasən də bir neçə prosedurluq və dərinin soyulması, lazerlə, UVE işıqları ilə müdaxilə qəbuledilməzdir. Adətən yeniyetmələrə medikal cild baxımı tətbiq edirik ki, bu da heç bir halda onların cildinə zərər vermir və bu hər dəfə edilən deyil də, sadəcə ehtiyac olanda istifadə edilən prosedurdur. Hansı ki, bu proses də üzdə qara nöqtələr, yağlılıq balansının qorunmaması və sebium normal deyilsə, valideynlərinin icazəsi ilə həyata keçirilə bilər. Valideynlər də bu mövzuda həssas olmalıdır. Yetkinlik yaşına çatmayan uşaqlar tapdıqları hər şeydən istifadə edib dərilərini daha da gözəlləşdirmək istəyirlər, bəzən analar buna qarşı çıxmaqdansa, özləri də övladlarına müxtəlif məsləhətlər verir. Amma əsas məsləhət bu cür məhsullardan uzaq durmaqdır. Çünki o yaşda cild özünü tənzimləyir, müxtəlif səpkilər ola bilər ki, onlar da zamanla keçib gedən proseslərdir və çox normal qarşılanmalıdır. Ümumiyyətlə sağlam hər kəsin cildi 26 yaşa qədər kollajen ifraz etdiyi üçün onun hansısa əlavə müdaxiləyə ehtiyacı yoxdur, 26 yaşdan sonra cild qorunmalıdır, 21 yaşdan sonra isə dəstəkləyici prosedurlar olmalıdır, amma 21 yaşdan əvvəl hansısa prosedurlar düzgün deyil. Yeniyetməlik dövründə yaranan səpkilərə biz özəl baxımlar edirik və qısa müddət sonra nəticəsini verir. Bunun üçün illərlə müalicə olunmağa, ciddi prosedurlardan istifadə etməyə ehtiyac yoxdur. Bəzi hallar isə qaçınılmazdır, hansı ki, bu zaman pasiyentin daxili orqanlarında müxtəlif xəstəliklər və ya hormonal balanssızlıq olduğu üçün ciddi səpkilər, üzdə aşınma yaranır bu zaman həmin xəstələr daxili müayinə olunmalıdır və ancaq bu kimi hallarda kollajen tərkibli dərmanlardan istifadə edə bilərlər. Kiçik yaşlarda və yeniyetmələrə əsas tövsiyəm əlləri ilə cildlərinə müdaxilə etməmək olardı, çünki əlimizdə kifayət qədər bakteriya toplaşır və onu üzümüzə vurduqda hər hansı adi qızartıya təmas etdiyi halda həmin səpki bütün üzə yayıla bilər.
- Müşahidələr göstərir ki, uşaq yaşlarından da estetik əməliyyatlara maraq artıb. Bu yöndə düşüncələriniz nədir, hansı yaşlardan estetik əməliyyat etdirmək düzgün deyil?
- Estetik əməliyyat yaşı 18-55 arasıdır. 18 yaşdan aşağı şəxslərin istə müəyyən istisna – sağlamlığına ziyan vurma halları olduğu təqdirdə etmək mümkündür. 21 yaşına qədər biz böyüyürük – üzümüz, burnumuz, bədənimizin bütün hissəsi böyüyür. Mənə qalsa, bu yaşlarda burun belə olsa, heç bir əməliyyat olmamalıdır. Türkiyədə 18 yaş altında estetik əməliyyatlar qanunla qadağan edilib. Valideynlərə tövsiyəm həm özlərini olduğu kimi sevməyi bacarmaları, həm də bunu övladlarına öyrətmələri olardı. Özünün sevməyən insan başqalarını bəyənmir, insan özün sevdikcə hər şey ona gözəl görsənəcək. Uşaq yaşlarda ətrafımızda xarici görünüşümüzlə bağlı ən adi fikir belə travmatik nəticələr verə bilər, bu baxımdan hər kəsin ehtiyyatlı davranması və uşaqlarımıza estetik əməliyyatlar tövsiyə etmək yerinə, onlara özünə inamı, sevgini yaratmağımız vacibdir.

- Azərbaycana gəldikdən sonra buradakı qadınların gözəllik anlayışında nə kimi fərqlər müşahidə etdiniz?
- İlk növbədə kişi və qadın heç bir fərqi olmadan hər kəs çox mədəni və digərlərinə hörmətlə yanaşır. Mən insanların bu cür davranışını heyranlıqla izləyirəm. Bu, Azərbaycana ikinci gəlişimdir və çox istəyərək, sevərək bura səyahət edirəm. İkincisi qadınların təbii gözəllikləri çox füsünkardır, təəssüf ki, buna baxmayaraq estetik əməliyyatlara daha çox meyillidirlər. Geyim tərzləri çox gözəl və kübardır bizim türkiyədəki kimi çox açıq geyinən qadınlar demək olar ki, yoxdur. Tək problem günəş kremi istifadə etmədikləri üçün cildlərində müxtəlif ləkələrin olmasıdır.
- Estetik müdaxilələrin qadınların özünə inamına təsiri barədə nə düşünürsünüz?
- Mən təbii gözəllik tərəfdarıyam. Amma təbii ki, qüsur olaraq görürüksə, mütləq ki, estetik əməliyyatlar özgüvənə təsir edəcək. Amma qadınlar təbii olaraq daha gözəldir, çünki qalıcı makyajlar kimi indi etdirdiyimiz burun əməliyyatının, dodaq dolğusunun, üzgərmə əməliyyatının da modası keçəcək. Dəbdən düşməyən tək şey təbii gözəllikdir və insanı da ən çox bu gözəl göstərir, sadəcə biz bunu gec başa düşürük. Önəmli olan balaca burun, böyük dodaqlar deyil, önəmli olan özümüzə olan inam və sevgidir. İnsan özünü sevməlidir.
- Bir çox hallarda qeyd edilir ki, gözəllik tək xarici görünüşümüzdə etdiyimiz dəyişikliklərlə tənzimlənmir, eyni zamanda nə yediyimizə, necə və nə vaxt yediyimizə də önəm verməliyik. Siz bu haqda nə düşünürsünüz və tövsiyələriniz nələrdir?
- Düzgün qidalanmaq və mənəvi təmizlik də cildimizə təsir edən amillərdəndir. İlk növbədə spirtli içki və siqaretdən uzaq durmaq lazımdır. Sağlam qidalanmaqla yanaşı, həftədə bir neçə dəfə yoqa və idmanla məşğul olmaq, bol meyvə-tərəvəz yemək lazımdır.


