Icma.az
close
up
RU
Yol yoldaşı

Yol yoldaşı

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Uzun illərin dostu, tələbə yoldaşım, ustad telejurnalist Cavanşir Muradxan oğlu Cahangirov haqqında düz beş ildir xatirə dolu yazı yaza bilmirəm. Nəsə alınmır, bir neçə dəfə cəhd göstərsəm də alınmır ki, alınmır. Beynimdən keçənləri, ürəyimdə olanları çox çalışdım fikrimi toplayıb kompüterin yaddaşına köçürüm, mümkün olmadı. Dostum, qardaşım Vasiflə məsləhətləşdim, dedi ki, nədisə bilmirəm, mən də yazmağa çalışıram, alınmır. Bir az gözləyək, olanları, keçənləri, təbii ki, birlikdə olduğumuz bir-birindən gözəl, unudulmaz günləri yada salaq, xatırlayaq. Belə yazılar qəfildən alınır, yazanda da bitirə bilmirsən, ha çalışırsan son nöqtəni qoyasan, ancaq ürək-beyin doludur, dayana bilmirsən, barmaqlar kompüterin klaviaturasınıdan  aralana bilmir və ya qələm sanki cuşa, ilhama gəlib dayanmadan çalışır. Razılaşdım, başqa çarəm də yoxdur. Ancaq beyin 49 illik tanışlığın, dostluğun ən xırda anlarınadək olan vaxtı saf-çürük edirdi. Cavanşir haqqında xatirə yazı istəyənlər, kitab tərtib edənlər isə inciyir, küsürdülər. Lakin onsuz da nə vaxtsa bu xatirələr dilə gələcəkdi, məni kompüterin yaddaşına köçür, deyəcəkdi.

Aha..., deyəsən ürək dilə gəlib pıçıldamaq, danışmaq istəyir, yazmağın vaxtı çatıb. Cavanşirlə indiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində beş il bir qrupda oxumuşuq. Cavanşir də, Vasif Quliyev də məndən 5-6 yaş böyük idilər. Onlar bu fakültəyə əsgərlikdən sonra, hazırlıq fakültəsindən gəlmişdilər. İlk günlər onlarla ünsiyət rahat deyildi, bütün hallarda yaş öz sözünü deyirdi. Mənim 18 yaşım vardı, həm də kənddən gəlmişdik, əyalət məktəbində oxumuşduq. Hələ Bakıya, şəhər həyatına alışmamışdıq, kitabxanaların yerini axtarırdıq. Bəzilərimiz yataqxanada, bəzilərimiz isə kirayədə qalırdıq. Bazarlıq, yemək, pal-paltarı yumaq, həftədə bir dəfə hamama getmək, valideynlərin göndərdiyi pulu ay ərzində düzgün bölmək və s. İlk aylar böyük çətinlik çəkirdik. Bu yolu keçənlər bizi yaxşı başa düşürlər. Ona görə də diqqətimiz oxumaq, seminarlara hazırlaşmaqla yanaşı, daha çox məişət problemləri ilə bağlı idi. Günlərimiz beləcə keçirdi. Ancaq Cavanşirlə, Vasiflə və digər tələbə yoldaşlarımla necə dostlaşdığımız yadımda deyil. Hansı aydan, hansı gündən? Bir də ayıldıq ki, az qala bizə - Vasifə, Cavanşirə və mənə zarafatla “üç musketyor” deyirlər. Hətta sonralar da bu dostluğun necə yarandığını aydınlaşdırmağa çalışırdıq, mümkün olmurdu. Heç birimiz konkret vaxt deyə bilmirdik. Axır ki, adını belə qoyduq, “özümüz də bilmədən dostluğumuz başlayıb”. Qısqananlar da olurdu, özü də onların arasında müəllimlərimiz də vardı. Demək olar ki, az qala günün böyük hissəsini bir yerdə olurduq. Xeyir-şər, ad günü. Görüşməsək darıxırdıq, elə bilirdik həmin gün nəsə çatışmır. Daha çox Vasifgildə olurduq. Bunun da səbəbi vardı, Vasif qardaşı Rüstəmlə Yasamalda, bir otaqlı mənzildə yaşayırdı. Sərbəstlik idi, istədiyimiz kimi dincələ, nərd oynaya, bir tikə çörək yeyə bilirdik. Arada Cavanşirgildə də olurduq. Burada daha çox ev yeməkləri yeyirdik. Allah Cavanşirin anası Səriyyə xalaya qəni-qəni rəhmət eləsin, qəbri nurla dolsun! Onlarda olduğumuz günlərdə bizi bişirdiyi isti yeməkdən bir tikə yedirtməsə, getməyə qoymazdı.

Artıq birinci semestri başa vurmağa hazırlaşırdıq. Zaçotlar başlamışdı. Qəfil acı xəbər gəldi, bizimlə eyni qrupda oxuyan Fərman Atakişiyevin (Allah rəhmət eləsin o, özü də dünyasını tez dəyişdi) atası rəhmətə gedib. Tələbə yoldaşlarımız belə qərara gəldilər ki, iki nəfər Şəmkirin (o vaxtlar Şamxor adlanırdı) Seyfəli kəndinə getsin, kömək üçün yığılan məbləği onların ailəsinə çatdırsınlar. Belə demək mümkünsə, nümayəndə kimi Cavanşiri və məni seçdilər. Soyuq qış axşamı Bakı-Gəncə qatarına bilet alıb yola düşdük. Vağzalda bizi Vasif, Ağasəf, Tahir, Amil, Namiq yola saldılar. Səhər tezdən, saat 6-7 arası Gəncədəydik, neyləyək? Gəncədə böyük qardaşım, rəhmətlik Binnət, bibimoğlu Kazım və xeyli qohumlarım yaşayırdı. Sabah-sabah hamını yuxudan durğuzduq. Səhər yeməyini yeyib, taksi ilə Şəmkirə yola düşdük. Seyfəlinin böyük kənd olduğunu bilmirdik, Fərmangilin evini tapmaq müşkülə çevrildi. Çox qapılar döydük, tanıyıram deyən olmadı. Tam təsadüf nəticəsində evi tapa bildik, sən demə, burada ayrı-ayrı nəsillərə tirə deyirmişlər. Atakişilər tirəsi deyən kimi hər şey aydın oldu. Məlum oldu ki, Fərman dünən Bakıya yola düşüb, bizim gələcəyimizdən xəbəri olmayıb. Mərasim keçirilən həyətdə xeyli oturduq, tələbə yoldaşları adından ailənin böyüyünə başsağlığı və yığılan məbləği verdik. Yenidən Gəncəyə qayıtdıq, qardaşımgildə, bibioğlugildə ləzzətli Gəncə mətbəxinin müxtəlif yeməklərini daddıq. Bakıya gec çatdıq, saat 23.00 idi. Gəncədən xeyli pay-püş qoymusdular. Cavanşirin təkidi ilə gecəni onlarda qalası oldum. Səhərə qədər çabaladıq, yuxumuz ərşəyə çəkilmişdi. Az qala bir-birimizə tərcümeyi-halımızı danışdıq, əslimizi-nəslimizi tanıtdıq. Məlum oldu ki, Cavanşir əslən Qubadlı rayonundandır, görkəmli yazıçı Süleyman Rəhimovun baçısı oğludur (ancaq bir dəfə də olsun dayısının ad-sanından, şöhrətindən istifadə etmədi), valideyinləri ayrılıblar, atası tanınmış dilçi alim Muradxan Cahangirov Azərbaycan Elmlər Akademiyasının Dilçilik İnstitutunda işləyir, filologiya elmləri namizədidir. 6-cı mikrorayonda, bir otaqlı mənzildə tək yaşayır. Cavanşir ayrılıq səbəbinə görə atasından incimişdi, ona görə də onunla görüşə getmirdi, ancaq qardaşı Adil həftədə bir dəfə atasına baş çəkirdi.

Yol yoldaşlığı, yəni Şəmkirə səfərimiz Cavanşirlə məni bir az da yaxınlaşdırmışdı. Ancaq Vasiflə daha yaxın idi, həm də möhkəm zarafatları vardı. Tez-tez onlara gedir, söhbət edir, daha çox nərd oynayır, hərdən də dərslərə hazırlaşırdıq. Bəzən gec olanda buraxmırdılar, elə onlarca da gecələyirdik. Anası Səriyyə xala, qardaşı Adil, bacıları Solmaz xanım və Sevil xanım məni də, Vasifi də, digər tələbə yoldaşlarımızı da doğmaları kimi qarşılayırdılar. Beləcə üç musketyor həyatımız başladı və getdikcə daha da möhkəmləndi. Səriyyə xala rəhmətə gedəndə hələ tələbə idik. Qubadlıda, Əyin kəndində doğmalarının yanında dəfn olundu. İnanın, elə bilirdik doğma bir adamımızı itirmişik. Gözəl, təmkinli, sadə, son dərəcə diqqətli anaydı. Vasifə də, mənə də, İlhama da və digər dostlara da xüsusi münasibəti vardı. Tələbə dostlardan kimsənin qalmağa yerləri olmayanda, kirayə tapana qədər bu evdə qalırdılar. Səriyyə xala onlara balası kimi baxırdı. Bütün bunları, Səriyyə xalanın, Solmazın, Sevilin xeyirxahlıqlarını anama söyləmişdim. Mən kəndə gedib qayıdanda anam pay göndərərdi. Hind toyuğu, müxtəlif meyvə şirələri, (hərdən Cavanşir və Adil üçün) meyvə arağı, şaftalı, badam və s. üçün Səriyyə xala dəfələrlə təşəkkür etmişdi.

Bu ocaqda, yəni Cavanşirgildə və onun doğmalarında hansı tədbir keçirilirdisə Vasif də, mən də dəvət alırdıq. Cavanşirin bacısı oğlu Rövşənin 1 yaşının qeyd olunması yaxşı yadımdadır. Cavanşirin  doğum günündə də Vasiflə orada idik. Cavanşirin orta məktəb yoldaşı Etibar anası, sevimli şairəmiz Mədinə xanım Gülgünlə təşrif buyurmuşdular. Mədinə xanımın, Cavanşirin dayısı oğlu, yazıçı Şamo Arifin ürək sözləri, bizimlə rəqsi hamını təsirləndirmişdi. Unudulmaz bir gecə yaşadıq onda. Cavanşirin dayısı Yaşar Rəhimovun namizədlk dissertasiyası ilə əlaqədər müəllimimiz Sima xanımın düzənlədiyi məclisdə də bizim iştirakımız məqsədəuyğun sayılmışdı. Bir sözlə, Cahangirovlar, Rəhimovlar ocağında keçirilən bütün məclislərin iştirakçısı idik. Saymaqla bitməz. Bax, beləcə xoş günlərin fonunda tələbəçiliyimiz davam edirdi. Hərdən yataqxanaya gedir, Tahirə, Amilə, Zaminə, Vahidə, Etibara, Əliyə dəyirdik. Cavançir həm də qıyımcıl, ürəyi yumşaq, kövrək adam idi. Bir dəfə yenə yataqxanaya getmişdik, birinci mərtəbədə tennis oynayan tələbələrin səsi aləmi götürmüşdü. Hamı ordaydı, Vahiddən başqa. Otağa qalxdıq, Vahid yorğanı başına çəkərək yatmışdı. Cavanşir onu silkələyib qaldlrdı. Vahidin kefi olmayanda qaşı-qabağı yerlə gedirdi. Axır ki, onu danışdıra bildik, sən demə, pul-parası yoxdur, heç səhər yeməyi də yeməyib. Cavanşirin təşkilatçılığı ilə xeyli bazarlıq elədik, bir azda xərclik verdik. Vahidin rəngi-ruhu özünə gəldi. Ümumiyyətlə, qayğıkeş idi Cavanşir. Bəxtimizə qayğıkeş dostlar düşmüşdü. İndi Cavanşirin və Vasifin xeyirxah hərəkətlərini hamı xatırlayır. Onu da deyim ki, Cavanşirin qardaşı Adil də çox yaxşı insan idi, maraqlı zarafatları vardı. Bizimlə elə qaynayıb-qarışmışdı ki. Yadıma biri düşdü, qoy danışım, Vasiflə hərdən xatırlayırıq. Bir dəfə Vasif mənə və Adilə (özü də zarafatyana bizə demişdi ki, bu məclis Cavanşirsiz olacaq) ayrıca, kənar adamlar olmadan qonaqlıq vermək istəyirdi. Əslində tələbə vaxtı sıramızda Cavanşir və Vasif dostlara tez-tez qonaqlıq verirdilər. Adillə danışıb görüşdük, o vaxtlar “Göy-Göl” restoranı vardı. Vasif bizi orada gözləməliydi. Xan qızı Natavanın heykəlinin yanında görüşdük. Adillə dişimizi qıcamışıq, axıra kimi vuracağıq. Restorana çatdıq, Vasif qabağa düşdü ki, yer məsələsini həll eləsin, ancaq bir neçə dəqiqədən sonra tələsik geri qayıtdı, rəngi də qaçmışdı. Sən demə, Vasifin yaxın qohumlarından birinin bu restoranda toyudur, özü də dəvətlidir, sadəcə unudub. – Gedəyin içəri, narahat olmayın, yaxın qohumum toyudur. Problem olmayacaq, yer də var.

Adillə bir-birimizin üzünə baxdıq. Fikirləşdik ki, restoran toyudur, yer məsələsi problem ola bilər. Vasif çox üz vurdu, razılaşmadıq. Toyun sahibi gəldi, o da xeyli dil-ağız elədi. Qonaqlıq başqa vaxta qaldı. Adillə suyu süzülə-süzülə Azneft meydanın yanındakı çayxanaya gəldik. Heç bir kəlmə kəsmədən adama bir-iki stəkan rəhmətlik Rafaelin pürrəngi çayından içdikdən sonra, nəhayət Adil qımışdı: - Öz aramızdır, əla qonaqlıq oldu, ha!

Gülüşdük. İllər keçsə də, Adillə arada bir bu hadisəni yada salırdıq. Sonralar Vasif bu qonaqlığın əvəzinə beş-altı qonaqlıq verdi. Ancaq nədənsə həmişə yadımıza birinci qonaqlıq düşürdü.

Onu da deyim ki, jurnalistika fakültəsinin elə sovetlər dönəmimdə də demokratik abı-həvası vardı. Burada dərs deyən müəllimlərin (istər jurnalistika, istərsə də humanitar fənnlər üzrə) əksəriyyəti  yaradıcılıqla məşğul olduqlarından tələbələrə qələm yoldaşı kimi baxırdılar. Abbas Zamanov, Mir Cəlal, Nəsir İmanquliyev, Şirməmməd Hüseynov, Camal Mustafayev, Nurəddin Babayev, Seyfulla Əliyev, İnayət Bəktaşi, Fəridə Vəzirova, Zinyət Əlizadə, Raifə Həsənova, Şamil Qurbanov, Yaqut Vəkilova, Tariyel Əhmədov, Zibeydə Vəliyeva, Sara Əliyeva, Qulu Xəlilov, Nurəddin Babayev, Aydın Əbilov, Xalid Əlimirzəyev, Vaqif Vəliyev, Şamil Qurbanov, Tofiq Rüstəmov, Yalçın Əlizadə, Əliş Nəbili, Ceyran Əbdürrəhmanova, Sima Rəhimova, Nəsir Əhmədov, Akif Rüstəmov, Cahangir Məmmədov və adlarını unutduğum digər müəllimlərimiz, həm də bizə diqqət və qayğılarını əsirgəmirdilər. Ona görə də jurnalistika fakültəsinin tələbələri digər fakültələrin tələbələrinə nisbətən bir az ərköyün idilər. Başqa fakültələrdə tələbələr sessiya zamanı əziyyət çəkirdilər. Ancaq bizdə, hətta bəzi tələbələr aşağı kursda oxuyanların imtahanlarını müəllimlərdən xahiş edirdilər. Cavanşir bir neçə tələbə dostlarımızın kəsirlərini düzəltdirmişdi.

Jurnalistika fakültəsində birinci kursdan sonra, yəni yay aylarında tələbələr 45 gün respublika qəzetlərinin birində praktikada olurdular. Cavanşir “İdman” və “Şahmat”, Vasif “Molodyoj Azerbaydjana”, mən isə “Azərbaycan gəncləri” qəzetlərində praktika idik. Özü də bir binada, indiki “Azərbaycan” nəşriyyatında. Naharda, 4-cü mərtəbədə Rafiqin bufetində bir tikə çörək kəsir, çay içirdik. İkinci kursda isə rayon qəzetlərində praktikadaydıq. Cavanşir Qubadlıya, bizim rayonda Azərbaycan dilində qəzet olmadığından mən Vasiflə Şuşaya getdim. Yerli qəzet redaksiyasında əməkdaşlara kömək edir, materiallar redaktə edir, məqalələr və reportajlar yazırdıq. Gah Şuşada, Vasifin baçısıgildə, gah da Malıbəylidə Vasifin ata evində qalırdıq. Xosrov əmi və Məfkurə xala bizi bir an da olsa gözdən qoymurdular, vaxtında nahar, axşam yeməyində olmalıydıq. Tələbə yoldaşlarımızdan Aytən də, Namiq də bizimlə birlikdə idilər. Cavanşir Qubadlıda çox dözmədi, üç-dörd gündən sonra Şuşaya gəldi. Amil, Zamin, Tahir, Vahid də tezliklə Şuşaya təşrif buyurdular. Şuşanı gəzdik, axşamçağı Vasifgilə, Malıbəyliyə getdik. Rəhmətlik Məfkurə xala əl-ayağa düşdü. Süfrə açdı, Malıbəylinin gözəl nemətlərindən düzdü. Yadıma bir əhvalat düşdü. Xəbər gəldi ki, Zaminin halı pisləşib. Özündən gedib. Sudan üzünə-boynuna vurub diriltdilər. Evə qayıtdıq, yüz vurdu hər şey qaydasına düşdü.

Məfkurə xala günorta yeməyinə hazırlıq görürdü. İkinci mərtəbədən gördük ki, toyuqları tuta bilmir, Vahid gözünə döndüyüm özünü həyətə saldı, bir necə dəqiqənin içində toyuqların dördünü-beşini qamarlayıb tutdu. Vasif pəncərədən bunu gördü: -Neynirsən, özünü qonaq kimi apar, kolxoz bazarıdı, dedi. Vasifin incə zarafatları vardı. Vahid tez küsəyən idi, bu dəfə də mısmırığını salladı. Bir azdan tut arağı hamını dilləndirdi. Vahidin də könlü açıldı. Həmin gün hamı qayıtdı, Cavanşir qaldı, səhər tezdən tut bağına yollandıq. Vasifin rəhmətlik balaca qardaşı Ziyad eşşəyin belində, biz isə payi-piyada yolu əlimizə aldlq. Yolda Cavanşir dedi ki, yorulmuşam, bəlkə, eşşəyi mən minim. – Yıxılıb eliyərsən, biabır olarıq, deyə Vasif  zarafat elədi. Mindi, yolboyu  Cavanşirlə Vasifin şit zarafatları indi də yadımdadır. Tut yığmaq həvəsimiz olmasa da, ləzzətli yedik. Tut bağından qayıdanda xoş xəbər eşitdik, Vasifin əmisioğlu rəhmətlik Hafiz qız qaçırıb, səhəri günü toy olacaq. Sanki hadisələr bizim ətrafımızda baş verirdi, az qala hər gün maraqlı bir macəra ilə rastlaşırdıq. Toy başladı. Mağara girdik, süfrədə nə desən vardı, məni və Cavanşiri süfrəyə dəvət elədilər. Vasif, Xosrov əmi tez-tez gəlir, bizə baş çəkir, sonra köməyə gedirdilər. Tut arağı Cavanşiri silkələmişdi. – Elşad, oxuyan xoşuma gəlmir, istəyirəm özümüz oxuyaq. Nə deyirsən, başlayaq ?

Doğrudan da oxuyanın səsi çıxmırdı. Məndə oxuyan adam kimi tez də razılaşdım. Getdik, sağlıq deyəcəm, sonra bir-iki ağız oxuyarıq, ancaq çalış sən bir az hündürdən oxu, mənim səsim çıxacaq-çıxmayacaq bilmirəm, dedi Cavanşir.

Xosrov əmiyə çatdırdılar ki, Vasifin tələbə yoldaşları sağlıq demək istəyirlər. Vasif vəziyyəti bilən kimi mağardan qaçıb gizləndi. Masabəyinin yanında dayandıq, sağlıq deməyi bacaran adamlar kimi sinəmizi qabağa verdik. Bizi təmtəraqla təqdim elədilər. Cavanşir mikrofonu götürdü, ancaq nə dediyini anlaşdıra bilmədim, o yadıma düşür ki, Cavanşir mənə tərəf dönüb qulağıma pıçıldadı: “Nə oxuyacağıq?” – “Bu qala, daşdı qala”, dedim. Sonra nə baş verdiyini xatırlamıram. Ayıldım, Xosrov əmi bizi qucaqlayıb özümüzdən öpdü. Oxuyan: - qardaş bəlkə, axıra qədər siz oxuyasınız, mən oxuyan deyiləm, qarmon çalanam. – Sən davam elə, qoy bir az fikirləşək (yəni içək), görək, daha nə oxuya bilərik? – Cavanşir zarafata saldı.

Gedişatdan hiss elədik ki, mağarda hər kəs öz işi ilə məşğuldur. Vasif də gəldi. Narahat olmuşdu, ancaq vəziyyətdən xəbərdar idi. Cavanlar həvəslə oynayırdılar. Toyun səhəri günü də bu məsələyə qayıdan olmadı. Deməli, sağlıq deməyimiz, oxumağımız normal olub. Sonralar bu hadisəni tez-tez yadımıza salıb gülürdük. Hərəkətimiz özümüzə də maraqlı gəlirdi. İndi hərdən fikirləşirəm, kaş o vaxtlar  video olaydı, o unudulmaz mənzərəni çəkəydilər. Fotomuz da olsaydı pis olmazdı. Çox heyf!

Unudulmaz xatirələrin işığında yadıma pambıqda keçirdiyimiz günlər düşdü. İndiki Goranboy rayonunda pambığa aparmışdılar. Rayon mərkəzində, məktəblərin sinif otaqlarında qalırdıq, yerdən döşənib yatırdıq. Şərait bərbad idi. Yorğan-döşəyimizi dostumuz ilham gətirmişdi. Hələ Bakıda olarkən yatmaq üçün lazım olanları Tərtərin Sarıcalı kəndindən gətirəcəyini demişdi. Elə də oldu. Arada İlhamgildə qonaq olduq, anası rəhmətlik Firəngiz xala, bacısı Bəsti xanım bizə böyük diqqət göstərdilər.

Məktəbdə şərait dözülməz olduğundan Cavanşirlə belə qərara gəldik ki, məktəbin yaxınlığında kirayə ev tutaq. Müəllimlərimizin, tələbə yoldaşlarımızın bəziləri dodaq büzdülər. Evin yiyəsi rahat və hörmətcil ağsaqqal idi. Elə səhəri günü dodaq büzən müəllimlərimiz, tələbə dostlarımız dəstə-dəstə bizə gəlir, hamanda çimir, pal-paltarlarını yuyur və dəmlədiyimiz pürrəngi çaydan içir, yüz dəfə təşəkkür edirdilər. Bəzən də yoldaşlarımızın bəziləri məktəbə getmir, burada qalırdılar.  Cavanşir gülür, deyirdi ki, belə getsə məktəbdəki vəziyyət bizdə də yaşanacaq, yatmağa yer tapmayacağıq. Bizə növbə çatanda hamamda su kəsilirdi, bəzən çimə bilmirdik. Səhər yeməyi üçün məktəbə getmirdik. Yaşadığımız evə bitişik yeməkxana vardı, yaxşı xaş verirdilər. Səhər-səhər xaşdan yeyir, yüz də tut arağından dadır (məcburduq, çünki çirkabın içində idik), tarlada başımıza gün vurduğundan pambıq kollarının arasına girir, yatır, axşamı gözləyirdik. İki-üç gündən sonra az qala tələbə yoldaşlarımızın yarısına səhər-səhər xaş qonaqlığı verirdik. Maraqlı, unudulmaz günlər idi. Pambıqdan qayıdanda sözləşdik ki, bir həftə dincələk, dərsə getməyək. Bunun da səbəbi vardı, çoxumuz xəstələnmişdik. Əksəriyyət şəraitsizlikdən saqqal saxlamışdı. Cavanşirlə belə qərara gəldik ki, tarixi bir şəkil çəkdirək, sonra saqqalımızı qırxdıraq. Elə də etdik, əvvəl tək, sonra ikimiz birlikdə şəkil çəkdirdik. İndi həmin şəkillərə baxıram, pambıqda keçirdiyimiz günləri xatırlayıram. Nə gözəl unudulmaz günlər imiş, birdə qayıtmaz. Onu da deyim ki dərsə gələn günü dekanıq təcili iclas keçirib Cavanşiri sinifkomluqdan çıxardılar.

Ümumiyyətlə, tələbəlik dövründə hər gün, hər an belə yaddaşımıza həkk olunub. Xatırlanmalı o qədər əhvalatlar var ki. Aprel ayının sonu, mayın əvvəlləri nədənsə bir həftəlik vaxtımız oldu. Mən dəmiryolu vağzalına bilet almağa getmək istəyirdim, birdən Cavanşir nə fikirləşdisə dedi ki, mən də getmək istəyirəm. Razılaşdıq, belə qərara gəldik ki, əvvəl Gəncəyə, oradan da Qazaxdan keçməklə Qərbi Azərbaycana (indiki Ermənistan adlanan ərazi), mənim doğma kəndim Körpülüyə gedək. Bakı Soveti, indiki İçərişəhər metrosunun qabağında dostumuz İlham İsmayılov rastımıza çıxdı. Məqsədimizi bilən kimi – dəvət etsəniz mən də getmək istəyərəm. İki saatdan sonra dəmiryolu vağzalında, Bakı-Gəncə qatarının dayandığı platformada görüşdük. Gəncədə, böyük qardaşım rəhmətlik Binnət, bibimoğlu Kazım bizi çox isti qarşıladılar. Bir az şəhəri gəzdik, sonra Gəncənin dadlı mətbəxinin gözəl nemətlərindən daddıq. Mənim üçün Gəncəbasar mətbəxinin nəinki Azərbaycanda, eləcə də dünyada tayı-bərabəri yoxdur. Səhər tezdən Qazağa çatdıq, Əskiparadan keçməklə bizim rayon mərkəzinə, Noyemberyana (İncəsu, Barana) yola düşdük. Rayon mərkəzindən Körpülüyə on beş kilometr ola-olmaya, tez çatdıq. Günorta yeməyindən sonra kəndi gəzdik, bütün infrastrukturu göstərdim. – Ay Elşad, Körpülü müasir kənddir, təbiəti də gözəldir, hər şey var. Burada yaşamağa dəyər, heç kim darıxmaz.

Rəhmətliklər, anam Məleykə Abbasqızı, atam Qoca Binnətoğlu, əmim Musa Binnətoğlu bizim gəlişimizdən çox sevinmişdilər. Körpülü mətbəxinin də öz yeri var, doymaq olmur. Sonralar Cavanşirlə Körpülü mətbəxini çox müzakirə etmişik. Açıq Təpəyə, Qaracanın dərəsinə, Böyük Kola qədər getdik. Yaz vaxtı Körpülü gülün-çiçəyin içində olur, gəzməklə, baxmaqla doya bilmirsən. Açıq Təpədən Körpülüyə tamaşa etməyin ayrı ləzzəti var. Körpülü sanki bir mələk idi. Cavanşir də, İlham da Körpülünü çox bəyəndilər. Allah rəhmət eləsin Musa Dursunoğluna, şəxsi maşını ilə bizi Allahverdi şəhərinə, Axpata, Ağtalaya apardı. O tərəflərdə maraqlı nə vardısa bizə göstərdi. Növbədə Tiflis şəhəri idi, həm gəzmək, həm də qohumları görmək istədik. Körpülüdən Tiflisə saat yarımlıq yoldur, təxminən 80 kilometr. Yeznəm, rəhmətlik Misir İsmayıloğlu bizi Gürcüstanın Sadaxlı kəndinə, eyniadlı stansiyaya gətirdi. Sadaxlıdan Tiflisə elektrik qatarı ilə yola düşdük. Yolboyu danışmağa, müzakirə etməyə o qədər sözümüz, söhbətimiz, təəssüratlarımız vardı ki.  Vaxtın necə keçdiyini hiss eləmədik. “31-ci zavod” stansiyası deyirdilər, orada düşdük. Bizi Tiflisdə yaşayan əmimin oğlu Rövşən və dayım nəvəsi Abbas qarşıladılar. Daha bir qohumum, atamın əmisi nəvəsi Aliki (Arifi) soruşdum, dedilər Rusiyadadır. Tiflisi yaxşıca gəzdik. Əmimgildə, dayımgildə qonaq olduq. Mərkəzi parkda şəkillər çəkdirdik, maraqlı şəkillərdir, indi hərdən baxdıqca keçirdiyimiz xoş günlər yada düşür. Səhəri günü Gəncəyə, oradan da İlhamgilə, Tərtər rayonunun Sarıcalı kəndinə getdik. Cavanşir yorulmuşdu, çatan kimi bir neçə saat yatdı. Vasif demişkən, Cavanşir yatmağı sevirdi. Sarıcalıda, Tərtərdə, Bərdədə qonaq olduq. Bərdə parkında şəkil çəkdirdik. Gözəl və tarixi şəkillərdir. Həmin gün mənim ad günüm idi. İlhamın dayısıgilin həyətində gözəl məclis qurulmuşdu. Hava çox isti olduğundan təntimişdik, xüsusən də mən. Mən belə isti görməmişdim. Bir-iki yüzdən sonra vəziyyət bir az da dəyişdi. Üzrxahlıq edib Tərtərə qayıtdıq. Bərdə ilə Tərtər məsafəcə yaxın olsa da Tərtərin havası daha sərin idi. Təbiətin qoynunda əyləşib Tərtər pivəsindən içib sərinlədik. Yollar Cavanşiri üzmüşdü: – Möhkəm yorulmuşam, ancaq ləzzət elədi, Gəncə, Qazax, Körpülü, Allahverdi, Ağtala, Sadaxlı, Tiflis, Bərdə, Sarıcalı, Tərtər... gözəl səyahət, unudulmaz günlər keçirdik. Görmədiyim yerləri gördüm, sizin doğmalarınızla ünsiyyətdə oldum, özü də müxtəlif bölgələr, fərqli mətbəxlər. Məleykə xalanın, Firəngiz xalanın ləzzətli yeməklərindən daddıq. Belə səyahətləri gərək davam etdirək. Vaxtımız olan kimi Qubadlıya, Əyin kəndinə gedərik, düzdü, Elşadla orada olmuşuq, ancaq yas mərasimində. İndi isə istirahət üçün, gəzmək üçün gedək. Zəngəzurun da maraqlı tarixi, təbiəti, gəzməli-görməli yerləri var.

Malıbəylini, Şuşanı, Xankəndini yada saldlq. Tut yeməyə getdiyimiz günləri, Məfkurə xalanın ləzzətli yeməklərini, Vasiflə şit zarafatlarını, Hafizin toy məclisini, toyda sağlıq deməyimizi, oxumağımızı, özü də hansı mahnını oxudumuzu  xatırladıq. Ümumiyyətlə, tələbəlik dövrü insanın həyatında məncə, daha çox rol oynayır, həm də yaddan çıxmır. Düzdü, uşaqlığın, orta məktəbin, əsgər həyatının da ayrı ləzzəti var. Tələbəlik illərinin az qala hər günü, hər anı yadımdadır. Bu illərdə macəralar, maraqlı işlər çox olur. Saatlıda toy məclisi də xatirimdədir. Cavanşir, Vasif, Araz, Azər, yazıçı-filosof Firuz Mustafa və adlarını unutduğum digər dostlar da birlikdə məclisdə idik. Fəxrəddin tapşırmışdı ki, tezdən Saatlıda olaq, məclis başlayana qədər söhbətləşək, birlikdə bir tikə çörək yeyək. Elə də elədik. Ləzzətli toy oldu, gülüb-danışdıq, oynadıq. Saatı unutmuşduq, Fəxrəddin çox çalışdı ki, gecəni Saatlıda qalaq, ancaq səhəri günü hamımız işdə olmalıydıq. Cavanşir, Vasif, Firuz və mən gecəyarı toydan çıxıb vağzala gəldik, bilet alıb qatara mindik. Qatarda maraqlı anlar yaşadıq, məlum oldu ki, biletdə göstəriliən nömrəli  vaqon yoxdur. Hay-küy saldıq, yatmaq istəyirdik, axı. Həm də möhkəm içmişdik. Qatarın rəisi biləndəki  mətbuat işçiləriyik belə dedi: - Böyük hörmətim var sizlərə, hər şeyi anlayıram, belə hörmət edə bilərəm sizlərə, öz xidməti otağımdan (kupedən) çıxıram, dincəlin, birdə ki, vəziyyət barədə akt tərtib edə bilərik.

Ancaq nə kupedə getməyə, nə də yatmağa halımız olmadı, yaxın stansiyada düşdük, dedilər Əli Bayramlı (indiki Şirvan) stansiyasıdır. Yatmağa mehmanxana (otel) axtarırıq. Tapdıq, orta yaşlı rus qadın bizi iri bir şəraiti olmayan otaqda yerləşdirdi, özü də 35 manat pul aldı. Pulu Firuz verdi. Elə bil ayıldıq, 35 manat az məbləğ deyil, niyə belə çox olsun? Cavanşir və Firuzla qadının yanına düşdük, xeyli sıxma-boğmaya saldıq, sonucda səhər saat 8-də bizə xəbər etməyini tapşırıb otağa qayıtdıq. Ayıldıq ki, günortadır, saat 14-dür. Rus qadın növbəni dəyişmişdi. Onu əvəz edən qadın bizə hər şeyi anlatdı, rus qadın çox çalışıb ki, bizi yuxudan oyatsın, mümkün olmayıb. Bu səfərimizi tələbə yoldaşlarımızla, dostlarımızla bu gün də xatırlayıb gülürük.

Doğrudan da tələbəlik illərimiz olduqca maraqlı keçib.  O qədər şirin xatirələr var ki. Vallah, qəsdinə (zarafatyana) düşsək, bəlkə də ayrıca kitab yazmaq olar. Beş il sanki uçdu, günlər, aylar nə tez ötüşdü? Sonra üç ay hərbi toplanışda olduq. Ümumiyyətlə, jurnalistika sahəsində təyinat olmurdu, kim haradan tələbnamə gətirirdisə, orada da işə başlayırdı. Həmin il ilk olaraq universitetdən  tələbələr SSRİ Müdafiə Nazirliyinin sərəncamına göndərildi. Başqa ali məktəblərdə belə hallar olurdu, lakin universitetdən birinci dəfə belə hadisə baş verirdi. Universitetdən ümumilikdə 80 nəfər hərbi xidmətə çağrıldı. Bizim fakültədən 4 nəfər: mən, Namiq Əhmədov, Şamil Bağırov və Mehman Quliyev keçmiş SSRİ Müdafiə Nazirliyinin sərəncamına göndərildik. Dördümüz də Rusiyanın Novosibirsk şəhərinə, Sibir Hərbi Dairəsinə ezam olunduq, bir il sonra məni Ural Hərbi Dairəsinə, indiki Yekaterinburq şəhərinə dəyişdilər. Tələbə yoldaşlarımın bir qismi Bakıda müxtəlif qəzet-jurnallara, radio-televiziyaya, bir qismi isə rayon qəzetlərinə işə düzəlmişdilər. Cavanşir bir müddət “Şahmat” qəzetində, sonra isə Dövlər Radio və Televiziya Komitəsində (o vaxtlar belə adlanırdı) çalışmağa başladı. Arada imkan tapan kimi  ona zəng edirdim, danışırdıq. İki il, əvvəl Sibirdə, sonra isə Uralda hərbi xidmətdə oldum. Hərbi xidmətdən qayıdan da Cavanşir artıq televiziyanın “Gənclik” redaksiyasında çalışır, maraqlı verilişlərdə aparıcılıq edirdi. O, hər bir verilişinə yaradıcı yanaşırdı. Az qala yadımdan çıxmışdı, onun diplom müdafiəsi yadıma düşdü. Mövzusu təxminən belə idi, Amerika  yazıçısı O.Henrinin hekayələrinin Azərbaycan dilinə müqayisəli tərcümələri (eyni hekayəni həm Eyvaz Borçalı, həm də Manaf Süleymanov tərcümə etmişdi)  barədəydi. Onun diplom işi yüksək qiymətləndirildi. Müəllimlərimiz onun bir cümləsini xüsusi ilə qeyd etdilər, Eyvaz Borçalının tərcüməsində bədiilik, Manaf Süleymanovun tərcüməsində isə dəqiqlik güclüdür. Cavanşirin diplom işini maraq üçün mən də oxudum. Doğrudan da çox gözəl işlənilmişdi.

Həmin vaxtlarda qardaşı Adil qəfildən rəhmətə getdi. Adilin vaxtsız ölümü Cavanşirə çox pis təsir eləmişdi, ancaq sındıra bilmədi. Özünün ailəsi, qardaşının ailəsi, balaları, bacıları, onların övladları hamısı Cavanşirin qayğıları ilə əhatə olunmuşdu. Onların hər bir problemini, çətinliyini o, həll edirdi. Qayğılarının çox olmasına baxmayaraq, işində də ciddi idi. Cavanşir televiziyada sürətlə inkişaf elədi. Bir-birindən gözəl layihələri efirləri bəzədi. Xüsusən də “Gənclik” və “Yurd” mübadilə proqramları redaksiyalarında işlədiyi dövrlərdə maraqlı verilişlərdə aparıcı kimi çıxış edirdi. “Çay dəstgahı” əvvəlki nəslin yaxşı yadındadır. Bu gün də o veriliş xatırlanır. O, həmin illərdə televiziyada müxtəlif redaksiyalarda işlədi. Hamısında da ürəklə çalışdı. Çünki Cavanşir televiziyanı sevirdi, oranı özünün evi sayırdı. Onun işinə olan sevgisi, münasibəti sayəsində qısa bir zamanda ustad jurnalistə çevrildi. Bir sıra mükafatlar verildi, Əməkdar jurnalist adına layiq görüldü. Dostum, qardaşımdır, deyə demirəm, tam məsuliyyətimlə söyləyirəm, Cavanşir Azərbaycan televiziya məkanında gözəl bir məktəb yaratmışdı. Bu gün ölkəmizdə həmin məktəbin kifayət qədər tanınmış simaları var. Onlar müxtəlif televiziya kanallarında çalışırlar. Efirləri izləyəndə Cavanşirin dəsti-xətti açıq-aydın görünür. O, daim yenilik axtarırdı.

Cavanşir bir müddət “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini kimi yüksək vəzifədə çalışdı. O, Cəmiyyətdə respublika radiosuna kuratorluq edirdi. Bu işində də maraqlı verilişlər, layihələr, proqramlar həyata keçirdi. Ancaq işinin rahat getdiyi bir  vaxtda sağalmaz xəstəlik tapdı, əhəmiyyət vermədi. – Cəhənnəmə nə olur, olsun, heç vecimə də deyil, dedi. Axır ki, həkimlər, dostlar onu razı sala bildilər, ağır əməliyyat keçirdi. İşləyə bilmədi, səhhəti onu çıxılmaz vəziyyətə salmışdı. Bir müddət “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Tele-Radio Akademiyasında müəllim kimi fəaliyyət göstərdi. Neçə-neçə gənc kadrların hazırlanmasında yaxından iştirak edirdi, ustad dərsləri keçirdi.

Son illər tez-tez görüşürdük. Vasif, İlham və mən daim onun yanında idik. Az qala həftədə iki dəfə görüşürdük. Sanki bizsiz darıxırdı, onu itirəndən sonra hər şeyi başa düşdük. Tez-tez zəng edirdi: - Qonaqlıq vermək fikrin yoxdur?

Yenə yığışırdıq. Vasiflə zarafatından qalmırdı. Onların yumorlu zarafatlarını bu gün də yada salırıq. Bir idi, iki idi... saatlarla danışmaq olar.

Bir hadisə də yadıma düşdü. Keçmiş Papanin, indiki Cəlil Məmmədquluzadə küçəsində yaşayırdıq. Gecə yarısı darvaza döyüldü. Ayıldım, uşaqlar şirin yuxuya getmişdilər. Saat 4-ə işləyirdi. Uşaqlar ayılmasınlar deyə, tez durub həyətə çıxdım. Gecənin bu vaxtında kim olar? Kimdi, deyə soruşdum. – Bizik. Cavanşirin səsi gəldi. – Xeyir ola gecənin bu vaxtı? - Yaxşı ki, Vasif yada saldı, az qala unutmuşduq, bəs sənin ad günün deyil?

Vəziyyəti anladım. Əslində mənim ad günüm may ayında idi. May ayı ilə oktyabr ayını qarışdırıblar. Sən demə, dostlar işdən sonra görüşüb möhkəm yeyib-içiblər. Qəfildən Vasif deyib ki, biabır olduq, bu gün Elşadın ad günüdür. Neyləyək? Birbaşa evlərinə gedib təbrik edək.

Payızın ilk günləri idi. İlıq və xoş hava vardı. Elə həyətdə oturduq. Uşaqların anası gözəl süfrə aşdı, sanki xəbəri varmış Vasiflə Cavanşirin gəlişindən. Səhər saat 8-cən oturduq. Zarafatlaşdıq, gətirdikləri nə varsa hamısını yola verdik. Sonra birbaşa işə getdik.

Bu unudulmaz gecəni Cavanşir tez-tez xatırlayırdı. Həmişə də deyirdi ki, Fatma bacımız gecənin bu vaxtında yaxşı süfrə açdı. Ağıla gələn deyil, həm tez, həm də ləzzətli yeməklər bişirdi. Körpülü mətbəxinə söz ola bilməz, dadlı-ləzzətli.

Toyunu xatırlayıram. Aləm bir-birinə qarışmışdı. Çoxlu sayda dəvət olunmayan qonaqlar vardı. Qız evi ayaqüstə qalmışdı. Birtəhər yerləşdirdilər. Dostlar, tələbə yoldaşları sıx-sıx oturdular ki, digərlərinə də yer olsun.

Tələbə yoldaşlarımızın xeyir-şərindən qalmırdı, həmişə öndə olurdu. O yerdə ki, Vasiflə Cavanşir vardı, orda hər şey yerində olurdu. Rəhmətlik Aytənin böyük qızının toyunda tələbə yoldaşlarından bəziləri iştirak edirdi. Aytən elə sevinirdi ki. Tələsmədik, axıra qədər oturduq, oki var oynadıq. Aytənin əmisi Cavanşirlə orta məktəb yoldaşı olmuşdular. Ona görə də Aytən Cavanşiri, Cavanşir Aytəni  çox istəyirdi. Həm də Aytən hamıdan yaşca balaca idi. Unudulmaz toy idi. Dünyalarını erkən dəyişmiş Qismətin, Vahidin övladlarının toyunda da bir yerdə idik. Ümumiyyətlə, Cavanşir xeyir-şər adamıydı. Vasifin övladlarının toyunda Cavanşir ona sataşırdı,  Cavanşirin balalarının xeyir işlərində isə Vasif dinc dayanmırdı. Heç kim də onların zarafatlarından incimirdi.

Onun maraqlı musiqi duyumu vardı. Ümumiyyətlə, çox duyğusal, həssas insan idi. Heç kimin görmədiyini o görürdü, hiss edirdi. Yutub kanalı ortaya çıxandan boş vaxtlarında musiqiyə qulaq asırdı. Bu istiqamətdə baxışlarımız eyni idi. Birdən zəng edirdi, filan musiqiyə qulaq as, gözəl əsərdir, yaxud, mən ona zəng edirdim. Onu da deyim ki, hər ikimiz də musiqi janrına fikir verməzdik. Yaxşı əsərdir, vəssalam. Azərbaycan, türk, xalq, estrada və aşıq musiqisi, muğamlar, Avropa ölkələrinin musiqiləri, xüsusən də italyan, ispan və fransız estradası. Avstriya, İtaliya, İspaniya və Fransanın adlı-sanlı orkestrlərinin Orxan Gəncəbayın, Ferdi Tayfurun və Sezen Aksunun əsərlərinin ifa etmələri daha maraqlı və möhtəşəm idi. Hələ Xulio İqlesiası, Ququşu demirəm. Hər ikimiz Ququşun sənətinin vurğunu idik. O, illər Bakıda Ququşun iştirak etdiyi filmlər göstərilirdi. Yadıma bir hadisə də düşdü. Deyəsən, ikinci kursda oxuyurduq. Fakültəmizlə üzbəüz foto-atelye vardı. Şüşəli və iri pəncərədən Ququşun şəkili asılmışdı. Fotoqrafla danışıb on manata ( o illərdə foto şəkilin biri 30-50 qəpik idi) şəkili aldıq. Həmin şəkil bir neçə il məndə qaldı. Şərqşünaslıq fakültəsinin fars bölməsində təhsil alan gənc dostumuz Sabir bəy haradansa eşitmişdi ki, məndə Ququşun fotoşəkili var, Rəhman bəylə Bayıla, kirayədə qaldığım evə gəlmişdi. Onun qəlbini qırmadıq, fotonu bağışladıq Sabir bəyə.

Yadıma bir məqam da düşür. Məşhur ispan müğənnisi Jasmin Levyinin İbrahim Tatlısəslə oxuduğu “Seni sana birakmam” və Kubatla “Adio Kerida” duetləri onu çox duyğulandırmışdı. Xüsusən də  Jasmin Levyin səsi. Səhər tezdən zəng eləmişdi: - Xəbərin var, məni işə salmısan, gecə səhərə qədər bu duetin təsirində olmuşam. Əla aranjıman edilib. Jasminin səsi də adamı ovsunlayır. Ancaq daha göndərmə, xahiş edirəm, səhərə qədər qulaq asıram, yuxum ərşə çəkilir, yata bilmirəm.

Son görüsümüz yadıma düşür. Vasiflə zəngləşmişdi, mənə də xəbər elədi, kafedə üçlükdə görüşdük. Xeyli gülüb-danışdıq, tələbəlik günlərimizi yada saldıq. Dünyasını dəyişən tələbə yoldaşlarımızı bir-bir xatırladıq. 1002-ci qrupda 25 nəfər idik. Ağasəf Məmmədov, Vahid İmanov, Fərman Atakişiyev, Validə İsmayılova, Aytən Qəhrəmanova, Mirəşrəf Kamalov, Etibar Babayev, Zamin Mehdiyev, Mahal Sadıqov dünyalarını vaxtsız dəyişmişdilər. Tələbə yoldaşları üçün Cavanşirin necə göz yaşı tökdüyünün şahidi olmuşuq. Xüsusən də Zamini itirəndə. Axır vaxtlar haqq dünyasına qovuşmuş qələm dostlarımızdan Qisməti, Hüseyn Əfəndini, Qəzənfər Qəribovu, Məmməd Nazimoğlunu tez-tez yada salırdı.

İşdəydim, başım bərk qarışıq idi. Cavanşirdən zəng gəldi. – Özüm haqqında sənədli film hazırlayıram. Birinci hissə, uşaqlıq və orta məktəb illəri hazırdır. İkincisi tələbəlik dövrüdür. İstəsən, səni də çəkərik, imkan varsa, bu gün çəkək. Texnika hazırdır, Vasifin iş yerində çəkə bilərik. Vaxtın olmasa, başqa vaxta keçirə bilərik.

Cavanşirin həyəcanlı danışığı məni narahat elədi, icazə alıb işdən çıxdım. O, Vasifin iş otağında komandası ilə birlikdə məni gözləyirdi. Hazırlıq işlərindən sonra otaqdan çıxmaq istədi, razılaşmadım. Dedi ki, Vasif imkan verməyəcək danışmağa, biz o biri otağa keçək, siz işinizdə olun.

Cavanşir haqqında az qala yarım saat danışdım, o filmin ikinci hissəsini başa çatdıra bilmədi. Çox heyf. Filmi üç hissəyə bölmüşdü. İndi də mənim üçün maraqlıdır, Cavanşir o müsahibəyə qulaq asa bildi, ya yox? Bu barədə görüşlərimizin heç birində söz salmadıq, nə o, nə də mən. Hər ikimiz işin sonunu gözləyirdik. Yarımçıq qaldı... Ancaq çəkiləcək o filmə 20 yanvar 1990-cı ildə baş vermiş hadisəni də danışacaqdım. Düzü, bu hadisə sonradan yadıma düşmüşdü. Qismət olmadı, heç olmasa bu xatirə-anım yazısına o gecədə baş vermiş hadisəni də salaq, ruhu şad olsun!

...1990-cı ilin qanlı 20 Yanvar faciəsi. Azərbaycan xalqına qarşı törədilmiş dəhşətli cinayət. Həmin gün keçmş SSRİ-nin müxtəlif təyinatlı qoşun hissələri Bakıya yeridilərək küçələrdə, meydanlarda toplaşan dinc əhaliyə amansızcasına divan tutmağa başladılar. O geçə mən də Tbilisi prospekti ilə keçmiş İnqilab küçəsinin kəşişdiyi yerdə idim. Burada toplaşanlar isinmək üçün tonqal qalamışdılar. Cavanşir yanında bir neçə nəfər iş yoldaşları ilə gəldi. Görüşdük. Biz də tonqalın ətrafına yaxınlaşdıq, hava  çox soyuq idi. Bir neçə saat dayandıq, belə qərara gəldik ki, tez evə dönək, yeməyimizi yeyək, bir azda isti geyinərək yenidən, ancaq qısa müddətdə buraya qayıdaq. Evimiz yaxında idi, tələsik yeməyimi yedim, hazırlaşırdım ki, çıxım, güllə səsləri eşidilməyə başladı. Həyətə qaçdım, havada işıq saçan güllələr uçuşurdu, tanklar, piyada döyüş maşınları atəş aça-aça keçmiş Papanin küçəsindən İnqilab küçəsinə döndülər. Görüş yerinə getmək istəyirdim, qarşıma tank çıxdı, tankın üstündə əli pulemyotun tətiyində olan əsgərlə bir anlıq göz-gözə gəldik. Xoşbəxtlikdən atəş açmadı, keçib getdilər. Məhəllənin sakinləri  də küçəyə çıxdılar, hamı çaşbaş qalmışdı. Beş-altı dəqiqədən sonra gələn hərbi maşınlar kolonu ətrafı güllələməyə başladı. Hamı birinci həyətə doluşdu. Cavanlardan bir-iki nəfər çölə çıxmaq istədi, hər tərəfi güllə yağışına tutmuşdular deyə, tez də qayıtdılar. Beləcə amansız bir geçə yaşadıq. Bəs Cavanşir? Yanındakılar neçə oldu? Şəhər telefonu ilə zəng etdim, cavab verən olmadı. Fikir məni aparmışdı. Qəfildən həyətin qapısı döyüldü. Rəhmətlik atam qapını açdı, gələn Cavanşir idi, səsindən tanıdım. – Salam Qoca əmi, Elşad evdədir? – Evdədir, indi deyərəm çıxar. – Narahat oldum, Elşadla görüşməliydik. Şükürlər olsun, salamatçılıqdır.

İçəri çağırdım. Gəlmədi, tələsirəm dedi, uşaqlar maşında gözləyir, səndən nigaran idim, ona görə gəldim. Narahat olma, görüşərik, vəziyyət çox pisdir, ölənlərimiz, yaralananlarımız çoxdur. Sovetin başına daş düşsün, günahsız insanların üstünə ordu göndərir.

Cavanşir dostluqda möhkəm adam idi. İstəsəydi o dəhşətli gecədə rahat evində oturardı. O, əsil vəfalı dost kimi hərəkət eləmişdi...

Vasifin zəngi məni ötən günlərdən ayırdı: - İlhamın bacısı rəhmətə gedib, sabah Tərtərin Sarıcalı kəndində dəfn mərasimi olacaq. Qərarlaşdıq ki, səhər tezdən Sarıcalıya gedək. Tələbə yoldaşımız Tahir Aydınoğlu da bizə qoşuldu. Cavanşirə zəng elədim. – Elşad, dəhşətli dərəcədə üşüyürəm, gedə bilməyəcəm, İlhamla telefonla danışıb başsağlığı verərəm, dedi. Bu, həm də uzun illərin dostu Cavanşirlə mənim son danışığım oldu.

Acı xəbərlər qəfil gəlir, Vasif məsələni deyəndə əvvəl elə bildim zarafat edir, çünki o qədər zarafat edirdilər ki. Göz yaşlarına boğulmuş Vasif bu zarafat deyildir, tez gəl, dedi.

İşlədiyim qurumun rəhbərinin birbaşa zəngi məni daha da karıxdırdı, təəccüblə  vəziyyəti soruşdu, çətinliklə də olsa  izah elədim, anladı məni. Dəstəyi asıb “Göy məscid”ə tələsdim. Dostlar, Cavanşiri sevənlər orada idi. Heç kimin inanmağı gəlmirdi. 49 illik dostumuzu, böyük qardaşımızı, ustad telejurnalisti, qayğıkeş, gözəl insanı itirdik. Cavanşiri sevənlər, yaxından tanıyanlar onu heç vaxt unutmayacaqlar. Ancaq bir məsələyə heyifslənirəm. Qubadlının azad olunmasını görmək ona qismət olmadı. O, Qubadlını, Əyini çox sevirdi, tələbə dövrü, xüsusən də yay aylarında tez-tez gedirdi. Televiziyada işlədiyi vaxtlarda Qubadlıdan xeyli maraqlı süjetlər çəkmişdi, verilişlər hazırlamışdı. Daim Qubadlını, Əyini xatırlayır, anası Səriyyə xalanın və qohum-əqrəbalarının qəbrini ziyarət etmək istəyirdi. Qismət olmadı. Lakin, bu gün onun ruhunun çox sevdiyi Qubadlını, Əyini qarış-qarış gəzdiyinə inanıram.

Əziz dostumuz yeddi ildir dünyasını dəyişib. Nə tez keçdi, Vasif də, İlham da, mən də onun yoxluğunu hiss edirik. Hər görüşümüzdə onu xatırlayır, ondan danışırıq. Daim qəlbimizdədir. Elə dünənki görüsümüzdə də Cavanşiri yada saldıq. Ruhu şad, məkanı cənnət olsun!

Elşad QOCA,

Bakı, 2026-cı il, 4 fevral.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Fevral 2026 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see887

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see334

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see306

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see304

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see212

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see195

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see193

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see192

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see189

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see181

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see167

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see166

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see166

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see166

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see163

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see163

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see160

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see159

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see138

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri