Icma.az
close
up
RU
Yol yoldaşı Vüsal Nuru yazır

Yol yoldaşı Vüsal Nuru yazır

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Vüsal NURU

" - Qardaşın necə adamdır?

- Yol yoldaşı olmamışam..."

Demək ki, adamı tanıdan yoldur. Yoldaş eləyən, yoldaşı itirən də yoldur. Yolun mistikası bir ayrı mövzudur; mən bu dəfə Seyfəddin Hüseynlidən danışacağam...

İkinci dəfədir ki, onunla yollarda yoldaş oluram. Gedirik Qarabağa. Qəribədir ey, vallah, gör tale yolları bizi harda qarşılaşdırıb; ikimiz də Ağdamdan qaçqın düşmüşük. Əlbəttə, onda bir-birimizin varlığından xəbərsiz idik. Hələ onda yolumuz kəsişməmişdi. İndi yolumuzun üstündəki müqəddəs ədəbiyyat məbədi, ora gedən yol bizi qarşılaşdırıb, tanış eləyib. Həmişə ona "Əziz adam, doğma adam" deyirəm. Onunla dostlaşmaq, məncə, çox asandır, könlünə gedən yol işıqlıdır.

Gənclik illərində (Yaşımızın artan rəqəmlərinə görə gənclər ordusundan tərxis olunmuşuq) "525-ci qəzet" bizə qayğı göstərdiyi, səhifələrində yer verdiyi üçün qapısını tez-tez döyərdik, üz tutardıq həmişə ağ kompüterin arxasında gördüyüm Seyfəddin müəllimin yanına.

Əlbəttə, o dövrlərdə də zəif yazılarımız vardı (biz şedevr hesab eləsək də). Seyfəddin müəllim o yazıların ələ gələnini redaktə-korrektə eləyib çapa verərdi, biz də şənbə günü qəzeti açıb dahiyanə duruşlu şəklimizi, "Nobellik" yazımızı görəndə Bakının ilk neft buruğu kimi fontan vuran istedadımızla qürrələnərdik, sevincimizdən ayağımız yerə dəyməzdi.

Çap olunmayanda yenə Seyfəddin müəllimə üz tutardıq, bu dəfə nigaranlıqdan, o bizim ruhumuzu duyardı, elə sözlər toxuyardı, elə cümlələr qurardı, misallar çəkərdi heyran-heyran dinləyərdik, yazının çapa layiq olmadığını ballı su kimi içirərdi bizə. Yol göstərərdi, istiqamət verərdi, dartıb zərif qanadlarımızı qırmazdı. Söz yığınından şilləkimi ağırlaşmış yazılarımızı üzümüzə çarpmazdı. Bizə yuxarıdan aşağı baxmazdı. Elə o günlərdən Seyfəddin müəllim əziz adamımız, doğma adamımız oldu. Şəxsən mənim könlümdə taxt qurdu. İllər və yollar bizi daha da yaxınlaşdırdı, bir-birimizə bağlayan tellər, bağlar artdı. Seyfəddin müəllimin daxili dünyasını görmək şansım yarandı.

Hə, onu deyirdim axı, yol yoldaşı olmaq... Gedirik Qarabağa. Bu dəfə mənim maşınımla, ikimiz. Keçən ildən belə bir vədimiz vardı; birlikdə doğma yerləri gəzib, dərin duyğulu anları birlikdə yaşamalıydıq.

Bu əziz adam, doğma adam zəng elədi ki, onu yaxşı bir qrupla Ağdama dəvət eləyiblər, vədimizi yerinə yetirməyə fürsət düşüb.

Vədələşdiyimiz saatda, vədələşdiyimiz yerdə görüşdük, düşdük yola. Getdik, getdik, getdik, axır ki, Qarabağın havasına çatdıq. Gözümüzün ehtiyacı olan yaşılın Qarabağ çaları, qırmızının lalə tonu bizi valeh elədi. Seyfəddin müəllimin bütün hissləriylə, duyğularıyla, ağacı kökləri torpağa bağlayan kimi kəndinə bağlandığını bilmirdim. Onun televiziya çıxışlarında, ümumi söhbətlərimizdə Ağdamdan, Mərzilidən danışdığı xatirələri eşitmişdim. Amma bu kişinin doğma kəndlə nəfəs aldığını, ürəyinin bu torpaqda döyündüyünü bilmirdim. Tanıdığım bir çox adam var ki, doğulduqları torpaqlara sevgilərini pafosla, ulduz kimi parlaq kəlmələrlə izhar eləsələr də, işğaldan azad olunduğu gündən bu günə qədər hələ oraları ziyarətə getməyiblər. Müxtəlif səbəblərə, bəhanələrə bağlayıblar bunu. Məncə, bu, natamam insan xarakteridir. Bu tiplərin digər münasibətləridə parıltıdan ibarət olur, ocaqları əl isitmir. Deməyim budur ki, Seyfəddin müəllimin saxta sözlərin, süni sevgilərin adamı, yalançı vətən aşiqi olmadığını görmüşəm. Bir neçə dəfə bu ata-baba yurdumuza səfərləri olub; Şuşanı, Əsgəranı, Xocalını, Xankəndini bir neçə dəfə görüb, amma hər bu rayonlardan keçdikcə düşmənin evlərə, ağaclara, yollara tutduğu divanı ilk dəfə görürmüş kimi vaysınır, yanıb-yaxılırdı. Hiss eləyirdim ki, adam içindən qorğa kimi qovrulur. Haldan-hala, əhvaldan-əhvala düşürdü Seyfəddin müəllim.

İndi quruculuq işlərinin miqyasını gördükcə fərəhlənir. Fərəhlənib deyir:

- Bu Vətənə, bu dövlətə layiq olmaq lazımdır... Belə şey harda var?.. Gör nə qədər texnika işləyir... Bu gözəlliyə, o dağlara bax ey!

Bu tərif dövlətdən vəzifə tutub, maaş alan, xidməti maşınında əlini qarnının üstünə qoyub Şuşaya gedən məmurun, oturacağa sığmayan məmur yoldaşına vəzifəsini qorumaq üçün dediyi sözlər deyildi. Bir qarayanız, orta çəkili, uşaqlıq gülüşünü hələ də üzündə qoruyub saxlayan qəzet redaktorunun, gecəsini-gündüzünü oxumağa-yazmağa, araşdırmağa sərf eləyən, maaşını gözünün işığıyla qazanan sadə bir adamın mövqeyi, vətəndaş məsuliyyətinin dərki idi.

Seyfəddin müəllimin sevgisiylə qidalanırdım o anlarda. Məcbur olmadan danışdığı sözlər mənə həzz verirdi, onun tanımadığım tərəflərini, bürclərini aşkarlayırdım. Belə başa düşürəm ki, Seyfəddin Hüseynli nümunəvi insan olmaq üçün özünü cilalayır. Yeri gəlmişkən deyim ki, məcbur, ehtiyac olmadığı yerdə belə, təhlükəsizlik kəmərini bağladı, dedi: "Biz gərək başqalarına örnək olaq". Əlində artıq olan heç bir qabı, salfeti, qabığı qıyıb maşının pəncərəsindən xaraba yurdumuzun tullantılarının arasına atmırdı ki: "Buraları zibilləmək olmaz, günahdır!"

Mərziliyə yaxınlaşırıq. Məni kəndlərinə qonaq aparır. Elçilikdə ata oğlunu tərifləyən kimi yol boyu kəndlərini öyür. Uşaq vaxtı görmədiyim üçün mənə ilkin tanışlıq verir. Təəssürat oyadır. Bunu da elə şövqlə, elə məhəbbətlə, elə yanğıyla eləyir ki, istəyirəm yolun yolsuzluğuna baxmadan, təcili yardım kimi sürəti artırım, bu həyəcandan boğulan adam kəndinin havasını udsun, təzələnsin, tumurcuğu çiçək olsun, özünə qayıtsın. Ata yurduna bağlı olmaq belə olur ey! Kəndin adətlərini, hadisələrin tarixini, insanlarının xatirəsini, qəbirlərin cığırlarını belə Adamlar qoruyub saxlayır, özündən sonraya ötürüb kəndinin diri qalmasına çalışır.

Ağdamın mərkəzindən Mərzilinin girişinə qədər kəndlərindən danışan Seyfəddin müəllim birdən əlini dizinə çırpıb dedi:

- Vay, dədəm, vay! Ta özün bax də, mən nə deyim! - Beləcə kəndin boyunu sevir. - Gör, nə boyda kənddi ey! Bu ölkədə bundan böyük kənd var?!

Hiss eləyirəm ki, qəhərlənib, tufana düşmüş balıqçı gəmisi kimi  duyğularının nəhəng dalğaları arasındadır.

"Dövlət bəyin ölüsü də gözəldir" deyib əzizləyir Mərzilinin xarabalığını. Bu bənzətməsi lap yerinə düşür. Replikanın "Nəsimi" filmindən olduğunu xatırlayıram: Miranşah Dövlət bəyin kəsdirdiyi başını qırmızı ipəyin arasında gətirib Şəmsin qarşısına atır. Örtüyü açıb başa soyuqqanlı baxan Şəms tövrünü pozmadan Dövlət bəyin gözəlliyinə xələl gəlmədiyini, ona sevgisinin dəyişmədiyini cəsarətlə etiraf eləyir və onda bu sözləri deyir. Seyfəddin Hüseynli də, axı, məlumatlı adamdır, intellektualdır, hansı sözün harda yerinə düşəcəyini bilir, o boyda filmdən hansı replikanın Mərziliyə yaraşdığını peşəkarcasına tapmışdı. Əlacı olsaydı, yəni qolu çatsaydı, gücü yetsəydi, Mərzilini cəbhədən qayıtmış yaralı oğlu kimi bağrına basardı, tozlu-torpaqlı saçına tumar çəkərdi, al-qana boyanmış üzündən öpər, öpərdi.

Evlərinə lap yaxın yerdə, yolun kənarında saxlayıram maşını. Düşüb evlərinə gedən yolu axtarır. Ot-ələf qurşaqdandır. Evin yeri, daş qalağı beş-on metrlik olsa da, getmək çətindir. Məni qonşularıyla tanış eləyir: Bu, filankəsin evidir... Bu, filankəsin oğlunun... Dağılmış evləri yaddaşındakı kimi diri görür. Qonşularının səsini eşidir. Burada yarımçıq qoyduğu illəri yaşayır. Telefonun gözüylə gördüklərini uzaqda yaşayan qardaşlarına göstərir. Bilmir sevincini, həyəcanını necə, kiminlə bölüşsün. Onu çalxalanan duyğularıyla baş-başa qoyub aralaşıram. Bu hissləri yaşamayan adam bilməz. Bilməsi bir yana, bəlkə də gülər.

Başa düşmüşdüm, Seyfəddin müəllim kövrək adamdır. Bunu bu səfərdə dəqiq bildim: elə evlərinin yanında.

Kəndin qəbiristanına getdik. Qəbirlərin ətrafını gəzdi, adları oxudu, şəxsən tanıdıqlarını mənə də tanıtdı. Buna görə deyirəm, belə Adamlar kəndləri diri saxlayır. Hər kənddə, hər şəhərdə belə el-obasını unutmayan, unutdurmayan, xatirəsini paylaşan, kəndini diri tutan mühafizəçilər, odu qoruyan mabaxlar lazımdır. Evləri yıxan, yurdları xaraba qoyan amansız düşmənin ilk adı unutqanlıqdır.

Mərzilidə Xudu Məmmədov adına orta məktəbin onuncu sinfinə kimi oxuya bilib. Əlaçı olduğu üçün Xudu müəllimin təsis elədiyi fəxri təqaüdü alıb. Məktəbin də, Xudu Məmmədovun daa dına layiq olduğu üçün Seyfəddin Hüseynlinin adı bu gün Mərzilinin ən hörmətli adamları sırasında qürurla çəkilir. Bu sıranın başında isə Xudu Məmmədovun durduğuna inanıram. Odur ki, Seyfəddin müəllimin durduğu sıraya baxanda onun şəxsiyyəti, kimliyi, əqidəsi məlum olur.

Seyfəddin müəllim dolu adamdır, deyərdim, münasibətlərdə balans saxlamağın ustasıdır. Məsafəni dəqiq ölçür: kimi hara qədər buraxır, kimi hardan qaytarır, kimi harda saxlayır... Bu peşəkarlıq imkan verir ki, münasibətini düzgün qura bilsin. İntriqant olmadığından inanmıram ki, onun arxasınca danışan ola. Qeybətdən uzaq adamdır, mövzunun ayağı qeybətə sürüşsə, Seyfəddin müəllim onun yönünü dərhal dəyişəcək, söhbəti elə yönləndirəcək ki, bu dəfə qarşısındakı adam onu heyran-heyran dinləməli olacaq. Yəni "topu almağı" bacarır.

Seyfəddin Hüseynliylə söhbətə başlamısansa, əmin ola bilərsən ki, yeni mövzular eşidəcəksən, bildiyin mətləbə bu dəfə başqa tərəfdən baxacaqsan. Düşüncən, fikrin aydınlanacaq. Bu ayaqüstü görüşdən faydalanıb çıxacaqsan, mənəvi qazancın olacaq. Bəzi tiplər var; görürsən, dəriyə yapışan zəli kimi, qarşısındakı adamların enerjisini əmir, komfort zonasına girib adamın sinirlərini alt-üst eləyir, sözü-söhbətiylə əhvalını xaraba qoyur, işığını, nurunu kəsir. Pessimist havasını, qaramat enerjisini sənə yükləyir. Bir də görürsən bədbinliyin hisinə-pasına bulaşmısan. Seyfəddin Hüseynli bunların tam tərsidir.

Zarafatın da əndazəsini bilir o, ciddiliyin də. Yaxşı yumor hissi var. Bir də görürsən qatı açılmamış, heç on-on beş qulaq, beş-altı dodaq görməmiş elə lətifə danışır uğunub gedirsən. Danışanda lətifə bitənə yaxın özü elə gülür ki, səni də dartıb salır o gülüş tornadosuna.

Bax, belə maraqlı və bütöv adamdır Seyfəddin Hüseynli. Dəqiq bilirəm, çünki yol yoldaşı olmuşam.

"Azərbaycan" jurnalı (2025. № 6)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://525.az
archiveBu xəbər 21 İyun 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sertifikasiya qalmaqalı: bu dəfə texnologiya müəllimləri səhv aşkarladı

28 İyun 2026 12:14see1995

DÇ 2026: Messi ehtiyatda: İordaniya Argentina Heyətlər

28 İyun 2026 05:07see259

UFC Bakı: Rafael Fiziyev və digər təmsilçilərimiz oktaqona çıxır YENİLƏNİR

27 İyun 2026 17:14see252

Bu yayın ən şanslıları onlardır

28 İyun 2026 01:46see247

Bakıda UFC Fight Night Baku turnirinə start verildi

27 İyun 2026 17:16see235

Anomal istilər gəlirləri azaldır və yoxsulluq riskini artırır ARAŞDIRMA

28 İyun 2026 16:35see225

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

28 İyun 2026 23:48see217

Anormal istilər Fransada kənd təsərrüfatına ciddi ziyan vurub

29 İyun 2026 00:57see216

İkinci qəbul imtahanı asan olmayacaq AÇIQLAMA

27 İyun 2026 17:23see212

Almaniya məcburi hərbi xidməti nəzərdən keçirir

28 İyun 2026 01:40see211

DÇ 2026: Harri Keyndən yeni rekord

28 İyun 2026 06:32see208

Bağ evində əyləncələr qonşuların əsəblərini KONKRET

28 İyun 2026 22:45see207

Panama DÇ 2026 nı qolsuz başa vuran yeganə komanda olub

28 İyun 2026 03:25see202

Rafael Fiziyev nakautla qazandı, Nazim Sadıxov məğlub oldu UFC Fight Night turniri

27 İyun 2026 23:26see195

Duş kabin şüşələrini güzgü kimi parladan və ərpdən təmizləyən təbii üsul

28 İyun 2026 23:01see195

Meksika Ekvador: DÇ 2026 da daha bir 1/16 final cütü

28 İyun 2026 04:15see191

“Əl Əhli” erməni futbolçunu 25 milyona aldı

29 İyun 2026 05:32see173

Şəhid atasının xatirələri: Emin uşaqlıqdan fərqli xarakterə malik idi

28 İyun 2026 17:41see161

Vətən müharibəsi iştirakçısı Misir Qasımlıya Ukraynada HÖKM OXUNDU VİDEO

29 İyun 2026 02:29see152

Yevlax dəmir yolu vağzalında yük vaqonunda yanğın olub FOTOLENT

28 İyun 2026 19:20see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri