Icma.az
close
up
RU
Yox bir, qaşqaldaq...

Yox bir, qaşqaldaq...

Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan kino tariximizdə izi olan məşhur “Görüş” filminin 70 yaşı tamam olur. 

Azərbaycan Kinomatoqrafçılar İttifaqı bununla bağlı “Milli Kino Tariximizdən” rubrikası ilə məqalə yayımlayıb.

AzPost yazını oxucularına təqdim edir:

1955-ci ildə Bakı kinostudiyası “Görüş” filmini istehsalata buraxdı. Ədhəm Qulibəyovun ssenarisi əsasında çəkilən filmə rejissor Tofiq Tağızadə quruluş verib. Azərbaycan və Özbəkistan pambıqçılarının ənənəvi dostluğuna həsr olunmuş filmdə belə bir fikir irəli sürülür: Əmək, zəhmət insana xoşbəxtlik gətirir.

“Görüş” filmi kinostudiyanın 1941-ci il planına salınsa da, Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar olar çəkilişi təxirə salınıb. 14 illik fasilədən sonra filmin çəkilişi yenidən gündəmə gəlir. Filmə Tofiq Tağızadə quruluş verir. Bu film rejissorun kinoda ilk müstəqil işidir.

“Görüş” geniş tamaşaçı rəğbətini qazanan ekran əsərləri sırasında özünə yer tutur. Mövzusu sevgi, əməyə çağırış və bir-biri ilə yarışan pambıqçıların ənənəvi dostluğu üzərində qurulan ekran əsərinin mərkəzində iki gəncin – özbək qızı Lala ilə azərbaycanlı Kamilin saf məhəbbəti durur. Filmdə xalqın məişəti, əxlaqi-mədəni dəyərləri rejissor tərəfindən sənətkarlıqla əks olunub. Film zamanın problemlərini ekrana gətirir, insanları bu problemlər ətrafında düşünməyə sövq edir.

Ən kiçik detallarda belə milli-mənəvi dəyərlərimizin əks olunması sovetin sərt ab-havasında cəsarətli addım sayıla bilər. Kolxozun, əmək qabaqcıllarının tərənnümü, “əmək insanı ucaldır, ona xoşbəxtlik gətirir” çağırışı da dövrün tələbidir. Düzdür, film haqqında yazılan rəylərdə belə bir fikir də səslənir ki, əsər o dövrün sovet kinokomediyası ənənələri əsasında köhnə sxem üzrə çəkilmiş, ayrı-ayrı səhnələr uğurlu olsa da, ümumən götürdükdə zəif alınıb. Buna səbəb müəlliflərin ssenaridəki süjet xəttini və obrazları standartlaşdırmasıdır.

Tofiq Tağızadənin xatirələrindən: ”Görüş” bədii filmi həmin dövrlə bağlı yadımıza çox şey salır. Bu film Moskvada ali kino institutunu bitirib Bakıya qayıdandan sonra kinostudiyada çəkdiyim ilk film oldu. Janrına görə kinokomediya idi. Burada komik aktyorların olması vacib idi. Məncə, filmdə aktyor seçimində səhv etməmişəm”.

Filmin operatoru Teyyub Axundov isə xatirələrində qeyd edir ki, “Görüş” filminin çəkilişləri zamanı əmək fəaliyyətinə yenicə başlamışdı: “Operator kimi işlədiyim ilk bədii film “Görüş” filmi oldu. Bu film kinokomediya janrındadır. Kinokomediya da operator işi baxımından işıqlı tonda, plastik formada olmalıdır. Biz “Görüş” filmini də elə bu formada həll etməyə çalışdıq. Kolxoz mövzusunda olan filmin ssenarisi bir sıra kinolentlərdə olduğu kimi, məlum sxem üzrə yazılmış, bu isə işimizdə filmin bədii səviyyəsini xeyli aşağı salmışdır. Bütün bunlara baxmayaraq, uğurlu nəticə əldə edilmişdi”.

Həmin illərdə “Kommunist” qəzeti kino sahəsilə bağlı geniş xəbərlərə, məqalələrə yer ayırırdı: “Şöhrəti respublikamızın hüdudunu aşmış “Arşın mal alan” kinokomediyasından sonra Bakı kinostudiyası on ildən bəri idi ki, ekrana elə bir dəyərli bədii film buraxmamışdı. Nəhayət, bu sahədəki dərin durğunluq sona çatdı. Özbəkistan və Azərbaycan pambıqçılarının ənənəvi dostluğuna həsr edilmiş “Görüş” filmi bu sahədə başlamış ciddi və fərəhləndirici hərəkətin ilk müydəçisi kimi şanlı bayram günlərində ekrana buraxıldı. Bu filmin ən gözəl cəhətlərindən biri, demək olar ki, onun tamamilə gənc və yeni qüvvələr tərəfindən yaradılmasıdır”.

Qeyd edək ki, filmin yaradıcı heyətinə dəvət olunan kinematoqrafçıların demək olar ki, əksəriyyətinin kinoda debütü məhz “Görüş” filmi ilə başlayıb.

Filmin çəkilişlərinin bir qismi-Kamilin yaşadığı evin iç görünüşü, kolxoz sədrinin otağı pavilyonda, qonaqların qarşılanaraq konsert proqramı ilə məclis qurmaları paytaxtın konsert salonlarından birində lentə alınıb. Filmdəki pambıq tarlaları Azərbaycanın pambıqçılıq rayonlarında lentə alınıb.

Bir neçə kadrlar Göy-Göldə, eyni zamanda isə sonuncu möhtəşəm epizod isə Moskvada-Qızıl Meydanda çəkilib. Bundan başqa, filmdə özbək qonaqlarının qarşılanaraq maşınla pambıq tarlalarına aparılan səhnədə, eyni zamanda isə Arif Mirzəquliyevin(Kamilin) motosikletlə yolboyu getdiyi səhnələrin bir neçəsində müəlliflər “RİR” ekrandan istifadə etmişlər. Yolboyunca görünən mənzərələr isə ölkəmizin ən gözəl təbiətə malik olan regionlarında lentə alınıb. Bir sözlə, bir filmin çəkilişində 10-dan artıq məkandan istifadə olunub.

Tağızadə aktyor seçiminə xüsusi diqqət göstərib

Rejissor ssenarisi üzərində iş aparan T.Tağızadə aktyor heyətinin seçimi zamanı baş qəhrəmanların – Kamil və Lalənin seçiminə uzun müddət vaxt ayırır. Doğrudur ki, sonda baş qəhrəmanlardan biri sənətə dəxli olmayan tələbə seçilir, ancaq nəticədə seçimin uğurlu olması yalnız kinosevərlər tərəfindən deyil, eyni zamanda tamaşaçılar tərəfindən də təsdiqlənir. Belə ki, Kamil rolunu Azərbaycan Dövlət Tibb İnstitutunun tələbəsi Arif Mirzəquliyevə həvalə etməklə Tağızadə bir növ cəsarətli addım atır. Çünki A.Mirzəquliyev ilk dəfə olaraq məhz “Görüş” filminə çəkilmiş və bundan sonra kinorejissorların diqqətində düşüb. Təsadüfi deyil ki, “Görüş” filmindən sonra çəkilən “O olmasın, bu olsun” filmində Sərvər rolunun sınağına dəvət olunan A.Mirzəquliyevin kinodakı ikinci və sonuncu işi də uğurlu alınır.

Filmdə özbək pambıqçısı olan Lalə obrazı da əsas rollardan biri hesab olunur. Bu ifaçının özbək olması ilə yanaşı, eyni zamanda Kamil roluna bir tərəfmüqabil kimi uyğun gəlməsi vacib şərtlərdən hesab olunurdu. Seçimdə yanılmamaq üçün rejissor Daşkənd kinostudiyasının istehsal etdiyi bir çox filmləri seyr etməli olur, sonda “Əmirliyin süqutu” filmində çəkilən Helli Ataullayevanın ifasını Lalə roluna layiq görür. Aktrisanın üz cizgilərində olan qayğısız ifadə, onda əməyə, zəhmətə, qarşı olan maraq reyissorun diqqətindən yayına bilməzdi. Hətta aktrisa Helli ilə yanaşı, bir çox özbək aktyorları da filmə cəlb olunub. Bu səbəbdən də filmin bir neçə kadrları(məhz kadrları) elə Özbəkistanda-pambıq tarlalarında lentə alınıb.

T.Tağızadə ilk tammetrajlı bədii filmini çəkməsinə baxmayaraq hələ hazırlıq prosesində çəkilən filmlərin foto və kino sınaq çəkilişləri ilə maraqlanmış, nəticədə də görkəmli olmaqla bərabər kənd mühitinə uyğunlaşmağı bacaran aktyorların seçiminə böyük önəm vermişdir. Ən azından ona görə ki, filmdə söhbət Azərbaycan kəndlərindən birində pambıqçılıq təsərrüfatı ilə məşğul olan adamlardan gedirdi.

Rejissor sınaq çəkilişləri zamanı kolxoz sədri obrazına teatr və kino aktrisa Münəvvər Kələntərlinin ifasını əsas götürür.

Aktrisanın kino yaradıcılığında “Görüş” filminin böyük rolu olub. Hətta bu filmin çəkilişləri zamanı M.Kələntərli görkəmli rejissor Lətif Səfərovun dəvəti ilə “Bəxtiyar” filminə də dəvət olunur və eyni vaxtda hər iki filmin çəkilişində iştirak edir. Bu filmlərdən həmən sonra isə aktrisa 1956-cı ildə Hüseyn Seyidzadənin quruluş verdiyi “O olmasın, bu olsun” filminə, o biri ildə isə “Qızmar Cünəş altında” və s. filmlərə çəkilir.

Teatr və kino aktyoru Əliağa Ağayev ilk dəfə olaraq məhz “Görüş” filmində kamera qarşısında dayanıb, ancaq özünəməxsus tərzdə Şıxəli obrazına bir çox əlavələr etməklə onu tamaşaçıya sevdirə bilib. Təsadüfi deyil ki, filmdə Əliağa Ağayevlə Barat Şəkinskayanın tərəfmüqabil işi o dərəcədə uğurlu alınıb ki, nəticədə bundan bir il sonra Hüseyn Seyidzadənin quruluşunda çəkilən “O olmasın, bu olsun” filminə hər iki cütlük dəvət olunur.

“Görüş” filmi Əliağa Ağayevin kino yaradıcılığında böyük rol oynayıb. Öncə qeyd edək ki, filmdə pambıq tarlalarının ümumi görüntüsü ilə əlaqədar olaraq çəkiliş prosesi əsasən payız fəslində, sonuncu səhnələrin çəkilişi isə hətta dekabr ayına qədər davam etmişdir. Əgər xatırlayırsınızsa, filmdə olan məhşur səhnələrdən biri də Şıxəlinin(Əliağa Ağayev) ayaqlarını gölə sallayaraq körpüdə oturduğu səhnədir. Həmin səhnə quraşdırma olub. Cöl və gölün üstündə gördüyümüz körpü sadəcə qurma olub. Noyabrın axırı, dekabrın əvvəlinə təsadüf edən bu səhnədə aktyor suya tullanmalı olub. Soyuq havada 8 dubl çəkilən bir epizodda aktyorun halını təsəvvür etməmək olmaz. Məhz soyuq hava şəraiti ilə əlaqədar olaraq rejissor aktyoru xəstəliklərdən qorumaq naminə ona məsləhət görüb ki, bir qədər spirtli içki qəbul etsin. Təsəvvür edin ki, hər dubl çəkilməmişdən əvvəl aktyorun geyindiyi yaş paltarlar yenidən qurudulub və yenidən geyindirilib və sonrakı prosesdə Ə.Ağayev növbəti dublun çəkilişi ilə əlaqədar olaraq yenidən suya atılıb.

Tofiq Tağızadə xatirələrində yazırdı: “Əliağa kinoda ilk dəfə oynamasına baxmayaraq, elə bil çəkiliş meydançasına dəfələrlə çıxmışdı, özünü elə sərbəst aparırdı ki, ona nəyi isə izah etməyə, oyununa düzəliş verməyə ehtiyac qalmırdı. İşə çox ciddi yanaşır, rola elə girirdi ki, həyatda da özünü Şıxəli kimi hiss edirdi…”

Filmdə diqqət çəkən epizodlardan biri də ssenariyə əsasən Kamil tərəfindən Əbülfəzin başına balqabaq atdığı səhnədir. Həmin səhnədə aktyorun başına təbii ki, əsl balqabaq deyil, butafor atılır.

Filmdə Kamilin motosikletlə getdiyi yerdə yoldan çıxaraq aşdığı səhnəyə də canlı demək olmaz. Bütün bunlar hamısı süni olaraq quraşdırılsa da nəticə etibarilə inandırıcı alınıb.

Kənd təsərrüfatını canlandıran səhnələrdə aktyorların kənd qiyafəsində olması hələ işin başlanğıcı idi. Onların hər birinin təsərrüfat işlərində necə qabaqcıllıq nümayiş etdirmələri başlıca məqsəd idi. Təbii ki, Tağızadə bütün bunları aktyorlardan tələb edirdi. Əslində aktyorlar üçün kənd təsərrüfatı üzrə qabaqcıl təsərrüfatçı rolunu yaratmaq da elə çətin bir iş deyildi. Çünki aktyorlarımızın əksəriyyəti kənd, rayon mühitində böyüdüyü üçün belə işlərdən tam da olmasa müəyyən mənada baş çıxara bilirdilər. Ancaq elə aktyorlar da var ki, onlar bu işlərdə olan təcrübəsizliklərini elə çəkiliş vaxtı büruzə veriblər. Necə ki, Arif Mirzəquliyev pambıq yığan maşını tarlada sürərək pambıq tarlasını pis vəziyyətə salıb. Əslində elə aktyorun bu kimi təcrübəsizliyi Kamil obrazı üçün lazım idi.

Filmdə ən maraqlı səhnələrdən biri də özbək qonaqları üçün təşkil olunan məclisdə rəqs səhnələrinin quraşdırılmasıdır. Doğrudur ki, bu səhnələrdə rəqs üzrə mütəxəssislərin ifasından istifadə olunub, ancaq aktyorların hər biri özünəməxsus tərzdə rəqs edib ki, bu da çox təbii alınıb. Yalnız Ağahüseyn Cavadov öz rəqsinə bir qədər komiklik qatıb ki, bunu da ondan Tağızadə tələb edib.

Ssenari müəllifi Ədhəm Qulubəyov, quruluşçu rejissor Tofiq Tağızadə, quruluşçu operatorlar-Teyyub Axundov, Cavanşir Məmmədov, quruluşçu rəssamlar-Cəbrayıl Əzimov, Elbəy Rzaquliyev, bəstəkar Tofiq Quliyev, səs operatoru İlya Ozerski, rejissor Əjdər İbrahimov, mahnıların mətni Zeynal Cabbarzadə.

Rollarda iştirak edirlər: Arif Mirzəquliyev(Kamil), Nelli Ataullayeva(Lala), Leyla Bədirbəyli(Bilqeyis), Həsənağa Salayev(Musa), Münəvvər Kələntərli(Münəvvər), Əliağa Ağayev(Şıxəli), Ağahüseyn Cavadov(Əbülfəz), Barat Şəkinskaya(Şövkət), Əzizə Məmmədova(Əzizə),

Məmmədəli Vəlixanlı(çayçı), Fateh Fətullayev(Quluzadə), Süsən Məcidova(Sərvinaz), Mustafa Mərdanov(Əsgər), Müxlis Cənizadə(Ənvər), Sədaqət Zülfüqarova(pambıqçı), Ceyhun Mirzəyev(Şıxəlinin oğlu), Tələt Rəhmanov(kolxoz işçisi), Şəfiqə Qasımova(pambıqçı)

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://azpost.info
archiveBu xəbər 23 Oktyabr 2025 20:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see206

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see197

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see192

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see179

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see168

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see154

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see150

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see140

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see133

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see133

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see133

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see130

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see128

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see128

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see127

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see124

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see123

Bürcündən məhrum uşaqlar...

22 Oktyabr 2025 14:41see123

Politoloq: 2026 cı ildə sülh sazişinin reallaşması gözlənilir

22 Oktyabr 2025 17:51see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri