“Yüksəliş” qalibi: İşdə necə varsansa, müsabiqədə də elə ol
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 16 avqust, Aysel Azadqızı, AZƏRTAC
Bu il ölkəmizdə beşinci “Yüksəliş” müsabiqəsi keçirilib. Yarışda 16 min 553 nəfər iştirakçıdan 124 namizəd finala vəsiqə qazanıb və 20 nəfər qalib adını əldə edib. Qaliblərdən Fatimə Eyyub “Yüksəliş” müsabiqəsi ilə bağlı təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşüb.
2001-ci ildə Bakı şəhərində anadan olan Fatimə Eyyub orta təhsilini 160 nömrəli Klassik Gimnaziyada alıb. 2017-ci ildə 673 balla dövlət sifarişi əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olaraq hüquqşünaslıq ixtisası üzrə bakalavriat təhsili alıb. Daha sonra ABŞ-ın Arizona Universitetində beynəlxalq ticarət və biznes hüququ üzrə magistratura təhsilini başa vurub. Hazırda Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətində baş məsləhətçi vəzifəsində çalışır. Vəkillər Kollegiyasının üzvüdür.
- Fatimə xanım, ilk olaraq sizi daha yaxından tanıyaq. Ali məktəbə və karyera pilləsinə hazırlaşarkən hansı əsas çətinliklərlə qarşılaşdınız və bunları necə aşdınız?
- Düşünürəm ki, ali məktəbə hazırlaşarkən əsas çətinliklər bütün abituriyentlərdə eyni olur. Yəni, ilk 9 il biz elə də intensiv çalışmırıq və 10-cu sinfə keçəndə artıq hazırlıqlara başlamaq, məktəb dərsləri ilə paralel şəkildə hazırlıq kurslarına getmək bir anda çox intensiv həyat rejimi yaradır, yorucu olur. Həm yeni tədris olunan 10 və 11-ci sinif proqramlarını öyrənmək, həm də əvvəlki mövzuları təkrarlamaq və o məsuliyyəti ilk dəfə hiss etmək, məncə, ali məktəbə hazırlığın ən çətin tərəfidir. Mən ixtisas qrupunu bacarıqlarıma uyğun seçmişəm. Tarix, ədəbiyyat və dil biliklərim yaxşı olduğu üçün fənlərlə bağlı xüsusi bir çətinlik çəkməmişəm.
Ali məktəbə hazırlaşdığım illərdə intensiv rejimin çətinlikləri ilə bağlı onu deyə bilərəm ki, valideynim həyatımı asanlaşdırmağa çalışırdı. Əllərindən gələni edirdilər ki, mənim dərsdən başqa bir qayğım olmasın. Özümə bir çalışmaq rejimi qurmuşdum, stabil rejim idi. Hər səhər eyni vaxtda oyanırdım, məsələn, saat 5-də oyanırdım və məktəbə qədər dərs oxuyurdum. Sonra məktəbə gedirdim, dərslərdən çıxıb hazırlığa gedirdim. Axşam evə gələndə yenə dərs oxuyurdum. Günün birinci yarısında çalışırdım ki, nəyi öyrənməliyəmsə, onu oxuyum. Günün ikinci yarısında, yəni axşam dərsdən sonra isə sırf test işləyirdim. Bu, mənim beynimə uyğun olan iş forması idi. Hər şənbə və ya bazar günü, yəni həftədə bir dəfə, 5 gün ərzində oxuduqlarımı mütləq təkrar edirdim. Həftəsonu bir günümü yalnız təkrara ayırırdım.
Karyeraya başlayanda da çox ciddi çətinliyim olmadı. Universitetdə üçüncü kursu bitirəndə artıq CV göndərməyə başlamışdım. III kurs hələ bitməmişdi, mən işləməyə başladım. Pandemiya dövrü idi, onlayn dərslər real dərs təcrübəsi vermədiyi üçün təcrübə toplamaq istəyirdim, vaxt itirmək istəmirdim. Bir neçə yerdə müsahibəm oldu, müsahibələr də onlayn idi və istədiyim yerdən dəvət aldım, beynəlxalq hüquq firmalarından birində işləməyə başladım.
Yəni, hamı kimi CV göndərərək bir-neçə ay gözləmişəm. Vakansiya olan və ya olmayan hər yerə iş üçün CV göndərmişəm. Özüm sadəcə imeyl yazıb müraciət etmişəm ki, sizdə vakansiya olarsa, mənim namizədliyimi qiymətləndirməyinizi xahiş edirəm.
Fikrimcə, bunlar çətinlik deyil, atılmalı olan addımlardır. Çətinlik o zaman olardı ki, mən 6 ay, 1 il iş tapa bilməyim və əsassız şəkildə, yəni bütün keyfiyyətlərə malik olum, zəruri olan bütün tələbləri qarşılayım, amma iş tapa bilməyim.

- Hobbiniz varmı? Boş vaxtınızda nə ilə məşğul olursunuz?
- Kitab oxumağı çox sevirəm, hətta çox vaxt paralel şəkildə iki kitab oxuyuram. Bunlardan biri fərdi inkişaf, biri də istirahət üçün bədii əsər olur. Təmiz havada gəzməyi çox sevirəm.
Bununla yanaşı, “moonshot” oyunlar oynamağı sevirəm. Bu, əslində oyun deyil, daha çox strateji düşüncəni və kreativliyi inkişaf etdirməyə yönəlmiş tapşırıqlardır. Məsələn, bir qlobal problem mövzusunda sual qoyulur və onu həll etmək üçün 3 kart verilir. O 3 kartdan birində vasitə, birində avadanlıq, birində metod olur. O kartları random olaraq seçirsiniz. Artıq nə çıxsa (fincan, telefon və s.) siz onun vasitəsilə problemi həll etməyə çalışırsınız. Birləşdirib təkliflər verilir və o təkliflər inkişaf etdirilir. Yəni, bu oyun həm kreativ düşüncəni, həm innovativ düşüncəni inkişaf etdirir, insanı problemin həllinə və nəticəyə yönəldir. Boş vaxtımda onları oynamağı sevirəm.
- İndiyə qədər karyera təcrübənizdən öyrəndiyiniz ən vacib dərslər hansılardır?
- İş təcrübəm 5 ildən bir az artıqdır. Mənim üçün ən böyük dərs həqiqətən çox çalışan, dürüst olan, canla-başla çalışan, işinə can yandıran, işlədiyi müəssisənin, dövlətin mənafeyi üçün çalışan insanlardır. Sırf “Əməkhaqqımı alıram, gəlim səhər saat 9-dan axşam 6-ya kimi burada oturum” yox, “Mən əməkhaqqımı alıram və bunun qarşılığını verməliyəm” məntiqində çalışan insanlar gec-tez də olsa görünürlər. Dörd il heç kim onların əməyini görməsə də, beşinci ildə mütləq görünürlər.
Eyni şəkildə, kiminsə əməyindən istifadə edənlər də görünməz qalmırlar. Mütləq müəyyən bir məqam yaranır və görünür ki, pərdə arxasında çalışan biri var, onu bu günə kimi görməyiblər. Bunu həm öz təcrübəmdə, həm iş yoldaşlarımın təcrübəsində görmüşəm. Ədalət var və gec-tez hamı layiq olduğunu əldə edir.
Peşəkar təcrübəmdən çıxardığım ikinci dərs odur ki, şansın danılmaz rolu var. Yəni insan nə qədər bacarıqlıdırsa və bacarıqları, bilikləri onun karyerasının formalaşmasında nə qədər böyük rol oynayırsa, şans da bir o qədər böyük rol oynayır. Doğru yerdə, doğru zamanda olmaq, yoluna düzgün insanların çıxmağı, bunlar hamısı şansın göstəriciləridir. Təsadüfən hansısa Linkedin platformasına girib o vakansiyanı görmək, təsadüfən hansısa tədbirdə keçmiş bir qrup yoldaşı ilə rastlaşmaq və ondan iş təklifi almaq, bunlar təsadüf və şansdır. Düşünürəm ki, bu məqamlar peşəkar inkişaf üçün çox böyük rol oynayır. Fikrimcə, buna etiraz etmək, bunu qəbul etməmək düzgün deyil.
- Gənclərə iş həyatında uğurlu olmaq üçün hansı üç əsas tövsiyəni verərdiniz?
- Mənim təcrübəm və yaşım hələ çox deyil. Buna görə “tövsiyə” deməkdənsə, sadəcə öz fikirlərimi və təcrübəmi bölüşə bilərəm.
Birinci tövsiyəm, hamı fəaliyyətə başladığı illərdə intensiv çalışmalı və öyrənməlidir. Karyeranın ilk illərində insan maddi qazanc üçün yox, öyrənmək, yaxşı mütəxəssis olmaq üçün çalışmalıdır. Çünki karyeranın başlanğıc illəri insana daha çox təcrübə qazandırır, bu isə sonradan daha böyük uğurların əsasını qoyur.
Mən o dövrlərdə çox intensiv işləmişəm – işdən sonra da işləmişəm, evə də gedib işləyirdim, hətta həftəsonunda bu qrafikim davam edirdi. Könüllü olaraq çox çalışırdım. Özümü çox yormuşam, amma bu da mənə hüquqşünas kimi hərtərəfli inkişaf etməyə kömək etdi.
Hüquq sahəsində və ümumiyyətlə hər sahədə əsas olan qanunları əzbər bilmək deyil, nəyi harada axtarmağı bilməkdir. Bunun üçün də hərtərəfli inkişaf vacibdir və bu da əsasən karyeranın ilk dövrlərində mümkündür.
İkinci tövsiyəm isə odur ki, magistratura təhsilinə tələbat düzgün qiymətləndirilməlidir. Əgər magistratura təhsili insanın karyera planına uyğun deyilsə, almağa ehtiyac yoxdur. Bu pillə məcburi deyil və sadəcə hamının getdiyi yolu təkrarlamaq üçün seçilməməlidir.
Məsələn, hazırda magistratura təhsili alan bir neçə hüquq məzunu tanıyıram. Dərs saatları günorta olduğu üçün onlar tam iş günü qrafikində işləyə bilmirlər, müraciət etdikləri vakansiyalara təhsil qrafikləri uyğun gəlmir. Nəticədə onlar iş təcrübəsi toplaya bilmirlər. Halbuki o iki ili işləyərək daha çox inkişaf edə bilərdilər. Hətta bəlkə bir neçə ildən sonra daha uyğun bir ixtisas üzrə magistratura təhsili seçərdilər.
Düşünürəm ki, gənclərin üzərində magistratura təhsili almaqla bağlı təzyiq var. Amma bu, düzgün yanaşma deyil. Magistratura təhsilini yalnız karyera planına uyğun gələndə almaq olar, lazım gələrsə, sonradan alınması da məqsədəuyğun ola bilər.
Mən özüm magistratura təhsilimi bakalavrdan dərhal sonra deyil, bir neçə il işlədikdən sonra aldım. Düşünürəm ki, bu qərar mənə çox böyük qazanc gətirdi. Həmin dövrdə təhsil alsaydım, bəlkə də bu qədər inkişaf etməzdim.
Üçüncü tövsiyəm isə odur ki, sual verməkdən çəkinmək lazım deyil. Əslində uşaqlıqdan da bizə öyrədilir ki, bilməmək ayıb deyil, öyrənməmək ayıbdır. Amma elə fikir formalaşır ki, kimsə yeni fəaliyyətə başlayan mütəxəssis daha təcrübəli birinə sual verirsə, bilmədiyini göstərir. Təcrübəli mütəxəssislərlə əlaqə qurmaqdan, onlara yazmaqdan, məsləhət almaqdan çəkinmək lazım deyil. Mən vergi, kommersiya, hüquq sahələri üzrə ixtisaslaşmağa yönəlmişdim. Vergi mövzusu universitetdə tədris olunmadığı üçün məlumatsız idim. Məcəlləni oxusam da, başa düşmək çətin idi. Buna görə də mütəxəssisə tez-tez zəng vururdum. Bəzən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə əlaqə saxlaya bilməyəndə əməkdaşlarını Linkedin platformasında tapıb suallarımı ünvanlayırdım. İllər keçdi, bəziləri ilə “Yüksəliş”də qarşılaşdım. Kimdənsə soruşmaq həm bilikləri artırır, həm də gələcəkdə güclü peşəkar münasibətlərin formalaşmasına səbəb olur.

- Qlobal səviyyədə rəqabətə hazır olmaq üçün gənclər hansı bacarıqları mütləq inkişaf etdirməlidirlər?
- Mənim fikrim bir başqa mütəxəssisin və ya peşəkarın düşüncəsindən fərqlənə bilər. Bəzi bacarıqlar var ki, insanda ya var, ya da yoxdur. Onları inkişaf etdirməyə çalışmaq ya ixtisasdan, ya da insanın təbiətindən asılı olaraq bəzən səmərəsiz ola bilər. Elə insanlar var ki, təbiətcə təşəbbüskardırlar və hər bir komandada da bu cəhətlərini göstərirlər. Amma elələri də var ki, təşəbbüskar deyillər, lakin əla icraçıdırlar. İdeya yaratmaya bilərlər, amma verilən ideyanı çox yaxşı inkişaf etdirə bilirlər. Təşəbbüskarlıq, liderlik sonradan aşılanması çətin olan bacarıqlardandır. Hər bir lider mütləq yaxşı icraçı olmalıdır, amma hər bir icraçı yaxşı lider olmalı deyil. Əksinə, bəzən yüksək peşəkar nəticələr verən insanlar məhz güclü icraçılardır.
Ancaq sırf bu sual çərçivəsində desəm, düşünürəm ki, innovativ düşüncə, adaptivlik və strateji düşüncə qlobal rəqabətə hazır olmaq üçün əsas bacarıqlardır.
“Yüksəliş” müsabiqəsi də bu cəhətdən yarımfinal mərhələsində bu bacarıqları qiymətləndirən səriştələri əhatə edir və düşünürəm ki, düzgün seçimlərdir.
İnnovativ düşüncə zamanın tələbidir. Bu bacarıq istənilən sahədə fərqlilik yaradır. Hər hansı problemi fərqli yanaşmalarla həll etmək bacarığı, klassik yanaşmalardan uzaqlaşıb daha səmərəli və effektiv yollar axtarmaq gəncləri bir addım irəli aparır.
Strateji düşüncə də inkişaf etdirilə bilən bacarıqdır. Sahədən asılı olmayaraq, problemi hərtərəfli analiz etmək, mümkün riskləri və onların nəticələrini qabaqcadan qiymətləndirmək vacib bacarıqdır. Strateji düşüncə hüquqdan tutmuş tibbə, mühəndislikdən idarəetməyə qədər bütün sahələrdə faydalıdır.
- “Yüksəliş” müsabiqəsinə qoşulmaq qərarını necə verdiniz? Daha əvvəl də müraciət etmişdinizmi?
- Əslində, dövlət tərəfindən təşkil olunan müsabiqə kimi baxsaq, mənim ilk təcrübəm Avropa Parlamentinə Təcrübə Proqramı idi. Bu proqram dövlət tərəfindən maliyyələşdirilirdi, Gənclər Fondu təşkil edirdi və mən 2018-ci ildə ona qoşulmuşdum. Avropa Parlamentində iştirak mənim üçün çox böyük, çox maraqlı təcrübə oldu. Ona görə də həmin o təcrübədən sonra qərar verdim ki, əgər dövlət səviyyəsində belə müsabiqələr təşkil olunsa, mütləq qatılacağam.
Sonra “Yüksəliş” müsabiqəsi təsis edildi və mən müsabiqənin üçüncü ilində qatıldım. Ancaq idarəetmə qabiliyyəti mərhələsindən növbəti mərhələyə keçə bilmədim. Həmin il mənim vəkilliyə qəbul imtahanım da var idi və tarixlər demək olar ki, üst-üstə düşürdü. Hazırlaşmağa vaxtım olmadı və diqqətim daha çox vəkilliyə qəbul prosesi üzərində idi.
Beşinci “Yüksəliş” müsabiqəsi üçün qeydiyyatdan keçdim. Onsuz da bilirdim ki, gec-tez qatılacağam, sadəcə olaraq, doğru zamanı gözləyirdim. Bu il isə qeydiyyat mərhələsi işimi dəyişdirdiyim vaxta təsadüf etdi. Həmişə özəl sektorda işləmişəm, amma düşündüm ki, əgər “Yüksəliş” müsabiqəsinin qalibi olsam, dövlət sektorunda inkişaf etmək və karyeramı orada davam etdirmək istəyirəm. Bu səbəbdən yeni iş təkliflərini dəyərləndirərkən də seçimimi dövlət sektoruna yönəltdim.
- Müsabiqə müddətində ən çox hansı mərhələ sizi sınağa çəkdi və ən çox hansı mərhələni bəyəndiniz?
- Mən hüquqşünasam, üçüncü qrup üzrə imtahana hazırlaşmışam və ümumiyyətlə, humanitar yönümlü düşüncəyə malik insanam. Riyaziyyatla, məntiqlə aram heç vaxt yaxşı olmayıb. Hətta elə düşünürdüm ki, nə qədər istəsəm də məntiq tapşırıqlarını ümumiyyətlə bacarmaram.
Amma bu il müsabiqəyə qatılarkən sınaq imtahanında təqdim olunan suallar, xüsusilə rəqəmsal bacarıqların yoxlanılması mərhələsindəki abstrakt və rəqəmsal məntiq mənim üçün sınaq oldu. O tapşırıqlar hesablama, məntiq yürütmə və düşünmə tələb edirdi. Mən sınaq imtahanından sonra həmin suallar üzərində çox çalışdım ki, əlim öyrəşsin. Mənim üçün ən çətin və ən çox sınağa çəkən mərhələ məhz bu idi. Çünki bütün mərhələlər arasında özümü ən zəif hiss etdiyim sahə məntiq idi. Hazırlıq prosesi də, imtahanın özü də mənə çətin gəldi.
Ən çox bəyəndiyim yarımfinal və final mərhələləri idi. Arasında fərq qoya bilmirəm, çünki formatları çox oxşardı. Mən ümumiyyətlə canlı prosesləri, müsabiqələri daha çox sevirəm, nəinki kompüter arxasında yazılı testləri. Məsələn, vəkilliyə qəbuldakı müsabiqə mərhələsində də özümü daha əmin idim, nəinki test mərhələsində, halbuki əksər halda bunun əksi olur.
Ona görə də bilirdim ki, “Yüksəliş” müsabiqəsinin yarımfinal və final mərhələləri mənim üçün maraqlı olacaq. Həqiqətən də elə oldu. Hələ də o mərhələlərin təsiri altındayam. Bəzi tapşırıqları, xüsusən də keysləri hələ də müzakirə edirəm. Finalın sonunda elə gözəl bir yekun verildi ki, bizim üçün çox maraqlı və yaddaqalan oldu. Həmin an 3-4, hətta 5 il ardıcıl qatılan insanları başa düşdüm. Çünki doğrudan da həmin təcrübə və mühit insanı bir daha qatılmaq və özünü yenidən sınamaq üçün özünə cəlb edir.

- Yarımfinalda dəyərləndirilən 9 səriştədən hansını özünüzdə ən güclü hesab edirsiniz, hansını inkişaf etdirməyi planlaşdırırsınız?
- Mən müsabiqəyə qatılanda artıq yarımfinalın qiymətləndirilən səriştələri çıxmışdı. Onları gördükdən sonra yarımfinal prosesində də düşünürdüm ki, mən nəticəyönümlülük səriştəsindən yüksək bal toplayacağam. Hesabatda da gördüm ki, həqiqətən ən yüksək balı oradan toplamışam.
Ümumiyyətlə, iş prosesində də istənilən tapşırığa çox vaxt nəticəyönümlü yanaşıram, diqqətimi nəticəni əldə etməyə cəmləyirəm. Sadəcə, alternativ variantlara baxıram ki, hansı yol daha tez, daha qısa, daha az xərclə nəticəyə aparacaq. Bəlkə də hüquqşünas olmağımın buna çox böyük təsiri olub, çünki bizim işimizin, ən azından mənim gördüyüm işin 80-90 faizi bundan ibarətdir, müştəri üçün düzgün, ən yaxşı nəticəni verəcək yolu göstərmək.
Ona görə də özümdə bu səriştənin inkişaf etmiş olduğunu bilirdim və nəticədə elə onu göstərdim.
İşin effektivliyinin idarə olunması səriştəsini inkişaf etdirmək istəyərdim. Özümə münasibətdə tək çalışdığım istənilən prosesdə nə çətinliyim olur, nə gecikmələr olur. Çünki orada vaxtı tam özüm tənzimləyirəm əvvəldən-axıra kimi və tapşırıqları özüm prioritetləşdirirəm.
Amma “Yüksəliş”dəki proses komanda işi ilə idi və komandada işin effektivliyinin idarə olunmasını mən təcrübədə çox tətbiq etməmişəm. Çünki bu, rəhbər vəzifədə uzun müddət çalışmağı tələb edən bir şeydir. Ona görə də onu inkişaf etdirmək istəyərdim ki, təkcə individual iş prosesində deyil, komanda halında da işin effektivliyini tam təmin edə bilim.
- Qalib olmağınız həyatınıza hansı yeni imkanları gətirdi?
- Müsabiqədə bütün qaliblər, finalçılar və yarımfinalçıların qarşısına iş təklifləri, çox böyük imkanlar çıxır. Fikrimcə, bu, “Yüksəliş”in ən böyük müsbət cəhətlərindən biridir.
Mən “Yüksəliş”də qalib olana qədər haradasa narahat idim ki, birdən mən nə qədər çox çalışsam da, ümumi işə nə qədər töhfə versəm də, iş prosesində nə qədər yaxşı nəticə əldə etsəm də, mənim potensialım aşkar olunmaz, ya gec aşkar olunar, ya məni görməzlər. Düşünürəm ki, inkişaf etmək və inkişaf etdirmək istəyən hər mütəxəssisi bu suallar narahat edir.
Amma “Yüksəliş”dəki qələbəmin həyatıma qatdığı ən müsbət hal - bu narahatlığımın aradan qalxmasıdır. Çünki artıq bilirəm ki, mənim və mənimlə yanaşı, digər bütün qaliblərin də potensialını görüblər.

- Əgər müsabiqəyə bu dəfə mentor kimi qatılsaydınız, ilk olaraq iştirakçılara nə məsləhət görərdiniz?
- Məsləhət görərdim ki, özləri olsunlar. Çox standart və şablon səslənir, amma müsabiqəyə qatılmaq istəyən hər kəsə kənardan çox fikir gəlir. Mənim ilk yarımfinal və final təcrübəm idi. Bu qiymətləndirmə konfransı modelində qiymətləndirmə və s. necə aparılması barədə heç bir fikrim yox idi.
Kənardan kimsə deyirdi ki, çox səs-küylü olanlar qalib olur, kimsə deyirdi ki, çox fəal olanlar qalib olur. Çox fikir səslənirdi. Bu fikirlər həm insanın ağlını qarışdırır, həm də təsir göstərirsə, mənfi nəticəyə səbəb olur.
Mən orada qərar vermişdim ki, həm özəl şirkətdə işlədiyim müddətdə, həm dövlət işindəki komandalarımda bu qiymətləndirilən kompetensiyalara malikəm və onlar məndə bu səriştələri inkişaf etdirib. Əgər düşündüyüm qədər malikəmsə, qalib olacağam, deyiləmsə də olmayacağam. Qərar verdim ki, özüm kimi olacağam, heç bir konkret metod öyrədən tövsiyəni dinləməyəcəyəm. Sona qədər elə də etdim.
Haradasa narahat oldum ki, birdən tətbiq etmək daha yaxşı olardı, amma yenə də özüm üçün seçdiyim istiqamətdən uzaqlaşmadım.
Qatılmaq istəyən hər bir şəxsə tövsiyəm odur ki, iş prosesində necədirsə, “Yüksəliş”in yarımfinal və finalında da elə olsun. Yəni, çalışmasın ki, ancaq pozitiv görünsün, çalışmasın ki, ancaq lider kimi səslənsin. Komanda işidir, işdə də bizi narahat edən məqamlar olur, işdə də razılaşmaya bilərik, işdə də sadəcə vaxt itirməmək üçün və artıq nəticəni vermək üçün geri addım ata bilərik.
İşdə necəyiksə, orada da elə olmaq lazımdır. Mən necə idimsə, iş prosesində, “Yüksəliş”in yarımfinal və finalında da elə oldum. Düşünürəm ki, belə yanaşmağımın mənim müsbət nəticə əldə etməyimə çox böyük təsiri oldu.


