Yüz əlli illik şərəfli və mütərəqqi inkişaf yolu
Ses qazeti saytına istinadən Icma.az xəbər verir.
Prezident İlham Əliyev: "Azərbaycan milli mətbuatı xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini verib"
Nailiyyətləri, təşəbbüsləri və nəhəng iqtisadi layihələri ilə ilə dünya birliyində sayılıb-seçilən Azərbaycan cəmiyyətində söz və mətbuat azadlığı demokratiyanın meyarı və ölçüsüdür. Ölkəmizdə bu dəyərlərin mövcudluğu Azərbaycan mətbuatınıninkişafında önəmli rol oynayır. Milli mətbuatımızın təməlini qoyan "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşr olunması tarixindən artıq 150 il ötür. Ölkə həyatında böyük əks-səda doğuran və milli mətbuatın əsasını qoyan "Əkinçi" qəzeti Azərbaycanın ictimai həyatının ən mühüm tarixi hadisələrindən birinə çevrildi. Qəzetin naşiri, redaktoru, korrektoru Azərbaycan milli maarifçilik hərəkatının banilərindən olan, təbiətşünas alim Həsən bəy Zərdabi idi. "Əkinçi" Azərbaycan dilində yayımlanan ilk qəzet olaraq ayda iki dəfə 300-400 tirajla yayımlanmağa başladı və dövrün təqiblərinə baxmayaraq, mübarizələrə sinə gərərək səhifələrində maarifçi və demokratik ideyaların təbliğinə yer ayırdı, ictimai, siyasi və bədii fikrin inkişafında öz sözünü demiş oldu. Qəzet xalqı cəhalətdən, fanatizmdən uzaqlaşdırmaq, onlara hüquqlarını anlatmaq, savadlanmasına kömək məqsədi daşıdığından böyük əhəmiyyət kəsb edirdi.
Əsrlərə qovuşacaq tarix - 22 iyul 1875-ci il mütərəqqi ideyaların carçısı və tribunası olan qəzetin ilk sayının işıq üzü gördüyü gündür.
Azərbaycan Prezidenti İlham Əliyevin media nümayəndələrinə ünvanladığı təbrikində bildirdiyi kimi, "1875-ci il iyulun 22-də böyük maarifçi, naşir Həsən bəy Zərdabi tərəfindən qabaqcıl ideyaların carçısı, dövrün, ictimai-siyasi həyatın güzgüsü – "Əkinçi" qəzetinin nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyuldu. Həmin dövrdə bütün Qafqazda böyük əks-səda doğuran bu mühüm tarixi hadisə Azərbaycan maarifçilik hərəkatının inkişafına, milli oyanışa, milli özünüdərkin və düşüncə azadlığının formalaşmasına təkan vermiş, mütərəqqi jurnalist, publisist və ziyalı nəslin yetişməsində əhəmiyyətli rol oynamışdır".
"SÖZ VƏ MƏLUMAT AZADLIĞINI MƏHDUDLAŞDIRAN SÜNİ MANEƏLƏR VƏ SENZURA ARADAN QALDIRILMIŞDIR"
Elm, maarif, mədəniyyət və incəsənətin inkişafına, yeni tipli məktəblərin yaradılmasının zəruriliyinə aid materiallar dərc edən "Əkinçi" qəzeti cəmi 2 il fəaliyyət göstərsə də, xalqımızın mədəniyyət tarixində böyük ad qoyub. Mübariz ruhlu maarifçi ziyalılar öz amallarını gerçəkləşdirmək üçün "Əkinçi"nin işığına toplaşmışdılar. Hünər, cəsarət tələb edən bir zamanda, təqibləri gözünə almayan ziyalının görkəmli simalar məsləkdaşı, silahdaşı oldu. Dövrün görkəmli maarifçiləri canlı xalq dilinə əsaslanan, sadə və anlaşıqlı bir dildə olan yazıları ilə oxucularının görüşünə gəlirdilər. "Əkinçi" ilk toxumlarını səpdi və milli mətbuatımız mərhələ-mərhələ inkişaf yolu keçdi. "Azərbaycan milli mətbuatı bütün dövrlərdə cəmiyyəti düşündürən problemləri, zəmanənin qabaqcıl ideyalarını və mütərəqqi fikirlərini əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində, Azərbaycan ədəbi dilinin inkişafında müstəsna xidmətlər göstərmiş, azadlıq və müstəqillik kimi xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini vermişdir", - deyə bildirən Azərbaycan Prezidenti qeyd edib ki, keçən əsrin sonlarında müstəqillik qazanmış Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və qətiyyəti nəticəsində cəmiyyət həyatının bütün sahələrində olduğu kimi milli mətbuatın inkişafında da əsaslı dönüş yaranmışdır: "Həmin dövrdə media sahəsində həyata keçirilmiş köklü islahatların nəticəsi kimi medianın fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılmış, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr və senzura aradan qaldırılmışdır. Bütün bunlar Azərbaycan mediasının sürətli inkişafına təkan vermiş və onun yeni mərhələyə qədəm qoymasını təmin etmişdir".
"İNFORMASİYA RESURSLARININ İQTİSADİ MÜSTƏQİLLİYİNİN GÜCLƏNDİRİLMƏSİ VƏ JURNALİSTLƏRİN SOSİAL MÜDAFİƏSİNİN YAXŞILAŞDIRILMASI MƏQSƏDİLƏ ƏSASLI İSLAHATLAR HƏYATA KEÇİRİLMİŞDİR"
Təbii ki, ictimai fikrin formalaşmasında mətbuatın rolu danılmazdır və cəmiyyətdə böyük təsir gücünə, xüsusi çəkiyə malikdir. Tarixdən bizə bəlli olan həqiqətdir ki, söz azadlığının olmadığı, mətbuatın senzuraya məruz qaldığı cəmiyyətdə insan hüquqlarından söz açmaq mümkün deyil. Uzun bir tarixi dövrə malik olan Azərbaycan milli mətbuatı müstəqillik dövründə daim diqqət və qayğı ilə əhatə olunmuşdur. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra, həyatın bir çox sahələrində olduğu kimi, mətbuatın inkişafında da dönüş yarandı, siyasi plüralizm və söz azadlığını təmin etmək üçün mühüm işlər həyata keçirildi. Dövlətimizin inkişafı milli informasiya resurslarından da yan keçməmiş, onun ümumdünya informasiya şəbəkəsindəki çəkisini artırmış, rəqabət qabiliyyətini daha da yüksəltmişdir. Müstəqilliyinı bərpa etmiş Azərbaycanda milli mətbuatımızın inkişafı Ulu Öndər Heydər Əliyevin adı, siyasi və dövlətçilik fəaliyyəti ilə bağlıdır. 1993-cü ildən başlayaraq, KİV-in inkişafında əldə olunmuş nailiyyətlər, milli mətbuata olan münasibət və qayğısı öz nəticəsini vermişdir.
Ölkəmizdə söz azadlığı bərqərar olundu və onun əsas daşıyıcısı olan müstəqil mətbuat yaradıldı. KİV-in maddi-texniki bazasının yeniləşdirilməsi və möhkəmləndirilməsi, sərbəst fəaliyyət üçün əlverişli şərait yaradılması ilə bağlı həyata keçirdiyi ardıcıl və məqsədyönlü tədbirlər mətbuatın inkişafına yeni yollar açdı. Ulu Öndər Heydər Əliyev tərəfindən əvvəlcə hərbi senzura, 1998-ci ilin avqustunda isə, bütövlükdə, KİV üzərində dövlət senzurası ləğv edildi. Belə ki, Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv olundu. Bu Fərman Kütləvi İnfromasiya Vasitələrinin sürətli inkişafına ciddi təkan verdi. Azərbaycan Prezidentinin təbrikində bildirdiyi kimi, "Azərbaycan mətbuatının müstəqilliyi cəmiyyətimizin inkişafının başlıca şərtlərindən biridir. Müstəqil, güclü, günümüzün tələblərinə cavab verən, xalqın maraqlarını rəhbər tutan mətbuatın inkişafı və onun sərbəst fəaliyyəti üçün zəruri şəraitin yaradılması hər zaman dövlətimizin qarşısında duran prioritet vəzifələrdən olmuşdur. Bu istiqamətdə daim sistemli iş aparılmış, ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını, media fəaliyyətinin potensialının və iqtisadi əsaslarının möhkəmləndirilməsini, rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını hədəfləyən normativ-hüquqi baza yaradılmış, informasiya resurslarının iqtisadi müstəqilliyinin gücləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə əsaslı islahatlar həyata keçirilmişdir".
"İNFORMASİYA MƏKANINDA QAZANDIĞIMIZ ZƏFƏR DÖYÜŞ MEYDANINDA QAZANDIĞIMIZ VƏ BU İL 5-Cİ İLDÖNÜMÜNÜ QEYD EDƏCƏYİMİZ ŞANLI ZƏFƏRİMİZİN AYRILMAZ PARÇASIDIR"
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev söz və informasiya azadlığı, demokratiyanın inkişafına böyük diqqət ayırır. Bu gün dünyanın sürətlə inkişaf edən ölkələri sırasında yeri olan Azərbaycanın uğurlarının dünyaya çatdırılmasında milli mətbuatın rolu əvəzsizdir. Ölkəmizdə demokratik proseslərin inkişafı, milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın üzərinə böyük məsuliyyət düşür. Bu gün ölkəmizdə media azadlığı təmin olunub, internet media inkişaf edib, jurnalistlərin sərbəst fəaliyyəti üçün lazımi şərait yaradılıb. Qloballaşan dünyada dəyərlərimizi, milli maraqlarımızın və mənafelərimizin qorunmasında daha məsuliyyətlidir. Azərbaycanın 44 günlük Vətən müharibəsində həqiqətlərinin dünyaya çatdırılmasında rolunu xüsusi qeyd etməliyik. Ən qaynar nöqtələrdə biz mətbuat işçilərinin səsini eşitdik. Düzgün və qərəzsiz informasiyaları dünyaya yaymış oldular. "Bu gün artıq fəxrlə deyə bilərik ki, bizim milli mətbuat bir əsr yarım ərzində şərəfli və mütərəqqi inkişaf yolu keçmişdir. Əlamətdar haldır ki, budəfəki yubileyi milli mətbuatımız artıq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycanda qeyd edir.
Azərbaycan mediası 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı dövründə hadisələrin operativ işıqlandırılmasını təmin etmək üçün həm ön, həm də arxa cəbhədə fədakarlıqla və əzmlə çalışmışdır. Ölkəmiz və xalqımız üçün bu tarixi və taleyüklü mərhələdə Azərbaycan mediası cəmiyyətimizin operativ və düzgün məlumatlandırılmasında, kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasında böyük rol oynamış, haqq səsimizin və mövqeyimizin beynəlxalq ictimaiyyətə çatdırılmasında yüksək peşəkarlıq, əsl vətənpərvərlik və həmrəylik nümayiş etdirmişdir", - deyə Azərbaycan Prezidenti bildirib ki, heç şübhəsiz ki, informasiya məkanında qazandığımız zəfər döyüş meydanında qazandığımız və bu il 5-ci ildönümünü qeyd edəcəyimiz şanlı Zəfərimizin ayrılmaz parçasıdır: "Torpaqlarımızın işğalı zamanı cəbhə bölgəsində və postmüharibə dövründə işğaldan azad olunmuş ərazilərimizdə vəzifə borcunu yerinə yetirərkən şəhid olmuş media nümayəndələrimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirəm. Onların şücaəti və qəhrəmanlığı heç zaman unudulmayacaq".
"ÖLKƏMİZİN MÖVCUD İNKİŞAF DİNAMİKASI AZƏRBAYCAN MEDİASININ DA ÜMUMDÜNYA İNFORMASİYA ŞƏBƏKƏSİNDƏKİ ÇƏKİSİNİ ARTIRMIŞ, RƏQABƏT QABİLİYYƏTİNİ YÜKSƏLTMİŞDİR"
Bəli, erməni terroru, təcavüzkar siyasəti qələmə alındı, reportajlar vasitəsi ilə dünyaya çatdırıldı. Bu gün yeni reallıqlar yaratmış Azərbaycanın sülhsevər siyasəti, reallaşdırdığı islahatlar, mövqeyi və uğurları mətbuat vasitəsi ilə dünyaya çatdırılır. "Bu gün Azərbaycan Respublikası tam müstəqil xarici siyasət yürüdən, regionun siyasi və iqtisadi mərkəzi statusunu qazanmış, beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmuş güclü dövlətdir. Ölkəmizin mövcud inkişaf dinamikası Azərbaycan mediasının da ümumdünya informasiya şəbəkəsindəki çəkisini artırmış, rəqabət qabiliyyətini yüksəltmişdir", - deyə bildirən Azərbaycan Prezidenti onu da diqqətə çatdırıb ki, qarşıdan gələn dövrdə milli mətbuatımızın qlobal informasiya məkanında yerinin daha da möhkəmlənməsini təmin etmək məqsədilə media savadlılığının yüksəldilməsi, ən qabaqcıl kommunikasiya texnologiyalarının tətbiqi, effektiv və çevik kommunikasiyanın həyata keçirilməsi, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma, süni intellektin tətbiqi, dezinformasiya və saxta xəbərlərlə mübarizə kimi amillər aparıcı rol oynayacaqdır: "Belə ki, qlobal informasiya məkanının sürətlə transformasiya olunduğu, beynəlxalq təbliğat fəaliyyətinin ölkələrin imicinə, daxili həyatına ciddi təsir göstərdiyi, süni intellektin imkanlarının genişləndiyi, hibrid təhdidlərin və "deepfake"lərin geniş vüsət aldığı müasir dövrdə bizim mediamız peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə əməl edərək, söz və məlumat azadlığından sui-istifadənin qarşısını qətiyyətlə almalı, Azərbaycanın milli maraqlarını və mənafeyini hər şeydən uca tutmalıdır."
Dövlətimizin başçısı bildirib ki, müasir media mədəniyyətinin formalaşdırılmasında məsuliyyətli, yaradıcı, intellektual və peşəkar jurnalistikanın aparıcı rolu danılmazdır: "Əminəm ki, Azərbaycan mediası bundan sonra da cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılması, müasir cəmiyyət quruculuğu, milli həmrəyliyin möhkəmləndirilməsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəkdir".
Zəfər qazanmış bütöv Azərbaycanda milli mətbuatımız 150-ci ildönümünü qeyd edir. Bu təkcə mətbuat işçilərinin deyil, cəmiyyətimizin bayramıdır, çünki azad söz azad cəmiyyətin təməl daşıdır.
Nəzakət ƏLƏDDİNQIZI


