Zaman unudsa da Vətən xatırlayır: Əliheydər Rüstəmov
Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dos.Dr. Aqil P.ƏHMƏDOV
Unudan zamandır, yoxsa insan zamanla unudulur ?! Düşünürəm ki, sualın ikinci hissəsi, haqqında danışacağım şəhidin həyat hekayəsini sanki müşayiət edir. Bildiyimiz qədərilə zaman mahiyyəti kimi geniş məhfum olub, özündə bir çox mətləblər yaşadır. Müdrik el ağsaqqallarımız, tanınmış ziyalılar, filosoflar zamanla bağlı müxtəlif fikirlər söyləyiblər. Onların arasında görkəmli Azərbaycan şair və mütəfəkkiri Füzulinin: “Adəmi zində edər namı, əgər ölsə cəsəd” beyti diqqət çəkir. Burada Füzuli demək istəyirki, ömür qısa olsa da, insanın yaxşı əməlləri onu əbədiləşdirir. Bu fikir sanki Əliheydər Rüstəmovun ömür hekayəsinə uyğun yazılmış kimi səslənir: – O, cəmi 19 il yaşadı, amma Vətən sevgisiilə adını zamanın yaddaşına yazdı. Bu səbəbdən,zamanı tutmaq mümkün deyil, lakin ondan geriyə qalan izləri yaşatmaq mümkündür. Həmin izlər bizi yaxın tarixə, I Qarabağ müharibəsinin yaşandığı o illərə aparır.
Bunun üçün bir qədər də əvvələ 51 il öncəsinə, 1974-cü ilin 27 may tarixinə qayıtmaq lazım gələcək. Həmin tarix bizi, Azərbaycanın yaşıllıqlar diyarı, vüqarlı Şahdağı, səfalı havası, şəfalı suları, alma bağları ilə məşhurQubaya aparır. Həm də Qudyal çayının sağ sahilində, yüksəkliklər üzərində qərar tutan ulu türk yurdu,qəhrəman və ziyalı nəsilləri ilə tanınan Zizik kəndinə, Əliheydər Rüstəmovun dünyaya göz açdığı bir yaz səhərinə. O gün Rüstəm kişinin evində əlamətdar bir hadisə baş vermiş, oğlu Əliheydər dünyaya gəlmişdi. Oğul deyirəm sizə, elə bir qəhrəman ki, şəhadətindən ötən 32 il Vətən torpağını qanı və ruhu ilə şərəfləndirən igid.Zaman onu unudsa da Vətən əsla unudmamış, əksinə bu dünyadan bir şəhid keçdi deyib onun pak ruhunu göylərə yüksəltmişdir. 
“Zaman unudub, Vətən xatırlayır...” deyən xalq şairi Bəxtiyar Vahabzadə dərin və düşündürücü misraya dönüşən həqiqəti sanki unudulmuş qəhrəmanlarımız üçün söyləyib. Bu sətir bir çox hallarda tarixin kölgəsində qalan, amma Vətənin yaddaşında yaşayan qəhrəmanların həyat yolunu ifadə edir. Azərbaycan xalqının hər bir igidi Vətən torpağının azadlığı uğrunda öz canını fəda edərkən, əslində, ölümsüzlüyə qovuşur. Bu yazı da məhz belə bir qəhrəman – Zizik kəndindən olan Əliheydər Rüstəmovun xatirəsinə ithaf olunur.
Uşaqlıq illərindən zəhmətsevər, səmimi və təvazökar bir gənc kimi tanınıb. İlk təhsilini doğma Zizik kənd orta məktəbində alan Əliheydər sonradan Quba şəhərindəki 103 nömrəli texniki-peşə məktəbində təmirçi-çilingər ixtisasına yiyələnib. Onun həyatında zəhmətə, hünərə və əməksevərliyə böyük önəm verildiyi, ailəsində milli və mənəvi dəyərlərin qorunduğu hər kəsə bəlli idi.
Əliheydər 1993-cü il aprelin 18-də Milli Ordunun sıralarına çağırıldı. O dövr Azərbaycanın ən ağır, ən gərgin illərindən biri idi. Qarabağ cəbhəsində döyüşlər səngimirdi, hər gün yeni igidlər səngərə yollanırdı. Əliheydər də Vətənə borcunu şərəflə yerinə yetirmək üçün cəbhəyə yollandı. Kəlbəcər uğrunda aparılan döyüşlərdə ön sıralarda erməni faşizminə qarşı mücadilə edən Əliheydərin bu ilk və son döyüşü oldu.
Vətənin ulu Kəlbəcər diyarı öz şəhidini qəbul edib onu səmalarına ucaltdı. İndi Əliheydərin şəhid düşdüyü torpaqda güllər açıb – qanı, canı, nəfəsi qarışan Vətən torpağı öz qoynunda şəhidinə layla deyir. Azad və firavan, inkişaf etməkdə olan Azərbaycan bölgələrindən biri kimi Kəlbəcərdə, Zəfər günündən ötən beş il ərzində xeyli işlər görülüb, dövlət layihələri həyata keçirilib. Hazırda tikinti-quruculuq işləri davam edir və diyarın əsl sakinləri öz doğma yurd-yuvalarına geri dönür.
Əliheydərin hərbi xidmətdə olduğu, döyüşə qatıldığı günlərin sayı barmaqla sayılacaq qədər az, cəmi on olsa da hər günü bir qəhrəmanlıq salnaməsinə, hər anı bir tarixə çevrildi. Qeyd olunduğu kimi, 1993-cü il aprelin 18-də hərbi xidmətə yollanan Vətən oğlu elə aprelin 27-də, mürəkkəb döyüşlərin getdiyimüharibənin 10-cu günündə, 19 yaşında düşmən snayperinin gülləsinə tuş gəldi. Güllə düz onun ürəyinə dəydi. Əliheydər ömrünü elə Vətən uğrunda şəhidlik zirvəsində tamamladı. O, həyatının ən gözəl çağında Vətən sevgisini öz qanı ilə möhürlədi.
Artıq uzun illərdir “27 may” və “27 aprel” tarixləri şəhidin həyat fəlsəfəsinə çevrilmişdir. Yeddi rəqəmi ilahi ədaləti və vəhdəti tərənnüm edərək Əliheydəri yaşadan, ona şəhadət bəxş edərək, əbədiyyət ünvanı qazandıran tarix olmuşdur. Həyatda təsadüf olmur. 1974 və 1993-cü ilin həmin tarixləri öz daxilindəki gizli həqiqəti aşkar edərək şəhidlik kimi uca zirvəyə hər kəsin layiq olmadığını, seçilmişlərin bu yolla gedə biləcəyini bir daha təsdiq etmiş oldu. Vətəni yaşadanların sırasında Qubanın Zizik kəndinin qəhrəman oğlu Əliheydər Rüstəmovun adı fəxarətlə çəkilir.
Vətən oğlu doğma kəndi Zizikdə dəfn olunub. Kənd camaatı onun cənazəsini göz yaşları içində qarşılayıb. Zizik kənd qəbiristanlığında uyuyan gənc yaşlı igidin məzarı bu gün də ziyarət olunur. Onun adı kəndin yaddaşında, köhnə məktəb siniflərində, yaşlı insanların söhbətlərində yaşayır.
Əliheydərin I Qarabağ müharibəsində göstərdiyi şücaətlər unudulmadı, şəhadətə ucaldığı həmin illərdə “Mübariz” qəzetinin bölgə müxbiri Nəzir Sultanlı şəhidin xatirəsinə bir şeir həsr etdi. O şeirdə yazılırdı:
Arxayın yat, rahat uyu, qardaşım,
Vətən sənə, sən Vətənə qovuşdun.
Ana torpaq olub indi sirdaşın,
Bu torpağa, bu məzara qovuşdun.
Təəssüf ki, Əliheydər Rüstəmov kimi gənc qəhrəmanların adları uzun illər zamanın hökmünə buraxılıb. Bəzən tarix öz övladlarını səssizcə kölgədə saxlayır, amma Vətən heç vaxt unudmur. Bu yazı da həmin yaddaşın dirçəldilməsi, bir igidin adını yenidən yaşatmaq niyyəti ilə yazılıb.
Hazırda Qubanın Zizik kənd tam orta məktəbi I Qarabağ şəhidi Əliheydər Rüstəmovun adını daşıyır. Onun şəhadətindən ötən az bir müddət ərzində adı həmin məktəbə verilmiş, təhsil ocağının qarşısında büstü ucaldılmışdır. Artıq 30 ildir ki, məktəb şəhidin adı ilə şərəflənir. Lakin, haqqında açıq mənbələrdə məlumatların olmaması,son 32 ildə və 2020-ci ilin Vətən müharibəsindən sonra, ilk dəfə bir məqalə çərçivəsində, tərəfimizdən geniş ictimaiyyətə təqdim olunması şəhidin adının əbədiləşdirilməsi istiqamətində növbəti addımlar atılacağına böyük ümidlər yaradır.
Kənddə doğulub boya-başa çatan qəhrəmanın adını daşıyan məktəbdə hazırda xoşbəxt gələcək yetişir. Əliheydərin valideynləri, bacı və qardaşı, onların övladları da həmin məktəbdə ilk təhsillərini almışlar. Qabaqcıl müəllimlərinin, aralarında əməkdar müəlliminin olduğu Zizik kənd məktəbində şagirdlər vətənpərvər ruhda böyüyür. Gənclər təhsilə, xüsusilə ali təhsilə əhəmiyyət verir. Hər il kəndin tam orta məktəbindən xeyli sayda şagird yüksək balla respublikanın müxtəlif ali təhsil ocaqlarına qəbul olurlar. Bu göstərici şəhidin yurdunda intellektual nəslin formalaşdığından xəbər verir.
Vətənpərvərlikdən söz düşmüşkən, Əliheydərdən sonra Zizik kəndinin adını şöhrətləndirən, kənd məktəbinin məzunlarından biri olmuş Şahin Hüseynbala oğlu Allahyarovdur (1993-2020). II Qarabağ müharibəsində xüsusi igidlik, təşəbbüs və dözümlülük nümyaiş etdirdiyinə görə, şəhadətindən sonra Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüş Şahin məhz həmin məktəbdə təhsil almış və Azərbaycan tarixi fənnini xüsusilə sevmiş, bunu 44 günlük şanlı savaşda öz əməli ilə sübut etmişdir.
Zizik kəndi son bir əsrdən yuxarı vaxt ərzində Vətən uğrunda şəhidlər vermişdir. Bu kənddə əsrin əvvəllərində, 1918-ci ildə mənfur daşnaklara qarşı vuruşmuş Əlibəy Zizikski önə çıxmışdır. Görkəmli polkovnik, Cümhuriyyət parlamentinin İttihad fraksiyasının üzvü Əlibəy dövrün qanlı sovet rejimi tərəfindən 18 sentyabr 1929-cu ildə güllələnərək şəhid edilmişdir. Onun ardınca uzun illərdən sonra, 1993-cü ildə Vətənin ağır sınaqlarla üz-üzə qaldığı bir vaxtda düşmənlə savaşa qatılan Əliheydər Rüstəmov sinəsini qabağa verərək qarşı tərəfə təslim olmamış və şəhadətə yüksəlmişdir.
Nəhayət XXI əsrdə Azərbaycanın işğal altında olan Qarabağ bölgəsinin azadlığa qovuşmasında yaxından iştirak edərək, adını müasir Azərbaycanın şərəf tarixinə yazmış xüsusi təyinatlı Şahin Allahyarov döyüş meydanında misli görülməmiş şücaətlər göstərərək şəhidlik kimi ali məqama ucalmışdır. Onun igidliyi dövlət tərəfindən qiymətləndirilərək, şəhadətindən sonra, qeyd olunduğu kimi ən yüksək ada layiq görülmüşdür. Həmçinin Şahin dövlət tərəfindən digər yüksək təltiflərə də layiq görülmüşdür.
1993-cü ildə Vətən yolunda canından keçən Əliheydərin şəhid olduğu il Şahin dünyaya göz açmış və şəhidlərin ölmədiyini, bir ölüb min dirildiyini göstərmiş və Şahin həmkəndlisi kimi igidliyi ilə səngərdə yüksək döyüş ruhu yaşatmışdır. Tarix təsadüf kimi görünsə də burada ilahi həqiqət öz əksini tapır və mistik bağlılıq gerçəyə çevrilir. Həmin tarix – 1993-cü il Rüstəmovlar və Allahyarovlar ailəsinin yaddaşında hələ uzun illər yaşayacaq, dünya var olduqca şəhidlərinə rəhmət oxudacaq.
Əslində Əliheydər haqqında məqalə yazmaq fikri 8 noyabr Zəfər gününün beşinci yubiley ildönümündə yarandı. Qarşıma Milli Kitabxanadan 1996-cı ildə kiril əlifbası ilə, üç min tirajla nəşr olunan “Quba şəhidləri” kitabı çıxdı. Düşünürəmki bu da bir təsadüfün nəticəsi deyildi, əksinə bir təvafuq (ilahi uyğunluq) idi. Haqqında heç bir dolğun yazının, araşdırma məqalənin olmadığı Əliheydərlə bağlı məlumat almaq ümidi ilə kitabı vərəqləməyə başladım. 180-ci səhifəyə çatanda həyəcanla gözlədiyim məlumata rast gəldim və şəhidimizin adına çox sevindim. Bu, qəhrəman Əliheydər Rüstəmov haqqında təxminən bir səhifə həcmində bioqrafik məlumat idi. Məlumat qısa, lakin böyük səmimiyyət və doğmalıqla, sanki qayğı ilə qələmə alınmışdı.
Qubanın tanınmış ziyalılarından olan Şıxəmməd Seyidməmmədovun tərtibçisi olduğu 256 səhifəlik həmin dəyərli kitabı böyük maraq və həvəslə oxudum. I Qarabağ müharibəsində şəhid olmuş, adları hələ də, bir çox hallarda kölgədə qalan və mənim üçün əhəmiyyət kəsb edən qubalı şəhidlərin həyatından nümunələri oxuduqca insan bir anlıq o illəri yaşamış kimi hiss edir özünü.
Ən çox da məni təsirləndirən və mövcud məqaləni yazmağa ilhamlandıran, kitabdan Əliheydərin çox qısa, cəmi 10 günlük döyüş yolunun onuncu günündə şəhid olmasını öyrənmək oldu. Heç düşünmədən klaviatura arxasına keçərək məqaləni yazmağa cəhd etdim. Buna nə dərəcədə nail ola bildiyimi oxucuların mühakiməsinə buraxıram.
Əliheydərin şəhid olduğu tarix kitabda “27 aprel”, baş daşı üzərində isə “28 aprel” qeyd olunur. Böyük ehtimal ki, baş daşı üzərindəki tarix onun torpağa əmanət edildiyi tarixdir.
Kitabda həmçinin 1988-ci il dekabrın 11-də Ermənistanda baş vermiş zəlzələ ilə əlaqədar köməyə gedərkən təyyarə qəzasında həlak olmuş, 1990-cı ilin qanlı yanvar ayında Bakıda Azərbaycanın azadlığı və suverenliyi uğrunda canından keçmiş şəhidlər haqqında da məlumatlar var. Ktabın sonunda qanlı müharibədə itkin düşümş oğullarımızın siyahısı verilir.
Əliheydərin bioqrafik məlumatlarında müəllifin şəhid haqqında yazdığı kövrək məqam Ş.Seyidməmmədovun duyğularını dilə gətirmiş və o, şəhidi şəhadətə aparan yolu belə tərənnüm etmişdir: “Axı Əliheydər hardan biləydi ki, hər tərəfə boynubükük bənövşələrin məstedici qoxusu yayıldığı, quşların baş-başa verib incə bir musiqi çaldığı o yaz günü tufanlı bir günə çevriləcək, axı hardan biləydi ki, yalquzaq erməninin gülləsinə tuş gələcək”.Əliheydər şəhadət yoluna çıxaraq, ölümün gözünə dik baxmış və arxaya dönmədən irəliləmişdir. O, bunu yaxşı bilirdi, lakin həyat ilə belə tez vidalaşacağını və əbədi aləmə köç edəcəyini tezliklə gözləmirdi. Ş.Seyidməmmədov şəhid haqqında poetik və emosional fikirlərini bir abzasla ifadə edərək sanki Əliheydərin nakam qalmış arzularını dilə gətirmişdir.
Şəhidimiz ailə qurmamışdı. Üç uşaqlı ailənin ən böyüyü bacısı Sənəm, ikinci övladı Əliheydər, ailənin son beşiyi isə qardaşı Buxsaydır. Bacı və qardaşı ailəlidir, anası Xanbikə (Məkanət) hazırda həyatda deyil. Zizik kənd qəbristanlığında uyuyan şəhidin və onun anasının qəbri ailə üzvləri, məktəbin müəllim və şagirdləri tərəfindən ziyarət olunur.
Hər il 27 mayda Əliheydərin anadan olduğu gün ailə üzvləri – atası, bacı və qardaşının iştirakı ilə məktəb kollektivi, şagirdlərlə birlikdə qeyd olunur. Bu, təqdirəlayiq haldır, lakin şəhid haqqında sənədli bioqrafik tədqiqatın aparılmaması, haqqında film və ya video çarxların çəkilməməsi zamanla unudula biləcəyi narahatlığı yaradır. Düşünürəm ki, haqqında kiçik məktəb tədbiri çərçivəsindən kənar, rayon səviyyəsində və daha artığını etmək heçdə çətin deyil. Bu səbəbdən, mövzu hazırki yazının qələmə alınmasına əas yaratdı və gələcəkdə şəhid haqqında digər məqalələrin yazılmasına bir vəsilə olacaq.
Əliheydər Rüstəmovun ömrü qısa oldu – cəmi 19 il. Amma onun şəhadəti Azərbaycan gəncliyinə, Vətən sevgisinə və qeyrətə nümunədir. Zaman unuda bilər, lakin Vətən hər zaman qəhrəman oğullarını xatırlayacaq. Çünki şəhidlik ölümlə bitən yol deyil, əbədiyyətə açılan bir qapıdır. Ruhu şad olsun !
Baxış sayı:33
Bu xəbər 20 Noyabr 2025 21:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















