Icma.az
close
up
RU
Zaman unutsa da, Vətən xatırlayır Şəhid Əliheydər Rüstəmovun xatirəsinə

Zaman unutsa da, Vətən xatırlayır Şəhid Əliheydər Rüstəmovun xatirəsinə

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Dos.Dr. Aqil P.ƏHMƏDOV
[email protected]

Unudan zamandır, yoxsa insan zamanla unudulur?! Düşünürəm ki, sualın ikinci hissəsi, haqqında danışacağım şəhidin həyat hekayəsini sanki müşayiət edir. Bildiyimiz qədərilə zaman mahiyyəti kimi geniş məfhum olub, özündə bir çox mətləblər yaşadır. Müdrik el ağsaqqallarımız, tanınmış ziyalılar, filosoflar zamanla bağlı müxtəlif fikirlər söyləyiblər. Onların arasında görkəmli Azərbaycan şair və mütəfəkkiri Füzulinin: "Adəmi zində edər namı, əgər ölsə cəsəd" beyti diqqət çəkir. Burada Füzuli demək istəyir ki, ömür qısa olsa da, insanın yaxşı əməlləri onu əbədiləşdirir. Bu fikir sanki Əliheydər Rüstəmovun ömür hekayəsinə uyğun yazılmış kimi səslənir: O, cəmi 19 il yaşadı, amma Vətən sevgisi ilə adını zamanın yaddaşına yazdı. Bu səbəbdən, zamanı tutmaq mümkün deyil, lakin ondan geriyə qalan izləri yaşatmaq mümkündür. Həmin izlər bizi yaxın tarixə, Birinci Qarabağ müharibəsinin yaşandığı o illərə aparır.   

Bunun üçün bir qədər də əvvələ 51 il öncəsinə, 1974-cü ilin 27 may tarixinə qayıtmaq lazım gələcək. Həmin tarix bizi, Azərbaycanın yaşıllıqlar diyarı, vüqarlı Şahdağı, səfalı havası, şəfalı suları, alma bağları ilə məşhur Qubaya aparır. Həm də Qudyal çayının sağ sahilində, yüksəkliklər üzərində qərar tutan ulu türk yurdu, qəhrəman və ziyalı nəsilləri ilə tanınan Zizik kəndinə, Əliheydər Rüstəmovun dünyaya göz açdığı bir yaz səhərinə. O gün Rüstəm kişinin evində əlamətdar bir hadisə baş vermiş, oğlu Əliheydər dünyaya gəlmişdi. Oğul deyirəm sizə, elə bir qəhrəman ki, şəhadətindən ötən 32 il Vətən torpağını qanı və ruhu ilə şərəfləndirən igid. Zaman onu unutsa da, Vətən əsla unutmayıb, əksinə, "Bu dünyadan bir şəhid keçdi" deyib onun pak ruhunu göylərə yüksəldib.

"Zaman unudub, Vətən xatırlayır..." deyən Xalq şairi Bəxtiyar Vahabzadə dərin və düşündürücü misraya dönüşən həqiqəti sanki unudulmuş qəhrəmanlarımız üçün söyləyib. Bu sətir bir çox hallarda tarixin kölgəsində qalan, amma Vətənin yaddaşında yaşayan qəhrəmanların həyat yolunu ifadə edir. Azərbaycan xalqının hər bir igidi Vətən torpağının azadlığı uğrunda öz canını fəda edərkən, əslində, ölümsüzlüyə qovuşur. Bu yazı da məhz belə bir qəhrəman - Zizik kəndindən olan Əliheydər Rüstəmovun xatirəsinə ithaf olunur.

Uşaqlıq illərindən zəhmətsevər, səmimi və təvazökar bir gənc kimi tanınıb. İlk təhsilini doğma Zizik kənd orta məktəbində alan Əliheydər sonradan Quba şəhərindəki 103 nömrəli texniki-peşə məktəbində təmirçi-çilingər ixtisasına yiyələnib. Onun həyatında zəhmətə, hünərə və əməksevərliyə böyük önəm verildiyi, ailəsində milli və mənəvi dəyərlərin qorunduğu hər kəsə bəlli idi.

Əliheydər 1993-cü il aprelin 18-də Milli Ordunun sıralarına çağırıldı. O dövr Azərbaycanın ən ağır, ən gərgin illərindən biri idi. Qarabağ cəbhəsində döyüşlər səngimirdi, hər gün yeni igidlər səngərə yollanırdı. Əliheydər də Vətənə borcunu şərəflə yerinə yetirmək üçün cəbhəyə yollandı. Kəlbəcər uğrunda aparılan döyüşlərdə ön sıralarda erməni faşizminə qarşı mücadilə edən Əliheydərin bu, ilk və son döyüşü oldu.

Vətənin ulu Kəlbəcər diyarı öz şəhidini qəbul edib onu səmalarına ucaltdı. İndi Əliheydərin şəhid düşdüyü torpaqda güllər açıb - qanı, canı, nəfəsi qarışan Vətən torpağı öz qoynunda şəhidinə layla deyir. Azad və firavan, inkişaf etməkdə olan Azərbaycan bölgələrindən biri kimi Kəlbəcərdə, Zəfər günündən ötən beş il ərzində xeyli işlər görülüb, dövlət layihələri həyata keçirilib. Hazırda tikinti-quruculuq işləri davam edir və diyarın əsl sakinləri öz doğma yurd-yuvalarına geri dönür.

Əliheydərin hərbi xidmətdə olduğu, döyüşə qatıldığı günlərin sayı barmaqla sayılacaq qədər az, cəmi on olsa da, hər günü bir qəhrəmanlıq salnaməsinə, hər anı bir tarixə çevrildi. Qeyd olunduğu kimi, 1993-cü il aprelin 18-də hərbi xidmətə yollanan Vətən oğlu elə aprelin 27-də, mürəkkəb döyüşlərin getdiyi müharibənin 10-cu günündə, 19 yaşında düşmən snayperinin gülləsinə tuş gəldi. Güllə düz onun ürəyinə dəydi. Əliheydər ömrünü elə Vətən uğrunda şəhidlik zirvəsində tamamladı. O, həyatının ən gözəl çağında Vətən sevgisini öz qanı ilə möhürlədi.

Artıq uzun illərdir "27 may" və "27 aprel" tarixləri şəhidin həyat fəlsəfəsinə çevrilmişdir. Yeddi rəqəmi ilahi ədaləti və vəhdəti tərənnüm edərək Əliheydəri yaşadan, ona şəhadət bəxş edərək, əbədiyyət ünvanı qazandıran tarix olmuşdur. Həyatda təsadüf olmur. 1974 və 1993-cü ilin həmin tarixləri öz daxilindəki gizli həqiqəti aşkar edərək şəhidlik kimi uca zirvəyə hər kəsin layiq olmadığını, seçilmişlərin bu yolla gedə biləcəyini bir daha təsdiq etmiş oldu. Vətəni yaşadanların sırasında Qubanın Zizik kəndinin qəhrəman oğlu Əliheydər Rüstəmovun adı fəxarətlə çəkilir. 

Vətən oğlu doğma kəndi Zizikdə dəfn olunub. Kənd camaatı onun cənazəsini göz yaşları içində qarşılayıb. Zizik kənd qəbiristanlığında uyuyan gənc yaşlı igidin məzarı bu gün də ziyarət olunur. Onun adı kəndin yaddaşında, köhnə məktəb siniflərində, yaşlı insanların söhbətlərində yaşayır.

Hazırda Qubanın Zizik kənd tam orta məktəbi Birinci Qarabağ şəhidi Əliheydər Rüstəmovun adını daşıyır. Onun şəhadətindən ötən az bir müddət ərzində adı həmin məktəbə verilmiş, təhsil ocağının qarşısında büstü ucaldılmışdır. Artıq 30 ildir ki, məktəb şəhidin adı ilə şərəflənir. Lakin haqqında açıq mənbələrdə məlumatların olmaması, son 32 ildə və 2020-ci ilin Vətən müharibəsindən sonra, ilk dəfə bir məqalə çərçivəsində, tərəfimizdən geniş ictimaiyyətə təqdim olunması şəhidin adının əbədiləşdirilməsi istiqamətində növbəti addımlar atılacağına böyük ümidlər yaradır.

Kənddə doğulub boya-başa çatan qəhrəmanın adını daşıyan məktəbdə hazırda xoşbəxt gələcək yetişir. Əliheydərin valideynləri, bacı və qardaşı, onların övladları da həmin məktəbdə ilk təhsillərini almışlar. Qabaqcıl müəllimlərinin, aralarında əməkdar müəlliminin olduğu Zizik kənd məktəbində şagirdlər vətənpərvər ruhda böyüyür. Gənclər təhsilə, xüsusilə ali təhsilə əhəmiyyət verir. Hər il kəndin tam orta məktəbindən xeyli sayda şagird yüksək balla respublikanın müxtəlif ali təhsil ocaqlarına qəbul olurlar. Bu göstərici şəhidin yurdunda intellektual nəslin formalaşdığından xəbər verir.

Vətənpərvərlikdən söz düşmüşkən, Əliheydərdən sonra Zizik kəndinin adını şöhrətləndirən, kənd məktəbinin məzunlarından biri olmuş Şahin Hüseynbala oğlu Allahyarovdur (1993-2020). İkinci Qarabağ müharibəsində xüsusi igidlik, təşəbbüs və dözümlülük nümayiş etdirdiyinə görə, şəhadətindən sonra Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüş Şahin məhz həmin məktəbdə təhsil alıb və Azərbaycan tarixi fənnini xüsusilə sevmiş, bunu 44 günlük şanlı savaşda öz əməli ilə sübut edib.

Zizik kəndi son bir əsrdən yuxarı vaxt ərzində Vətən uğrunda şəhidlər verib. Bu kənddə əsrin əvvəllərində, 1918-ci ildə mənfur daşnaklara qarşı vuruşmuş Əlibəy Zizikski önə çıxıb. Görkəmli polkovnik, Cümhuriyyət parlamentinin İttihad fraksiyasının üzvü Əlibəy dövrün qanlı sovet rejimi tərəfindən 18 sentyabr 1929-cu ildə güllələnərək şəhid edilib.

Əslində Əliheydər haqqında məqalə yazmaq fikri 8 noyabr Zəfər gününün beşinci yubiley ildönümündə yarandı. Qarşıma Milli Kitabxanadan 1996-cı ildə kiril əlifbası ilə, üç min tirajla nəşr olunan "Quba şəhidləri" kitabı çıxdı. Düşünürəm ki, bu da bir təsadüfün nəticəsi deyildi, əksinə, bir təvafuq (ilahi uyğunluq) idi. Haqqında heç bir dolğun yazının, araşdırma məqalənin olmadığı Əliheydərlə bağlı məlumat almaq ümidi ilə kitabı vərəqləməyə başladım. 180-ci səhifəyə çatanda həyəcanla gözlədiyim məlumata rast gəldim və şəhidimizin adına çox sevindim. Bu, qəhrəman Əliheydər Rüstəmov haqqında təxminən bir səhifə həcmində bioqrafik məlumat idi. Məlumat qısa, lakin böyük səmimiyyət və doğmalıqla, sanki qayğı ilə qələmə alınmışdı.

Qubanın tanınmış ziyalılarından olan Şıxəmməd Seyidməmmədovun tərtibçisi olduğu 256 səhifəlik həmin dəyərli kitabı böyük maraq və həvəslə oxudum. Birinci Qarabağ müharibəsində şəhid olmuş, adları hələ də, bir çox hallarda kölgədə qalan və mənim üçün əhəmiyyət kəsb edən qubalı şəhidlərin həyatından nümunələri oxuduqca insan bir anlıq o illəri yaşamış kimi hiss edir özünü.

Ən çox da məni təsirləndirən və mövcud məqaləni yazmağa ilhamlandıran, kitabdan Əliheydərin çox qısa, cəmi 10 günlük döyüş yolunun onuncu günündə şəhid olmasını öyrənmək oldu. Heç düşünmədən klaviatura arxasına keçərək məqaləni yazmağa cəhd etdim. Buna nə dərəcədə nail ola bildiyimi oxucuların mühakiməsinə buraxıram.

Əliheydərin şəhid olduğu tarix kitabda "27 aprel", başdaşı üzərində isə "28 aprel" qeyd olunur. Böyük ehtimal ki, başdaşı üzərindəki tarix onun torpağa əmanət edildiyi tarixdir.   

Kitabda həmçinin 1988-ci il dekabrın 11-də Ermənistanda baş vermiş zəlzələ ilə əlaqədar köməyə gedərkən təyyarə qəzasında həlak olmuş, 1990-cı ilin qanlı yanvar ayında Bakıda Azərbaycanın azadlığı və suverenliyi uğrunda canından keçmiş şəhidlər haqqında da məlumatlar var. Kitabın sonunda qanlı müharibədə itkin düşmüş oğullarımızın siyahısı verilir.

Əliheydərin bioqrafik məlumatlarında müəllifin şəhid haqqında yazdığı kövrək məqam Ş.Seyidməmmədovun duyğularını dilə gətirib və o, şəhidi şəhadətə aparan yolu belə tərənnüm edib: "Axı Əliheydər hardan biləydi ki, hər tərəfə boynubükük bənövşələrin məstedici qoxusu yayıldığı, quşların baş-başa verib incə bir musiqi çaldığı o yaz günü tufanlı bir günə çevriləcək, axı hardan biləydi ki, yalquzaq erməninin gülləsinə tuş gələcək". Əliheydər şəhadət yoluna çıxaraq, ölümün gözünə dik baxmış və arxaya dönmədən irəliləmişdir. O, bunu yaxşı bilirdi, lakin həyat ilə belə tez vidalaşacağını və əbədi aləmə köç edəcəyini tezliklə gözləmirdi. Ş.Seyidməmmədov şəhid haqqında poetik və emosional fikirlərini bir abzasla ifadə edərək sanki Əliheydərin nakam qalmış arzularını dilə gətirmişdir.  

Şəhidimiz ailə qurmamışdı. Üç uşaqlı ailənin ən böyüyü bacısı Sənəm, ikinci övladı Əliheydər, ailənin son beşiyi isə qardaşı Buxsaydır. Bacı və qardaşı ailəlidir, anası Xanbikə (Məkanət) hazırda həyatda deyil. Zizik kənd qəbiristanlığında uyuyan şəhidin və onun anasının qəbri ailə üzvləri, məktəbin müəllim və şagirdləri tərəfindən ziyarət olunur.

Hər il 27 mayda Əliheydərin anadan olduğu gün ailə üzvləri - atası, bacı və qardaşının iştirakı ilə məktəb kollektivi, şagirdlərlə birlikdə qeyd olunur. Bu, təqdirəlayiq haldır, lakin şəhid haqqında sənədli bioqrafik tədqiqatın aparılmaması, haqqında film və ya videoçarxların çəkilməməsi zamanla unudula biləcəyi narahatlığı yaradır. Düşünürəm ki, haqqında kiçik məktəb tədbiri çərçivəsindən kənar, rayon səviyyəsində və daha artığını etmək heç də çətin deyil. Bu səbəbdən, mövzu hazırkı yazının qələmə alınmasına əas yaratdı və gələcəkdə şəhid haqqında digər məqalələrin yazılmasına bir vəsilə olacaq.     

Əliheydər Rüstəmovun ömrü qısa oldu - cəmi 19 il. Amma onun şəhadəti Azərbaycan gəncliyinə, Vətən sevgisinə və qeyrətə nümunədir. Zaman unuda bilər, lakin Vətən hər zaman qəhrəman oğullarını xatırlayacaq. Çünki şəhidlik ölümlə bitən yol deyil, əbədiyyətə açılan bir qapıdır. Ruhu şad olsun!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Noyabr 2025 23:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see1006

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see266

Aylıq gəlirləri aşağı olan fərdi sahibkarların sosial sığorta haqqı yükü azalacaq Dövlət Vergi Xidməti

28 Noyabr 2025 11:32see241

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see205

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see202

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see201

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see196

“Şəmkir xəstəxanasında tibbi xidmətlərin keyfiyyəti yüksəlir” Hikmət İbrahimli

28 Noyabr 2025 10:54see177

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see154

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see152

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see143

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see143

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see139

Oğlunun toyunda geyindiyi açıq saçıq paltardan DANIŞDI

27 Noyabr 2025 17:17see137

Yağlısı infarkta aparır Yağsızı min bir dərdə dərmandır

27 Noyabr 2025 01:02see136

Gündə 4 fincan içmək qocalmanı yavaşladır

28 Noyabr 2025 05:05see133

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see132

KL: Samsunspor səfərdən 1 xalla dönür

28 Noyabr 2025 02:26see132

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see130

Fənərbaxça məğlubiyyətdən qurtuldu, Roma dan qələbə

28 Noyabr 2025 02:34see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri