Zamanında verilmiş QƏRAR!
Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.
Məktəb dünyəvi təhsil prinsiplərinə uyğun olmalıdır - Nizami Cəfərov
Son günlər dövlət ümumi təhsil müəssisələrində vahid məktəbli forması və müəllimlərin geyim qaydaları ətrafında yaranan müzakirələr cəmiyyətin diqqət mərkəzindədir. Nazirlər Kabinentinin qəbul etdiyi vahid məktəbli forması ilə bağlı qərarı şagirdlər arasında bərabərliyin təmin olunması, nizam-intizamın gücləndirilməsi və sağlam təhsil mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Bəs vahid məktəbli forması nə üçün əhəmiyyətlidir və onun dinlə əlaqələndirilməsi nə dərəcədə doğrudur?
Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən Atatürk Mərkəzinin direktoru, Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasının müdiri, akademik Nizami Cəfərov bildirib ki, şagirdlərin vahid məktəbli forması haqqında qaydalar zamanında verilmiş bir qərardır.
Akademik bildirib ki, vaxtilə məktəbli forması ilə bağlı yaxşı təcrübə var idi: “Təəssüf ki, məktəbli formalarının istehsalı, satışı və təhsil müəssisələrinə çatdırılması prosesində ciddi problemlər ortaya çıxdı. Müzakirələr əsasən formaların dizaynı, kim tərəfindən tikilməsi və məktəblərə necə çatdırılması kimi məsələlər ətrafında aparıldı. Ancaq məktəbli formasının əsl mahiyyəti və zəruriliyi diqqətdən kənarda qaldı.
Halbuki məktəbli formasına ehtiyac duyulmasının ən azı iki mühüm səbəbi var. İlk növbədə, Azərbaycanda sosial təbəqələşmənin mövcudluğu uşaqların geyimlərində də özünü göstərə bilər. Eyni sinifdə təhsil alan şagirdlərin ailələrinin maddi imkanları fərqli olduğundan, bu fərqlərin geyim vasitəsilə açıq şəkildə nümayiş olunması arzuolunan deyil. Belə bir vəziyyət şagirdlər arasında sosial fərqlərin qabardılmasına, sinif daxilində münasibətlərin pozulmasına və vahid kollektiv mühitinin formalaşmasının çətinləşməsinə səbəb ola bilər. Nəticədə, müəllimin dərs zamanı yaratmağa çalışdığı tədris mühiti şagirdlərin fərqli münasibətləri və davranışları ilə kölgədə qala, bu isə təlim prosesinə mənfi təsir göstərə bilər”.
Şəxsi geyim seçimi kollektiv mühitə təsir göstərə bilər
N.Cəfərov məktəbli qızların geyimi ilə bağlı məsələyə münasibət bildirib: “Xüsusilə, yeniyetmə yaşına çatanda bəzi orta məktəblərdə qızlar müəyyən uyğun olmayan tərzdə geyinirlər. Bu tendensiya zaman keçdikcə ali təhsil müəssisələrində də özünü göstərə bilər. Halbuki orta məktəblərdə valideyn nəzarəti daha güclüdür. Şagirdlərin geyim seçimləri bəzən uyğun olmayan tərzdə, bəzən isə dini üslubda olur. Həyata baxışı və şəxsi düşüncələri tam formalaşmamış uşaqların bu cür geyimlərə üstünlük verməsi ailə mühitinin təsiri və ya ətrafdakı insanları təqlid etməsi ilə bağlı ola bilər. Uşaq gördüyü, diqqətini çəkən və bəyəndiyi geyim tərzini mənimsəyərək onu öz davranışına çevirə bilər. Lakin bu cür hallar məktəb mühitində hər zaman arzuolunan ab-havanın formalaşmasına xidmət etmir.
Dini inanclar, ibadət formaları, geyim tərzi və insanın özünü ifadə etməsi, ilk növbədə, fərdi seçim və şəxsi məsuliyyət məsələsidir. Ancaq bu seçimlər kollektiv mühitdə nümayiş olunduqda ictimai xarakter alır və cəmiyyətə müəyyən təsirlər göstərir. Belə yanaşmanın təhsil müəssisələrində vahid tərbiyə prinsiplərinin formalaşmasına mane ola biləcəyi nəzərə alınmalıdır”.
Nizam-intizam və ümumi prinsiplərin qorunması üçün...
Akademik qeyd edib ki, biz dünyəvi dövlətdə yaşayırıq və bu prinsip təhsil sistemində də öz əksini tapmalıdır: “Məktəbdə geyim qaydalarından tutmuş, təlim və tərbiyə prosesinə qədər bütün məsələlər dünyəvi təhsil anlayışına uyğun şəkildə tənzimlənməlidir. Bu baxımdan, məktəblərdə vahid geyim formasının tətbiqi məqsədəuyğun və düzgün qərardır. Şagirdlərin müəyyən edilmiş geyim qaydalarına riayət etməsi məktəb mühitində nizam-intizamın və ümumi prinsiplərin qorunması baxımından əhəmiyyət daşıyır.
Üstəlik, vahid məktəbli formasının tətbiqi illər ərzində formalaşmış təcrübəyə əsaslanır. Cəmiyyətdə bu məsələyə nəzarətsiz və pərakəndə yanaşmaq, hələ dünyagörüşü tam formalaşmamış uşaqların geyim seçimləri ilə bağlı bütün məsuliyyəti onların üzərinə qoymaq düzgün deyil. Uşaqların yaş xüsusiyyətlərini və təsirlərə açıq olduqlarını nəzərə almadan bu məsələni onların şəxsi seçiminə buraxmaq, nəticə etibarilə, onların həssaslığından sui-istifadəyə şərait yarada bilər. Bu səbəbdən məktəblərdə vahid geyim qaydalarının qorunması və onlara əməl olunması mühüm əhəmiyyət kəsb edir”.
Bu geyimin mahiyyətini özləri də anlamırlar
Nizami Cəfərov hesab edir ki, dünyagörüşü hələ tam formalaşmamış uşaqların valideynlərin təsiri ilə məktəbə fərqli geyimlərdə gəlməsinə yol verilməməlidir. O, bildirib ki, məktəbli geyimi məsələsi yalnız texniki və ya zahiri xarakter daşımır, eyni zamanda gələcəkdə ciddi problemlərə səbəb ola bilər. Akademikin sözlərinə görə, geyimin mahiyyətini və məqsədini dərk etməyən, onu sadəcə bəzək elementi kimi qəbul edən uşaqların formalaşması və bu yanaşmanın digər şagirdlərə də təsir göstərməsi narahatlıq doğurur: “Məsələyə həm sosial, həm də mənəvi və dini dünyagörüşü baxımından həssas yanaşılmalı, məktəblərdə vahid geyim qaydaları tətbiq olunmalıdır. Buna görə də Nazirlər Kabinetinin müvafiq qərarına riayət edilməsi vacibdir”.
Yeganə BAYRAMOVA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 13 Oktyabr 2026 10:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















