Icma.az
close
up
RU
Zəfərin davamı olan səfərlər: Qarabağda ötən ilin mənzərəsi

Zəfərin davamı olan səfərlər: Qarabağda ötən ilin mənzərəsi

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2025-ci ildə Prezident İlham Əliyevin Qarabağa etdiyi səfərlər postmünaqişə mərhələsində Azərbaycanın bu ərazilərlə bağlı siyasətinin strateji müstəvidə formalaşdığını göstərdi. Səfərlər zamanı diqqətin infrastrukturdan yaşayış mühitinə, istehsal sahələrindən sosial xidmətlərə, nəqliyyat-logistika xətlərindən regional iqtisadi əlaqələrə yönəlməsi Qarabağın artıq idarə olunan və dövriyyəyə daxil edilən məkan kimi qəbul edildiyini göstərirdi. Xüsusilə məskunlaşma prosesinin sürətlənməsi, sosial institutların formalaşdırılması və iqtisadi aktivliyin təşviqi bərpanın mərhələli şəkildə mülki həyata transfer edildiyini nümayiş etdirirdi. Bununla yanaşı, bu səfərlər Azərbaycanın postmüharibə dövründə öz suveren inkişaf modelini beynəlxalq praktikalarla uzlaşdıraraq, Qarabağı regional əməkdaşlıq kontekstində də mövqeləndirməyə çalışdığını göstərirdi.
Bu proseslərin arxasında dayanan əsas faktor isə Prezident İlham Əliyevin güclü siyasi iradəsi, mərkəzləşdirilmiş idarəçilik yanaşması və qərarların icrasında nümayiş etdirdiyi ardıcıllıq idi. Dövlət başçısının Qarabağda həyata keçirilən layihələrlə yerində tanış olması, proseslərə birbaşa nəzarət etməsi və strateji istiqamətləri şəxsən müəyyənləşdirməsi bərpa-quruculuq mərhələsinin vahid konsepsiya əsasında aparıldığını təsdiqləyirdi. 

Modern.az Prezident İlham Əliyevin 2025-ci ildə Qarabağa etdiyi səfərləri təqdim edir.

İlham Əliyevin 2025-ci ildə Qarabağa ilk səfəri fevralın 19-da işğaldan azad edilmiş Ağdam, Xankəndi və Xocalını əhatə edib. Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva səfər çərçivəsində aparılan genişmiqyaslı bərpa və quruculuq işləri ilə tanış olub, bir sıra sosial, iqtisadi və mədəni obyektlərdə görülən işləri yerində qiymətləndiriblər.


Səfər Ağdam şəhərindən başlayıb. Dövlət başçısı Ağdamda “Hilton Garden Inn” hotelində aparılan tikinti işləri ilə tanış olub, Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin açılışında iştirak edib. Eyni zamanda Ağdam Muğam Mərkəzində görülən tikinti işlərinə baxış keçirilib, “Ağdam Residence” yaşayış kompleksi, şəhərdə inşa edilən ikinci yaşayış kompleksi, 1 nömrəli körpələr evi-uşaq bağçası və 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış olunub. Prezident İlham Əliyevə həmçinin Əsgəran qala-kompleksinin konsepsiya layihəsi təqdim edilib.


Daha sonra səfər Xankəndi şəhərində davam edib. Prezident və birinci vitse-prezident Xankəndidə “Bulud” hotelinin açılışında iştirak ediblər. Dövlət başçısı şəhərdə Zəfər parkının təməlqoyma mərasimində də iştirak edib. Bununla yanaşı, Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabrikinin fəaliyyəti ilə tanışlıq səfərin mühüm məqamlarından biri olub.


Səfərin növbəti ünvanı Xocalı rayonu olub. Prezident İlham Əliyev Xocalının Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası istiqamətində görülən işlərlə tanış olub, kəndə köçmüş bir qrup sakinlə görüşərək onların yaşayış şəraiti və qayıdış prosesi ilə maraqlanıb.

Torpaq çərşənbəsi, - martın 18-də Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva Ağdərə rayonuna səfər ediblər.
Səfər çərçivəsində dövlət başçısı və xanımı Sərsəng su anbarından Ağdərənin Umudlu kəndinə gedən avtomobil yolunun açılışında iştirak ediblər. Yeni yolun istifadəyə verilməsi rayonun nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və yaşayış məntəqələrinin əlaqələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev və Mehriban Əliyeva Ağdərənin Həsənriz kəndində sakinlərlə birlikdə Novruz tonqalını alovlandırıblar. Torpaq çərşənbəsinə təsadüf edən bu görüş qayıdış prosesinin sosial və mənəvi aspektlərini əks etdirən rəmzi hadisə kimi qiymətləndirilib.


Səfərin əsas məqamlarından biri Ağdərə rayonunun Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi olub. Dövlət başçısı və Mehriban Əliyeva yeni mənzillərə köçən kənd sakinlərinə evlərin açarlarını təqdim ediblər. Bununla yanaşı, Suqovuşan kəndində inşa edilmiş məscidin açılışında da iştirak ediblər.

27 mart 2025-ci ildə Qarabağa səfərlər çərçivəsində Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva Ağdam və Şuşada bir sıra mühüm tədbirlərdə iştirak ediblər.
Səfər zamanı dövlət başçısı və Birinci vitse-prezident Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Kəndin istifadəyə verilməsi Böyük Qayıdış proqramı çərçivəsində Ağdamda daimi yaşayışın mərhələli şəkildə bərpa olunduğunu göstərən mühüm addım kimi qiymətləndirilir.


Daha sonra Prezident İlham Əliyev və Mehriban Əliyeva Şuşa şəhərinə səfər ediblər. Şuşada bir sıra açılış mərasimlərində iştirak edən dövlət başçısı aparılan tikinti və bərpa işləri ilə tanış olub. Səfər çərçivəsində görülən işlər Şuşanın tarixi-mədəni irsinin qorunması ilə müasir şəhər infrastrukturu arasında balansın yaradılmasına yönəldilən siyasətin davam etdiyini nümayiş etdirir.

Keçən ilin mayın 10-da ümummilli lider Heydər Əliyevin doğum günündə İlham Əliyev və Mehriban Əliyeva işğaldan azad edilmiş ərazilərə növbəti səfər ediblər. Tarixi baxımdan rəmzi məna daşıyan bu səfər Zəfərin beşinci ilində Qarabağ və Şərqi Zəngəzurda dövlət quruculuğunun ardıcıl və sistemli şəkildə davam etdiyini nümayiş etdirib.
Səfər Şuşa rayonundan başlayıb. Prezident və Birinci vitse-prezident Daşaltı kənd məscidinin və Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər. Eyni zamanda, Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib. Bu addımlar şəhərin həm sosial, həm də yaşayış infrastrukturu baxımından planlı şəkildə genişləndirildiyini göstərir.


Daha sonra dövlət başçısı Xocalı rayonu ilə bağlı layihələrlə tanış olub. Prezident İlham Əliyev “Azərişıq” ASC-nin “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin, eləcə də Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalının Xanabad kəndində yerləşən heyvandarlıq kompleksinin açılışında iştirak edib. Bu layihələr bölgədə dayanıqlı iqtisadi fəaliyyətin formalaşdırılmasına xidmət edir.


Səfər Ağdam rayonunda davam edib. Prezident Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib. Ardınca Kəngərli kəndinin birinci mərhələsinin açılışı olub. Dövlət başçısı kənddə yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati bina, klub-icma mərkəzi, tam orta məktəb və körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub. Prezident İlham Əliyev yeni inşa edilmiş fərdi evlərə baxış keçirib, Kəngərliyə köçən sakinlərlə görüşərək onlara evlərin açarlarını təqdim edib.


Səfərin yekununda Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər. 

Mayın 28-də müstəqillik gününü Prezident işğaldan azad edilmiş Laçında qeyd edib. Həmin gün Prezident İlham Əliyev Laçında sənaye və energetika infrastrukturu ilə bağlı bir sıra açılış mərasimlərində iştirak edib, o cümlədən “LATIFA” tikiş fabriki, “PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialı, Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verilib. Dövlət başçısı Laçın kanat yolunun təməlini qoyub, “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyalarının açılışında iştirak edib.


Səfər çərçivəsində Prezident İlham Əliyev Laçın rayonunun Bəylik kəndinin açılışında iştirak edib, kəndə köçən sakinlərlə görüşərək onlara yeni evlərin açarlarını təqdim edib. Dövlət başçısı Laçın şəhərində sakinlərlə də görüşüb, “Laçın” İstirahət Kompleksinin açılışında iştirak edib.


28 may səfərinin mühüm beynəlxalq ölçüsü də olub. Laçında Azərbaycan Prezidentinin Türkiyə Prezidenti və Pakistanın Baş naziri ilə həm ikitərəfli, həm də üçtərəfli Zirvə görüşləri keçirilib. Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil yolunda aparılan tikinti işləri ilə tanış olub, liderlər Laçın şəhərində birgə gəzintidə də olublar. Eyni zamanda Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib.

İyulun 4-də Prezident İlham Əliyevin Qarabağa səfəri məzmun və miqyas baxımından 2025-ci ilin ən çoxşaxəli səfərlərindən biri kimi diqqət çəkib. Səfər həm iri infrastruktur layihələrini, həm də yüksək səviyyəli beynəlxalq diplomatik gündəliyi əhatə edib.


Prezident səfər çərçivəsində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun açılışında iştirak edib, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoyub. Dövlət başçısı Xankəndidə Zəfər parkında aparılan tikinti işləri ilə tanış olub, “Xankəndi” Biznes Mərkəzinin və Xankəndi Konqres Mərkəzinin açılışında iştirak edib. Eyni zamanda Xankəndi-Şuşa kanat yolunun inşası üçün seçilmiş əraziyə baxış keçirilib.

İyunun 4-də Xankəndi şəhəri beynəlxalq siyasi platformaya da çevrilib. Burada İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib. Zirvə çərçivəsində Prezident İlham Əliyev Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini, Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, Pakistanın Baş naziri ilə görüşüb. Dövlət başçısı həmçinin İran Prezidenti Məsud Pezeşkian və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ikitərəfli görüşlər keçirib.


Səfər çərçivəsində Azərbaycan və Özbəkistan prezidentləri Xankəndidə “Businesstex JV” tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar. Azərbaycan və Qırğızıstan prezidentləri isə Ağdam rayonunun Xıdırlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Zirvə görüşünün iştirakçıları Ağdamdakı “İmarət” kompleksində Qarabağ atlarının “Zəfər” şousunu izləyib, Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şahbulaq qalasında olublar.
Günün yekununda Prezident İlham Əliyevin adından İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün iştirakçılarının şərəfinə rəsmi nahar verilib.

17–19 iyul tarixlərində Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ bölgəsinə genişmiqyaslı səfər edib. Səfər çərçivəsində Prezidentə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov da müşayiət edib.
Səfərin ilk günündə İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Füzuli rayonuna gələrək şəhərin işğal dövründə dağıdılmış ərazilərinə baxış keçiriblər. Daha sonra dövlət başçıları Şuşa rayonunun Daşaltı kəndinin fonunda xatirə şəkli çəkdiriblər.


Şuşada inşa edilmiş birinci yaşayış kompleksinə baş çəkən Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri burada yaradılan şəraitlə tanış olublar. Ardınca Yeni Şuşa məscidində aparılan tikinti işlərinin gedişi ilə maraqlanıblar.

Səfər proqramı çərçivəsində Şuşadakı Yaradıcı Mərkəzdə “Heydər Əliyev və Qarabağ” sərgisinə baxış keçirilib. Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə, həmçinin Bülbülün ev-muzeyinə də baş çəkiblər. Daha sonra Yuxarı Gövhər Ağa məscidi ziyarət edilib.


Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada Mehmandarovların malikanə kompleksində olublar, Cıdır düzünə baş çəkiblər və Şuşada birgə nahar ediblər.
Səfərin davamında Prezident İlham Əliyev Ağdam Sənaye Parkında tütün məmulatlarının istehsalı müəssisəsinin açılışında iştirak edib. Dövlət başçısı həmçinin Ağdam şəhərində 1 nömrəli tam orta məktəbin, 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışında iştirak edib, Qiyaslı kəndində tarixi məscidin bərpadan sonra açılış mərasiminə qatılıb.


Xocalıya səfər çərçivəsində Prezident İlham Əliyev Təzəbinə kəndində görülən işlərlə tanış olub, Xocalı kərpic zavodunun açılışında iştirak edib. Dövlət başçısı Xanyurdu kəndində sakinlərlə görüşüb, onların sosial-məişət şəraiti ilə maraqlanıb.


Səfərin sonuncu mərhələsində Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirib.

8 avqust tarixli sülh sazişdən sonra İlham Əliyev Qarabağ bölgəsinə ilk səfərini 21 avqust Kəlbəcərə edib.
Səfər çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar. Bu yolun istifadəyə verilməsi Kəlbəcərin regional nəqliyyat xəritəsində əsas qovşaqlardan birinə çevrilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Kəlbəcər şəhərində dövlət başçısı və birinci xanım 4-cü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər. Prezident İlham Əliyev eyni zamanda Kəlbəcər şəhər parkının və 3-cü yaşayış kompleksinin təməlini qoyub. Bu layihələr şəhərin planlı şəkildə bərpası və əhalinin mərhələli qaydada geri qayıdışının təmin olunmasına yönəlib.


Səfər zamanı Prezident İlham Əliyev “Balland – Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışında iştirak edib. Bu addım Kəlbəcərin ənənəvi təsərrüfat sahələrinin dirçəldilməsi və yerli istehsalın təşviqi baxımından rəmzi və praktiki məna daşıyır.
Prezident İlham Əliyev Kəlbəcər şəhərində sakinlərlə görüşüb, onlara yeni mənzillərin açarlarını təqdim edib. Görüş zamanı dövlət başçısı bərpa prosesinin əsas hədəfinin yalnız infrastruktur deyil, insan amilinin təminatı olduğunu vurğulayıb.


Enerji təhlükəsizliyi və “yaşıl enerji” strategiyası çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdə “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyalarının açılışında iştirak ediblər. Bu stansiyalar bölgənin enerji təminatında alternativ və ekoloji cəhətdən dayanıqlı modelin tətbiqini əks etdirir.


Səfər Ağdərə rayonu üzrə də davam edib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kolatağ kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar. Daha sonra Ağdərədə Vəngli və Kolatağ kəndlərinin sakinləri ilə görüş keçirilib.

14-16 sentyabr tarixlərində Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ bölgəsinə növbəti genişmiqyaslı səfər edib. Səfər bərpa, məskunlaşma, sosial infrastruktur və beynəlxalq siyasi mesajlar baxımından xüsusi əhəmiyyət daşıyıb.


Səfər çərçivəsində Prezident İlham Əliyev Füzuli rayonunda yeni salınacaq Qaraxanbəyli kəndinin təməlini qoyub. Bu addım regionda kəndlər üzrə planlı bərpa və mərhələli qayıdış prosesinin davam etdiyini göstərib.
Dövlət başçısı Xocavənd rayonunun Hadrut qəsəbəsində olub, burada inşa edilmiş məscidin açılışında iştirak edib. Prezident həmçinin Xocavənd rayonunun Sos kəndinə və Qırmızı Bazar qəsəbəsinə baş çəkib, Hadrut, Qırmızı Bazar qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşüb.
Səfər Xocalı rayonu üzrə də davam edib. Prezident İlham Əliyev Şuşakənd, Seyidbəyli, Daşbulaq və Badara kəndlərində olub. Daşbulaq kəndində tut bağında görülən işlərlə tanış olan dövlət başçısı, Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüş keçirib.


Prezident İlham Əliyev səfər zamanı Qarabağ Universitetinin Klinikası binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışında iştirak edib. Bu hadisə Qarabağda ali təhsil və səhiyyə infrastrukturunun paralel şəkildə formalaşdırıldığını nümayiş etdirib.


Səfər çərçivəsində Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini də qəbul edib.


Eyni günlərdə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycana rəsmi səfərə gəlib. Şuşada rəsmi qarşılama mərasimi keçirilib. Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşa rayonunun Daşaltı kəndinin fonunda xatirə şəkli çəkdiriblər.


Prezident İlham Əliyevin və Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın əvvəlcə təkbətək, sonra geniş tərkibdə görüşləri olub. Dövlət başçıları Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə, Milli Xalça Muzeyinin Şuşa filialına baxış keçiriblər. Həmçinin Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar.


Prezidentlər Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər, Şuşa qalasının önündə birgə foto çəkdiriblər. Prezident İlham Əliyevin adından Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin şərəfinə Şuşada rəsmi nahar verilib.


28 oktyabr tarixində Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl və Zəngilan rayonlarına səfər edib. Səfər çərçivəsində məskunlaşma, dini-mədəni irsin bərpası və “yaşıl enerji” layihələri üzrə mühüm mərhələlər icra olunub.
Prezident İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndində birinci mərhələnin açılışında iştirak edib. Dövlət başçısı kənd sakinlərinə yeni mənzillərin açarlarını təqdim edib. Bu mərhələ Horovlunun planlı şəkildə dirçəldilməsinin və mərhələli qayıdışın başlanğıcı kimi qiymətləndirilib.


Səfər zamanı Prezident İlham Əliyev Cəbrayıl şəhər məscidinin təməlini qoyub. Eyni zamanda Cəbrayıl şəhərində ikinci və üçüncü yaşayış komplekslərinin də təməli qoyulub. Bu layihələr şəhərin gələcək urbanistik modelinin və əhalinin davamlı yerləşdirilməsinin əsas sütunlarını təşkil edir.


Prezident İlham Əliyev Cəbrayıl rayonunda “Şəfəq” Günəş Elektrik Stansiyasına gedən avtomobil yolunun açılışında iştirak edib. Dövlət başçısı həmçinin Şahvəli kəndində “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməlini qoyub. Bu layihələr Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” konsepsiyasının praktiki icrasının tərkib hissəsidir.


Səfərin davamında Prezident İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndinin ikinci mərhələsinin və Məmmədbəyli kəndinin açılışlarında iştirak edib. Dövlət başçısı Ağalı və Məmmədbəyli kəndlərinin sakinlərinə mənzillərin açarlarını təqdim edib.


Prezident İlham Əliyev Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksində görülmüş işlərlə də tanış olub. Bu layihə şəhərin sosial infrastrukturunun genişləndirilməsi və əhalinin mərhələli şəkildə geri dönüşünün təmin olunmasına xidmət edir.


Azərbaycan Prezidenti İlham Əliyev ötən il 23-24 dekabrda Qarabağ bölgəsinə ilin son səfərini edib. Dekabrın 24-də doğum günü olan dövlət başçısı bu günü Qarabağda keçirib.
Səfər çərçivəsində Prezident İlham Əliyev Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olub. Dövlət başçısı Kərkicahan qəsəbəsində 1 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışında iştirak edib, buraya köçən sakinlərlə görüşüb.


Prezident İlham Əliyev Xankəndi şəhərində Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub. Eyni zamanda Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin yeni inşa olunmuş binasının açılışında iştirak edib. Bu addımlar Qarabağın ali təhsil mərkəzinə çevrilməsi strategiyasının praktik mərhələyə keçdiyini göstərib.
Enerji infrastrukturu üzrə Prezident İlham Əliyev Xankəndi şəhərində “AzərEnerji” ASC-nin 110/35/10 kV-luq “Xankəndi-1” elektrik yarımstansiyasının açılışında iştirak edib. Layihə şəhərin və ətraf yaşayış məntəqələrinin dayanıqlı enerji təminatında mühüm rol oynayacaq.


Səfərin davamında Prezident İlham Əliyev Xocalı rayonunun Ballıca kəndində “Accurate Az” MMC-nin ofis mebelləri və mebel aksessuarlarının istehsalı müəssisəsinin açılışında iştirak edib. Ardınca Ağdam şəhərində metal elektrik dirəklərinin istehsalı müəssisəsinin açılışı baş tutub.
Prezident İlham Əliyev Ağdam Sənaye Parkında “Saloglu Qarabağ” MMC-nin istehsal müəssisəsinin təməlini qoyub. Dövlət başçısı həmçinin Ağdam şəhərində “Hilton Garden Inn Ağdam” hotelinin açılışında iştirak edib ki, bu da regionda turizm və biznes mühitinin formalaşdırılması baxımından əhəmiyyətlidir.


Səfər çərçivəsində Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib. Bundan əlavə, Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışı olub, dövlət başçısı buraya köçən sakinlərlə görüşüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Yanvar 2026 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see276

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see234

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see213

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see195

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see185

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see176

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see159

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see159

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see152

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see152

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see152

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see150

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see148

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see145

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see145

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see143

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see143

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see139

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see138

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri