12 universitet bitirən 75 yaşlı tələbədən dünyaya MESAJ
Icma.az bildirir, Modern.az portalına istinadən.
Jurnalistika sahəsində yarım əsrlik təcrübəsi, təhsilə olan sonsuz sevgisi və öyrənməkdən heç vaxt yorulmayan ruhu ilə o, sadəcə bir media nümayəndəsi deyil, həm də əsl həyat məktəbidir.
Türkiyə vətəndaşı olan bu qocaman jurnalist 50 ildən artıqdır ki, qələminin gücü ilə cəmiyyətə xidmət edir. Lakin onu digərlərindən fərqləndirən təkcə peşəkar fəaliyyəti deyil, bu günə qədər tam 12 universitetdə təhsil alması və hələ də oxumağa davam etməsi, onu təhsilə bağlılığı ilə nümunəvi bir simaya çevirir.
Bu müsahibədə onun həyat hekayəsini, təhsilə qarşı sonsuz marağının səbəblərini və gənclərə verdiyi tövsiyələri eşidəcək, yaşın heç vaxt öyrənməyə əngəl olmadığını bir daha anlayacaqsınız.
Modern.az xəbər verir ki, AzEdu.az Təhsil Portalı Ahmet Coşkunaydınla əlaqə saxlayaraq müsahibə alıb.
Həmin müsahibəni təqdim edirik:
- Ahmet bəy, çox istərdik ki, sizi oxucularımıza daha yaxından tanıdaq. Özünüz haqqında danışa bilərsinizmi?
- Mən Ahmet Coşkunaydın, 28 yanvar 1950-ci ildə Kemaliyədə anadan olmuşam. İlk, orta, lisey və universitet təhsilimi İstanbulda tamamlamışam. Təxminən 50 ildir ki, jurnalistika ilə məşğulam və dünyanın bir çox ölkələrində jurnalist kimi çalışmışam. Onların arasında Moskvada təxminən 20 il jurnalist kimi fəaliyyətim olub. Bundan başqa Çin daxil olmaqla, Cənubi Amerikanın bütün ölkələrində, ABŞ-də və Avropanın bir çox ölkələrində reportajlar etmiş, səfər qeydləri hazırlamışam.
Hələ də yazıçılıqla məşğulam və kitab üzərində işləyirəm. Nəşr olunmuş bir neçə kitabım var, ən məşhuru isə Çek Asina ilə bağlı olanıdır. Hazırda yaşadığım Moskva haqqında başladığım kitabı ilin sonuna qədər bitirməyi planlaşdırıram. Eyni zamanda universitetdə tələbə kimi təhsilə davam edir, doktorantura dərslərində iştirak edirəm.
“Tələbə yaşını deməz” deyib, yaşımı gizlədirəm, amma 70 yaşın üzərindəyəm. Məncə, yaşın öyrənməyə heç bir təsiri yoxdur. Hətta özümə örnək olaraq Almaniyada 102 yaşlı bir qadının doktorantura oxuduğunu misal göstərirəm. İstanbul Universitetində 89 yaşlı tələbəsi olan müəllimlərim var. Hüquq fakültəsində oxuyan bir tələbənin müəllimi mənə danışmışdı ki, Almaniyada 94 yaşında hüquq təhsili alan bir kişi də olub. Mən düşünürəm ki, insan ömrünün sonuna qədər öyrənə bilər, yetər ki, arzu etsin
- Bizə çox maraqlıdır ki, təhsil aldığınız 12 universitetdə hansı sahələr üzrə təhsil almısınız? Həmin universitetləri, ixtisasları və bu təhsilləri hansı ölkələrdə aldığınızı bizə ətraflı danışa bilərsinizmi?
- Bəzən sayarkən belə unuduram (gülür). Ən çox sevdiyim İstanbul Universitetidir. Onsuz da hələ də orada tələbəyəm. Elə dönəmlər olub ki, iki universiteti eyni vaxtda oxumuşam. İstanbul Universiteti Eczacılıq Fakültəsini bitirdikdən sonra Jurnalistika İnstitutuna daxil olmuşam. Daha sonra biri İstanbul Universitetinin Kommunikasiya Fakültəsində, digəri isə İstanbul Universitetinin İqtisadiyyat Fakültəsində olmaqla iki magistratura proqramını tamamlamışam.
Bundan əlavə, Dövlət İdarəçiliyi, Beynəlxalq Münasibətlər, Hüquq, Xarici Ticarət, Kənd Təsərrüfatı, Baytarlıq kimi sahələrdə də müxtəlif bakalavr və ixtisas proqramlarını bitirmişəm. Hazırda İstanbul Universiteti AUZEF-də Coğrafiya bakalavr təhsilimin son semestrindəyəm və bitirmə mərhələsinə yaxınam.
Mən həmçinin Moskva Dövlət Universitetinin Asiya-Afrika İnstitutu (ISAA) və Yeni Yüzyıl Universiteti ilə birlikdə İstanbul Universitetinin Radio-Televiziya Yüksək Məktəbində də dərs demişəm.
Türk jurnalisti və yazıçıyam. Uzun illər media sektorunda çalışmış, bir çox mühüm xəbərlərə imza atmışam. Əsasən xarici siyasət, iqtisadiyyat və ictimai mövzular üzrə yazılar yazmış, müxtəlif qəzet və jurnallarda köşə yazarı olmuşam. Bundan başqa, televiziya proqramlarında şərhçiliklə də məşğul olmuşam.
Kuleli Hərbi Liseyini bitirdikdən sonra 1968-ci ildə İstanbul Universitetində ali təhsilə başladım. Oranı tamamladıqdan sonra Ankarada Gülhane Hərbi Tibb Akademiyasında bir il yarım akademik təhsil aldım. Daha sonra 1980-ci ildə Almaniyada Erlangen Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinə daxil oldum, lakin həmin təhsili tamamlamadan Türkiyəyə qayıtdım.
1975-ci ildə İstanbul Universitetinin Jurnalistika İnstitutunda təhsilə başladım. 1994-cü ildə isə Moskva Dövlət Universitetinin Asiya-Afrika İnstitutunda Dmitri Yevgenyeviç Yeremeyev ilə birlikdə dərs deməyə başladım. Türkiyəyə döndükdən sonra 2009-cu ildə Milli Təhsil Nazirliyi tərəfindən təşkil olunan Bağçılıq kursuna qatıldım və təhsili tamamladım.
2010-cu ildə Anadolu Universitetinin Ədliyyə Yüksək Məktəbinə daxil oldum. Həmin il eyni zamanda İstanbul Universiteti İqtisadiyyat Fakültəsində də təhsilə başladım. Təxminən 2014-cü ildə İstanbul Universitetinin Kommunikasiya Fakültəsində bakalavr təhsili aldım. Bu dövrdə paralel olaraq Kənd Təsərrüfatı Yüksək Məktəbində də təhsilimi davam etdirirdim.
2016-cı ildə (dəqiq tarix yadıma düşməyə bilər) Beynəlxalq Ticarət üzrə önlisans proqramına başladım. 2017–2018-ci illərdə isə Dövlət İdarəçiliyi üzrə bakalavr təhsilinə davam etdim. Daha sonra Beynəlxalq Münasibətlər ixtisasını da bitirdim. 2018-ci ildə İstanbul Universiteti İqtisadiyyat Fakültəsində magistratura təhsilini tamamladım.
Sonrakı illərdə İstanbul Universiteti AUZEF-də Coğrafiya bakalavrını bitirdim. Hazırda isə eyni universitetdə Tarix fakültəsində (4 illik) və Yaşlılara Qulluq – Geriatriya (2 illik) proqramlarında təhsilimi davam etdirirəm. Sadaladığım təhsillərin təqribən onunu artıq tamamlamışam. Bəzən hansı proqramları bitirdiyimi tam xatırlamasam da, bütün siyahı qeyd olunmuş şəkildə mövcuddur.
Yadıma indi ən çox sevdiyim bölümlərdən biri düşdü: Ədalət Yüksək Məktəbi. Orada hüququn əsaslarını öyrənirsiniz və hüquq bilikləri diplomu alırsınız. Bundan başqa, indi tarix oxuyuram, Anadolu Universitetində bakalavr, İstanbul Universitetində isə Yaşlı və xəstə baxımı ixtisası üzrə təhsil alıram. Deyə bilərsiniz ki, bəlkə də unutduqlarım da var, amma fərqi yoxdur, bütün siyahı qeyd olunub və təhsilə olan bağlılığım davam edir.”
- Xəstə və ya yaşlı baxımı ixtisasını niyə oxuyursunuz?
- Biz də yaşlanırıq, dünya yaşlanır, ətrafımızdakı dost və tanışlar da. Onlara yol göstərə bilmək və dəstək olmaq üçün bu ixtisası oxuyuram. Həm də praktik faydasını görürəm – burada bir çox bilik və bacarıqları real həyatda tətbiq etməyi öyrənirsiniz.
- Ən çox zövq alaraq oxuduğunuz ixtisas hansı oldu?
- Coğrafiyanı çox sevdim. Dörd il oxuyanda bir an əvvəl bitsin deyirdim, amma bitəndə də üzüldüm. Kaş ki, bitməsəydi. Coğrafiya sayəsində dünyanı, zəlzələləri, ətraf mühit problemlərini daha dərindən anlayırsınız. Hər şeyi daha yaxşı yorumlayır, başqalarına izah edə bilirsiniz. Bu baxımdan coğrafiya çox önəmlidir. Mən səfəri də çox sevirəm; gəzərkən coğrafiya bilikləri gözümün qabağına gəlir və səfərlərdən daha çox zövq alıram. Getdiyiniz ölkənin təbiətini, torpağını, dağlarını, insanlarını, mədəniyyətlərini artıq daha dərindən anlaya bilirsiniz.
Sonra düşündüm: coğrafiyanı nə tamamlayar? Dedim ki, tarixi. İndi də tarix oxuyuram və bundan böyük zövq alıram. Keçmişi öyrənirsiniz, keçmişini bilən xalq isə bu gününü və sabahını daha yaxşı anlaya bilər.
Bundan başqa, Ədalət Yüksək Məktəbini də çox sevdim. Orada hüququn əsaslarını öyrənirsiniz - vətəndaşlıq hüquqları, cinayət qanunları, Konstitusiya, məhkəmələrin iş prinsipləri. Bunlar gündəlik həyatın əsasını təşkil edən bilgilərdir. Universitetlər məni mühazirələrə dəvət edirlər və tələbələrə mütləq Ədalət Yüksək Məktəbini oxumağı tövsiyə edirəm. Məncə bu məktəblər pul qazanmaq üçün deyil, güclü və məlumatlı yaşamaq üçün lazımlıdır
- Bəs ən çox çətinlik çəkdiyiniz bölüm hansıdır?
- Bəlkə də bir çox tələbə bunu eşidəndə inciyəcək, amma mən heç çətinlik çəkmədim. Niyə? Çünki öyrənməyi istəyirdim. İstək olanda çətinlik hiss olunmur. Desəm ki, çətinlik olmayıb, tam doğru olmaz. Məsələn, yüksək riyaziyyat oxudum. Başlanğıcda çətin gəldi, amma illər keçdikcə öhdəsindən gəldim və nəticədə çox rahat oldu.
Amma ən çətinlərindən biri hansıdır, bilirsinizmi?
- Hansı?
- Dərs yüksək səviyyədə türkcə idi. 50 illik jurnalist kimi qorxdum ki, bəlkə də keçə bilmərəm (gülür). Qrammatika xüsusilə çətin idi, amma nəticədə bunun da öhdəsindən gəldim.
- Yəqin ki, təhsil almağı vaz keçmədən davam etməyiniz bəzilərinə təəccüblü gəlir. Sizə heç bu yolda "bəsdir" deyənlər olubmu, onlara necə reaksiya vermisiniz?
- Bəzən professor dostlarım mənə zarafatla deyirlər ki, “Artıq bəsdir, bu qədər təhsili nə edirsən?” Mən isə həmişə cavab verirəm: “Yeni bilik əldə etməyin sizə nə ziyanı var?” Məsələn, hüquq təhsilindən əvvəl hər hüquqi sualımı bir vəkilə soruşmalı olurdum. İndi isə çoxunun cavabını özüm bilirəm. Mənim həyat qərarım budur: ömrümün sonuna qədər oxumağa davam edəcəyəm.
- 12 fərqli universitetdə təhsil almaq sizə nə qazandırdı?
- Ən böyük qazancım özünəinam oldu. İnsanın bildiyi mövzu haqqında danışması tamamilə fərqli hissdir. Bilməklə bilməmək arasındakı fərqi kiçik bir nümunə ilə izah edim: illər əvvəl Belqradda idim. Orada bir türklə tanış olduq. Mənə İstanbul haqqında danışmağa başladı və dedi ki, şəhərdə 20 milyon insan yaşayır. Halbuki o vaxt İstanbulun əhalisi cəmi 3,5 milyon idi. Mən etiraz edəndə isə belə cavab verdi: “Bunu mənə İstanbuldakı taksi sürücüsü dedi, sən ondan yaxşı biləcəksən?”
Budur, biliklə sadəcə eşidilən məlumat arasındakı böyük fərq.
- Gəlin ilk universitet illərinizə qayıdaq. O dönəmi necə xatırlayırsınız?
- Çox gözəl xatırlayıram. 18 yaşında idik, həyat dolu, ümidli, gələcəyə inamla baxırdıq. Həmin illərdən 62 nəfərlik qrupumuz vardı və bu gün də hamımız bir-birimizlə əlaqədəyik. Tez-tez o günləri yada salırıq. Bir neçə gün əvvəl İstanbul Universitetində şəkil çəkdirib onlarla paylaşdım. Çünki çoxu məzun olduqdan sonra universitetə bir daha getməyib. O şəkillər də onların içindəki həsrəti az da olsa yüngülləşdirir.
- Bir tələbə kimi motivasiyanız nədir?
- Bu, bir növ həyata bağlı qalmaqdır. Yeni biliklər öyrənirsiniz, beyniniz daim aktiv qalır. Çox sevdiyim bir alman professorun gözəl sözü var: “Universitetdə professor və tələbə yoxdur, sadəcə yaşı fərqli tələbələr var”. Yəni hər kəs bir-birindən öyrənir. Öyrənməyin sonsuzluğu isə insana inanılmaz bir zövq verir.
- Uzun illik təcrübəniz və yaşınız sinif mühitində münasibətlərə necə təsir edir? Tələbə yoldaşlarınız və müəllimlər sizi necə qarşılayır?
- Hamı mənə böyük hörmətlə yanaşır. Bəzi dərslərdə hətta zarafatla “Ahmet bəy, siz cavab verməyin” deyirlər, çünki mövzuların çoxunu əvvəlcədən bilirəm (gülür). İletişim fakültəsində magistratura oxuyanda dekan Suat Gezgin məni hər dəfə “Ahmet bəy, xoş gəlmisiniz” deyə qarşılayardı. Çaylar gətirilərdi, söhbət edərdik. Bu münasibət, bu atmosfer mənim üçün ayrıca bir zövq idi.
Ailə həkimim Sema xanım məni izləyib o da oxumağa başladı. Bir çox insana təhsil almaq üçün ilham verdim. Təxminən 100 nəfəri tələbə etmişəm. İstanbul Universiteti mənimlə xüsusi proqram belə hazırladı. Bundan qürur duyuram.
- Yəqin ki, təhsil aldığınız universitetlərdə sizdən kiçik müəllimləriniz olub...
- Əlbəttə. Bir çox professor “abi” deyə müraciət edirdi. Amma mən bilginin qarşısında baş əyirəm. Yaşın heç bir əhəmiyyəti yoxdur.
- Sizin yaşlarda sizdən daha çox universitet oxuyan varmı?
- 65 yaşından sonra mən 12-ci universitetimi oxuyuram. Bu dünya rekordudur. 60 yaşından sonra daha çox oxumağa başladım və bununla qürur duyuram.
- Hansı dilləri bilirsiniz?
-İngilis, alman, rus dillərini ana dilim kimi bilirəm. Ərəb dilini də bilirəm. Keçən ildən isə benqal dilini öyrənməyə başlamışam.
- Təhsil xaricində nələrlə məşğulsunuz?
- Kinoya gedirəm, sərgilərə gedirəm. Peşəmə görə tez-tez mətbuat konfranslarında oluram, yeni məlumatlar öyrənirəm. Vaxtım hər şeyə çatır.
- Uzun illər tələbə kimi fərqli fakültələrdə təhsil almısınız. Bu gün universitetlərdə sizi ən çox nə narahat edir? Təhsildə hansı çatışmazlıqları görürsünüz?
- Çox şey. Dərslər həyatdan qopub, praktikadan uzaqdır. Müəllim yalnız fənni izah etməməlidir; həyatdan nümunələr gətirməli, tələbəyə dünyagörüşü qazandırmalıdır. İstanbul Universitetinin Əczaçılıq fakültəsində professor Ayhan hoca bizə təkcə dərs keçməzdi, insanlığı və həyatı öyrədərdi. Kimya müəllimimiz Mustafa hoca haqqında isə saatlarla danışa bilərik. Kaş ki, bu cür müəllimlərin sayı daha çox olaydı.
- Gənclərə təhsil və özünütəkmilləşdirmə ilə bağlı ən vacib tövsiyəniz nə olardı?
- Yenilikləri izləsinlər, texnologiyanı, xüsusilə də süni intellekti öyrənsinlər. Bir mövzunu səthi deyil, dərindən araşdırsınlar. Çünki hər yeni bilik insanı zənginləşdirir. Hətta bir əlavə dil bilmək belə cəmiyyət üçün dəyərdir; buna “bəşəri sərvət” deyilir.
- Bu qədər təhsildən sonra yenidən universitet oxumaq planınız varmı?
- Bəli. Gücüm və sağlamlığım imkan verdiyi müddətcə oxumağa davam edəcəyəm. Sosiologiya üzrə bakalavr oxumağı düşünürəm. Mənim üçün təslim olmaq, dayanmaq yoxdur.
Baxış sayı:104
Bu xəbər 10 Dekabr 2025 17:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















