Icma.az
close
up
RU
18 yaşında ABŞyə getdi Biznes həyatı, neft şirkətlərində karyera, investisiya...

18 yaşında ABŞyə getdi Biznes həyatı, neft şirkətlərində karyera, investisiya...

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Məktəb illərində proqramçılığı öyrənir, bu istiqamətdə beynəlxalq yarışlara qatılır. 11-ci sinifdə artıq bu sahədə yaxşı iş təklifi də alır. Orta məktəbi bitirən kimi iş həyatına başlaya bilərdi. Lakin onun planları xaricdə təhsil almaq və xarici təcrübəni öyrənmək olur. Bu səbəbdən, orta məktəbi bitirəndən sonra, 13 avqust 2008-ci ildə, doğum günündə ABŞ-yə gedir. Söhbət 16 ildir ABŞ-də yaşayan azərbaycanlı Əkrəm Nəbiyevdən gedir.

O, ABŞ-də neft şirkətlərində qazma və quyu mühəndisi olaraq çalışıb. Hazırda ABŞ-də İsveçrənin "Transocean" şirkətində fəaliyyət göstərir. Paraleldə isə öz biznesini qurub, zamanla investisiya sahəsinə yönəlib.

Valyuta.az-ın qonağı olan Ə.Nəbiyev karyerası ilə bağlı suallarımızı cavablandırdı.

Qeyd edək ki, Ə.Nəbiyev ABŞ-də Luiziana Dövlət Universitetində neft mühəndisliyi üzrə bakalavr təhsili alıb.

- Əkrəm bəy, məktəb vaxtı proqramçılığı öyrənsəniz də, ali təhsiliniz neft sektorundadır. Maraqlıdır, bu dəyişiklik necə oldu?

- Mən məktəb vaxtı proqramçılığın əsas bazasını və alqoritmlərini artıq öyrənmişdim. Bakıda oxuduğum dövrdə proqramçılıqla bağlı ölkə və dünya olimpiadalarında iştirak edirdim.

Eyni zamanda məktəb vaxtı futbola çox maraq göstərirdim və bu istiqamətdə yarışlara qatılırdım. Futbolla bağlı keçmiş gənclər və idman naziri Azad Rəhimovdan mükafat da almışam.

Xüsusi marağım olan istiqamət isə biznes idi. 14 yaşımda gündəliyimdə yazmışam ki, gələcəkdə biznes sahibi olacam. Elə 13-14 yaşımda biznes plan yarışına qatılmışdım, bir evin çertyojunu hazırlamışdım. Qiymətləndirmə filan hər şeyi yazmışdım.

Qısası, fərqli istiqamətdə marağım var idi. Onların hamısını seçə bilməzdim. İT-ni rahatlıqla seçə bilərdim. Çünki 11-ci sinifdə oxuyanda, artıq o sahədə yaxşı iş təklifi almışdım. Orta məktəbi bitirəndən sonra işə başlaya bilirdim. Amma ali təhsil üçün seçimim neft sektoru idi. Ümumilikdə isə, əsas məqsədim xaricdə təhsil almaq idi.

Seçimin səbəbinə gəlincə isə, proqramçılığı onsuz bilirdim. Əgər başqa istiqamətdə iş tapmasam, o sahədə yaxşı iş tapacaqdım. Yenidən təhsil almaq istəmədim. Həm də proqramçılığa o vaxt bugünkü qədər tələb yox idi. Üstəlik neft ölkəsiyik, lazımlı ixtisas olduğunu düşündüm. Belə qərara gəldim ki, ABŞ-dəki neft təhsilini və təcrübəsini qazanıb qayıdıb ölkəmdə də çalışa bilərəm, ABŞ-də qalsam, orda da (Mən Texasda təhsili seçmişdim) neft üzrə iş imkanları çox olacaqdı.

"3 universitetin qəbulunu gətirib anamın qarşısına qoydum…”

- Xaricdə təhsil planınız var idi. Bəs Azərbaycanda ali təhsil üçün imtahan vermədiniz?

- Azərbaycanda yüksək bal toplayıb Neft və Sənaye Universitetinin neft və faydalı qazıntıların işlənməsi fakültəsinə qəbul olmuşdum. Eyni zamanda, YÖS imtahanını verib Türkiyə universitetlərinə də qəbul olmuşdum. ABŞ-da təhsil imkanı qazandığım üçün artıq fokusum o oldu.

- 18 yaşda tək xaricdə təhsil üçün getməyinizə ailəniz razı idi?

- Əslində, anamdan başqa ailədə hər kəs mənim xaricdə təhsilimə qarşı idi. Sadəcə mən xaricdə təhsil almağı çox istəyirdim. Arzum idi ki, bir Türkiyə, bir Azərbaycan və bir xarici universitetə qəbul olum və onları anamın qarşısına qoyum, deyim seç. Arzumu yerinə yetirdim, 3 universitetin qəbulunu gətirib anamın qarşısına qoydum. Dedim xaricdə oxumaq istəyirəm, anam dedi ki, mən sənə güvənirəm, yolun açıq olsun.

- ABŞ-da təqaüdlü təhsil qazanmışdınız?

- 40 faizi təqaüdlü idi, qalan xərci özümüz qarşılamalı idik.

- ABŞ universiteti üçün 60 faiz böyük məbləğdir.

- Çətin günlərimiz də olub (Gülür).

- 60 faizlik təhsil xərcini necə qarşıladınız bəs?

- Təbii ki ailəmin dəstəyi önəmlidir. Dayılarımın və babamın çox köməyi oldu. Mən gedən kimi iş tapdım və tələbə vaxtı davamlı işləmişəm. Gündüzlər dərs oxuyurdum, axşamlar işləyirdim.

"Tələbə olduğum müddətdə artıq mağaza sayımız 4-ə çatmışdı”

- Hansı işlərdə çalışdınız?

- Burada da mənim yanaşmam fərqli idi. Sırf pul qazanım kimi baxmırdım. Uşaq vaxtından fikrim o idi ki, investor olub başqa bizneslərə dəstək göstərəcəm. Amma məlumatsız şəkildə də dəstək olmur. Ona görə, hər sahədən məlumatlı olmalı idim. Başqa sahəyə investisiya edirsənsə, o sahəni bilməlisən. Pizza satdım, ticarət mərkəzində, qaz stansiyasında satıcı və s. işlədim. Sonra elə tələbə vaxtı biznes qurdum.

- O işlər sizə biznes həyatınızda nə kimi kömək oldu?

- Biznesmendə satış və liderlik bacarıqları çox önəmlidir. İlk olaraq özün pul qazanmağı bilməlisən. Fikrimcə, satmaq üçün isə biznesmen ünsiyyətcil olmalıdır. O işlərdə bu istiqamətdə təcrübə qazandıqdan sonra biznes də qurdum, investisiyaya da yönəldim.

- Satış bacarığınızla bağlı praktik nümunə verə bilərsiniz?

- (Gülür) Bir dəfə bir müştəri həyat yoldaşına hədiyyə almaq üçün gəlmişdi. Əməkdaşlarımdan biri bu müştəriyə nə göstərirdisə, bəyənmirdi və tələsdiyini söyləyirdi. Müştərinin əsəbi, tələskən və səbirsiz olduğunu gördüm. Yaxınlaşıb vaxtının çox dəyərli olduğunu, ən yaxşı hədiyyə hazırlatdıracağımı, valideynlərinə, yaxud ailəyə hədiyyə seçərkən tələsərsə, yanlış qərar verə biləcəyini söylədim. Müştəri hədiyyəni aldıqdan sonra mənim çox peşəkar, tez qərar verən və ideal satıcı olduğumu dedi. Mənə böyük bir dərs verdiyini söylədim. Zaman yeganə şeydir ki, insan onu geri ala bilmir. Ona görə də, məncə, biznesmen tez qərar verən, insanların zamanının dəyərini bilən, insanın ehtiyaclarını tez və düzgün şəkildə müəyyən etməyi bacaran və ən əsası dürüst olmalıdır.

Mən satışda işlədikdən bir müddət sonra ticarət mərkəzindəki biznesin sahibinə ortaqlıq təklif etmişdim. Dedim ki, bu işi görüm, pulum yoxdur, investisiya qoy, sonra pulunu yüzdəyüz qaytaracam, sonra ortaq olarıq. Razılaşdı, ilk mağazamız oldu. Tələbə olduğum müddətdə artıq mağaza sayımız 4-ə çatmışdı. Satış, loqoların vurulması, telefon təmiri və s. mağazalar idi.

"Bəzən gecə 3-4-ə qədər işləyirdim”

- Biznesləri deyirsiniz, amma siz tələbə vaxtı neft sektorunda da işləmisiniz axı...

- Mən ABŞ-da 2 il kollecdə oxudum, 3 il də Luiziana Dövlət Universitetində. Kollec dövründə əvvəl pul qazanmaq məqsədli müxtəlif işlərdə çalışdım, sonra artıq neft şirkətində yarımştat işləyirdim. Yəni kollec dövründən artıq neftqazma üzrə böyük şirkətlərin planlarını cızırdım. Real işləri görürdüm. Sadəcə olaraq diplom üçün universiteti oxumalıydım. Universitet dövründə artıq biznes sahibi idim.

- Həm dərs, həm iş, həm də biznes. Üçü bir arada necə mümkün olurdu?

- (Gülür) Neft sektorundan uzaqlaşmaq fikrim yox idi, çünki o yöndə karyera planlayırdım. Biznesə marağım xüsusi idi, üstəlik təhsil xərclərimi qarşılamaq üçün o biznes kömək edirdi. Neftdə maaşlar yaxşı olsa da, biznesdə daha çox qazanırdım. Universitetin sonuncu ilində artıq 3-ü bir arada çox çətin oldu. Bizneslərdən bəzilərini satdım. Bunun iki səbəbi var idi. Biri o idi ki, universitetin xərcləri çox idi. Həm rejim cəhətdən çətin günlər idi. 3 yerə fokuslanmaq olmurdu, çox yorulurdum. Gecə və həftə sonu bizneslə məşğul olurdum. Bəzən gecə 3-4-ə qədər işləyirdim. Çünki biznes sahibisənsə, işi hər zaman nəzarətdə saxlamalısan. Biznes qura bilərsən, hətta ilk vaxtlar hər şey əla gedə bilər, amma biznesin uğurlu olmasını istəyirsinizsə, fokusunuz o olmalıdır.

- Bəzən belə məqamda universiteti yarımçıq qoyanlar da olur.

- Ticarət mərkəzindəki bizneslərdən yaxşı gəlirim var idi, amma o diplomu almağı anama söz verdiyim üçün universiteti atmadım.

"200 min dollar yatırdıq, biznes batdı”

- Neft şirkətlərində davamlı bir karyeranız var. Biznesdən uzaqlaşmısınız?

- Ticarət mərkəzində açdığım ilk mağaza hələ davam edir. O biznesə loyal olduğum üçün saxlamışam. Pis günlərimdə yanımda olub. Oxumağıma, hər bir şeyə dəstək olub.

Universiteti bitirəndən sonra ticarət mərkəzindəki bizneslərimi genişləndirə bilərdim, amma etmədim. Çünki o biznes o vaxt üçün aktual idi. Zamanla dövrün tələbi dəyişirdi. Eyni zamanda, neft sektorundan uzaqlaşmaq fikrim yox idi. Özüm biznes də qurdum, işçi də oldum, təcrübəm göstərdi ki, neft sektorunda davam edə-edə kənarda böyük biznes idarə etmək mümkün olmayacaq. Bir strategiya seçdim ki, neft sektorunda çalışım, investor olaraq da müxətlif bizneslərə yatırım edim. Daşınmaz əmlak, birjalara yatırımlara fokuslandım.

Uoren Baffet kimi güclü investorlar bu gün dəyəri ucuz, amma perspektivli şirkətlərə investisiya edir və o cür qazanırlar. Bir yerdən sonra insan başa düşür ki, yorulur, ona görə ağıllı qərar verib yatırımla qazanc əldə edə bilər. Biz də o yolu seçmişik. Necə olacağını zaman göstərəcək.

- Yatırım da riskdir. Uğursuz ola bilər.

- Əlbəttə, ilk yatırımımız uğursuz olmuşdu (Gülür). Deməli, universitetdəki tələbə yoldaşlarımla bir yerdə bir yatırım edib qazma quyuların hissəsini aldıq. 200 min dollar yatırdıq, biznes batdı. Əziyyətlə qazandığımız pul batdı. O vaxt birjalara yatırsaydım, indi bir neçə dəfə artım olardı, amma o riski etmək istədik. Gənc olduğumuz üçün o riskləri edib bir təcrübə qazanmaq istədik.

- Dediniz çətin günləriniz də olub. Bəs o nə zaman olub?

- Ora çox fokuslanmaq istəmədim (Gülür). İlk vaxtlar elə də asan olmadı. Bir aralar elə vaxt oldu ki, pula həqiqətən çox ehtiyacım oldu. Universitet oxumalı idim. Oxumağa vaxt ayıranda çox işləyə bilmirsən. Ailənin də sənə edəcəyi maddi kömək bəllidir. Bəzən evdən pul istəməyə belə üzüm gəlmirdi. Elə hədd oldu ki, anam dedi ki, lazımdırsa, evimi satım göndərim, amma mən razı olmadım.

"Neft üzrə 4 elmi məqaləm var”

- Neft sektorundakı fəaliyyətinizdən danışaq.

- Neftdəki işim mənə maraqlıdır. Bu sahədə özümü davamlı inkişaf etdirmişəm. Neft üzrə 4 elmi məqaləm var. Qazma sahəsində təkmilləşdirilmələr edən qruplarla çalışmışam. Əsas iş yerim ABŞ olsa da, 2 il ABŞ şirkətinin Meksika üzrə meneceri olaraq işlədim. Meksikada – Sakit Okeanda qazılan quyular çətin və dərin olduğu üçün yeni təkmilləşdirilmiş texnologiyalara ehtiyac var idi. Mən də ABŞ şirkətinin nümayəndəsi olaraq ora cəlb olunmuşdum. Misal olaraq ordakı nailiyyətlərimizdən birini deyim ki, mənim komandamın bir qazma quyusunda sadəcə bir sementləmə prosesində tətbiq etdiyi texnologiya şirkətə 3 milyon dollar qənaət imkanı yaratmışdı.

Ünsiyyətcil, dürüst və komanda idarə etmək bacarığımı çox bəyənirdilər. Mənim orda qalmağımı çox istəyirdilər. Sadəcə planlarım Amerika ilə bağlı idi deyə, orda qalmadım.

- Azərbaycana qayıtmaq fikriniz var?

- Xaricdə təhsil almaq, işləmək insana fərqli təcrübə qazandırır. Bəli, bütün gənclərə xarici ölkənin təhsilini, təcrübəsini öyrənməyi məsləhət görürəm. "Çox gəzən çox bilər”ə inanıram. Ölkəmizi çox sevirəm. Azərbaycansız yaşaya bilmərəm. Tez-tez gəlməyə çalışıram. Qayıda bilərəm. Hər şeyi zaman göstərəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 15 Yanvar 2025 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see151

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see145

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see139

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see133

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see133

Ağdərəyə növbəti köç karvanı yola salınıb (Yenilənib)

14 Aprel 2025 08:53see130

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see127

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see124

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see122

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see121

Rusiyanın ən çox miqrant uşaqların yaşadığı 3 regionun adı çəkilib

13 Aprel 2025 22:56see120

Qan təzyiqini artıran bir nömrəli məhsul…

14 Aprel 2025 04:45see118

Mourinyo yenidən Realı çalışdıra bilər

14 Aprel 2025 13:31see117

Məhkəmədə Robert Köçəryan ifşa olundu

14 Aprel 2025 23:43see115

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see113

Neft bazarında narahatlıq yaradan dalğalanma: Bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?

14 Aprel 2025 04:52see113

Goldman neft qiymətlərinin 2026 cı ildə daha da düşəcəyini gözləyir

14 Aprel 2025 11:53see111

Çin ABŞ a nadir torpaq metallarının ixracını dayandırıb

14 Aprel 2025 12:15see111

Şəhriyar Əsgərov: Hakimlərin bərbad idarəçiliyi bu vəziyyətə gətirib çıxardı

14 Aprel 2025 16:40see110

Əsgərlikdən yeni qayıtmışdı… Bu gecə vəfat etdi FOTO

14 Aprel 2025 06:15see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri