20 Yanvar şəhidinin bacısı: Xəstəxanadakı bütün qadınlar anam kimi ağlayıb qardaşımı yola saldılar
Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Bu gün Azərbaycan tarixinə Qanlı Yanvar kimi daxil olan 20 Yanvar faciəsindən 36 il keçir.
Həmin hadisə insanlığa qarşı törədilmiş ən ağır cinayət olmaqla yanaşı, həm də xalqımızın şərəfli, qəhrəmanlıq tarixidır.
Xalqımız əliyalın halda Sovet tanklarının qarşısına çıxan qəhrəmanlarının xatirəsini ehtiramla anır, onlarla qürur duyur.
Xalqın öz qəhrəmanlarına olan münasibəti onu deməyə əsas verir ki, illər, əsrlər keçsə də 20 Yanvar şəhidləri xalqımız tərəfindən həmişə xatırlanacaq, onların qəhrəmanlığı qürur və iftixar mənbəyi olaraq qalacaq.
Qeyd edək ki, Bakıya və Azərbaycanın bir neçə rayonuna qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 147 nəfər öldürülüb, 744 nəfər yaralanıb.
Şəhidlərimiz arasında xalqımızın qəhrəman oğullarından biri Ələsgər Qayıbov da var idi. Baş verən hadisələri Ələsgər Qayıbovun bacısı Sərmayə Qayıbova belə xatırlayır:
“Həmin dövrdə qardaşım Ələsgər Qayıbov İnşaat Universitetinin II kurs tələbəsi idi. O, xalq hərəkatında çox fəal idi. Demək olar ki, bütün nümayişlərdə iştirak edirdi. Biz əslən Gürcüstanın Qaraçöp kəndindənik. Hətta qardaşım və yaxınları burada "Qaraçöp" çadırı da qurmuşdular və gecələr də orada qalırdılar.
Öz vəsaitləri hesabına oradakı insanlara yemək alıb paylayırdılar. Çox vətənpərvər, qeyrətli oğlan idi. Vətənini çox sevirdi. Həmişə ən təhlükəli yerlərdə özünü qabağa verirdi. Valideynlərim və mən də çox qorxurduq ki, onun üçün təhlükə yarana bilər.
Biz nəsə bir fikir bildirəndə deyirdi ki, mən heç vaxt evdə otura bilmərəm. Deyirdim ki, gəncsən, getmə, təhlükəlidir. Ancaq o, elə bilirdi ki, öz ölümü ilə bütün problemlər həll olunacaq, müstəqillik əldə olunacaq. Deyirdi ki, mən canımı verərəm, siz müstəqil ölkədə, yaxşı yaşayın. Həmin ərəfədə də bütün günü nümayişdə olmuşdu. Sonra gəldi, bizimlə görüşdü.
Dedi ki, tələbə yoldaşlarımın yanına gedəcəyəm. "Gənclik" metrostansiyası ərazisində tələbə yoldaşlarının yanına gedir və birlikdə nümayişdə iştirak edirlər. Sonra evə gəlirlər. Bu zaman görürlər ki, şəhərdə gülləbaran baş verir.
Evdən 5 nəfər yoldaşları ilə birlikdə qaçaraq "Gənclik" metrostansiyasının yanına gedirlər. Görürlər ki, burada insanları qırırlar. Bunlar da əksinə, güllənin üstünə gedirlər.
İnsanlara kömək edirlər. Sonra "Gənclik" stadionuna gedirlər və orada tankların qarşısında düzülürlər. Bununla tankların qarşısını kəsməyə çalışırlar. Qardaşım da hündürboylu, yaraşıqlı, cüssəli bir oğlan idi.
Burada tələbə olanda valideynlərim ona pul göndərəndə, ilk növbədə yoldaşlarına yardım edirdi. Atışma zamanı gedirlər, yaralıları daşıyarkən yoldaşımın əmisi oğlu yaralanır. O deyir ki, Ələsgər, məni vurdular. Qardaşım da deyir ki, bir az döz, məni də vurublar.
Sonra həmin yaralı oğlanı Təcili Yardıma mindirəndə görüblər ki, Ələsgər də vurulub. Onu da götürüb 5 saylı xəstəxanaya aparıblar. Orada 3 dəfə əməliyyat ediblər. Qanı dayandıra bilmədilər. Zəhərli gülləni çıxara da bilmədilər. Bir daha o günləri yaşamaq istəmirəm”.
Sərmayə xanım deyir ki, bu zaman baş verən hadisədən xəbərləri olmayıb:
"Yoldaşım dedi ki, Ələsgərə zəng et. Çünki "Gənclik" metrostansiyası ərazisində güllə səsləri daha çox gəlirdi. O vaxtı da zəng etmək çox çətin idi. Qonşu gəlib bildirdi ki, tələbələri qırırlar. Dedim ki, elə demə, mənim qardaşım da tələbədir. Sonra yoldaşım gəlib bildirdi ki, Ələsgər yaralanıb.
Rayonda eşidəndə ki, Bakıda qırğn olub, ailəmiz bilib ki, artıq Ələsgərə nəsə olub. Çünki onlar bilirdilər ki, Ələsgər mütləq özünü odun içinə atacaq. Məni aldadıb xəstəxanaya apardılar ki, guya yüngül yaralanıb. Bütün şəhər hərbçilər, tank, polis, əllərində silahlardan ibarət idi.
Birtəhər xəstəxanaya getdik və iki gün orada dayandıq. Hər dəfə həkimlər məni aldadırdı ki, yaxşı olacaq. Yalvarırdım, həkimlərlərin ayaqlarına sarılırdım ki, mənim qardaşımı xilas edin. Ancaq həmin vaxt Ələsgər artıq vəfat edibmiş və məni aldadırdılar, deyirdilər ki, qorxma, yaxşı olacaq. Heç nə yaxşı olmadı. Biz orada dayanan vaxtı silahlı hərbçilər gəldi.
Deyirdilər ki, səsinizi çıxarmayın, vuracaqlar. Xəstəxananın bütün dəhlizi tələbələrlə dolu idi. Onlar Ələsgər olan otağa daxil oldular. Həkimlər qorxdular ki, onu əllərindən ala bilərlər. Sonra onlar qayıtdılar.
Mənim artıq ayaqlarım tutulmuşdu. Hamı mənə təsəlli verirdi. Fikirləşirdim ki, qardaşım yaxşı olacaq, sağalıb xəstəxanadan çıxacaq. Artıq məni məcbur etdilər ki, otağa daxil olum və mən bu zaman gördüm ki, onun üzərinə güllər düzüblər.
Heç bir bacıya bunu arzu etmirəm. Onu xatırlayıram ki, sanki dəli olmuşdum, qışqırırdım. Sonra "oğul" deyib qışqıran anamın səslərini eşidirdim. Bütün xəstəxanadakı yatan qadınlar mənim anam kimi ağlayıb qardaşımı yola salırlar.
Sonra mən heç özümü bilməmişəm, xəstəxanada yatmışam. Həmin vaxtdan uzun illər keçməsinə baxmayaraq, o günləri heç vaxt unutmuruq. Qardaşım nəinki bizim qəlbimizdə yaşayır, bu gün Bakıda Nərimanov rayonunda Ələsgər Qayıbov küçəsi var.
Gürcüstanda Qaraçöp mahalında isə Ələsgər Qayıbova böyük bir abidə ucaldılıb".
Nigar Abdullayeva
"Cebheinfo.az"
Açar sözlər: 20 Yanvar şəhidin bacısı
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 20 Yanvar 2026 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















