Icma.az
close
up
RU
2024cü ilin mühüm siyasi hadisələri...

2024cü ilin mühüm siyasi hadisələri...

Bu il Zəfər seçkiləri kimi tariximizə yazıldı

2024-cü il ölkəmiz üçün böyük uğurlarla yadda qaldı. Azərbaycan Prezidenti İlham Əliyevin xalqımız qarşısındakı xidmətləri, qlobal səyləri, qətiyyəti və digər yüksək şəxsi keyfiyyətləri ölkəmizin əldə olunan nailiyyətlərini təmin edən mühüm amillərdir. Bu il, həm də bir sıra önəmli siyasi hadisələrlə əlamətdardır. Şübhəsiz ki, ilin ən mühüm siyasi hadisəsi fevralın 7-də keçirilmiş prezident seçkiləridir.

7 fevral: Azad və ədalətli prezident seçkiləri

Həmin seçkilər cəmiyyətimiz tərəfindən haqlı olaraq Zəfər seçkisi kimi qəbul edilir. Çünki fevralın 7-də müstəqil Azərbaycanın tarixində ilk dəfə respublikamizin suverenliyi və ərazi bütövlüyü tam bərpa olunmuş bir şəraitdə, işğaldan azad edilmiş regionlarımız da daxil olmaqla ölkənın hər bir bölgəsində prezident seçkiləri keçirildi. Azad, ədalətli və şəffaf şəraitdə keçirilən seçkilər ölkəmizin ictimai-siyasi həyatında müstəsna əhəmiyyətli hadisəyə çevrilib. Bu seçkilər  respublikamızda Prezident İlham Əliyevin rəhbərliyi ilə əsas ümummilli ideyamızın həyata keçirildiyi bütöv bir mərhələnin yekunu və qarşda yeni mühüm çağırışların dayandığı növbəti mərhələnin başlanğıcı kimi dəyərləndirilir.  Prezident İlham Əliyev ailəsi ilə birlikdə Xankəndi şəhərində yaradılmış seçki məntəqəsində səs verdi.

Qeyd edək ki, prezident seçkilərində 7 namizəd mübarizə aparıb. Namizədlər üçün seçki kampaniyasında bərabər şərait yaradılıb. Prezident seçkilərində şəffaflığın yüksək səviyyədə təmin olunması üçün digər vasitələrlə yanaşı, bütün respublika coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində internet vasitəsilə səsvermə prosesini əvvəldən-axıradək, fasiləsiz və birbaşa izləmək imkanı verən veb-kameralar quraşdırılıb. Prezident seçkilərinin müşahidəsinə 72 nüfuzlu beynəlxalq qurum və 89 ölkəni təmsil edən 790 beynəlxalq müşahidəçi qatılıb. Eyni zamanda, dünyanın 110 aparıcı xarici media subyektindən 217 təmsilçi MSK tərəfindən müvafiq lövhəciklə təmin edilərək seçkiləri izləyib..

Erməni separatçılarının tabutuna vurulan son mismar!

Seçkilərin müşahidəsinə, həmçinin çoxsaylı siyasi partiyaları, qeydə alınmış namizədləri, qeyri-hökumət təşkilatlarını, vətəndaş cəmiyyəti institutlarını və ictimai birlikləri təmsil edən, eyni zamanda, öz təşəbbüsləri ilə seçkilərə qatılmış 90 mindən artıq yerli müşahidəçi qatılıb. Seçkilərin müşahidəsində qeyri-hökumət təşkilatlarının yüksək fəallığı xüsusi diqqət çəkib.

Zəfər seçkisi 125 seçki dairəsi üzrə 6319-u daimi, 218-i müvəqqəti olmaqla, ümumilikdə 6537 seçki məntəqəsində keçirilib. Bu məntəqələrdən 47-si işğaldan azad olunmuş ərazilərdə, 49-u Azərbaycanın 37 xarici ölkədəki səfirlik, konsulluq və diplomatik nümayəndəliklərində yerləşib. Səsvermə günü seçicilər yüksək fəallıqla, azad və sərbəst şəkildə seçki məntəqələrinə gələrək öz iradələrini ifadə ediblər. Ümumilikdə ölkə üzrə seçicilərin 76,43 faizi səsvermədə iştirak edib. Mərkəzi Seçki Komissyasının məlumatına əsasən, Prezident İlham Əliyev fevralın 7-də keçirilən seçkilərdə səslərin 92,12 faizini (4 milyon 567 min 458 səs) toplayaraq qələbə qazanıb. Seçkiləri müşahidə edən yerli və xarici müşahidə missiyaları bu siyasi kampaniyanın azad, demokratik və beynəlxalq standartlara uyğun keçirildiyini bəyan ediblər.

Fevralın 14-də isə Milli Məclisdə İlham Əliyevin andiçmə mərasimi keçirilib. Prezident mərasimdə çıxışı zamanı səsləndirdiyi xüsusi bir fikir tarixə öz möhürünü vurub. İlham Əliyev deyib ki, Xankəndidə  verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi: “Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi”.

Müxtəlif ölkələrin liderlərinin təbriklərində nə deyilirdi?

Prezident İlham Əliyevin seçkilərdə inamlı qələbəsi xalqımızın öz Liderinə etimadını və məhəbbətini növbəti dəfə nümayiş etdirdi. Bu seçkilərin nəticələri təkcə xalqımızın deyil, beynəlxalq ictimaiyyətin də dövlətimizin başçısına etimadını, onun qlobal miqyasda nüfuzunu, yalnız ölkə daxilində deyil, dünya miqyasında da sülhə və təhlükəsizliyə töhfə verən Lider olduğunu bir daha təsdiqlədi. Bunu seçkilərdən dərhal sonra dünyanın aparıcı ölkələrinin liderləri tərəfindən dövlətimizin başçısına ünvanlanan təbrik məktublarındakı fikirlər də sübut edir.

Məsələn, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısına ünvanlandığı təbrik məktubunda qeyd edib: “Qardaş Azərbaycan xalqı tərəfindən yenidən lider seçilməyinizin təkcə ölkələrimiz arasındakı bənzərsiz münasibətlər baxımından deyil, bölgəmizin uzun illərdir ehtiyac duyduğu sülh və sabitliyin bərqərar olması baxımından da böyük bir nailiyyət olduğunu düşünürəm”.

Rusiya Prezidenti Vladimir Putin məktubunda vurğulayıb: “Səsvermənin nəticələri Sizin yüksək siyasi nüfuzunuzu, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı və onun mövqelərinin dünya arenasında möhkəmləndirilməsi üzrə həyata keçirdiyiniz kursa ümumxalq dəstəyini tam təsdiq edir”.

Çin Xalq Respublikasının Sədri Si Cinpin isə təbrik məktubunda Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün dövlət quruculuğu təşəbbüslərində yeni nailiyyətlər əldə edəcəyinə əminliyini bildirib. Qeyd edib ki, son illər Çin-Azərbaycan münasibətləri öz inkişafının nümunəvi və sabit olması ilə fərqlənir. Yüksəksəviyyəli siyasi etimad mühiti yaranır, “Bir kəmər, bir yol” təşəbbüsünün birlikdə həyata keçirilməsində irəliləyiş, beynəlxalq münasibətlərdə sıx qarşılıqlı fəaliyyət müşahidə olunur.

Digər dövlət və hökumət başçıları - Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Belarus Prezidenti Aleksandr Lukaşenko, İtaliya Prezidenti Sercio Mattarella və Nazirlər Şurasının Sədri Ciorcia Meloni, İsrail Prezidenti İsxak Hersoq, Rumıniya Prezidenti Klaus Verner İohannis, Koreya Respublikasının Prezidenti Yun Sok Yol, Serbiya Prezidenti Aleksandar Vuçiç, Yaponiyanın Baş naziri Fumio Kişida, Bolqarıstan Prezidenti Rumen Radev, Qırğızıstan Prezidenti Sadır Japarov, Macarıstanın Baş naziri Viktor Orban və başqaları təbrik məktublarında əmin olduqlarını bildiriblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti və xalqı dünyada mövcud olan çağırışların dialoq və konsensus yolu ilə həllinə bundan sonra da öz töhfəsini verəcək.

Beynəlxalq təşkilatların rəhbərlərinin təbrik məktublarında da dövlətimizin başçısının seçkilərdə inamlı qələbəsi yüksək qiymətləndirilib.

VII çağırış Milli Məclisə keçirilən seçkilər...

2024-cü ilin əlamətdar siyasi hadisələrindən biri də VII çağırış Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi olub. Bu seçkilər Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsindən sonra ilk parlament seçkiləri idi.

Milli Məclisə seçkilər 125 seçki dairəsi və 6 min 478 seçki məntəqəsi üzrə keçirilib. Seçkilərdə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, 3 min 469-u açıq, 2 min 37-si qapalı olmaqla, ümumilikdə 5 min 506 yer ayrılaraq namizədlərin ixtiyarına verilib.

Milli Məclisə seçkilərlə əlaqədar 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. İnternet istifadəçiləri istər ölkə daxilindən, istərsə də ölkə xaricindən MSK-nın internet səhifəsinə daxil olaraq, heç bir qeydiyyat tələb olunmadan, real zaman rejimində seçki məntəqələrində səsvermə günü baş verən bütün prosesləri əvvəldən axıradək izləmək imkanına malik olublar. Parlament seçkiləri də azad və demokratik şəkildə baş tutub. VII çağırış Milli Məclisin ilk iclası isə sentyabrın 23-də keçirilib. Prezident İlham Əliyev iclasda iştirak edib.

Noyabrda bələdiyyə seçkilərinə start verilib

Bu il noyabrın sonlarında isə ölkəmizdə bələdiyyə seçkilərinə start verilib. Hazırda bələdiyyə seçkiləri kampaniyası qanunvericiliyə uyğun olaraq davam edir. Yerli özünüidarəetmə orqalarına seçkilər gələn il yanvarın 29-da keçiriləcək.

Bütün bunları nəzərə alaraq 2024-cü ili seçkilər ili kimi də səciyyləndirmək mümkündür.   Azərbaycanın müstəqilik tarixində bütün ərazilərimizi əhatə edən seçkilərin keçirilməsi yaddaşlara əbədi həkk olunan tarixi hadisədir. Bu seçkilər də azad və şəffaflığına, demokratikliyinə görə beynəlxalq aləmin diqqət mərkəzində olub.

Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkandır

2024-cü il ölkəmizdə mühüm beynəlxalq tədbirlərin keçirilməsi ilə də yadda qaldı. Bu il Azərbaycanda 130 beynəlxalq tədbir keçirilib. Həmin mühüm tədbirlər mövzular üzrə təsnifatlandırılsa belə bir nəticə alınar: Siyasi mövzuda 27, iqtisadiyyata dair 24, elm-təhsil və mədəniyyət sahələri üzrə 41, ekologiya ilə bağlı 19, idman üzrə 12, səhiyyəyə aid 7 beynəlxalq tədbir təşkil olunub. Bu tədbirlərin əksəriyyətində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.

Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran Nizami Gəncəvi Beynəlxalq Mərkəzi artıq mühüm qlobal platformaya çevrilib. Belə tədbirlərdən biri də Azərbaycan Prezidentinin himayəsi və Mərkəzin təşkilatçılığı ilə bu il keçirilən “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumudur. Açılış mərasimində dövlətimizin başçısının iştirak etdiyi Foruma 70-dən artıq ölkədən 350-dən çox qonaq qatılıb.

Prezident İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq forumda, Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda, Şuşanın Cıdır düzündə VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında və “Şuşa - İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimində dərinməzmunlu çıxışlarında Azərbaycanın yaşıl dünya naminə həmrəyliyə, dünyadakı mövcud çağırışların dialoq yolu ilə həllinə verdiyi töhfələrdən, milli multikulturalizm modelinin dünyaya nümunə olmasından bəhs edib.

Çox önəmli siyasi xarakterli beynəlxalq tədbirlərdən biri də Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının Şuşada keçirilən qeyri-rəsmi iclası idi. Bu, TDT-nin Azərbaycanın işğaldan azad edilmiş Qarabağ torpağında baş tutan ilk yüksəksəviyyəli toplantısı olub. Tədbir çərçivəsində “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi” imzalanıb.

Şuşada keçirilən daha bir beynəlxalq tədbir - 2-ci Qlobal Media Forumu xüsusi qeyd olunmalıdır. “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusuna həsr olunan Forumda iştirak edən Prezident İlham Əliyev sualları cavablandırıb. 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyinin, 3 beynəlxalq təşkilatın və 82 media qurumunun nümayəndələrinin qatıldığı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayıb.

Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdən biri də Prezident İlham Əliyevin tanış olduğu “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları sərgiləri idi.

Cəmiyyətdə milli birlik və ictimai-siyasi sabitlik hökm sürür

Azərbaycanda həyatın bütün sahələrində nailiyyətlərin əldə olunmasının əsas amilləri xalq-Prezident birliyi, cəmiyyətin ictimai şüurunda formalaşmış azərbaycançılıq təfəkkürünün möhkəmlənməsi və harmoniyadır. Bu baxımdan, 2024-cü ili Azərbaycan cəmiyyətinin həyatında yeni dövrün başlanğıcı hesab etmək olar. Cəmiyyətimizdə hökm sürən müsbət ab-hava dövləti gücləndirən əsas amillərdən biridir.

Ölkəmizdəki bugünkü sabitliyin, cəmiyyətin daxilində və dövlət-cəmiyyət münasibətlərindəki harmoniyanın təməlində milli və mənəvi birlik dayanır. Bu birlik vətəndaşlıq, dünyəvilik, tolerantlıq, çoxmədəniyyətlilik, vətənpərvərlik, ədalət kimi dəyərlərə söykənir. Təbii ki, bu birliyi və harmoniyanı Qarabağ Zəfəri daha da möhkəmləndirib. Azərbaycan Prezidenti bu barədə deyib: “Bizim birliyimizi pozmaq istəyənlər nə qədər cəhd göstərsələr də buna nail ola bilməyiblər və heç vaxt nail ola bilməyəcəklər. Çünki biz hamımız bir amal uğrunda birləşmişik”.

Bu gün əminliklə deyə bilərik ki, ölkəmizdə möhkəm ictimai-siyasi birliyə, həmrəyliyə, harmoniyaya əsaslanan Azərbaycan modeli formalaşıb. Bu model Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, demokratik və iqtisadi cəhətdən tərəqqisinə böyük töhfələr verir. Beləliklə, 2024-cü il Azərbaycan üçün Prezident İlham Əliyevin liderliyi ilə hərtərəfli tərəqqi və uğur ili kimi tarixə yazılacaq. Ölkəmizdə daxili siyasət nəticəsində əldə olunan nailiyyətlər, beynəlxalq arenada artan nüfuz və işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa işləri Azərbaycanın inkişaf modelinin səmərəliliyini bir daha nümayiş etdirir.

Nardar BAYRAMLI

seeBaxış sayı:90
embedMənbə:https://yeniazerbaycan.com
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri