Icma.az
close
up
RU
2025 ci ildə Belarusiyada “İlin adamı” seçilən məşhur həmyerlimizlə öyünürük

2025 ci ildə Belarusiyada “İlin adamı” seçilən məşhur həmyerlimizlə öyünürük

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Belarus respublikasının tədbirlərində, jurnalistlər üçün keçirilən mətbuat konfranslarında vaxtaşırı iştirak edirəm. İlk dəfə səfirliyə yolum düşəndə memarlıq üslubu ilə hamının diqqətini çəkən əzəmətli səfirlik kompleksinin binası mənim də diqqətimi cəlb etmişdi. Səfirliyin nümayəndələrinə də bu yaraşıqlı kompleks  haqqında təəsüratlarımı demişdim və cavabında da öyrənmişdim ki, bu kompleksi Belarusiyada yaşayan həmyerlimiz Vasif İsmayılov tikdirib və Belarusiya-Azərbaycan dostluğunun rəmzi olaraq həmin səfirliyə bağışlayıb. 

Dekabrın 17-də növbəti dəfə Belarus səfirliyində KİV nümayəndələri ilə görüş keçirilirdi. Tədbirin sonunda Belarusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviç Belarus-Azərbaycan əlaqələrinin inkişafındakı fəaliyyətlərinə görə bir qrup şəxsə “Təşəkkürnamə” diplomu təqdim etdi. Həmyerlimiz Vasif İsmayılov da təltif olunanlar arasında idi. Onunla tanış oldum və təbrik edib, qəsetimiz və “Xalq” qəzetinin internet televiziyası – “Xalq TV” üçün müsahibə almaq arzumu bildirdim. Onu da öyrəndim ki, həmyerlimiz bir-iki gündən sonra Belarus respublikasına yola düşəcək. Ertəsi gün müsahibimlə görüşməyi planlaşdırdım. Həmyerlimizin qürurverici tərcümeyi-halı ilə oxucularımızı da tanış etmək istəyirəm. 

Vasif Sultan oğlu İsmayılov 1 noyabr 1972-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Şəfəq kəndində doğulub, 6-7 yaşına kimi orada yaşayıblar. 1979-cu ildə valideynləri Baki şəhərinə köçüb. Bakıda Yasamal rayonundakı Şəfiqə Əfəndizadə adına 13 nömrəli tam orta məktəbi qurtarıb. Bakı Dövlət Universitetinin hüquq fakültəsində və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ali təhsil alıb. Dövlət idarəçiliyi üzrə fəlsəfə doktorudur. 2005-ci ildən Belarus respublikasında iş adamı kimi fəaliyyət göstərir. “Ulu Göyçə” Məhdud Məsuliyyətli Müəssisə yaradıb. Moqilyov şəhərinin fəxri vətəndaşıdır. Rəhbərlik etdiyi “Şəfəq-88” şirkəti Minskdə və Moqilyovda çoxşaylı binalar inşa edib. İş adamı kimi xeyriyyə tədbirlərində fəal iştirak edir. 2019-cu ildə Belarus Prezidentinin Fərmanı ilə “Şərəf” ordeninə layiq görülüb. Belarus-Azərbaycan Dostluq Cəmiyyətinin sədridir. Azərbaycan Sambo Federasiyasının birinci vitse-prezidenti, Boks Federasiyasının vitse-prezidentidir. Bütün bu xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı və “Heydər Əliyevin 100 illiyi” yubiley medalları ilə təltif olunub. 2024-cü ildə Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının Belarus Respublikasındakı nümayəndəsi vəzifəsinə təyin edilmişdir. Vasif İsmayılov dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, Göyçə mahalının Şəfəq kəndini qibləgahı adlandırır. Elə buna görə də bu vətənpərvər insan Qərbi Azərbaycan İcması Qəyyumlar Şurasının üzvüdür. Göyçə mahalı ilə bağlı keçirilən görüşlər daim onun diqqət mərkəzindədir. Beləliklə, müsahibimlə tanışlıqdan sonra söhbətimizə körpü saldıq.

- Vasif müəllim, Vətəndə Sizi görməyə şadıq. Çoxdan idi ki, Sizin sorağınızda idik. Belarusiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri kimi adınız Belarusiyada qurucu, xeyriyyəçi azərbaycanlı iş adamı kimi dillər əzbəridir. Bu gün cənab səfirin bir daha “Təşəkkürnamə” diplomuna layiq görüldünüz. Vətəndən uzaqlarda Vətən naminə çalışmaq, ad-san qazanmaq Azərbaycan adına şərəfdir, qürurverici hissdir. Belarus respublikasında nə vaxtdan yaşayıb, çalışırsınız? Həyatın yazılmamış imtahanlarına bu illər ərzində necə alışmısınız? 

- Bu günkü müsahibəyə görə qəzetinizə təşəkkür edirəm. harada olmağımızdan asılı olmayaraq, biz Azərbaycan dövlətinin övladlarıyıq, azərbaycanlıyıq. Bir Qərbi Azərbaycanlı kimi vətən torpaqlarından ayrı düşmüş azərbaycanlıyam. Söhbətimin bu yerində gözlərimin önündə uşaqlığımın canlı tablosu olan Göyçə mahalının Şəfəq kəndi canlanır. Məlum səbəblərdən Bakı şəhərində yaşasaq da, hər il dərs ili başa çatan kimi təxminən mayın 25-i, uzağı 29-30 tarixlərində ailəliklə ulu Göyçəmizə gedirdik. Vətən torpağı elə bir hissdir ki, onun dağının, qayasının, yamaclarının, gül-çiçəyinin qoxusunu içinə çəkirsən, doya bilmirsən. Evimizin kandarı belə mənim üçün ən müqəddəs yerdir. Bacı-qardaşlarımla birgə uşaqlığımızın Göyçədə keçən günləri, illəri qanımıza, canımıza hopub. 

1988-ci ildə bütün Göyçəlilər kimi mənim də yaxınlarım, əzizlərim sonuncu nəfərinə kimi deportasiya olundu. Bu nisgil hər birimizin ürəyində qövr edib. Amma müdriklər demiş: “Hər ümiddə bir işıq yanır”. Bu mənada cənab Prezidentin Qərbi Azərbaycan İcmasına gəlməsi, oradakı tarixi çıxışı hər bir Qərbi Azərbaycanlıda, İrəvanlıda böyük inam hissi yaratdı ki, biz o torpaqlara qayıdacağıq. Əlbəttə, müdrik Prezidentimizin sülhsevər xarici siyasəti sayəsində. İndi o yerlər bizim yolumuzu gözləyir. 

- İnşallah, o yerlərin də çırağı yanacaq! Siz Qərbi Azərbaycan Qəyyumlar Şurasının üzvüsünüz. Şuradakı fəaliyyətinizlə bağlı nə deyə bilərsiniz? Bilirsiniz, bu sualı nəyə görə verirəm? Çünki siz Vətəndən uzaqlarda da Azərbaycançılıq naminə böyük missiyanı həyata keçirən vətəndaşlarımızdansınız. Xalqlar arasında dostluq tellərinin əbədiləşməsinə körpü salmısınız. 

- Məh ulu Göyçəmiz naminə görülən xoşməramlı işlərin, layihələrin həyata keçməsi, Vətən həsrəti ilə birləşən həmvətənlilərimin görəcəyi xeyirxah əməllərin dəstəkçisi olmaqdan fəxarət hissi keçirirəm. Bircə zəng lazımdır ki, mənə desinlər ki, göyçəlilər səni gözləyir. Tərəddüd etmədən təyyarəyə minib, el-obanın çağırışına gələcəyəm. Sizə 2021-ci ildə nəşr olunan “Dədə Qorquddan Dədə Ələsgərə” adlı kitabdan qısaca bəhs etmək istəyirəm. Bu kitabda Azərbaycan tarixinin ədəbiyyatımızda silinməz izlər qoyan böyük bir dövrünün – Dədə Qorquddan Dədə Ələsgərə qədərki dövrünün saz-söz ustadlarının yaradıcılığı haqqında dolğun və aydın bir lövhə, mənzərə yaradılıb. Kitab Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd olunması haqqında” 18 fevral 2021-ci il tarixli Sərəncamına dəstək olaraq, Aşıq Ələsgər yaradıcılığının daha dərindən öyrənilməsi və təbliği məqsədilə bizim “Ulu Göyçə” MMM-in təşəbbüsü ilə qələmə alınmış və nəşr edilmişdir. Bu məram yolunda zəhmət çəkən dəyərli yazarlarımıza, alimlərimizə minnətdaram. Vətənə xidmət, dövlətə və xalqa məhəbbət insanın içindən gəlməlidir. Hər bir vətəndaşın milli dəyərlərimizlə bağlı məqsədi evinin içindən, aldığı tərbiyədən başlamalıdır. Mən doğulduğum Şəfəq kəndimi, el-obamı sevirəmsə, Vətən kəlməsinin müqəddəsliyinə baş əyməliyəm. Şərəfimlə, sədaqətimlə xidmət etməyi özümə ali borc bilməliyəm. 

- Bu günlərdə Belarusiyanın Azərbaycandakı səfirliyində qürurverici anlar yaşadıq. Səfirlik 2025-ci ilin yekunlarına görə mətbuat nümayəndələri ilə keçirilən görüşün yekununda Belarusiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri kimi Sizə “Təşəkükrnamə” diplomu təqdim etdi. Onu da öyrəndik ki, 2025-ci ildə Belarusiyada “İlin adamı” mükafatına layiq görülən 12 nəfər say-seçmə nüfuzlu şəxslərin siyahısında sizin də adınız var. Təbrik edirik! Bütün bu uğurlar Sizi yəqin ki, bir qurucu iş adamı kimi daha da ruhlandırır. 

- Bu da bir tale yoludur. Yadıma bilirsiniz, hansı illər düşür? 2005-ci ildə Belarus Respublikasına getməyə qərar verdim. Ayağımı o torpağa basan gündən hiss etdim ki, atacağım hər addımın, mövqeyimin arxasında Azərbaycan adı var və bu adın məsuliyyətini hiss edib, yaşamaq, əziyyətlərə qatlaşmaq özü elə həyat imtahanı idi. Mən belə bir ömür yaşamalı oldum. Qərib ölkədə, başqa xalqın içində bir azərbaycanlı mövqeyini ortaya qoymaq üçün sən daxilən özünü nizamlayıb hazırlanmalısan. Çox əzab-əziyyətlərə qatlaşdım, amma yorulmaq nədir bilmədim. Azərbaycançılıq məfkurəsi orada keçirdiyim bütün görüşlərimdə qəlbimin çırpıntıları ilə vəhdət təşkil etdi. Bu günə kimi hansı ali tədbirdə iştirak etməyimdən asılı olmayaraq qarşıma vəzifə qoydum ki, Vasif, sən azərbaycanlıların necə qüdrətli, zəkalı, maarifpərvər, yüksək mənəvi bağlara malik olan xalq olduğunu belaruslarla hər görüşündə sübut etməlisən. Təsəvvür edirsinizmi, Belarus republikasının ən ali dövlət səviyyəli tədbirlərində Azərbaycanın adı hörmətlə, izzətlə çəkilir. Mən Moqulyov şəhərinin fəxri vətəndaşıyam. Azərbaycan respublikasının bütün rəsmi dövlət tədbirlərində, xüsusilə dövlət əhəmiyyətli bayramlarımızın tarixi günlərində -- 2020-ci il Vətən müharibəsində qazandığımız 44 günlük Zəfərimizin 5 illik yubileyində -- 8 noyabr tarixində, 9 noyabr Bayraq günündə, 17 noyabr Milli Dirçəliş Günü, 28 may Müstəqillik, 26 iyun Azərbaycan Silahlı Qüvvələri Günü, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Ümummilli Lider Heydər Əliyevin doğum və anım günlərində Mİnsk şəhərinin mərkəzində yerləşən 28 mərtəbəli Belarus Milli Kitabxanasının binasının qülləsi üçrəngli Azərbaycan Bayrağına bürünür. Bu müqəddəs bayrağı Vətəndən uzaqda dalğalandırmaq mənim həyat mövqeyim idi və bu arzumu gerçəkləşdirdiyimə görə özümü xoşbəxt edirəm. Bu gün Belarusiyada yaşayan və işləyən, təhsil alan gənclər şəhərin mərkəzində yerləşən ən hündür binanın qülləsində Azərbaycan Bayrağını görəndə gücləri birə-beş artır, ürəkləri dağa dönür, onlar bilirlər ki, uzaqlarda olsalar da, başlarının üstündə üçrəngli Azərbaycan Bayrağı dalğalanırsa, onların güclü dövləti var. Bu qüdrətli Azərbaycan dövlətinin sayılıb-seçilən oğulları qərib ölkədə belə “Azərbaycan Evi” qura biliblər. Azərbaycanı bütün dünyaya sülhsevər, mütərəqqi, kreativ dövlət kimi tanıtmaq üçün bir iş adamı kimi bacardığımı edirəmsə, deməli, qarşıma qoyduğum məqsədə çatmışam və bu müqəddəs yolun işığı, nuru əbədidir. Belarus respublikasında Azərbaycan adına nə iş görülürsə, Vətənə bir övlad borcunun məsuliyyətin önə çəkirəm və buna özümü borclu bilirəm. 

2017-ci ildən Belarusiyada “Azərbaycan Ticarət Evi”nin təsisçisiyəm. Cənab Prezident İlham Əliyevin Belarus respubliasına səfəri zamanı buranı ziyarət etməsi qürurverici anlar idi. Həm də dövlət rəhbərimiz fəxr etdi ki, Azərbaycan adına görülən işlər yüksək səviyyədə təşkil olunub. Biz Azərbaycanda istehsal olunan mallarımızın Belarus ticarət bazarında təqdimatını edirik. Bu həm də ölkəmizi başqa bir yaşadığımız dövlətdə təmsil etməyin ən yaxşı yollarından biridir. “Azərbaycan Tisarət Evi” olaraq dövlətimizin iş adamlarının Belarus bazarında fəlaiyyətlərinin genişləndirilməsi ilə aparılan planlı işlər burada həyata keçirilir. 

Söhbətimizin ab-havasına 2020-ci ildə 44 gündə qazandığımız Zəfərimiz haqqında aldığım təəssüratımı da xüsusi olaraq qatmaq istəyirəm. Çünki biz 44 gündə itirilmiş torpaqlarımızı erməni işğalçılarından xilas etdikdən sonra dost Belarus respublikasında da ruhən, mənən qüdrətli olmağımızı bir daha sübut etdik. Uğurlarımıza sevinən dostlara hər zaman təşəkkür edirəm. Çünki biz Azərbaycan xalqı olaraq 30 ildən sonra halal haqqımızı – Qarabağ torpaqlarımızı özümüzə qaytardıq. Uzaq ölkələrdə vüqarla gəzirik. Qalib xalqın vətəndaşı olmaqdan gözəl hisslər ola bilərmi?! Belə bir şərəfli tarixlə hər bir azərbaycanlı kimi mən də fəxr edirəm. Və hər il 8 noyabrda Belarusiyanın paytaxtı Minsk şəhərində və bir çox şəhərlərdə üçrəngli Azərbaycan Bayrağımızın dalğalanmasını xüsusi olaraq təşkil edirəm ki, Qələbəmizin qüdrətini insanlar dərindən anlayıb bilsinlər. Ona görə də Belarusiyada şərəfli tariximizlə bağlı təqvim günlərində şəhərin ən uca zirvəsində müqəddəs bayrağımızın dalğalanmasını təşkil etməkdən mənən, ruhən güc alıram. 

- Belarusiyanın ən ali mükafatına – “Şərəf” ordeninə layiq görülmüsünüz. Bu məsuliyyət hissini daşımaq özü də bir hünərdir. Yəqin ki, bu barədə də ürək sözləriniz ola bilər? 

- Cənab Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət sahəsində Belarus respublikasında da özümüzü  Azərbaycanda olduğumuz kimi rahat hiss edirik. Onu da qeyd edim ki, Belarus dövləti tam fərqli bir ölkədir. Burada biz azərbaycanlılara işləmək, qurmaq, yaratmaq üçün geniş imkanlar yaradılıb. Xüsusilə, iş adamlarına. Yeni iş yerləri açan, dövlətə mənfət gətirən cəfakeş insanlara ən ali səviyyədə hörmət, ehtiram var. Belarus respublikasında çalışan insanlara gördüyü işlərin müqabilində dəyər verilir və biz hər addımımızda unutmuruq ki, azərbaycanlıyıq. Təsəvvür edin, Belarus respublikasında tikilən yeni tipli binalarda, iş mərkəzlərində “Ulu Göyçə”nin – azərbaycanlıların imzası var. məhz buna görə də, 2019-cu ildə Belarusda ilk dəfə olaraq “İlin adamı” seçilmişəm. Həmin il “Şərəf” ordeninə layiq görülmüşəm. Başda Belarus Respublikasının Prezidenti Aleksandr Qriqoryeviç Lukaşenko olmaqla Belarusiya rəhbərliyi mənim və komandamın əməyini yüksək qiymətləndirib. Əməyimizə dəyər verən Belarus dövlətinə minnətdarlığımızı bildiririk. Belarus-Azərbaycan Dostluq Cəmiyyətinin sədri kimi hərtərəfli əlaqələrimizin daima yüksək səviyyədə olması üçün və başlıca olaraq Belarusiyada azərbaycanlı adı çəkiləndə fəxarət hissi keçirməyimiz naminə bacardığım qədər dövlətimə və xalqıma xidmət etməkdən ruhlanıram. 

- Belarusiyada Azərbaycan diasporunun güclənməsi istiqamətində daha hansı planlarınız var?

- Əgər biz evimizdən, isti ocağımızdan ayrı düşüb, başqa bir dövlətə gediriksə, əlbəttə ki, Azərbaycan dövləti və xalqımız haqqında ən yüksək səviyyədə fikir formalaşdırmalıyıq. Bu məram hər bir azərbaycanlının mənəvi borcudur. Belarusiyada diasporumuzun fəaliyyəti daima bu istiqamətdə qurulub. Elə bu səbəbdəndir ki, Belarus rəhbərliyi şəxsən bir iş adamı kimi mənim fəaliyyətimi  yüksək qiymətləndirib. Mən də fəxr edirəm ki, qazandığım hər uğurun arxasında Azərbaycanın adı var. Siz bayaq söhbətimizdə bayrağımıza bu qədər möhtəşəmlik verməyimin səbəbi ilə maraqlandınız. Belarus dövlətində yaşayırıqsa, düşünməliyik ki, elmizdən-obamızdan ayrı düşsək də, içimisdə bir Vətən - Azərbaycan yaşayır. Ona görə də, burada keçirdiyim bütün görüşlərə, tədbirlərə bayrağımızı aparıram. Dövlət tədbirlərində isə üçrəngli Bayrağımızı dalğalandırmaq həm də o deməkdir ki, həmin sıralarda Azərbaycandan da nümayəndələr iştirak edir. Bəzən insanın içindən elə bir hisslər gəlir ki, onu heç nə ilə əvəz etmək olmaz. Vətənin bir daşı, gülü, çiçəyi üçün həsrət çəkirsən, içində o acını yaşamaq məcburiyyətində qalırsan. Bilirsiniz, Vətən həsrətini heç bir maddiyyatla, təm-təraqla ölçmək mümkün deyil. Mən öyünürəm ki, hər hansı bir dövlət tədbiri ilə bağlı hara müraciət ediriksə, yüksək səviyyədə qarşılanırıq. Belarusiya-Azərbaycan Dostluq Cəmiyyəti olaraq bütün tədbirlərimizi səfirliyimizlə birgə ən yüksək səviyyədə həyata keçiririk. Təkrar edirəm, gücümüzü qüdrətli Azərbaycan dövlətimizdən alırıq. Bütün uğurlarımıza görə cənab Prezidentimizə borcluyuq. Onun xarici siyasəti sayəsində Azərbaycan adına bütün qapılar üzümüzə açılır. Həmvətənlərimə göstərilən qayğıya görə şəxsən mən bir azərbaycanlı iş adamı olaraq Belarusiya dövlətinin bütün tədbirlərində iştirak etməklə yanaşı, dövlətimin və xalqımın adına layiq işlər görürəm. Bilirsiniz, insan öz ölkəsini sevməyi başqa bir ölkədə də əməli işi ilə sübut etməlidir. Təkrar edirəm ki, Belarus respublikasında Azərbaycanla bağlı keçirilən bütün tədbirlərdə dövlətimə olan sevgimi üçrəngli bayrağımızı Belarusiyanın ən hündür mərtəbəli Milli Kitabxanasının binasının qülləsində dalğalandırmaqla sevincimi sanki bütün dünya azərbaycanlıları ilə bölüşürəm. Mənə elə gəlir ki, Vətəndən uzaqlarda yaşayan hər bir azərbaycanlı yurd sevgisini, torpaq həsrətini yaşatmağı özünə borc bilməlidir. Sübut etməlisən ki, sən ölkənə layiq vətəndaşsan. Belarusiyada azərbaycanlıları bir yerə toplamaq, vətəndaşlarımızla milli bayramlarımızı səfirliyimizlə birgə təşkil etmək Belarus-Azərbaycan Dostluq Cəmiyyətinin əsas işlərindən biridir. Çünki güc birlikdədir. Birliyimiz qüdrətli olmağımız deməkdir. 

- 2025-ci ildə Belarusiyada  nüfuzlu 12 nəfərdən biri də siz olmaqla “İilin adamı” seçilmisiniz. Təbrik edirəm sizi! Bu hissləri yaşamaq özü də bir həyat eşqidir. Nə deyə bilərsiniz? 

- Mənim Belarusiyada gördüyüm quruculuq işlərinə verilən dəyərin mükafatını almağım vətənimin, xalqımın, dövlətimin adına göstərilən etimaddır, inamdır. Bu mənada Belarusiya dövlətinə, onun rəhbərliyinə minnətdaram ki, bizim əməyimizə yüksək səviyyədə qiymət verilir. Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, vətəndən uzaqlarda yaşamaq, işləmək özü də bir tarixdir. Sən bu salnaməni şərəflə, cəsarətlə vətən adına layiq yazmalısan. Həmin ölkədə yaxşı mənada seçilmək, nüfuz sahibi olmaq üçün çalışmalısan, illərini fəda verməlisən. Bu mənada ömrümdən xərclədiyim illərim hədər getməyib. Bu mənada fəxarətlə keçirdiyim hisslər mənim üçün çox qiymətlidir. Harada yaşamağımdan asılı olmayaraq, qürurla deyirəm ki, mən azərbaycanlıyam! Rəhbərlik etdiyim bütün komandamla birgə mükafatlarımı qəbul edib Azərbaycan naminə çalışmağı özümə şərəf bilirəm. 

- 2025-ci ili yola salırıq. Yeni ilin gəlməsinə sayılı günlər qalıb. 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günüdür. Ürəyinizdən keçənləri dinləmək istərdik. 

- 31 dekabr tarixi dünyanın bütün guşələrində yaşayan azərbaycanlıların həmrəylik günüdür. Bu birliyi təqvimdə əbədiləşdirən Ümummilli Liderimiz Heydər Əliyevin ruhu şad olsun! Bu gün cənab Prezident İlham Əliyevin xarici siyasəti sayəsində birliyimiz daha da güclənib. Biz də dövlətimizin, xalqımızın qüdrətinə güvənərək Azərbaycandan uzaqlarda işləsək də, yaşasaq da azərbaycanlı olduğumuzun məsuliyyətini dərk edirik. Belarus respublikasında dövlət səviyyəsində bütün tədbirlərə dəvət alırıq. Bu o deməkdir ki, Azərbaycanın dövlətlər, xalqlar içində çəkisi, yeri, hörməti, izzəti var. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni il münasibətilə xalqımızı təbrik edirəm. Belarus-Azərbaycan Dostluq Cəmiyyətinin sədri kimi bu iki xalq arasında ən yüksək səviyyədə həmrəylik bağlarının əbədiləşməsi naminə bacarığımı, qabiliyyətimi var-gücümlə sərf edəcəyəm. 

44 gündə bizə Qələbəni yaşadan Şəhidlərimizə Allahdan rəhmət diləyirəm! Onların ailələri hər birimiz üçün qiymətlidir! Qazilərimizə cansağlığı, xoşbəxtlik arzulayıram! Allah uğurlarımızı bol etsin! 

Söhbəti yazdı: 
Kəmalə Abdinova  
XQ   

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Dekabr 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see200

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see167

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see162

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see159

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see146

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri