Icma.az
close
up
RU
İstanbul Bir rəsmin dedikləri

İstanbul Bir rəsmin dedikləri

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Nuray Mahmudzadədir. Müsahibimizlə tanınmış rəssam Sübhan Məmmədovun "İstanbul" əsərindən danışmışıq.

Müasir Azərbaycan rəngkarlığının tanınmış nümayəndələrindən biri olan Sübhan Məmmədov 3 dekabr 1979-cu ildə Bakı şəhərində dünyaya göz açıb. Təsviri sənətə marağı altı yaşından formalaşmış, bu marağın inkişafında ailəsinin, xüsusilə də dayısının mənəvi dəstəyi mühüm rol oynayıb. 1995-1999-cu illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində bədii keramika ixtisası üzrə təhsil almış, daha sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında bakalavr və magistr təhsilini başa vuraraq akademik biliklərə yiyələnib. 2006-cı ildən etibarən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyət göstərir. Yaradıcılığı əsasən mənzərə, natürmort və portret janrlarını əhatə edir. Bununla yanaşı, rəssam müxtəlif mövzuları əks etdirən süjetli və abstrakt kompozisiyaların da müəllifidir. O, əsasən kətan üzərində yağlı boya texnikasına üstünlük verir. Sübhan Məmmədovun yaradıcılığının əsas xüsusiyyətlərindən biri müşahidəyə əsaslanan təsvir prinsipidir. O, təbiəti, şəhər mühitini və gündəlik həyatı diqqətlə izləyərək onları fərdi bədii təfəkkür süzgəcindən keçirir və kətan üzərində yeni plastik həllə qovuşdurur. Rəssam üçün əsərin əsas ifadə vasitələrindən biri rəngdir. O, hər bir tabloda yeni koloristik münasibətlər axtarır, klassik rəng harmoniyalarını fərdi duyumu ilə zənginləşdirir. Bu baxımdan onun palitrası özünəməxsusluğu ilə seçilir; istifadə etdiyi rəng münasibətlərinə və keçidlərinə Azərbaycan rəngkarlığında nadir hallarda rast gəlinir. Fakturalı boya qatları, sərbəst fırça vuruşları və işığın yaratdığı rəng dəyişmələri onun əsərlərinə canlılıq və emosional dərinlik qazandırır. Rəssamın yaradıcılığında Abşeron təbiəti, qədim Bakı, milli-mədəni irs, eləcə də müxtəlif ölkələrin şəhər mənzərələri mühüm yer tutur. O, beynəlxalq simpozium və sərgilərdə mütəmadi iştirak edərək Azərbaycan təsviri sənətini ölkə hüdudlarından kənarda da uğurla təmsil edir.

 - Əsərin yaranma tarixçəsindən başlayaq.

- 2023-cü ildə Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Maltepe Bələdiyyəsinin təşkilatçılığı ilə "Cumhuriyetin 100. Yılında 100 Resim" adlı beynəlxalq layihə həyata keçirilib. Layihənin məqsədi müxtəlif ölkələrdən rəssamları bir araya gətirərək Cümhuriyyət ideyalarını və ortaq mədəni dəyərləri incəsənət vasitəsilə ifadə etmək idi. Layihəyə Azərbaycan da daxil olmaqla doqquz ölkədən rəssamlar dəvət olunub və ölkəmizi təmsil edən doqquz sənətkar arasında Sübhan Məmmədov da yer alıb. Məhz bu beynəlxalq layihə çərçivəsində Sübhan Məmmədovun "İstanbul"əsəri ərsəyə gəlib. Əsər 100?60 sm ölçüdə, üfüqi formatda, kətan üzərində yağlı boya texnikası ilə işlənib. Rəssam İstanbulun çoxqatlı tarixi-mədəni mühitini, Bosfor boğazının işıq və hava mühiti ilə səciyyələnən təbii gözəlliyini, şəhərin memarlıq siluetini və özünəməxsus atmosferini dərin müşahidə əsasında bədii ümumiləşdirməyə nail olub. Əsərdə İstanbul yalnız coğrafi məkan kimi deyil, əsrlər boyu formalaşmış mədəni yaddaşa malik, sivilizasiyaların qovuşduğu bir məkan kimi təqdim edilir. Bu baxımdan "İstanbul" əsəri Türkiyə Cümhuriyyətinin 100 illiyinə ehtiramın ifadəsi olmaqla yanaşı, Azərbaycan və Türkiyə xalqlarını birləşdirən ortaq tarixi köklərin, mədəni yaxınlığın və mənəvi bağlılığın rəngkarlıq dili ilə ifadə olunmuş bədii təcəssümüdür.

- Əsərin rəng həlli necədir?

- "İstanbul" əsərinin bədii-estetik dəyərini müəyyənləşdirən əsas amillərdən biri onun yüksək peşəkarlıqla qurulmuş koloristik həllidir. Əsər müəllifin İstanbulda apardığı müşahidələr əsasında ərsəyə gəlib. Bosfor boğazının işıq-hava mühiti, şəhərin tarixi memarlıq silueti və səhər saatlarının özünəməxsus atmosferi rəssam tərəfindən bədii ümumiləşdirmə yolu ilə ifadə edilib. Məhz bu müşahidələrdən doğan rəng münasibətləri kompozisiyanın emosional təsir gücünü və estetik ifadəliliyini müəyyənləşdirir. Rəssam Bosfor boğazının səhər işığına bürünmüş mənzərəsini incə koloristik münasibətlər vasitəsilə təqdim etmişdir. Mavi, boz, firuzəyi və bənövşəyi çalarlar su səthi ilə səmanın bütöv atmosferini formalaşdırır, üfüq xəttində istifadə olunan açıq sarı, narıncı və çəhrayı tonlar isə günəşin ilk şəfəqlərinin yaratdığı işıq effektini gücləndirərək kompozisiyaya lirik ovqat bəxş edir. İşıq və rəng arasında qurulan ahəng əsərin emosional-ekspressiv təsirini daha da artırır. Rəssam rəngi lokal xüsusiyyət kimi deyil, işığın təsiri altında daim dəyişən və məkanın atmosferini formalaşdıran plastik ifadə vasitəsi kimi təqdim edir. Rəng keçidlərinin zərifliyi, yarımtonların incə işlənməsi, işıq və kölgə münasibətlərinin dəqiq quruluşu əsərin poetik təsirini daha da qüvvətləndirir. Əsərin texniki icrasında müəllif impasto texnikasından məharətlə istifadə edib. Boya qatlarının qalın və relyefli şəkildə kətana tətbiqi üçün istifadə olunan mastixin rəssama yalnız rəng münasibətlərini deyil, həm də səthin plastik ifadəliliyini yaratmağa imkan vermişdir. Boyanın qalın qatlarla işlənməsi nəticəsində yaranan qabarıq faktura işığın müxtəlif istiqamətlərdə əks olunmasını təmin edir və əsərə əlavə plastik dinamika qazandırır. Bu yanaşma nəticəsində rəng yalnız vizual təsvir elementi kimi deyil, kompozisiyanın ritmini, faktura zənginliyini və emosional yükünü formalaşdıran əsas bədii ifadə vasitəsinə çevrilir.

- Bəs kompozisiya necədir?

- Sübhan Məmmədovun "İstanbul" əsərinin kompozisiyası üç planlı quruluş prinsipi əsasında formalaşdırılıb. Ön planda İstanbulun tarixi yaşayış məhəllələrinə xas olan alçaqmərtəbəli evlər, dam örtükləri və yaşıllıq elementləri ümumiləşdirilmiş rəng və forma kütlələri şəklində təqdim edilmişdir. Rəssam şəhərin müasir memarlıq görünüşünü deyil, onun əsrlər boyu formalaşmış tarixi memarlıq simasını ön plana çəkmiş, bununla da İstanbulun mədəni kimliyini və tarixi yaddaşını bədii vasitələrlə ifadə edib. Orta planda Bosfor boğazının geniş su səthi yerləşdirilib. Kompozisiyanın mərkəzini təşkil edən bu hissə şəhər mühitini dəniz məkanı ilə üzvi şəkildə əlaqələndirir. Su üzərində təsvir olunan kiçik gəmilər kompozisiyaya ritm və dinamika gətirməklə yanaşı, məkanın miqyasını daha aydın hiss etdirməyə xidmət edir. Arxa planda isə İstanbulun dumanlı silueti, memarlıq kütlələri və üfüq xətti verilib. Rəssam məkan dərinliyini yaratmaq məqsədilə əsasən hava perspektivindən istifadə edib. Uzaqlaşdıqca formaların yumşalması, rəng intensivliyinin azalması və soyuq tonların üstünlük təşkil etməsi atmosfer təsirini gücləndirərək kompozisiyanın inandırıcılığını artırır. Əsərdə üfüq xətti yalnız kompozisiyanın tamamlayıcı elementi deyil, həm də dərin simvolik məna daşıyır. Dənizlə səmanın qovuşduğu bu məkan sonsuzluq, zamanın davamlılığı və gələcəyə yönəlmiş baxış ideyasını ifadə edir. Üfüqdə görünən işıq zolağı yeni başlanğıcların, sabaha olan inamın və inkişafın rəmzi kimi dəyərləndirilə bilər. Əsərin Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunduğunu nəzərə alsaq, bu işıqlı üfüq Cümhuriyyətin yeni əsrə inamla qədəm qoymasını, dövlətçilik ideallarının davamlılığını və milli-mədəni dəyərlərin gələcək nəsillərə ötürülməsini ifadə edən bədii simvol təsiri bağışlayır. Əsər panoramik baxış nöqtəsindən işlənib. Bu yanaşma tamaşaçıya İstanbulun yalnız memarlıq görünüşünü deyil, onun işıq-hava mühitini, Bosforun yaratdığı məkan genişliyini və şəhərin ümumi ruhunu bütöv şəkildə qavramağa imkan verir. Kompozisiyada şaquli və üfüqi elementlər arasında yaradılmış tarazlıq, ritmik forma təkrarlanması və rəng ləkələrinin harmoniyası əsərin plastik bütövlüyünü təmin edir.

- Tablo hazırda harada saxlanılır?

- Əsər 2023-cü ildə Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Cumhuriyetin 100. Yılında 100 Resim" beynəlxalq sərgisi çərçivəsində nümayiş etdirilib. Sərgi başa çatdıqdan sonra Türkiyədə yaşayan kolleksioner tərəfindən əldə edilmiş və hazırda onun şəxsi kolleksiyasında mühafizə olunur

- "İstanbul" rəssamın digər əsərləri ilə hansı ortaq və fərqli cəhətlərə sahibdir?

- Sübhan Məmmədovun yaradıcılığında şəhər mənzərələri mühüm yer tutur. "Bakının şəfəqi", "Köhnə Bakı", "Yeni çağda Bakı" kimi əsərlərində olduğu kimi, "İstanbul" tablosunda da şəhər yalnız memarlıq ansamblı kimi deyil, özünəməxsus tarixi yaddaşa və emosional atmosferə malik canlı məkan kimi təqdim edilir. Rəssam hər iki şəhərin siluetini işıq, rəng və hava perspektivi vasitəsilə poetik obraz səviyyəsinə yüksəldir. Lakin "İstanbul" əsəri müəllifin digər şəhər mənzərələrindən bir sıra xüsusiyyətlərinə görə fərqlənir. Əvvəla, bu tablo beynəlxalq layihə çərçivəsində, Türkiyə Cümhuriyyətinin yüzillik yubileyinə ithaf olunub. Buna görə də əsər yalnız estetik məqsəd daşımır, eyni zamanda mədəni diplomatiyanın və türk dünyasının ortaq mənəvi dəyərlərinin bədii ifadəsinə çevrilir. Digər tərəfdən, İstanbulun coğrafi mövqeyi, Bosforun geniş su səthi və şəhərin çoxqatlı memarlıq silueti rəssamın kompozisiya quruluşuna yeni plastiki imkanlar qazandırıb. Əgər Bakı mövzusunda yaradılmış əsərlərdə milli şəhər kimliyi ön plana çıxırsa, "İstanbul" tablosunda beynəlxalq mədəni dialoq və ortaq tarixi yaddaş ideyası daha qabarıq hiss olunur.

- Sizcə, bu rəsm bizə nə deyir?

- "İstanbul" əsəri ilk baxışdan şəhər mənzərəsi təsiri bağışlasa da, onun semantik yükü daha geniş məna daşıyır. Əsər tamaşaçını yalnız İstanbulun gözəlliyini seyr etməyə deyil, şəhərin tarixini, mədəni yaddaşını və sivilizasiyalararası körpü rolunu dərk etməyə dəvət edir. Burada Bosfor sadəcə coğrafi məkan deyil, müxtəlif mədəniyyətləri, xalqları və tarixi dövrləri birləşdirən simvolik obraz kimi çıxış edir. Əsərin Türkiyə Cümhuriyyətinin yüzilliyi münasibətilə yaradılması onun ideya məzmununu daha da dərinləşdirir. Bu tablo Azərbaycan və Türkiyə arasında ortaq dilin, ortaq tarixin və ortaq mədəni dəyərlərin incəsənət vasitəsilə ifadəsidir. Rəssam şəhəri monumental memarlıq nümunələri ilə deyil, işığın, rəngin və atmosferin poetik dili ilə təqdim etməklə göstərir ki, şəhərin əsl kimliyi onun ruhunda və yaratdığı emosional təsirdə yaşayır.

Aytac SAHƏD

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Avqust 2026 22:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Oynaqlardakı ağrıya dəfnə yarpağı kömək edir? AÇIQLAMA

14 Avqust 2026 13:31see207

Günəş tutulmasından fərqli görüntülər FOTOLAR

13 Avqust 2026 02:53see171

ABŞ ın Texas ştatında hərbi helikopter qəzasında 2 nəfər ölüb

13 Avqust 2026 03:06see171

Ulduz futbolçu ondan ötrü 1 ci arvadını boşayıb yenidən evlənib (Fotolar)

13 Avqust 2026 03:06see169

İdman qidalarının yalançı reklamları: Təsir və fəsadları

13 Avqust 2026 04:05see168

Nazir: ABŞ “Amerika Qalxanı” müttəfiqlərinin hərbi potensialının gücləndirilməsinə kömək etməyə hazırdır

13 Avqust 2026 05:12see168

“Apache” qəzaya uğradı Ölənlər var Video

13 Avqust 2026 04:14see167

Toya çatmaq üçün təyyarənin arxasınca qaçdılar Video

14 Avqust 2026 03:48see165

Trampın kürəkəni Qəzza ilə bağlı danışıqlar üçün İsrailə gedir

14 Avqust 2026 01:50see164

Mahirin komandası pley offda

14 Avqust 2026 02:18see163

Dünya çempionunun yolu haradı?

13 Avqust 2026 19:27see156

Əraqçidən ABŞ yə XƏBƏRDALIQ Ehtiyatlı olun

13 Avqust 2026 23:33see154

Tək yaşayan qadına hücum edən gənclə bağlı son qərar Məhkəmə

13 Avqust 2026 14:29see153

COVID 19 yenidən "dirildi" Bir həftədə 14 ölüm

13 Avqust 2026 23:06see152

BMT Baş katibinin ofisi bildirib ki, Quterreş Yaxın Şərqdəki vəziyyətə diqqətlə yanaşır

13 Avqust 2026 08:14see151

Maşınla vurulan piyada xəstəxanada öldü Foto

13 Avqust 2026 10:03see151

Fidan Liviyada böhrandan çıxış yollarını müzakirə edib

13 Avqust 2026 02:25see149

236 milyon illik fosil alimləri təəccübləndirdi: Məməlilərin doğuş tarixi dəyişə bilər

14 Avqust 2026 03:36see145

Avtomobillərin ev şəraitində şarj edilməsi nə qədər xərc tələb edir?

13 Avqust 2026 17:42see141

Sərxoş halda avtobus sürən azərbaycanlı Polşada həbs edildi Fotolar

14 Avqust 2026 02:44see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri