32 saatlıq beyin əməliyyatı ilə bağlı TƏFƏRRÜAT: “Tək qəhrəman anestezioloqdur ki, o xəstə sağ qalıb”
Icma.az, Pravda.az portalına istinadən məlumat verir.
Beyin cərrahı Pərvin Mirzəliyevin 32 saatlıq beyin əməliyyatı etməsi məsələsi ətrafında müzakirələr səngimir. Həkim heç bir tibbi protokol qaydalarını pozmadığını desə də, ictimaiyyətin böyük kəsimi bu açıqlama ilə qane olmur. Maksimum beyin əməliyyatının 14 saat çəkdiyini deyənlər həkimi qeyri-peşəkarlıqda ittiham edirlər.
Pravda.az-ın əməkdaşı məsələni araşdırmaq üçün bir neçə peşəkar neyrocərrahdan fikir öyrənməyə çalışıb.
Adının çəkilməsini istəməyən tanınmış neyrocərrahlardan biri sözügedən əməliyyatın təfərrüatından danışıb: “Həmin əməliyyat zamanı xəstədə çox ciddi qanaxma olub. Həkimlər qanaxmanı dayandıra və əməliyyatı yekunlaşdıra bilməyiblər deyə bu qədər uzun çəkib. Gigant beyin arteriovenoz malformasiya əməliyyatı qəliz əməliyyatdır, amma 32 saat çəkəcək əməliyyat deyil. Ümumiyyətlə, əməliyyat 32 saat çəkə bilməz. Burada təkcə medal anestezioloqa düşür ki, o xəstə sağ qalıb. Bu əməliyyatda yeganə qəhrəman anestezioloqdur. Təbii ki, xəstənin həyatı riskə atılıb. Çox böyük miqdarda qanitirmə olub. Təxminən, xəstəyə 16 paket qan köçürülüb. Sözügedən əməliyyatda Pərvin Mirzəliyevdən qat-qat yaxşı cərrahlar da iştirak ediblər. Sadəcə, bu əməliyyata ölçüb-biçmədən gedilib. Fəsad da ortadadır, 32 saat çəkib... Əməliyyat başqa cür olunmalı idi. Şükürlər olsun ki, salamatlıqla başa çatıb”.
Aytəkin Qardaşova


