Icma.az
close
up
RU
“3+3”: Cənubi Qafqazda yeni regional siyasətin konturları

“3+3”: Cənubi Qafqazda yeni regional siyasətin konturları

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“3+3” formatı Azərbaycanın postmüharibə dövründə həyata keçirdiyi təşəbbüskar və çoxşaxəli diplomatiyanın bariz nümunəsi olmaqla, regionun tarixi geosiyasi parçalanmasını aradan qaldırmaq, onu müasir çağırışlara cavab verən inteqrasiya modelinə çevirmək potensialına malikdir. Bu təşəbbüs beynəlxalq hüquq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanaraq, Cənubi Qafqazda sülhün, sabitliyin və rifahın təmin olunması üçün real imkanlar yaradır.

Cənubi Qafqazda son onilliklərdə baş verən geosiyasi dəyişikliklərin ən mühüm dönüş nöqtələrindən biri 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi oldu. Müharibənin Azərbaycanın hərbi-siyasi Qələbəsi ilə nəticələnməsi yalnız ərazi bütövlüyünün bərpası baxımından deyil, həm də regionun gələcək taleyinə dair diplomatik və strateji vizyonun formalaşması baxımından yeni mərhələnin başlanğıcı sayılır. Məhz bu kontekstdə Prezident İlham Əliyevin irəli sürdüyü “3+3” formatı Cənubi Qafqazda yeni geosiyasi reallıqları nəzərə alan, bölgənin daxili potensialına əsaslanan və regional güclərin birgə iştirakı ilə davamlı sabitlik yaratmaq məqsədi daşıyan ciddi diplomatik təşəbbüs kimi meydana çıxdı.

Tarixi və geosiyasi zərurət

“3+3” formatının təməlində dayanan əsas məqamlardan biri onun uzunmüddətli tarixi və geosiyasi zərurət kimi ortaya çıxmasıdır. Cənubi Qafqaz coğrafi mövqeyinə görə əsrlər boyu regional və qlobal güclərin maraqlarının toqquşma nöqtəsində yer almışdır. Xüsusilə, XIX əsrdən etibarən bu region Rusiya, Osmanlı (sonralar Türkiyə Respublikası) və İran arasında siyasi nüfuz mübarizəsinin əsas səhnəsinə çevrilmişdir. Bu üç gücün təsiri ilə formalaşan tarixi dinamika bölgənin yalnız kənardan yönəldilən siyasətlə deyil, eyni zamanda, daxili güc balansı və qarşılıqlı münasibətlər çərçivəsində sabitliyə qovuşa biləcəyini sübut etmişdir.

Sovet İttifaqının süqutundan sonra Cənubi Qafqazda yaranan siyasi vakuum regionun beynəlxalq münasibətlər sistemində yenidən şəkillənməsinə səbəb oldu. Qərb aktorlarının – xüsusilə, ABŞ və Avropa İttifaqının – regiona artan marağı burada yeni geosiyasi xəttin yaranmasına və rəqabətin kəskinləşməsinə gətirib çıxardı. Xarici müdaxilələrlə müşayiət olunan bu mərhələdə əməkdaşlıq əvəzinə, qarşıdurmalar ön plana çıxdı, xüsusilə də etnik və siyasi münaqişələrin alovlanması bölgədə sabitliyə mane oldu və bu amil Cənubi Qafqazın öz daxili dinamikası əsasında inkişaf edə bilməməsinin başlıca səbəblərindən birinə çevrildi.

2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsi isə bu geosiyasi reallıqlara fundamental təsir göstərdi. Müharibənin nəticələri regionda mövcud olan tarixi ədalətsizliyi aradan qaldırmaqla yanaşı, həm də yeni regional düzənə keçid üçün siyasi imkanlar pəncərəsi yaratdı. Azərbaycanın hərbi və diplomatik zəfəri bölgənin gələcək təhlükəsizlik memarlığının yalnız xarici aktorların deyil, məhz regional güclərin iştirakı ilə formalaşdırılmasının mümkün olduğunu göstərdi

“3+3” formatı ilk dəfə 2020-ci ilin dekabr ayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirilmiş birgə mətbuat konfransında Azərbaycan Prezidenti tərəfindən beynəlxalq ictimaiyyətə təqdim edildi və ideya Cənubi Qafqazın gələcəyinə dair strateji baxışın ifadəsi idi. Azərbaycan bu formatla həm region ölkələri arasında uzun müddət davam edən düşmənçilik və qarşılıqlı etimadsızlıq atmosferini aradan qaldırmaq, həm də bölgədə yeni əməkdaşlıq çərçivəsi qurmaq niyyətində olduğunu bəyan etdi.

Burada diqqətəlayiq məqam ondan ibarətdir ki, Azərbaycan bu təşəbbüsü irəli sürərkən müharibədən qalib çıxmış tərəf kimi revanşist yanaşmadan uzaq durmuş, əksinə, sülh və əməkdaşlıq çağırışı ilə çıxış etmişdi ki, bu da regional güclərin də diqqətini çəkmiş və formatın müzakirələrə açıq və cəlbedici olması üçün zəmin yaratmışdı.

İştirakçı ölkələrin maraqları

“3+3” modelinin strukturu Cənubi Qafqazın əsas ölkələri olan Azərbaycan, Ermənistan və Gürcüstanla yanaşı, bölgəyə birbaşa təsir imkanlarına malik üç regional gücü – Rusiya, Türkiyə və İranı əhatə edir. Sözügedən kompozisiya həm tarixi baxımdan regionun güc balansını göstərir, həm də siyasi reallıqların təzahürü kimi çıxış edir. Formatın əsas fəlsəfəsi ondan ibarətdir ki, regionun problemləri və gələcək inkişafı xarici güclərin müdaxiləsi ilə deyil, məhz regiondaxili dialoq, qarşılıqlı anlaşma və ortaq maraqların koordinasiyası vasitəsilə həll olunmalıdır. “3+3” modeli beynəlxalq münasibətlər sistemində çoxpilləli diplomatiyanın və “regiondan-regiona” yanaşmanın praktikaya keçirilməsinin bariz nümunəsidir.

Bu təşəbbüsün arxasında dayanan siyasi məntiq ondan ibarətdir ki, region ölkələri həm də iqtisadi əlaqələrin bərpası, ticarət marşrutlarının canlandırılması, enerji və nəqliyyat layihələrinin koordinasiyası kimi sahələrdə də əməkdaşlıq etməlidir. Prezident İlham Əliyev bu format vasitəsilə regional sabitliyin mənbəyini qarşılıqlı maraqlar və ortaq iqtisadi baxışlar üzərində qurmağı təklif etmişdir ki, bu da regionda davamlı sülhün və rifahın təmin olunması üçün zəruri olan yeni təhlükəsizlik arxitekturasının yaradılması deməkdir.

Təşəbbüsün daha bir vacib aspekti onun geoiqtisadi ölçüsüdür. Müharibədən sonrakı dövrdə Azərbaycanın təşəbbüsü ilə gündəmə gətirilmiş nəqliyyat dəhlizləri, xüsusilə Zəngəzur dəhlizi və digər kommunikasiya layihələri, bu formatın real mexanizmlərlə dəstəklənməsinin mümkünlüyünü göstərir.

Azərbaycan üçün bu təşəbbüs ilk növbədə regionda yeni status-kvonun tanınmasına və sülh gündəminin gücləndirilməsinə xidmət edən mühüm siyasi vasitədir. İkinci Qarabağ müharibəsindən sonra yaranmış reallıqlar Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi və Cənubi Qafqazda siyasi təsirini artırması baxımından mühüm dönüş nöqtəsi oldu. “3+3” formatı vasitəsilə Azərbaycan həm iqtisadi inteqrasiyanı təmin etməyi, həm də beynəlxalq nəqliyyat və enerji marşrutlarında mərkəz oyunçusuna çevrilmək məqsədini reallaşdırmağa çalışır. Xüsusilə, Zəngəzur dəhlizi layihəsi bu strategiyanın əsas komponentlərindən biridir. Azərbaycanın bu formata verdiyi töhfə yalnız regional təhlükəsizliklə məhdudlaşmır, həm də ölkənin “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri üzərindəki rolu ilə üst-üstə düşən geniş geoiqtisadi vizyonun ifadəsidir.

Türkiyənin mövqeyi isə qardaş ölkə Azərbaycanla strateji ittifaq və regional güc balansında rolunun artması ilə əlaqəlidir. Ankara “3+3” formatını həm Cənubi Qafqazda mövcudluğunu dərinləşdirmək, həm də “Türk Dövlətləri Təşkilatı” çərçivəsində aparılan regional inteqrasiyanı dəstəkləmək vasitəsi kimi görür. Türkiyə üçün bu təşəbbüs həm də Qafqazla Orta Asiya arasında iqtisadi və enerji əlaqələrinin daha da gücləndirilməsi üçün siyasi zəmin yaradır. Ankaranın praqmatik yanaşması onu göstərir ki, Türkiyə bu formatda yalnız hərbi və təhlükəsizlik baxımından deyil, həm də iqtisadi və nəqliyyat baxımından geniş perspektivlər görür.

Rusiya isə “3+3” formatını postsovet məkanında təsir dairəsini qorumaq və Qərb təsirini balanslaşdırmaq üçün mühüm alət kimi qəbul edir. Moskva üçün bu təşəbbüs həm də regional təhlükəsizlik memarlığının Rusiya liderliyində təşəkkül tapmasına imkan verən struktur sayılır. Gürcüstanla problemli münasibətləri, Ermənistan üzərində təsir imkanları və Azərbaycanla balanslı əməkdaşlıq siyasəti Rusiya üçün bu formatda iştirakın əsas mənbəyidir. Rusiya, eyni zamanda, öz sərhədlərinə yaxın ərazilərdə sabitliyi təmin etməklə, Ukrayna və digər bölgələrdə üzləşdiyi təzyiqləri regional uğurlarla kompensasiya etməyə çalışır.

İranın yanaşması isə daha çox geoiqtisadi və geosiyasi rəqabətlə formalaşır. Tehran üçün “3+3” formatı Zəngəzur dəhlizi ilə əlaqədar bölgədə baş verən dəyişikliklərə nəzarət etmək və bu dəyişikliklərin öz milli maraqlarına təsirini təmin etmək üçün bir fürsətdir. İran Qərbyönlü alternativ nəqliyyat və enerji layihələrini balanslaşdırmaq, eyni zamanda, Ermənistan və Gürcüstan vasitəsilə Cənubi Qafqazda iqtisadi və siyasi təsirini artırmaq istəyir. İqtisadi sanksiyalar səbəbindən regional bazarlarla inteqrasiya Tehran üçün həyati əhəmiyyət daşıyır və bu baxımdan format İranın iqtisadi diplomatiyası üçün yeni nəfəs ola bilər.

Ermənistanın bu formata münasibəti isə ziddiyyətlidir. Əvvəllər formatı qəbul etməməsi və ya laqeyd qalması həm daxili siyasi qeyri-müəyyənliklər, həm də geosiyasi reallıqların tam dərk edilməməsi ilə bağlı idi. Lakin zaman keçdikcə İrəvanda da anlaşıldı ki, regional əməkdaşlıqdan təcrid olunmaq, xüsusilə kommunikasiya və enerji layihələrindən kənarda qalmaq ölkənin iqtisadi və siyasi gələcəyi üçün ciddi təhlükədir. Ermənistan üçün “3+3” formatı həm regional sülhün təmin edilməsi, həm də yeni iqtisadi imkanların yaradılması baxımından əhəmiyyətlidir və bu platforma vasitəsilə İrəvan həm Azərbaycanla münasibətləri normallaşdırıla, həm də İran və Rusiya ilə əlaqələri dərinləşdirilə bilər.

Gürcüstan isə öz növbəsində formatda iştirakla bağlı ehtiyatlı davranır. Tbilisinin əsas narahatlığı Rusiya ilə olan gərgin münasibətlərdir. 2008-ci il müharibəsindən sonra Gürcüstanın Rusiya ilə diplomatik münasibətləri pozulmuşdur və bu, formatın tam tərkibdə işləməsinə əngəl yaradır. Lakin bununla belə, Gürcüstan regionda iqtisadi əməkdaşlıq və nəqliyyat dəhlizlərinin inkişafına dəstək verdiyini açıq şəkildə bəyan edir. Əgər format siyasi gərginliklərdən uzaq, sırf iqtisadi və nəqliyyat yönümlü bir əməkdaşlıq platformasına çevrilərsə, Tbilisinin iştirakı da daha real görünə bilər.

Nəticə etibarilə, “3+3” formatı iştirakçı ölkələr üçün fərqli maraqların ortaq platformaya yönləndirildiyi mürəkkəb, lakin strateji baxımdan əhəmiyyətli təşəbbüsdür və formatın uğuru yalnız Azərbaycan və Türkiyənin təşəbbüsü ilə deyil, həm də bütün iştirakçıların öz milli maraqlarını regional sabitlik çərçivəsində uzlaşdırmaq istəyi ilə birbaşa əlaqəlidir.

Beynəlxalq hüquqi əsaslar

“3+3” təşəbbüsünün irəli sürülməsi, eyni zamanda, beynəlxalq hüquq baxımından da məntiqli və qanunauyğun addımdır BMT Nizamnaməsində əks olunan prinsiplər – dövlətlərin suverenliyi, ərazi bütövlüyü və daxili işlərinə qarışmama kimi universal dəyərlər burada təşəkkül tapmışdır. Belə yanaşma Azərbaycan diplomatiyasının son illərdə artan prinsipial və eyni zamanda, konstruktiv xarakterini nümayiş etdirir. Prezident İlham Əliyevin bu təşəbbüslə həm regionun gələcəyinə dair vizyonu, həm də hüquqa əsaslanan beynəlxalq münasibətlər sisteminə sadiqliyi ön plana çıxır.

Bununla yanaşı, formatın hüquqi əsaslandırması da beynəlxalq münasibətlər nəzəriyyəsində mühüm yer tutur. O, bölgənin öz daxili təşəbbüsünə əsaslanan, suveren dövlətlərin bərabərlik və qarşılıqlı hörmət prinsipləri çərçivəsində əməkdaşlıq etməsini nəzərdə tutur ki, bu da BMT Nizamnaməsinə və Helsinki Yekun Aktına uyğun olaraq, beynəlxalq hüququn əsas prinsiplərinə sadiqliyin göstəricisidir.

Formatın perspektivləri

“3+3” formatı ilkin mərhələdə konseptual təşəbbüs kimi təqdim olunsa da, artıq praktik fazaya keçməkdədir. 2021-ci ilin dekabrında Moskvada, 2023-cü ildə isə Tehranda baş tutan görüşlər bu formatın real və əməli bir platformaya çevrilməkdə olduğunu nümayiş etdirdi və görüşlər konkret əməkdaşlıq istiqamətləri üzrə müzakirələrin aparılması baxımından da mühüm əhəmiyyət kəsb edir.

Hazırda format çərçivəsində ən önəmli əməkdaşlıq sahələrindən biri nəqliyyat və enerji infrastrukturunun inkişaf etdirilməsidir. Xüsusilə, Zəngəzur dəhlizi məsələsi “3+3” gündəmində mərkəzi yer tutur. Bu dəhliz Cənubi Qafqazı Orta Asiya və Avropa ilə birləşdirən strateji bir arteriya olmaqla yanaşı, regionda iqtisadi inteqrasiya və qarşılıqlı asılılıq üçün zəmin yaradır. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Ceyhan neft kəməri və digər beynəlxalq layihələr bu prosesin texniki sütunlarını təşkil edir və regional əməkdaşlığın fiziki infrastrukturunu möhkəmləndirir.

Eyni zamanda, formatın gündəmində ticari əməkdaşlıq, gömrük prosedurlarının sadələşdirilməsi, sərhəd təhlükəsizliyi və logistika sahələrində koordinasiyanın gücləndirilməsi məsələləri də yer alır. Sözügedən istiqamətlərdə irəliləyişlər formatın əməli effektivliyini artırır və Cənubi Qafqazı daha rəqabətqabiliyyətli və cəlbedici iqtisadi məkana çevirə bilər.

Lakin bu praktiki addımların davamlı və uğurlu olması üçün siyasi etimad mühitinin formalaşdırılması vacibdir. Münaqişələrin tam həlli, qarşılıqlı etimadın bərqərar edilməsi və diplomatik dialoqun intensivləşdirilməsi formatın uzunmüddətli strateji hədəfləri sırasındadır. “3+3” təşəbbüsünün dayanıqlı bir regional əməkdaşlıq mexanizminə çevrilməsi üçün iştirakçı ölkələrin siyasi iradəsi, qarşılıqlı güzəştlərə hazırlığı və geosiyasi balansı qorumaq qabiliyyəti həlledici olacaq.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 May 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zərərlə işləyən kredit ittifaqları: detallı araşdırmaya ehtiyac var

30 Aprel 2025 23:32see185

Ağcabədidə ağır qəza, ölənlər var

30 Aprel 2025 23:15see176

Vens: Uoltsun istefasının Signal messenceri qalmaqalı ilə əlaqəsi yoxdur

02 May 2025 04:22see126

ABŞ 350 milyard dollardan çox vəsait ala bilər

01 May 2025 08:28see126

Elməddin Cəfərov: Qurban deyəndə ağla qoyun kəsmək gəlməməlidir

02 May 2025 02:34see124

Fərid Qayıbov Göygöl Olimpiya İdman Kompleksinə baxış keçirdi FOTOLAR

30 Aprel 2025 23:40see124

Ruslar Viber i 800 min rubl cərimələyiblər...

30 Aprel 2025 23:38see122

Microsoftun süni intellekt aləti Recall

02 May 2025 04:02see121

ABŞ 131 miqrantı Özbəkistana deportasiya edib

30 Aprel 2025 23:35see120

Lionel Messinin nailiyyətini üstələdi, Kriştiano Ronaldoya yaxınlaşdı

01 May 2025 17:41see119

Zamiq Əliyev finalda 120 dəqiqə oynadı

02 May 2025 00:21see119

Azərbaycan yığmasının məşqçisi: Reqatadakı nəticələrimizin davamını beynəlxalq arenada gətirmək istəyirik

01 May 2025 17:41see118

Sosial yardım adı altında dələduzluq Diqqətli olun!

01 May 2025 20:31see118

“Bakı, Təbriz, Ankara, biz hara, farslar hara!” “Traktor” sabah çempion ola bilər

01 May 2025 21:51see116

Çiyələkləri daha uzun müddət necə təzə saxlamaq olar..?

30 Aprel 2025 23:06see116

Qarmonun şirmayi dillərində süzən barmaqlar...

30 Aprel 2025 23:05see113

Qızıl almaq istəyənlər üçün fürsət sürətlə enir

01 May 2025 09:41see111

Kəşmirdə terrorun dəhşətli görüntüləri yayıldı VİDEO

30 Aprel 2025 23:35see111

Sel körpünü dağıtdı

02 May 2025 03:01see110

Zəngin insanlar hansı rənglərdən uzaq durur və nə üçün?

01 May 2025 17:28see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri