Icma.az
close
up
RU
34 il əvvəl Şuşada çəkilən sonuncu şəklin hekayəsi

34 il əvvəl Şuşada çəkilən sonuncu şəklin hekayəsi

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“– Sabah Şuşanın işğal günüdür.
– Şuşanın işğal günü yoxdur”.

Dünən belə bir dialoqun içində tapdım özümü. Mən Şuşanın işğal gününü xatırlayanda, qarşı tərəf elə bir günün olmadığını dedi. “O gün həmişə olacaq” — cavabında demişdim. Evə çatanda yenə bu dialoqu düşünürdüm. Sanki 34 il əvvəl mən də nənə-babam, ata-anam kimi həmin günün şahidi olmuşdum. Amma bu cavabı mən yox, bütün doğmalarım vermişdi, sadəcə səsləndirən mən idim.

Səhər işə gələndə “WhatsApp” da ailə qrupumuzdan Şuşada çəkdirdiyimiz son fotonu istədim. Sanki anam mənim bu istəyimi gözləyirmiş kimi elə həmin dəqiqə şəkli göndərdi. O, ailəmiz üçün əvəzsiz fotodur. Bu foto 100 il keçsə belə Şuşanın işğal gününün, əvvəlki Şuşanın nişanəsidir…

Evdə bu şəkli o qədər müzakirə etmişik ki, Şuşa deyəndə yəqin ki, hamımızın ağlına elə bu foto gəlir. Qərara gəldim ki, Şuşanın işğal günü illərdir vətəndən bizə yadigar qalan bir-iki əşyadan biri olan bu fotodan danışım.

1991-ci il. Şuşada keçirdiyimiz sonuncu Yeni il…

Telefonla danışan 23 yaşındakı oğlan atamdır. Yeni il münasibətilə nənəsigilin bayramını təbrik edir. Sağdakı qadın 51 yaşlı nənəm, yanındakı yeni ailə həyatı qurub evimizə gəlin köçən bibimdir. Uşaq arabasındakı bələkdəki körpə isə əmimlə bibimin ilk övladı Aytacdır. Adəti üzrə eynəyi gözünə taxıb yoxlayan və bir saniyə sonra yenidən masaya qoyan, sonradan bir çoxlarının tanıyacağı əmim… Əmimin sağında əyləşən kişi Şuşa rayon Malıbəyli kəndinin icra nümayəndəsi  babamdır. Hamımız bayram ovqatında, xoşbəxtik, gələcəklərdən xəbərimiz yox idi. Bu xoşbəxtlik çox çəkmədi...

Şuşa işğal olunanda nənəmin evdən götürdüyü tək əşya bu şəkillər olmuşdu. Atam mənə Şuşada, evimizdən, necə döyüşdüklərindən, müharibədən çox danışıb. Amma mənə ən çox təsir edən evimizə son gedişi ilə bağlı xatirələri olmuşdu. O xatirələrində danışırdı:

“Ermənilər rayona girməyə başlayanda nənəngili Şuşadan çıxardıq. Biz isə hələ də qalırdıq. Nənəngil gedəndən sonra gizlin evə getdim. Gördüm ki, qaz və mətbəxin pəncərəsi açıq qoyulub. Evdəki bütün əşyalar yerində idi, ayaqqabılar cüt və səliqəli düzülmüşdü. Birinci elə bildim ki, nənənin yadından çıxıb qazı açıq qoyub. Sonra o özü danışırdı ki, qazı qəsdən belə qoyub… Səbəbini belə izah edirdi ki, qaz açıq qalıb nə vaxtsa partlayacaq, evimiz alışıb yanacaq. Sən demə, gözü görə-görə evimizin yanmasını istəməyib. Özünün yandırmağa ürəyi gəlməmişdi…”.

Atam işğaldan sonra evimizə gedəndə sonuncu getdiyi evimizi də görüb, ikimərtəbəli nəhəng tikilidən sadəcə bir parça divar qalmışdı...

Nənəm əsl şuşalı idi. Davranışı da, danışığı da, yerişi də, oturuşu da, duruşu da. Kitablarda oxuduğumuz, kinolarda baxdığımız şuşalılar kimi. Bütün nəvələri kimi mənim də günümün çox hissəsi onun yanında keçirdi. Çox qəribə idi, onun yanında sanki daha tez böyüyürdüm. Nənəm işğaldan, müharibədən danışmağı sevmirdi. Hətta kimsə müharibədən danışsa, Rəsul Rzanın “Məndə ixtiyar olsa” şeirindən bir parça səsləndirirdi. Evimiz haqqında isə danışanda keçirdiyi hissin təsirindən hansı hallara düşdüyü hələ də yadımdadır:

“Bir pəncərədən baxanda Xankəndi, başqa otağa keçib pəncərədən baxanda Şuşanın mərkəzi görünürdü” — bax, belə deyirdi mənə… Evimizi elə təqdim edirdi ki, gözümüzdə dünyanın ən gözəl evi canlanırdı…

Sonradan Azərbaycan dili və ədəbiyyat müəllimim olan bibim isə qohumlar, qonşularla çox isti münasibətimizdən, çox yaxşı şəraitimizdən tez-tez danışırdı.

II Qarabağ müharibəsindən sonra əmim evlərimizin şəklini göndərmişdi. Babamın böyük əmim üçün tikdirdiyi ev öz evlərindən fərqli olaraq necə idisə elə də qalmışdı. Hətta ermənilər sonradan həyətdə hovuz da tikdirmişdilər. İşin hamımızı kədərləndirən tərəfi o idi ki, əmim və ailəsi o evdə heç bir gün də qalmamışdı, ermənilər isə düz 28 il orada yaşayıb...

Əmim Bakıda avtomobil qəzasında dünyasını dəyişdi. Mən ilk dəfə qəbiristanlığa əmimə görə getmişdim. Əmimin başdaşının üstündə ad, soyadı ilə yanaşı “Şuşa” yazılıb. Bu, biz tərəflərin ənənəsi idi, qürbətdə vəfat edənlərin məzarlarına belə yazılırdı…

Nənəm min bir əziyyətlə qurduğu evini bir gündə tərk etmişdi. Onun 1992-ci ildə cəmi 51 yaşı var idi. Hər səhər birlikdə yemək yeyəndə nənəm bir ovuc dərman atırdı. Bəzən üzümə baxıb deyirdi: “Şuşada bir dənə də dərman atmırdım”. Bu sözü o qədər çox eşitmişəm ki…
Nənəmlə tez-tez danışırdıq. Amma ən təsirlisi işğaldan sonrakı ilk dövrlərlə bağlı xatirələri idi:
“Elə bir gün olmurdu ki, bizim evimizə qonaq gələndə quzu kəsilməsin, aş (plov — red.) bişməsin, cürbəcür kompotlar süfrəyə qoyulmasın. Şuşa işğal olunanda köçkün kimi Zaqulbaya gələndə bizə dedilər ki, hərənizin bir boşqabı, stəkanı, çəngəli olacaq. Yeməkxanaya gedib yeməyi orada növbə ilə yeməli idik. Buna görə heç ora getmək istəmirdim, bəzən günlərlə getmirdik də…”.
Amma Zaqulbada çox yaşamamışıq. Oradan Ramanada hamının Şuşa şəhərciyi kimi tanıdığı yeni qəsəbəyə köçdük. Bir vaxtlar doğma torpaqlarında qaz, işıq çəkilməsi üçün çalışan babam bu dəfə məcburi köçkünlərin yerləşməsi, birlikdə qalması üçün işləyirdi. Babamla hələ də həmin günlərdən danışırıq. Şuşada kim kimlə qonşu idisə, indi də balaca qəsəbəmizdə elədir. İşini hər şeydən çox sevən babam hələ də bunu fəxrlə deyir.
Atam isə müharibə başlayanda mənimlə eyni yaşda idi. Həyatının ən gözəl illəri müharibədə keçdi, döyüşdü, yaralandı, kontuziya aldı və ondan sonra özünü heç vaxt həqiqi xoşbəxt hiss etmədi…

Şəkildəki körpə... O, balaca Aytacı mən heç vaxt görmədim. Hələ körpə ikən ailəsi ilə birlikdə doğulduğu evi tərk etməli olan Aytacın balaca bədəni buna tab gətirmədi. Yolda gələrkən uzun müddət ac, susuz qaldığı üçün işğaldan qısa müddət sonra vəfat etdi.

Şuşa ilə bağlı mənə danışılan xatirələr o qədər çoxdur ki… Evimizdə Şuşa ilə bağlı kitab var. Kitabın yaşı yəqin ki, mənim yaşımdan daha çoxdur. Mən o kitabdakı atamın, əmimin oxuduğu məktəbi, Şuşadakı çoban itinin, ağappaq atın şəklini tez-tez görürdüm. Bir dəfə qeyri-ixtiyari demişdim ki, şəkillərə o qədər baxmışam ki, Şuşada olan çoban iti də mənə doğma gəlir.

Amma mən həqiqətən bu torpaqlara aid olduğumu Zəfərdən sonra Şuşaya ilk səfərimdə başa düşdüm. Sanki hər daşı, hər gülü ruhumu qucaqlayırdı. Hər şey nənəmin danışdığı kimi idi. Müharibədən sonra dəyişən talelər yenidən o torpaqda açan Xarıbülbül kimi çiçək açırdı.

Şuşanın işğal tarixi isə dəyişmir. 8 Mayı unutmaq “alınmaz qala” adlandırılan Şuşaya və oradan məcburi köçkün düşən hamıya xəyanət olar…

– Bu gün Şuşanın işğal günüdür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 May 2026 19:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see388

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see332

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see265

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see238

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see233

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see228

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see216

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see200

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see199

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see191

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see189

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see187

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see183

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see174

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see169

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see163

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see155

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see155

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see145

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri