44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Prezident İlham Əliyev mayın 10-da Ağdam Muğam Mərkəzinin açılışında çıxışı zamanı dünyanın hərb tarixi üçün yeni mövzu təqdim etdi. Son onilliklər ərzində hansı ölkələr müharibədə mütləq şəkildə qələbə qazana bilib?
Dövlət başçısı son onilliklər ərzində müharibədə mütləq və tam qələbəni yalnız Azərbaycanın qazandığını bildirdi.
“Siyasi iradə, iqtisadi güc, müstəqil siyasət, güclü Ordu, vətənpərvərlik və gənc nəsil - milli ruhda tərbiyə olunan, bu torpaqları heç vaxt görməyən gənc nəsil. Bu torpaqları heç vaxt görməyənlərin, müharibədə iştirak edənlərin əksəriyyəti işğal dövründə doğulmuş insanlar idi. Onları doğma torpağa çəkən o tarixi bağlar - bütün bu və digər amillər bizim Qələbəmizi şərtləndirdi və biz mütləq və tam Qələbə qazandıq. Nə bizdən qabaqkı onilliklər ərzində, nə bizdən sonrakı dörd il yarım ərzində heç kim mütləq və tam Qələbə qazanmamışdır və elə görünür ki, qazanmayacaq. Bunu mən müqayisə üçün demirəm. Amma dünyada hər şey müqayisə ilə ölçülür”, - Prezident bəyan etdi.
Dövlət başçısının bu sözləri diqqəti yenidən tarixi reallıqlara yönəldir. Dünyada sonuncu dəfə tam və mütləq qələbə 80 il öncə - II dünya müharibəsində faşizm üzərində qazanılıb və nasist Almaniyası kapitulyasiyaya məcbur edilib. Bundan sonra dünyada baş verən müharibələrin yeganə mütləq və tam qalibi Azərbaycan olub.
II Dünya müharibəsindən sonra əsas münaqişə ocağı Vyetnam idi. 1955-1975-ci ilərdə ABŞ və SSRİ-nin dəstəklədiyi qüvvələr 20 il müharibə apardılar. Soyuq müharibə faktiki olaraq Vyetnamda isti mərhələyə keçmişdi. Lakin 20 il davam edən müharibənin mütləq qalibi olmadı.
Daha sonra eyni qüvvələr – SSRİ və ABŞ Əfqanıstanda üz-üzə gəldilər. 10 il (1979-1989-cu illər) davam edən müharibə də nəticəsiz qaldı. Əfqanıstan çölləri bir də 2001-ci ildə ABŞ-ın hücumu ilə yenidən aktiv müharibəyə “ev sahibliyi” etdi və nə az, nə çox, düz 20 il sonra – 2021-ci ildə ABŞ ordusunun biabırçı qaçışı ilə nəticələndi. 2003-cü ildə başlanan İraq müharibəsi, 2010-cu ildə “ərəb baharı” ilə Yaxın Şərqin müharibə meydanına çevrilməsi, onilliklərlə davam edən toqquşmalar, bütün bunların heç birində “mütləq və tam qalib” olmayıb.
ABŞ və digər Qərb qüvvələri istəklərinə nail ola bilməyib, Yaxın Şərq coğrafiyası parçalanmış dövlətlər və müharibə qalıqlarının poliqonuna çevrilib.
İki əsri əhatə edən bu müddətdə dünyanın hərb tarixi yalnız bir müharibədə - 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın tam və mütləq qələbisini yazıb. Böyük ölkələr və böyük orduların onilliklərlə davam edən müharibədə qələbə əldə edə bilmədiyi halda, Azərbaycan cəmi 44 gün ərzində ən çətin relyefdə, ən çətin şərtlərdə mütləq zəfər əldə etdi. Və hərb elminin bütün nəzəriyyələrini başdan yazdı.
Cəmi 44 gün çəkən Vətən müharibəsində Azərbaycan ordusu dağlıq relyef, keçilməz meşəlik və Ermənistanın milyonlarla mina istehkamlarına rəğmən düşməni darmadağın etdi. Uzunluğu yüzkilometlərlə ölçülən təmas xətti ordumuz tərəfindən müharibənin ilk günü – 27 sentyabrda cəmi bir gecədə yarıldı və 44 gün ərzində dayanmadan irəliləyərək, hər gün, hər saat yeni ərazilər azad etdi. Müharibədə tətbiq edilən taktika başda ABŞ olmaqla dünya ölkələrinin hərbi strategiyalarını yenidən nəzərdən keçirməyə məcbur edib.
Ordumuzun Vətən müharibəsində tətbiq etdiyi hərbi-strateji taktikanın bir neçəsi xüsusilə müzakirə edilir.
Aypara taktikası (Qurd Qapanı): bu, qədim türk hərbi taktikasının müasir hərbə transformasiya edilməsi idi və düşmənin çəmbərə alınaraq, təslim olması ilə nəticələndi. Müasir hərbi texnika və döyüş şəraitini, xüsuslə çətin relyefi nəzərə alanda əsrlər öncə düzəngah ərazidə tətbiq edilən Aypara taktikasının XXI əsrdə bu qədər ustalıqla icra edilməsi Azərbaycan ordusunun peşəkarlığının əyani nümunəsi idi.
Şuşa əməliyyatı: bu, 44 günlük müharibənin ayrı bir səhifəsi və dünya hərb tarixində tamamilə yeni cığır açan əməliyyatdır.
İsrailli jurnalist Pyotr Lyukimson yazırdı: “İsrail ordusu indiyə qədər bu əməliyyatın təfərrüatını bilmir. İsrail Müdafiə Nazirliyindəki yüksək rütbəli mənbə mənə belə dedi: “Şuşa aşağıdan yuxarıya doğru azad olundu və bu, müasir hərb elminin bütün prinsiplərinə ziddir”.
Əməliyyatdan sonra yayılan informasiyalardan döyüşlərin necə aparıldığına dair təsəvvürlər formalaşır:
- Azərbaycan ordusu Şuşaya yeganə olan girişdən yox, sıldırım qayalıqlardan daxil olub;
- Döyüş ancaq yüngül silahlarla - bıçaq, tapança, avtomat - aparılıb, bir çox hallarda əlbəyaxa döyüş gedib;
- Yaralılar və şəhidlər arxada buraxılmayıb, əsgər, döyüş yoldaşı çiynində sıldırım qayalarla şəhərə qalxıb;
- Şəhərə daxil olana qədər günlərlə döyüş olub;
Şuşa əməliyyatında da Aypara taktikasından istifadə edilib. Malazgirt və Mohaç döyüşlərində, eləcə də Nadir Şah Əfşarın Çar Rusiyasına qarşı müharibəsində istifadə etdiyi bu taktikaya əsasən, hücum planı iki mərhələdən ibarət olur: saxta gediş və pusqu. Ordunun bir hissəsi düşmənin gözlədiyi yerdə hücum görüntüsü yaradır, digər qrupu gizli şəkildə düşmənin arxasına keçərək, pusqu qurur. Ordumuz Şuşada məhz bu çətin taktikanıı tətbiq edib.
- erməni qoşunları hücumun əsas və yeganə girişdən olacağını gözlədiyi üçün bütün qüvvələri bu istiqamətdə toplamışdı və Azərbaycan əsgəri sıldırım qayalara dırmaşaraq, döyüş tapşırığını uğurla icra etdi;
- şəhərə səssiz sızma əməliyyatı həyata keçirildiyi üçün daşına bilən kiçikçaplı silahlardan istifadə edilirdi;
- əməliyyatda ağır artilleriyadan istifadə olunmayıb, şəhərə heç bir mərmi atılmayıb, çünki Ali Baş Komandanın əmri vadı: “Şuşanın mədəniyyət mərkəzi olduğu nəzərə alınmalı, şəhər dağıdılmadan, tarixi görkəmi qalmaq şərti ilə azad olunmalıdır”.
Azərbaycan ordusu Şuşa əməliyyatı ilə müasir hərb tarixində yeni cığır açdı.
44 günlük müharibədə ordumuzun həyata keçirdiyi dron döyüşləri də dünya ölkələrini hərbi taktikalara yenidən baxmağa vadar edib. Müharibədə PUA-ların uğurla tətbiqi ağır hərbi texnikaların artıq o qədər də effektiv olmadığı reallığını yaratdı. Təsadüfi deyil ki, Amerikalı mütəxəssislər “Birləşmiş Ştatlar ordusu Qarabağ müharibəsindən nə öyrənə bilər” istiqamətində araşdırmalar aparıb. Derek Valtonun (Derek Walton – ABŞ ordusunun aviasiya zabiti, C-UAS strategiyasının müəllifi), Kendall Qomberin (Kendall Gomber – ABŞ ordusunun kəşfiyyat zabiti), Metyu Ceymson (Matthew Jamison – ABŞ Hərbi Hava Qüvvələrinin zabiti) və Nikol Tomasın (Nicole Thomas – ABŞ ordusunun mülki əməkdaşı, PUA-lara qarşı mübarizə idarəsində strategiya və siyasət şöbəsinin rəhbəri) Azərbaycan ordusunun 44 günlük müharibə təcrübəsinə əsaslanaraq, ABŞ ordusu üçün hazırladıqları strategiyası bu kontekstdə xüsusilə əhəmiyyətlidir.
Almaniya ordusu (Bundesver) da Azərbaycan ordusunun müharibə təcrübəsini öyrənib. Almaniyanın Hərbi və Strateji Araşdırmalar İnstitutunun müasir müharibə və yeni texnologiyalar üzrə mütəxəssisi polkovnik-leytenant Mixael Karl bildirirdi ki, Bundesver hazırda Azərbaycanın Qarabağda tətbiq etdiyi əməliyyat üsulları qarşısında müdafiəsiz vəziyyətdə qala bilər. Buna görə o, Almaniya ordusunun gələcək strategiyasını bu təcrübəyə əsasən müəyyən etməsini tövsiyə edib.
Ordumuzun dünyanı heyrətə salan taktikalarından biri də AN-2 təyyarələrindən - “Kukruznik” – necə istifadə etməsi idi. Naviqasiya sistemləri ilə təchiz edilmiş və pilotsuz təyyarəyə çevirmiş “Kukruznik”lər aşağı hündürlükdə uçur, onları vuran Ermənistan hava hücumundan müdafiə sistemləri yerlərini bəlli edir və PUA-larla məhv edilirdilər.
Müharibədən sonra məlum oldu ki, “Kukruznik” taktikası 2013-cü ildə hazırlanıb, 7 il məxfi saxlanılan bu taktika nəticəsində müharibənin ilk günündə Ermənistanın HHM vasitələrinin 60 faizi məhv edilib. Amerikalı mütəxəssislər bu taktikanı Vyetnam müharibəsində istifadə olunan “Yırtıcı Veals” (Wild Weasel) və ya “Ovçu-Qatil” (Hunter-Killer) konsepsiyalarına bənzədirlər.
Dünyanın hərb elminin və döyüş strategiyalarının gedişini dəyişdirən Azərbaycan mütləq və tam qələbə ilə müharibə tarixini də yenidən yazdı. II Dünya müharibəsində kapitulyasiyaya məcbur olan nasistlərdən sonra Ermənistan tam təslimçi akta imza atan ilk ölkə, Azərbaycan da tam qələbə qazanan yeganə ölkə oldu.
Prezident İlham Əliyev bildirib ki, 44 günlük müharibədən sonra Azərbaycana dünyada olan münasibət, - hətta bizə düşmənçilik edən dairələr, qüvvələr, ölkələr bilirlər ki, biz ləyaqətli xalqıq, hörmətə layiq olan xalqıq və bizimlə hesablaşmaq lazımdır: “Ən azı yaşadığımız bölgədə bizimlə bu gün hesablaşmayan sabah peşman olur”.
44 günlük müharibədə ərazi bütövlüyünü bərpa edən Azərbaycanla hesablaşmaq istəməyən Ermənistan və Qarabağda hələ də qalan erməni silahlı dəstələri sözün həqiqi mənasında peşman oldu. 2020-ci ildən 2023-cü ilə qədər Azərbaycan Ermənistana Qarabağdakı silahlı dəstələrini çıxarmaq, təslim olmaq haqda dəfələrlə xəbərdarlıq etsə də, rəsmi İrəvan və onun dəstəklədiyi qondarma rejim əməllərindən əl çəkmədi.
Həmin dövrü xatırladan Prezident İlham Əliyev qeyd edib ki, 44 gün ərzində biz tarixi Zəfər çaldıq, Ermənistan kapitulyasiya aktına qol çəkməyə məcbur oldu və Qarabağın əsas hissəsi, böyük hissəsi işğaldan azad edildi: “Ancaq biz bilirdik ki, bu, tarixi Qələbə olsa da, ölkə suverenliyi hələ tam bərpa edilməyib. Hələ ki, Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədinə biz nəzarət etmirdik, bəlli olan səbəblərə görə. Əlbəttə ki, biz 2020-ci il noyabrın 10-dan 2023-cü il sentyabrın 20-nə qədər yenə də hər gün, hər saat siyasi, diplomatik, hərbi və digər alətləri işə salaraq bax bu günü - 20 sentyabr gününü yaxınlaşdırırdıq. Nəhayət 2023-cü il sentyabrın 20-də Azərbaycanın dövlət suverenliyi tam bərpa edildi və 30 il ərzində qanunsuz fəaliyyət göstərən dırnaqarası “Dağlıq Qarabağ Respublikası” artıq tarixin zibilxanasına göndərildi”.
Azərbaycanın suverenliyini bərpa etdiyi 24 saatlıq antiterror əməliyyatı da müasir hərb tarixində müstəsna yerə sahibdir. Bu əməliyyatda xüsusilə iki məqam tarixə düşüb.
Birincisi, hərbi strategiyanın mükəmməlliyi idi.
İldırımsürətli taktikadan istifadə edən ordumuz erməni silahlı dəstələrinin ağır hərbi texnikasını dəqiq zərbələrlə məhv etdi, elit bölmələrimiz isə terrorçuların gizləndiyi yerlərə qədər sızaraq, “təmizləmə” işləri apardı. Cəmi 24 saata 90-dan artıq döyüş mövqeyi və strateji əhəmiyyətli mövqelər nəzarətə götürüldü, yüzlərlə hərbi texnika sıradan çıxarıldı. Həmçinin, 7 hərbi nəqliyyat vasitəsi, 4 minaatan, 1 tank, 2 piyadaların döyüş maşını (PDM) və xeyli sayda silah-sursatı qənimət olaraq ələ keçirildi.
İkincisi, humanizm prinsiplərinə tam əməl edilməsi idi.
Əsas hədəf olan hərbi obyektlər 24 saat ərzində dəqiq zərbələrlə məhv edildi, mülki əhali və infrastruktur isə heç bir zərər görmədi. Beynəlxalq təcrübədə dünyanın ən güclü ordularının belə hərbi müstəvidə keçirdiyi əməliyyatlar zamanı mülki əhali arasında da zərər görənlər olur. Mülki insanlar ya hərbçilərin yanlış atəşindən, ya qeyri-dəqiq zərbələrdən zərər çəkir. Antiterror əməliyyatı zamanı mülki insanların zərər görməməsi və onların təhlükəsizliyinin təmin edilməsi istiqamətində atılan addımlarla ordumuz yüksək peşəkarlıq nümayiş etdirdi, eyni zamanda, bu, növbəti beynəlxalq müstəvidə humanizm prinsiplərinin qorunmasında presedent rolunu oynadı.
Azərbaycan artıq dünya tarixinə 44+1 formulunu yazıb, bu ərazi bütövlüyümüz və suverenliyimizin bərpa edilməsi ilə yanaşı, beynəlxalq müstəvidə mütləq və tam qələbənin yeganə nümunəsidir. Dünya 44 günlük müharibədən sonra yeni müharibələrlə də üzləşib.
- 2022-ci ildə başlanan Rusiya-Ukrayna müharibəsi;
- 2023-cü ildə başlanan İsrail-HƏMAS müharibəsi;
Buna paralel olaraq, müxtəlif coğrafiyalarda hələ də davam edən köhnə müharibələr, yenidən başlanan toqquşmalar dünyanın gündəlik həyatının bir hissəsinə çevrilib. Lakin 2020-ci ildə Azərbaycanın tam qalib olduğu müharibədən öncə olduğu kimi, sonrasında da heç bir tərəf, heç bir ölkə mütləq qələbə qazana bilməyib. 44+1 qələbə formulunu yaradan Azərbaycan dünyanın yeganə qalibidir.
Asif Nərimanlı
Ölkə.az


