50 yaşını qeyd edən jurnalist: Bizneslə məşğul olsaydım, rahat yaşayardım, amma...
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Jurnalist həmkarımız Elman Cəfərli 50 illik yubileyini qeyd etdi.
Ömrünün yarıdan çoxunu jurnalistikaya həsr edən həmkarımız Herbiand.az-ın suallarını cavablandırıb.
-Azərbaycan jurnalistikasının 150 illiyində 50 yaşı qeyd etmək necə hissdir?
-Azərbaycan mətbuatı məndən 100 yaş böyükdür. Rəqəmlər təsadüfi ola bilər. Amma düşünürəm ki, burda bir qanunauyğunluq da var. Mən 90-ların sonlarında mətbuata gəlmişəm. Orta məktəbin son illəri və tələbəliyimiz qaynar illərə düşdü. O dövrün gənclərinin çoxu passionar idi və öz gücünə, enerjisinə həddindən çox güvənirdi. Biz elə bilirdik ki, dünyanı dəyişəcək, 1000 illərlə davam edən, bizim dövrə çatan ədalətsilizliyi aradan qaldıracaq, yeni cəmiyyət quracağıq. 90-ların mətuatı indiki kimi deyildi. İndiki inersiya yox idi, qaynar dövr idi. Mətbuatda yaradıcı adamlar, düşüncə sahibləri çox idi.
Mən ali məktəbi bitirib hərbi xidmətə yollananda, 1 il sonra mülki həyata qayıdanda nə işlə məşğul olacağımı dəqiqləşdirməmişdim. Hərbi xidmətin son aylarında regionların fövqəladə hallar idarəsindən iş təklifi gəldi. Lakin nədənsə razı olmadım. Təyinatla Xaçmaza tarix müəllimi getsəm də, çox qala bilmədim və mətbuata gəldim. Sanki bir qüvvə məni jurnalistikaya çəkirdi. Açığı hələ məktəbli çağlarımdan yazı-pozuya maraq göstərirdim.
O dövrün populyar qəzet və jurnallarına abunə yazılmışdım, tanınmış imzaları əzbər bilirdim. 2000-ci ildə imzalarla birgə işləmək imkanı qazandım. "Haqq yolu" qəzetində Süleyman Qaradağlı, Gülcahan Mirmməmməd, Rövşən Binnətli kimi qələb sahibləri ilə çalışdım, onlardan çox şey öyrəndim. Jurnalist fəaliyyətinə sonra "Olaylar"da davam etdim.
Tarixi romanlar müəllifi, tanınmış ictimai-siyasi xadim Yunus Oğuzun rəhbərliyi altında çalışdım. Fatma Abbasquliyeva, Bəxtiyar Tuncay, Ruqiyyə Abdullayeva kimi qələm sahibləri ilə işləmək gənc bir yazar üçün böyük üstünlük idi. Jurnalist karyeramın cebhe.info saytında və "Cümhuriyət" qəzetindəki dönəmi də qaynar keçib. Orada Rafael Becanov, Səbuhi Rəhimli, Elnarə Kərimova, Müşfiq Abdulla kimi imzalarla işləmək çox maraqlı idi. Orada və 2 illik Güney Azərbaycan Televiziyasında çalışdığım dövrlərdə kifayət qədər peşəkar insanlarla işlədim. Mətbuatda çalışarkən müxtəlif qurumlardan iş təklifləri gəlsə də, nədənsə razı olmadım.
-50 yaşında geriyə baxanda həyatdan nə öyrəndiyiniz, jurnalistikadan nə öyrəndinizi fikirləşirsiz?
- Jurnalistika mənə çox şey öyrətdi. Milli-siyasi baxışlarım cilalandı. Yeri gəlmişkən, ideoloji düşüncələrimin formalaşmasında jurnalistikanın mənə tanıtdığı Yunus Oğuzun, Bəxtiyar Tuncayın, Nəsir Ağayevin və Rasim Şərifli kimi ictimai-siyasi xadimlərin böyük rolu oldu. Xüsusilə dövrünün ən önəmli siyasi fiquru olmuş Nəsir Ağayevdən çox şey öyrəndim. Böyük kitabxanası olan, fiziki məhdudiyyətinə baxmayaraq daim oxuyan, özünü yetişdirən Nəsir bəy həm də güclü motivator idi.
Ən bədbin zamanımda onunla danışar, rahatlıq tapardım. O, mənə mübarizə aparmağın sirrlərini, qarşımda yaradılan hər maneədən sonra ruhdan düşməməyi öyrətdi. Nəsir bəy mənə deyirdi ki, "unutma, sənin missiyan başqadır. Sən sıradan biri olsaydın, indi hansısa ucqar kənddə, müəllim, xırda məmur idin. Tale səni daha böyük işlər üçün seçib". Bilmirəm, ustad məni "qaza gətirirdi", yoxsa doğrudan da belə idi. (gülür)
Hər halda 50 illik ömrümdə böyük bir missiya yerinə yetirdiyimi iddia edə bilmərəm. Amma xırda uğurlarım var və bunlar mənim həyatımın mənasıdır. Ömrümün tən yarısı jurnalistikada keçib. Adətən insan yubiley yaşında özünə hesabat verir: qazandığım çox olub, yoxsa itirdiklərim. Hesab etmirəm ki, itirdiklərim çoxdur. Əlbəttə, jurnalist yox, iş adamı olsaydım, bizneslə məşğul olsaydım, daha çox maddi sərvət qazanar, bu yaşda rahat yaşayardım.
Lakin mənəvi qazanc da önəmlidir və mən bu məsələdə çox qazandığımı düşünürəm. Mətbuat mənə çoxlu dostlar, populyarlıq qazandırdı. Vətəndaş cəmiyyətinin fəalı kimi formalaşmağımda medianın böyük rolu var. 25 illik jurnalist fəaliyyətimdə çoxsaylı təltiflər qazanmışam. Mənim üçün ən qiymətlisi 2015-ci ildə-40 yaşımın tamamında Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin sərəncamı ilə "Prezidentin Fəxri Diplomu" ilə təltif olunmağımdır.
-Siz həm də QHT rəhbərisiniz. Son illər bir sıra layihələr həyata keçirirsiniz. Jurnalistika, yəni jurnalist Elman Cəfərli kölgədə qalmayıb ki? Siz hələ də jurnalist Elman Cəfərlisiniz, yoxsa..?
-2019-cu ildən "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədriyəm. 2023-cü ilin iyulundan aktiv mediadan uzaqlamışam. Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Dendrologiya bağı" publik hüquqi şəxsdə informasiya işi üzrə aparıcı mütəxəssisəm. Qurumun saytına nəzarət edirəm, bağla, onun beynəlxalq əlaqələri ilə bağlı xəbərlər hazırlayırıq, mütəxəssislərdən müsahibələr alırıq. Media ilə, jurnalistlərlə də əlaqəni kəsməmişəm. Güney Azərbaycan, türk dünyası, diasporla bağlı açıqlamalar verir, televiziya verilişlərində çıxış edirəm.
"Yaşıl Dünya" İB rəhbəri kimi ətraf mühitin mühafizəsinin gücləndirilməsi, ekoloji maarifçilik yönündə fəaliyyətimiz davam edir. Yeri gəlmişkən, "Yaşıl Dünya" İB sədri kimi qatıldığım, Laçın-Xankəndi yolunda 2023-cü ilin 12 dekabrında başlanmış və 138 gün davam etmiş aksiyada vətəndaş cəmiyyəti fəalı kimi iştirakım qazandığım uğurlar sırasındadır. Həmin aksiyada Azərbaycanın "yumşaq gücü" kimi vətəndaş cəmiyyəti öz sözünü dedi. Cəmi bir neçə ay sonra Xankəndidə separatçı rejimin çökməsi, ölkəmizin suveren hüquqlarının bütün ərazilərimizdə təsbit olunması ilə sonuclanan bu prosesdə az da olsa payımız oldusa bu bizim üçün böyük xoşbəxtlikdir.
Jurnalist kimi kölgədə qaldığımı düşünmürəm. Sonuncu iş təklifini bir neçə ay öncə almışam. Amma nədənsə mediaya dönməklə bağlı ciddi tərəddülərim var. 2015-ci ilin sentyabrında "Olaylar" qəzetindən uzaqlaşmağım həyatımda dönüş nöqtəsi oldu. Bəlkə də orda qalsaydım hələ də mətbuatda çalışırdım. 2015-ci ildən 2023-cü ilə qədər media həyatımın təlatümlü dövrüdür.
Maraqlıdır ki, bu 8 ildə maraqlı insanlarla qarşılaşdım, təcrübəmi artırdım. Amma bu 8 il məndə insanlara qarşı bir küskünlük yaratdı. Çoxlu ədalətsizlik, namərdlik gördüm. Bu, məndə pessimizm yaratdı. İndi jurnalistika adı gələndə diksinirərm, elə bilirəm ki, qayıtsam yenə o zülmü, istismarı, sui-istifadələri görəcəm, böhtanları eşidəcəm. Ona görə də gələn təkliflərə isti yanaşmıram. Həm də QHT sədri kimi maraqlı layihələrimiz olur, ekoloji maarifçilik sevə-sevə apardığım işdir. Bu işdən ləzzət alıram və davam etmək istəyirəm.
-Sizə həmı öz arzusunu bildirəcək, bəs Siz 150 yaşını qeyd edən Azərbaycan jurnalistikasına gün çatışmayan və ya, ehtiyac duyulan nə arzulayırsınız?
- Heç kim inciməsin, 90-ların, 2000-lərin mətbuatı fikrimcə, daha sərbəst, daha yaradıcı idi. O zaman sanki bütün istedadlı, bacarıqlı, intellektual insanlar mətbuata cəmləşmişdi. Bir şeyi unutmaq olmaz: güclü cəmiyyətin güclü mətbuatı olmalıdır. Qalib dövlətin, qalib ordunun, qalib cəmiyyətin qalib də mətbuatı olmalıdır. Azərbaycan dövləti tarixinin ən güclü dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan tarixi qələbələr qazanıb. 70 illik Şura cümhuriyyəti dövründə pay-püş edilmiş torpaqlarımız geri qalındı.
1805-ci il Kürəkçay müqaviləsinin yaratdığı reallıqları dəyişib Azərbaycan ordusu, diplomatiyası. 30 illik Ağdam, Şuşa, Laçın, Xankəndi həsrətinə son qoyulub. Lakin kinomatorqrafiyamız, ədəbiyyatımız bu möhtəşəm qələbələri tərənnüm edə bildimi? Çox təəssüf ki yox! 90-ların mətbuatı işğalçı Ermənistan ordusunu diz çökdürən Azərbaycan ordusunu, generallarını göylərə qaldırardı, qalib sərkərdəni əfsanələşdirərdi. Çox təəssüf ki, mən Şuşa zəfəri haqqında sanballı, yaddaqalan, dərsliklərə salınası bir yazı, oçerk ortaya qoyulmadı. Çox təəssüf ki, bu qədər maddi texniki bazaya, yaradılan şəraitə rəğmən mediamız zamanla ayaqlaşa bilmir.
XIX əsrdə-Bismark dövrünün Almaniyasında 270-dən çox qəzet və jurnal çap olunurdu. Həmin qəzetlərdə bu gün adını fəlsəfə kitablarından oxuduğumuz dahi mütəfəkkirlər köşə yazırdı. O dövr idi ki, bizim bircə qəzetimiz-"Əkinçi" var idi. Bu gün Almaniyanın inkişaf səviyyəsinə baxın, bizim səviyyəmizə baxın. Mətbuat cəmiyyətin aynasıdır.
O yerdə inkişaf var ki, orada tənqid var. Tənqidsiz biz ideal cəmiyyət qura bilmərik. Düzdür, çağımızın mediası daha moderndir, indi xarici dil bilgisi, İKT bilgisi olan jurnalistlərin sayı çoxdur. Bütün bunlar insanı sevindirir. Lakin görüləsi işlər çoxdur. İlk növbədə jurnalistlərin sosial-iqtisadi problemləri həll edilməli, həyat şəraiti, sosial güzaranı yaxşılaşdırılmalıdır. Jurnalistika yaradıcı işdir.
Xəbər, reportaj, müsahibə hazırlamaq, köşə yazmaq texniki proses deyil. Jurnalist sərbəst olmalı, azad düşünməli və yalnız faktı təqdim etməlidir. Jurnalistlər yaradıcılıq ezamiyyətinə göndərilməli, məzuniyyət hüququndan istifadə etməli, yaxşı maaş almalıdır. Jurnalist dolanışq üçün başqa işlər baş vurursa, 2-3 saytda çalışırsa, ondan keyfiyyətli iş gözləmək əbəsdir.
P.S. Bir daha 50 yaşlı həmkarımızı təbrik edirik və ona uğurlar arzulayırıq.
"Cebheinfo.az"

