Icma.az
close
up
RU
525 ci qəzet 20 Yanvar tarixi Azərbaycan xalqının suverenlik uğrunda mübarizəsinin qürür səhifəsidir

525 ci qəzet 20 Yanvar tarixi Azərbaycan xalqının suverenlik uğrunda mübarizəsinin qürür səhifəsidir

20 yanvar qırğını bir əsrdə 2 dəfə eyni imperiyanın hərbi müdaxiləsinə məruz qalmış Azərbaycan xalqının öz suveren hüquqlarının qorunması yolunda mübarizəsinin qürürverici səhifələrindən biri olaraq tariximizə və taleyimizə yazılmışdır. Nə təsadüfdür ki, 70 illik zaman dilimi ilə bir-birindən ayrılan hər iki müdaxilənin müəllifi olan sovet imperiyasının taleyində də həlledici iz buraxmışdır: birincisi – 1920-ci il 28 aprel müdaxiləsi sovet imperiyasının yaranmasının təməlini qoymuş, ikincisi – 19-20 yanvar 1990-cı ildə törədilmiş qırğın isə həmin imperiyanın sonunu gətirmişdir.

Azərbaycan xalqının müstəqillik arzusuna, demokratik hərəkatına qarşı yönəlmiş hər iki qəsdin nəticəsi fərqli olsa da, məqsəd və üslub baxımından bir-birindən çox da fərqlənmirdi: azərbaycanlıların öz doğma yurdlarından deportasiyası, onların demokratik ideallarının boğulması, Dağlıq Qarabağın və Naxçıvanın Ermənistana birləşdirilməsi ilə Azərbaycanla Türkiyə arasında mümkün olacaq bütün quru əlaqəsinin kəsilməsi. Əsrin əvvəllərində bu planların həyata keçirilməsinə mərhələli şəkildə başlanılsa da, ilk vaxtlar beynəlxalq sistemdən tam təcrid olunmamaq üçün Türkiyə ilə münasibətləri qorumaq ehtiyacı kimi xarici faktor, həmçinin bir sıra daxili faktorlar, xüsusilə 60-80-ci illərdə Heydər Əliyevin güclü siyasi nüfuzu bu planı tamamlamağa imkan verməmişdi. Onun 1987-ci ildə Moskvada fəaliyyət göstərdiyi SSRİ Nazirlər Soveti sədrinin müavini vəzifəsindən istefa verməsindən sonra Qarabağda erməni özbaşınalığı artmış, azərbaycanlıların növbəti deportasiyasına başlanılmışdır. Bütün bunlara ikili standartlardan yanaşan sovet rəhbərliyinin gərginliyi azaltmaq yerinə, Azərbaycanda baş verən etiraz dalğasını boğmaq mövqeyini seçməsi 20 yanvar qırğınını reallaşdıran tarixi şəraiti yaranmışdı.

Qırğın planı 2 əsas istiqaməti ilə diqqət çəkir. Birinci istiqamət Bakıdan başlayıb Neftçala, Lənkəran timsalında sahilboyu ərazilərdə davam etdirilmişdir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə gerçəkləşdirilən “Bakı əməliyyatı” Sovet İKP MK-nın baş katibi M.Qorbaçovun əmri ilə, SSRİ müdafiə naziri D.Yazovun birbaşa rəhbərlik etdiyi, tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan gətirilmiş erməni zabit və əsgərlərinin də daxil edildiyi Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri tərəfindən törədilmiş hərbi qırğın aktı olmaqla, beynəlxalq hüquqlara da tamamilə zidd idi. Bir faktı demək kifayətdir ki, təkcə Bakı şəhərində amansızlıqla qətl edilmiş 103 nəfərdən 82 nəfərini fövqəladə vəziyyətin tətbiqinin elan olunmasından əvvəl, yəni yanvarın 19-dan 20-nə keçən gecənin qurbanları təşkil edirdi. Məhz həmin gecə qırğının ikinci istiqaməti Azərbaycanın digər strateji əhəmiyyətli bölgəsini – Naxçıvanı hədəf almışdı, sadəcə icraçıların adları fərqlənirdi. Bakı istiqamətində sovet ordusu, Naxçıvan istiqamətində isə erməni hərbi birləşmələri tərəfindən həyata keçirilən hücumlar əslində eyni planın tərkib hissələri idi.

Sovet ordusunun Bakı şəhərinə yeridiləcəyini bilən və bu səbəbdən də Naxçıvana heç bir kömək gəlməyəcəyindən əmin olan erməni dəstələri Sədərəyə, Şərura, Gərməcatağa, Buzqova, Şadaya, Günnütə, Cağazirə eyni vaxtda hücumları gücləndirmiş, 19 yanvar 1990-cı ildə isə SSRİ Müdafiə Nazirliyi 7-ci ordusunun köməyilə Kərki kəndi işğal olunmuşdu. Artıq mühasirədə olan Sədərəyi tam işğal etmək üçün həmin gün səhər saat 11 radələrindən başlayaraq hərəkətə keçmiş erməni hücumlarının qarşısı bir gecədə 6 şəhid vermək bahasına, çox sayda insanın yaralanması hesabına da olsa alınmışdır.

Bu hadisələrin eyni gündə baş verməsi onların planlı şəkildə törədildiyindən və eyni məqsədə xidmət etdiyindən xəbər verirdi. Təsadüfi deyil ki, Ümummilli lider Heydər Əliyev tərəfindən “Azərbaycan xalqının suverenlik hüquqlarına qəsd” olaraq xarakterizə edilmişdir. Bu hərbi qəsdin xalqın suverenlik hüquqlarına yönəlmə hədəfi də, daxildəki “5-ci kolonun dəvəti” bəhanəsi də, erməni faktorundan istifadə taktikası da 70 il əvvəlki ənənənin davamı idi. Lakin nəticə eyni olmadı.

20 yanvar qırğını Azərbaycan xalqının iradəsini sındıra bilmədi, əksinə, azadlıq mübarizəsinin yeni dalğasına çevrildi və 2 dəfə suverenlik hüququna qəsd edən imperiyanı süpürüb atdı. Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, yanvarın 22-də şəhidlərin dəfni ilə əlaqədar matəm yürüşündə 2 milyona yaxın insanın iştirak etməsi göstərdi ki, azadlığına təşnə olan bir xalqın mübarizə əzmini heç bir yolla qırmaq mümkün deyil.

Hadisəyə münasibətdə 2 mövqeyə də diqqət çəkmək yerinə düşər. Bunlardan biri şəxsi mənafeyə xidmət etmiş, digəri ictimai mənafeyi hər şeydən üstün tutmuşdur. Həmin dövrdə Azərbaycana rəhbərlik edənlərin səriştəsiz mövqeyi məhz şəxsi mənafeyi güdürdü, hansı ki, ölkədə demokratik hərəkatın qarşısını almaq üçün Moskvanın “yardımına” bel bağlamış, qırğın zamanı isə ölkədən qaçmışdılar. Belə ağır zamanda həyatını riskə atmaq bahasına xalqının yanında olmaq şəxsi mənafeyi ictimai mənafeyə qurban verə bilmək kimi böyük fədakarlıq tələb edirdi. Ümummilli lider Heydər Əliyev məhz belə bir fədakarlığı etmiş, qırğının ertəsi günü Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, əsl vətəndaş mövqeyi nümayiş etdirmiş, qırğının səbəbkarlarını kəskin ittiham edən bəyanat vermişdir.

20 yanvar qırğınına siyasi-hüquqi qiymətin verilməsi prosesi də məhz Heydər Əliyevin Moskvada verdiyi həmin bəyanatdan başlanmışdır. Vətənə qayıtdıqdan sonra isə bu proses mərhələ-mərhələ rəsmi çərçivədə həll edilmişdir. 1990-1993-cü illərdə sədrlik etdiyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 21 noyabr 1990-cı il tarixli sessiyasında verilmiş qərarda 20 yanvar faciəsi Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirilmiş, 5 yanvar 1994-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti olaraq imzaladığı Fərmanda isə onunla bağlı sessiya keçirilməsi tövsiyə olunmuşdur. Həmin tövsiyəni nəzərə alan Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 29 mart tarixli “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərarı ilə xalqımıza qarşı törədilən qırğın aksiyası ali qanunvericilik səviyyəsində hüquqi-siyasi qiymətini almış oldu, eyni zamanda beynəlxalq miqyasda tanıdılması üçün də rəsmi status qazandı. Artıq dünya azərbaycanlıları yaşadıqları müxtəlif ölkələrdə milli hüzn tariximizi rəsmi hüquqi sənədlərə söykənərək tanıtmağa başladılar.

Azərbaycanın suverenliyi uğrunda mübarizənin əsasının qoyulduğu bu tarixin 35-ci ildönümünün milli suverenlik və ərazi bütövlüyümüzün təminatını əks etdirən “Konstitusiya və Suverenlik İli” ilə üst-üstə düşməsi təsadüf deyil. Bu, bizləri, xüsusilə gənc nəsili keçilən yola nəzər salmağa vadar edir, eyni zamanda göstərir ki, heç bir fədakarlıq nəticəsiz qalmır. Şəhidlərin xatirələrinin əziz tutulması ilə bərabər, geridə buraxdıqları yadigarları da dövlət qayğısı və xalq məhəbbəti ilə daim əhatə olunur. 1998-ci ildə Şəhidlər xiyabanında ucaldılan “Əbədi Məşəl” abidə-kompleksi 29 dekabr tarixli Əsasnamə ilə “20 Yanvar şəhidi” fəxri adının təsis olunması bu qəhrəmanların adının əbədiləşdirilməsinə xidmət etdiyi kimi, 2000-ci il yanvarın 17-də 20 yanvar hadisələrində şəhid olanların, itkin düşənlərin ailələrinə və əlil olan şəxslərə bir milyon manat məbləğində birdəfəlik yardım verilməsi, “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar tarixli Fərman və ilbəil artmaqda olan sosial təminatlar bu Vətənə əmanət etdikləri doğmalarının rifahının qorunmasına xidmət edir. Bütün bunlar Ümummilli lider tərəfindən şəhidlərin ailələrinə qayğının danılmaz faktları olmaqla bərabər, gələcək nəsillərə ötürülən humanist irsdir. Bu qiymətli irsin onun layiqli davamçısı olan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, arxasında onu və ailəsini qoruyacaq dövlətinə arxalanan yüzlərlə Azərbaycan övladı ərazi bütövlüyümüzün qorunması uğrunda şəhadəti gözə alaraq 2020-ci ildə əsir torpaqlarımızı azad etdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış bu qələbə 1990-cı il 20 yanvar qırğınından başlayan suverenlik uğrunda mübarizənin 2023-cü il 19-20 sentyabr tarixlərində antiterror əməliyyatı nəticəsində uğurla bitən sonluğu kimi tarixə həkk olundu. Bununla da 20 yanvar şəhidlərinin uğruna qurban getdikləri amal onların varisləri tərəfindən gerçəkləşdirildi. Bu səbəbdən 20 yanvarda deyil, ilin bütün fəsilləri və bütün günlərində Şəhidlər xiyabanını ziyarət edən hər kəs həmin tarixi kədərdən çox qürurla anır. Hər il həmin tarixdə saat 12:00-da hüzn əlaməti olaraq endirilən bayraqlar onları qorumaq uğruna həyatını fəda edən müqəddəs ruhları ehtiramla salamlayır.

Zeynəb Quliyeva

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Tarix elmləri doktoru

seeBaxış sayı:104
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri