525 ci qəzet Böyük coğrafi kəşflər və yerli xalqlara onların gətirdiyi bədbəxtliklər Telman Orucov yazır
525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Telman ORUCOV
(Əvvəli ötən çərşənbə sayımızda)
Böyük coğrafi kəşflər imperializmə geniş qapılar açdı
Pireney yarımadasının bu iki dövlətinin işğal siyasətindən, başqa metropoliyalar da geniş istifadə edirdi. Böyük kəşflər yeni imperiyaların yaranmasına əlverişli şərait yaratdı, çünki onların meydana gəlməsi üçün böyük müharibələr aparmağa ehtiyac qalmırdı. Bir qrup konkistador özlərinin Atsteklərə və İnkalara məlum olmayan odlu silahları və atları ilə yerli əhaliyə vahimə xofu təlqin edirdi. Onlar çox asanlıqla böyük xalqları əsarət altına alırdılar.
İspan işğalına qədər Meksikada yaşayan mayyalar (b.e.III-IX əsrləri) və atsteklər (XIII-XVI əsrlər) bu ərazidə inkişaf etmiş sivilizasiya yaratmışdılar. Mayyalar Yunatan yarımadasında və ətraf ərazilərdə çoxlu şəhərlər salmışdılar. Onlarda çox sayda məbədlər, saraylar, piramidalar mövcud idi. Onlar əkinçiliklə məşğul olan bir millət idi və bitkiçilikdə çox böyük nailiyyətlər qazanmışdılar. Əkinçilikdəki bu həsəd aparılacaq uğur həm də onunla əlaqədar idi ki, Amerikalarda ev və qoşqu heyvanları yox idi, bu xalqlara yalnız ev heyvanı kimi hinduşka, əti yeyilmək üçün it saxlamaq və bal arısı məlum idi. Ona görə də xalqın bütün diqqəti və qayğısı bitkiçiliyə həsr olunmuşdu. Bu sahədə mayyalar böyük zirvələr fəth etmişdilər. Üstündə cəmi iki dəni və ot bitkisi olan qarğıdalı, üzərində ağıllı seleksiya apararaq, onu sonralar qıçasının üstündə 650-800 dənin olmasına çatan qiymətli ərzaq bitkisinə çevrilmişdilər. Buğdanın sünbülündə isə dənin sayı yalnız onluq rəqəmi ilə ölçülürdü. Ona görə də qarğıdalı hər hektardan buğdaya nisbətən iki dəfəyə qədər artıq məhsul verirdi. Qarğıdalı Avropada da becərildikdən sonra əhalinin taxılla təmin edilməsində əvvəlki ağır kasadlığın yox olmasına köməklik göstərmişdi. Qarğıdalı yalnız bol günəş olan cənubda, yumşaq münbit torpaqlarda becərildikdə yaxşı məhsul verir. Avropanın şimalında və bərk, qeyri-münbit torpaqlarında qarğıdalı yetişdirilmir. SSRİ rəhbəri N.S.Xruşşov 1960-cı illərin əvvəllərində Rusiyanın şimalının və mərkəzinin sərt iqlimində qarğıdalı becərməyə regionları məcbur edirdi. Əsl volyuntarizm nümunəsi olan bu aqrar siyasət biabırçılıqla nəticələndi, məhsul vermədi.
SSRİ rəhbərinin əkinçilik texnologiyasına, aqrotexnika tələblərinə məhəl qoymaması Qazaxıstanın xam torpaqlarından istifadə edilməsində də xoşagəlməz nəticələr verirdi. Hər il eyni sahədə yazlıq buğda əkinləri çətin iqlim şəraitində, yalnız payızda məhsul verdiyindən, tam alaq basmış zəmilərə kombayn da girə bilmirdi, həm də erkən yağan qar da biçin aparmağı qeyri-mümkün edirdi. Əkin sahəsinin bir hissəsinin dincə qoyulması, herik altında saxlanması hələ qədim misirlilərə məlum idi və onlar torpaqdan istifadənin bu qaydasına əməl etməklə zəmilərdən bol məhsul götürürdülər. Çünki herik altında saxlanan torpaqlarda dincə qoyulduğu dövrdə alaq otlarının toxumu günəş enerjisi hesabına məhv edilirdi və sonrakı ili istifadə dövriyyəsinə daxil edilmiş sahələrdə alaq otlarının meydana gəlməsi xeyli azalırdı. Misir böyük buğda ixracçısı idi, Romanın taxıl anbarı hesab olunurdu. Burada əkinçilik, qəribə görünsə də, elmi qaydalara əsaslanırdı. SSRİ-də isə ağılsız istifadə hesabına, suvarma tətbiq edilməklə böyük sərvət olan qara torpaqlar öz münbitliyini itirirdi. Nəhəng əraziyə, qara torpaq kimi olduqca münbit torpaqlara malik olan Sovet İttifaqında aclıq təzahürləri də meydana gəlmişdi, xaricdən taxıl almaqla əhalinin çörəyə olan tələbatı ödənilirdi.
Qədim Romanın məşhur siyasi xadimi Böyük Katon (b.e.ə. II əsrin birinci yarısı) növbəli əkin dövriyyəsi barədə qiymətli tövsiyələr vermişdi. Digər aqrar məsələlər tədqiqatçısı Kolumella torpağı bir ana kimi min illər ərzində bəhrə verməsinə görə, onun, reproduktiv fəaliyyəti müəyyən zaman çərçivəsində məhdudlaşan bütün canlı analardan fərqləndiyini qeyd edirdi. Torpaq min ildən sonra da azacıq meliorasiya işi görüldükdən sonra məhsul verməyə başlayır. Bunu Çinin və Misirin beş min illik əkinçilik tarixi real olaraq təsdiq edir.
Təəssüf ki, SSRİ-də rəhbərliyin səhvi üzündən kənd təsərrüfatı istehsalı düşdüyü ağır vəziyyətdən çıxa bilmirdi və vaxtilə Rusiya xarici ölkələrə taxıl satdığı halda, 1960-cı illərdən başlayaraq, Kanadadan, Amerikadan taxıl almaqla, əhalinin çörəklə əlaqədar problemi həll edilirdi. 1930-cu illərdə isə Ukraynada və Povoljedə aclıq tüğyan etmişdi.
İmperiyalara gəldikdə, onların tarixə məlum olan qədim dövrlərdəki növlərini, adətən, müharibə adlanan ana doğurdu. İqtisadi və hərbi cəhətdən qüdrətli olan dövlətlər qonşuluqdakı ölkələri, bəzən hətta uzaq məsafədəki torpaqları işğal edib, yerli əhalini öz ağalığına tabe edirdi. Burada mülki əhalinin qırğını hallarına yol verilmirdi. Çünki onlar işçi qüvvəsi kimi imperialist dövlət üçün də mühüm əhəmiyyət kəsb edirdi. Çingiz xanın Xarəzmi tutduqdan sonra şəhər sakinlərin ot biçən kimi qırmasından başqa, buna bənzər digər bir nümunə diqqəti cəlb etmir. Osmanlı və Avstriya imperiyaları da mülki əhalini cəzalandırmırdı, onlardan can vergisi almaqla kifayətlənirdi. Hətta yerli əhali nümayəndələri idarə etmə fəaliyyətinə cəlb edilirdi. Bolqarıstanda yerli admlar kəndxuda təyin edildiyindən, onlar türk dilinə uyğun olaraq "muxtar" adlanırdı, indi də ölkədə Muxtarov familiyalı adamlara rast gəlmək mümkündür. Vaxtilə Makedoniyalı Aleksandr da Misirdə məhz belə siyasət aparırdı, bəzi maliyyə işlərini misirlilərə tapşırırdı.
Yeni Tarixə qədəm qoyan XVI əsrdə meydana gələn imperiyalar isə Amerika qitələri torpaqlarında geniş ölçüdə müharibə aparmadan, bu ərazilərə yiyələnmişdi. Kiçik hərbi dəstə böyük əraziləri işğal etməyə qadir olmuşdu. Bunun nümunələrini biz ispan konkistadorlarının Mərkəzi Amerikadakı Meksikada Atsteklərin, Cənubi Amerikada isə İnkaların güclü imperiyalarını məhv etmələrində görürük. Onlar geniş miqyasda silah işlətmədən, axı işğalçıların hərbi qüvvəsi də olduqca kiçik idi, geniş ərazilərə yiyələnə bilmişdilər. 1517-ci ildə indiki Meksika torpaqlarına ilk dəfə qədəm basan Ernen Kortesin hərbi qrupu 500 nəfər əsgərdən və 16 atdan ibarət idi. Atstek hökmdarı Montesuma 1519-cu ildə onları qəbul edərkən, vaxtilə ölkəni tərk etmiş allahın nümayəndələri hesab etməklə, qonaqpərvərliklə qarşıladı, gələcək qəddar işğalçılara qızıl hədiyyələri verdi. Paytaxt Tenoçtitlanda qalacağı müddətdə yaşamaları üçün onlara saray da verdi. Lakin Kortes bu münasibətə əsl nankorluq göstərib, Montesumanı əsir götürdü və öldürdü. Bir il sonra paytaxt sakinləri qiyam qaldırıb, ispanları şəhərdən qovdu. Kertes daha böyük qüvvə ilə şəhərə hücum etməyə hazırlaşırdı. Kertesə atsteklərin ağalığında cana doyan ətraf dövlətlərin əhalisi də kömək göstərmək istəyirdi. Onlardan ən böyüyü olan Tlakskala Kortesə 50 min nəfər əsgər verdi. İspanlar yerli müttəfiqləri ilə paytaxta hücum edib, onu tutdular.
Bu vaxt Tenoçtitlanda kütləvi ölümə səbəb olan su çiçəyi xəstəliyi yayılmağa başladı. Şəhər sakinləri artıq ispanlara müqavimət göstərə bilməyəcəkdi.
Bu dövrdə şəhərin küçələrində ölü cəsədlərinin çoxluğundan, sərbəst yerimək mümkün deyildi. Ölü o qədər çox idi ki, bu, hətta ispanların da təəccübünə səbəb olmuşdu. Ölü bədənlərdən yayılmış üfunət şəhəri bürümüşdü, hətta bu səbəbdən Kortes özü də xəstələnmişdi.
Paytaxtdakı bu dəhşətli vəziyyəti müşahidə edən bir ispan yazmışdı ki, "Biz cəsədlərin üstündən və ölü hinduların başlarını tapdıqlamaqla addımlamamış gəzə bilmirdik. Torpağın üstü cəsədlərlə dolu idi. Hətta Kortes yayılan üfunətə dözməyib, burnunu örtmüşdü". Su çiçəyi xəstəliyi paytaxt sakinlərinin qırğınına səbəb olmuşdu, həyatı viranə qoymuşdu. Lakin xəstəliyin törətdikləri, haqsız olaraq Kortesin böyük qələbəsinin adına yazılmışdı.
Üstəlik, hindulara tanış olmadığından, ona qarşı bu adamlarda immunitet yox idi və həmin xəstəliyi də buraya məhz ispanlar gətirmişdilər.
İspanlar sonra ölkədə yeni dağıntı dalğası yaratdılar. Piramidaların dağıdılmasına cəhd edilirdi, məbədlər və saraylar yerlə-yeksan edilirdi. Atsteklərin böyük əziyyət hesabına tikdikləri, qısa müddət ərzində məhv edilirdi. Uçurulmuş sarayların daşları işğalçıların yeni hökumət binalarının və xristian kilsələrinin tikintisinə sərf olunurdu. Meksika ərazisinin böyük atstek imperiyası artıq mövcud deyildi. 1531-ci illə 1550-ci illər arasında ispanlar Şimali Meksikada nəzarəti bütünlüklə ələ keçirdilər.
Digər ispan konkistadoru Fransisko Pisarro və onun ardıcılları 1531-ci ildə Sakit okean sahilindən Peruya gəlib çatanda, İnka böyük imperiyanı idarə edirdi. Bu imperiyanı onlar Tayaktinsuyu adlandırırdılar və onun ərazisi Ekvadorun şimal sərhədindən Mərkəzi Çiliyə qədər uzanırdı. Köhnə hesablamalara görə, imperiyanın əhalisi 12 milyon nəfər idi və bu əhali azı 20 dildə danışırdı.
Bir əsr əvvəl isə İnkalar Kusko vadisindəki kiçik bir əraziyə nəzarət etmişdilər. Onlar yüzdən artıq etnik qrupu məğlub edib, onları özlərinə tabe etmişdilər. Bir cəhət də ondan ibarət idi ki, Andın dağlıq ərazisi çox müxtəlifliyi ilə ekoloji mozaikaya bənzəyirdi. Əlverişli sahələrdə bitkiçilik məhsullarından ibarət qida maddələri kimi istehlak edilmək üçün nemətlər istehsal edilirdi. Qarğıdalı şəklindəki taxıl dəniz səviyyəsindən 3 min metr hündürlükdəki ərazilərdə nadir hallarda əkilirdi.
Peru dağlıq ərazi idi, orada becərmə mövsümü çox qısa olurdu. Əsas qida maddələrindən biri olan kartof isə nadir hallarda aşağı zonalarda becərilirdi. Ölkə üçün ideal vəziyyət o sayılırdı ki, Andda qida ehtiyatlarının bütün növlərinə malik olunsun.
İnkalar və onların dövlətləri özlərinin tarixi boyu, əhalini ərzaqla təmin etmək qaydasında fəallıq göstərirdilər.
And xalqları, adətən, öz əcdadlarını mifik şəxsiyyətlərdə görürdülər, guya onlar yerin deşiyindən çıxmışlar. Həm də onlar bu hadisəyə həsr olunmuş dini ibadətlər icra edirdilər. Onların imperiyası getdikcə genişlənirdi. Axırıncı imperatorlardan biri olan Paçakutu Kuskonu yenidən tikməyə başlamışdı.
1532-ci ildə ispanlar Perunun şimal ərazilərinə qədəm basdılar. Onlar imperator Atahualpa ilə görüşmək istəyirdilər ki, onu oğurlasınlar. Pisarro və onun adamları İnkaya loyal olan liderləri devirir və sonra edam edirdilər. Həm də onun özünə xəbər göndərdilər ki, onu qanuni hökmdar kimi tanıyırlar. İspanlar onlardan ərzaq almaq üçün özlərinin ərzaq ehtiyatının çox uzaqda olduğundan şikayətlənirdilər. Atahualpa da ispanların ona müttəfiq olmasını istəyirdi və 1532-ci ildə oğurlandıqdan sonra da bu fikrini dəyişməmişdi. İspanlar onu dustaq saxladıqda, o, öz məsləhətçiləri ilə görüşdə, onun azad olması üçün tələb olunan girov məbləğini ödəmələrinə göstəriş verirdi. Lakin Pisarro girov məbləğindəki qızılı alsa da, onu azad etmədi. İspanlar həm də hakimiyyətə iddialı olanların hamısını edam edirdilər. Sonrakı iki il ərzində isə Perunun ispanlar tərəfindən real şəkildəki işğalı baş verdi.
(Ardı var)

