525 ci qəzet Böyük coğrafi kəşflər və onların yerli xalqlara gətirdiyi bədbəxtliklər Telman Orucov yazır
Telman ORUCOV
(Əvvəli ötən çərşənbə saylarımızda)
İkinci Dünya müharibəsi illərində nasistlər Fransadan və digər işğal etdikləri ölkələrdən qiymətli sənət əsərlərini, dahi rəssamların yaratdığı tabloları qarət etmişdilər və onlar Reyxin rəhbər xadimlərinin şəxsi kolleksiyalarına daxil olmuşdu. Almaniya məğlub olduqdan sonra qarətçilərin də ələ keçirdikləri yenidən qarət olundu. Sovet işğal komendantlığının oradan gətirdiyi çox sayda qiymətli rəsm əsərləri Moskvanın Puşkin adına muzeyində saxlanılmaqda davam edir.
Hər bir xəlq öz taixindən xəbər verən əsərlərə, artefaktlara sahib olmalıdır. Bu, yalnız ədalətin bərqərar olmasının bariz nümunəsi olardı. Təəssüf ki, ədalətin də zəfəri baş vermədiyindən, yaxındakı meyvələrə əli çatmadığından Tantalın düçar olduğu əzabları yada salır.
Qərbin Cənubi Asiya ilə ticarəti
Portəgizlilərin Cənubi-Şərqi Asiyadakı ticarətdə dominantlıq etmək cəhdləri həmişə o qədər də uğurlu olmurdu. Portuqaliya imperiyası elə də böyük deyildi. Magellan dünya ətrafına səyahəti vaxtı Filippin adalarında sahilə çıxandan sonra inanırdı ki, İspaniya Filippinə nəzarəti ələ keçirə biləcəkdir. Magellanın burada öldürülməsinə baxmayaraq, İspaniya bu vəzifəni həyata keçirməyi bacardı və bu ölkə İspaniyanın Sakit okeandakı ticarətinin başlıca bazasına çevrildi. İspan gəmiləri ipəyi və dəbdəbəyə xidmət edən digər malları Meksikaya daşıyırdılar ki, oradan Meksika mədənlərində istehsal edilən gümüş yükü ilə qayıtsınlar.
Portəgiz imperiyası üçün Asiyanın cənub sahillərində ilk təhlükə, buraya hollandların və ingilislərin gəlməsi ilə əlaqədar idi. Onlar portəgizlilərə nisbətən daha yaxşı maliyyələşmişdilər. Hollandlar Malakkadakı portəgiz fortunu tutdular və sonra onları tədricən ədviyyat ticarətindən uzaqlaşdırdılar.
Amerikaların avropalılar tərəfindən məskunlaşması
XVI əsrdə İspaniya və Portuqaliya Amerikalarda iri müstəqil imperiyalar qurdular. Portuqaliya Braziliyadakı müstəmləkəsindən yaxşı gəlir götürürdü. İspanlar isə Cənubi Amerikanın materik torpaqlarında nəhəng imperiya yaratdılar. Lakin İspaniyanın kommersiya qüdrəti sürətlə tənəzzül etməyə başladı. Buna səbəb gümüş mədənlərində istehsalın azalması və İspaniya monarxiyasında yoxsulluğun meydana gəlməsi idi. Portəgizlilərin və ispanların amerikan imperiyaları hollandların, ingilislərin və fransızların çağırışları ilə üzləşməli oldu. Axırıncı xalqlar Yeni Dünyada özlərinin müstəmləkə imperiyalarını yaratmaq imkanlarını axtarırdılar.
Fransızların və ingilislərin hər ikisinin Yeni Dünyadakı müstəmləkə imperiyaları Vest İndiaların böyük hissəsindən ibarət idi. Bu tropik adalarda ingilislər və fransızlar plantasiya iqtisadiyyatını inkişaf etdirirdilər, onlarda afrikalı qullar işləyirdi. Onlar tütün, pambıq, kofe və şəkər istehsal edirdilər. Bütün bu məhsullara isə Avropada artan qaydada tələbat var idi.
"Şəkər fabrikaları" sənaye sektorunda xüsusilə mühüm rol oynayırdı. XVIII əsrin son iki dekadasında Britaniyanın Yamaykadakı müstəmləkəsi hər il 50 min ton şəkər istehsal edirdi. Orada 200 min qaradərili qul işləyirdi. Santo Daminqodakı (indiki Haiti) fransız müstəmləkəsində 500 min qul eyni vaxtda üç min plantasiyada işləyirdi. Bu müstəmləkə ildə 100 min ton şəkər istehsal edirdi. Lakin qullarla qəddarcasına rəftar edilməsi hesabına onların arasında ölüm faizi yüksək idi.
Britaniya Şimali Amerikası
İspaniya, Şimali Amerikanın hamısını özünün okeanın o tayındakı amerikan imperiyasının bir hissəsi olduğunu iddia etməsinə baxmayaraq, digər millətlər bu iddiaya əsasən məhəl qoymurdular. Bu sahədə britaniyalılar və hollandlar xüsusilə fərqlənirdilər. Şimali Amerikanın ərazisində hamıdan əvvəl ilk dəfə hollandlar məskunlaşmışdılar. Onların fəallığı, hollandların öz xidmətinə götürdüyü ingilis tədqiqatçısı Henri Hadsonun (ruslar bunu Qudzon kimi tələffüz edirlər) çayı kəşf etməsi ilə başlandı. Hollandlar bir neçə il ərzində materikdəki Nyu Niderland adlandırdıqları koloniyalarını yaratdılar. İngilislərin və fransızların onlarla müharibə aparması nəticəsində holland kommersiya imperiyası tənəzzülə uğradı. 1664-cü ildə ingilislər Nyu Niderlandı tutdular və onu Nyu York (York İngiltərədə inzibati qraflığın adı idi) adlandırdılar.
Həmin vaxtdan ingilislər Şimali Amerikada öz koloniyalarını yaratdılar. İngilislərin Amerikada ilk dəfə məskunlaşdığı yer Ceymstaun (həmin dövrdəki İngiltərə kralı olan şotland I Ceymsin şərəfinə) idi, koloniya müasir Virciniyada yerləşirdi.
1607-ci ildə koloniyanın əsasını qoymuş kapitan Con Smit hindulara əsir düşməsini və hindu başçısını 12 yaşlı qızı Pokahontasın xahişi ilə onu ölümdən xilas etməsini öz kitabında geniş əks etdirir. İngilislər burada hindular kimi tütün yetişdirməklə məşğul olurdular.
Avropalıların ən böyük qüsuru ondan ibarət idi ki, onlar yeni əraziləri kəşf etdikdən az sonra yerli xalqlara adam olmayan hesab edir, onlardan ötəri işləmək üçün hinduların yararlı olmadıqlarını güman edirdilər. Bəziləri isə onları təbii cəhətdən normal insanlar tək və avropalıların pozğunluğuna məruz qalmamış kimi qəbul edirdilər. Təəssüf ki, belə münasibət bəsləyənlər, irqi fərqliliyi əsas götürüb, hindulara qeyri-insani münasibət göstərənlərdən xeyli azdır. Hətta irqçi qrup inanırdı ki, hinduları özlərinin xristian dininə keçirəcəklər, həm də avropalılar yerli xalqlara uğurla ağalıq edəcəklər. Və buna görə onlar afrikalıları və hinduları xristian Avropasının inancına və Avropa sivilizasiyasına cəlb etməyə cəhd edirdilər.
Lakin sonralar hinduların bu dəyişikliyə mənfi münasibət bəslədiyini görüb, avropalılar onları sıxışdırmağa, təqib etməyə və axırıncı tədbir kimi qırmağa başladılar. Onlar hinduları tarixən yaşadıqları yerlərdən qovurdu. Vinçester tüfənginin icadı ilə Şimali Amerikadakı avropalılar sayı milyonlarla ölçülən bizonları qırdılar. Bizon əti isə hinduların əsas qidası idi. Ərzaq mənbəyinin məhv edilməsi, ondan faydalanan insanların da ratsionunun kasıblamasına, hətta ödənilməməsinə səbəb olur. Vinçester hinduları məhv etməkdə də əvəz olunmayan silah növü idi. Sonralar ingilislər bunu qiyam qaldırmış sudanlıların da qırğını üçün tətbiq etmişdilər.
XIX əsrin ikinci yarısı yeni amerikan sakinlərinin qəddarlıqlarının biabırçı səhnəsinə çevrildi. Sağ qalan hindular öz qəbilələrinin qalığı kimi rezervasiyalarda yaşamalı oldu. Qitənin bu aborigen xalqı öz torpağında yeni məskunlaşanlar üçün qurban verilmə hədəfi oldu və bu az saylı xalq qırılmaqla, böyük faciələrlə üzləşməli oldu.
Britaniya Şimali Amerikası sonralar 13 iri koloniyadan ibarət oldu. Onlar sıx əhaliyə malik idi və həmçinin ardıcıl olaraq yaxşı inkişaf edirdi. Şimali Amerikadakı və Vest İndiadakı Britaniya koloniyaları merkantelizm ideyalarından geniş istifadə edirdilər. Bu sistem nəzəri cəhətdən ana ölkə (metropoliya) üçün ticarətdə əlverişli tarazlığa nail olmaq yolunu açırdı.
Fransız Şimali Amerikası
Amerikanın şimalını (Kanadanı) fransızlar kəşf etdiklərindən, burada öz imperiyalarını qurdular. Fransız tədqiqatçısı Jan Kartye 1534-cü ildə Müqəddəs Lourens (Lavrenti) çayını kəşf etmişdi və Kanadanın fransız torpaqları olduğu iddiasını irəli sürmüşdü. Fransızlar 1608-ci ildə ilk dəfə Kvebekdə koloniya yaratdılar.
Fransız Şimali Amerikası geniş ticarət zonasına çevrilmişdi, burada xəzlər, dəri, balıq və ağac materialı olduqca bol idi. Lakin fransız hökuməti yeni ərazini məskunlaşmaq üçün onu adamlarla və pulla lazımınca təmin edə bilmirdi. Fransız koloniyalarının əhalisi çox seyrək idi, yalnız 15 min nəfər fransız kanadalısı var idi. Onlar da ovçular, xəz heyvanlarını tutmaq üçün tələ quranlar, missionerlər və tədqiqatçılar idi. 1713-cü ildəki Utrext sülh müqaviləsi bağlandıqdan sonra fransızlar özlərinin Amerika torpaqlarını ingilislərə verməyə başladılar. Yeddi illik müharibə (1756-1763-cü illər) nəticəsində ingilislər general Vulfun komandanlığı altında fransızları məğlub etdiyi üçün, onlar öz Kanada torpaqlarını 1863-cü ildə özünün Britaniya rəqibinə təslim etdi. Yeddi illik müharibənin ilk illərində Britaniya hökumətində xarici işlər naziri olmuş və hökumətin antifransız siyasətində fəallığı ilə seçilən Böyük Uilyam Pittin (1708-1778-ci illər) Kanadanın Bitaniyaya keçməsinə nail olmaqda xidmətləri olduqca böyük idi. Britaniyanın Şimali Amerikadakı koloniyalarının şimalında yerləşən Kanadanı əvvəlcə öz müstəmləkəsinə, sonralar isə dominionuna çevirmişdi.
Şimali Amerikada hinduların qırılması və qulların istismarı
Avropalıların Amerikalardakı kolonizasiyası tarixi hinduların qırğını kimi yeni sakinlərlə yerli xalqlar arasında baş verən biabırçı hadisələrlə doludur. "Hindu qırğını" bir definitsiya kimi zaman sərhədlərini adlayıb, sonralar daha geniş mənada işləməyə başladı. Bu əraziyə gəlmiş avropalı sakinlər isə özlərini müdafiə etmək üçün, bu kəlmədən yerli amerikanların onlara hücumunu təsvir etməkdən ötəri istifadə edirlər. Bunu da bütünlüklə inkar etmək mümkün olmasa da, hinduların kütləvi sürətdə və uzun müddət ərzində qırğının həyata keçirilməsi buraya gəlib, yeni məskunlaşmış avropalıların adına yazılmalıdır. Hinduları məhz yeni sakinlər rəhmsizcəsinə qırmağı özlərinin igidliyi hesab edirdilər.
Birləşmiş Ştatlar ordusu hindu xalqlarını öz hökumətinə tabe etmək üçün çox sayda kampaniyalar aparırdılar, onlar bunu 1860-cı illərdən amerikan Qərbində başlamışdılar. Yerli milis qüvvələri və ordu çox yerdə hinduları amansızcasına qırırdı. Hindu qırğınlarında nə qədər adam öldürüldüyünü müəyyən etmək də çətindir, çünki bu statistika hindulara yad olduğu kimi, onu aparmaq da ABŞ dövləti üçün ifşa edilməməkdən ötəri vacib deyildi. Bu eybəcər iş, əslində, 1511-ci ildəki ilk kontaktdan başlayaraq, 1890-cı ilə qədər davam etmişdir.
Təkcə bir Kaliforniya fəlakətində 1846-1873-cü illərdə ən azı 9400-dən 16 minə qədər hindu, hindu olmayanlar tərəfindən öldürülmüşdü. Ümumiyyətlə, 3200 qırğın hadisəsi baş vermişdi. Müstəmləkə ərazilərindəki ayrı-ayrı qanlı hadisələrdə öldürülən hinduların sayı onlardan, yüzlərdən başlayıb, minlərlə nəfərə qədər çatır.
(Ardı var)
![see](https://icma.az/template/assets/see.png)